Qlobal inteqrasiya və Azərbaycanda
fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə
dair
Azərbaycan dövləti
inkişafın yeni mərhələsinə qədəm
qoymuşdur. Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın
intellektual inkişafının təmin edilməsini milli
prioritet kimi bəyan etmişdir. Qarşıdakı mərhələdə
qlobal elm, təhsil və informasiya məkanına inteqrasiya,
modernləşmə və innovasiya kursunu həyata keçirmək
üçün yeni nəsil tədqiqatçıların,
XXI əsrin kreativ elitasının formalaşmasına
böyük zərurət yaranmışdır. Azərbaycanın
milli varlığını, perspektivlərini yeni yüzillikdə
məhz bu nəslin potensialı müəyyən edəcəkdir.
Müasir fəlsəfi
düşüncənin strukturunda min illərdən bəri
toplanmış ənənəvi bilik və metodlarla
yanaşı, yeni dövrün spesifikasından irəli gələn
məqamlar da ortaya çıxır. Ona görə də fəlsəfənin
qarşısında duran vəzifələr təkcə
klassiklərin əsərlərini təhlil etməkdən ibarət
olmayıb, həm də yaşanılan dövrün
xüsusiyyətlərinin üzə
çıxarılmasını əhatə edir. Müasir
dövr öz fəlsəfi təhlilini gözləyən yeni
hadisələrlə zəngindir. Bu hadisələr həm
siyasi, iqtisadi, sosial sahələri, həm də mədəni-mənəvi
həyatı ehtiva edir. Qeyd etməliyəm ki, inkişaf səviyyəsindən
asılı olmayaraq ən qabaqcıl hesab olunan dünya
ölkələri də humanitar islahatlar strategiyasını
bu yeni məqsədə tabe etmişlər. ABŞ-ın
Humanitar Elmlər üzrə Milli Fondunun sədri Kini "Yeni
- kreativ Amerika" təşəbbüsünü, Almaniya isə
"İctimai elmlərin yenidən düşünülməsi"
proqramını milli layihə kimi irəli
sürmüşdür. Bir sözlə, insanın
dünyagörüşü, elm və bilik XXI əsrdə hər
bir ölkənin innovasiyalar sahəsində liderliyinin,
davamlı yüksəlişinin fundamental amilinə
çevrilmişdir.
Qloballaşma şəraitində
inteqrasiya meyilləri bütün xalqları və dövlətləri
yaxınlaşdırır. Bununla yanaşı, ictimai həyatda
baş verən proseslərin intensivliyinin artması, hər bir
xalqın özünüdərk və özünütəsdiq
istiqamətində atdığı addımların sürətlənməsi
ənənəvi dəyərlərin yenidən nəzərdən
keçirilməsini tələb edir. Dünyada 200 dövlətin,
8 sivilizasiyanın yarışdığı inteqrasiya məkanında
Azərbaycanın sosial-humanitar potensialı bütün cəmiyyət
miqyasında səfərbər edilməlidir, adekvat sosial-mədəni
mühitin yaradılması yönündə tədbirlərin
görülməsi ümummilli vəzifə hesab
olunmalıdır.
Cəmiyyətdə
baş verən siyasi proseslər müəyyən nisbi
müstəqilliyə malik olmaqla, ayrıca tədqiqat sahəsində
- politoloji müstəvidə araşdırılır. İqtisadi
həyatın qanunauyğunluqları və buradakı hadisələr
də, əsasən, iqtisadçı alimlərin maraq dairəsinə
aiddir. Sosial gerçəkliyin, mədəni-mənəvi həyatın
problemləri isə, ilk növbədə, sosioloji, kulturoloji,
sosial-psixoloji tədqiqatların mövzusudur. Bütün bu
hadisələri isə qarşılıqlı surətdə
bir-biri ilə əlaqələndirən, proseslərin
ümumi mənzərəsinin sürətlə dəyişdiyi
həyatda insanın mövqeyini formalaşdıran, rəhbər
tutduğu mənəvi meyarları, qoruyub saxlamağa
çalışdığı prioritetləri dəyərləndirməyə
imkan verən prinsiplər məhz fəlsəfənin predmetinə
aiddir. Düşüncə tərzinin spesifikasını ifadə
edən intellektual paradiqma ilə yanaşı, ictimai proseslərin
qanunauyğunluqlarını müəyyən edən
inkişaf paradiqmasının da konturları üzə
çıxarılmalı və bu sahələrdə hər
hansı miqyaslı, gözlənilməz dəyişikliyin
öncədən proqnozlaşdırılması mümkün
olmalıdır.
Müstəqilliyini yenidən
bərpa etdikdən sonra Azərbaycanın ictimai-siyasi, mənəvi
həyatında ən mühüm məsələlərdən
biri imtina etdiyimiz kommunist ideologiyası əvəzinə milli
mahiyyətimizi və varlığımızı ifadə edən
yeni dünyagörüşün və düşüncə
tərzinin nəzəri-fəlsəfi əsaslarının
müəyyən edilməsi olmuşdur. Bu istiqamətdə
müəyyən addımlar atılsa da, milli
düşüncənin yeni strukturunun formalaşması prosesi
hələ davam etməkdədir. İlk növbədə, nəzərə
alınmalıdır ki, yeni iqtisadi münasibətlərə
keçidin təsiri ilə ictimai və fərdi maraq
arasında, ictimai varlıqla ictimai şüur arasında
münasibətin dəyişilməsi, şəxsiyyətin və
elitanın rolu haqqında təsəvvürlərin yeniləşməsi
bütövlükdə dünyagörüşə dərin
təsir göstərmişdir. Belə bir amil də nəzərə
alınmalıdır ki, bir tərəfdən, Qərb mədəniyyətinə
və Qərb fəlsəfəsinə, digər tərəfdən,
dinə və islami dəyərlərə yeni
baxışın formalaşması fəlsəfi
dünyagörüşdə qərarlaşmış birtərəfli
meyillərin aradan qaldırılmasına imkan vermişdir. Lakin
kütləvi mədəniyyətin yayılmasını
sürətləndirən yeni imkanların, kommunikasiya vasitələrinin
mövcudluğu şəraitində bütün informasiyanın
nəzəri-fəlsəfi fikrin süzgəcindən
keçirilməsi vaxt tələb edir. Buna görə də
ictimai şüurun inkişafı, sanki birtərəfli qaydada
getmiş, nəzəri konsepsiya və metodoloji baza geridə
qalmışdır.
Bu baxımdan, ölkəmizdə
fəlsəfi fikrin indiki inkişaf səviyyəsi qənaətbəxş
hesab oluna bilməz. Belə ki, ictimai həyatımızın
müxtəlif sahələrində əldə olunmuş
böyük uğurlar və sürətli tərəqqi
kontekstində fəlsəfi araşdırmaların səviyyəsi
xeyli zəif görünür. Bəzən fəlsəfi fikir
reallığın önündə getmək əvəzinə
ondan geri qalır, hadisələr nəzəriyyəni önləyir
və bu sahədə yazılanlar çox vaxt təsviri
xarakter daşıyır. Proseslərə münasibətdə
belə bir dinamizm tələb olunan dövrdə hələlik
sosial, siyasi, iqtisadi sahələrdə intensiv inkişafın
xüsusiyyətlərinə uyğun, yalnız nəzəri
deyil, həm də praqmatik yönümlü proqram və
konsepsiyalar mövcud deyildir.
Halbuki fəlsəfənin
müxtəlif funksiyaları arasında ən mühümlərindən
biri onun ictimai inkişafın
proqnozlaşdırılmasında metodoloji təməl kimi
çıxış etməsi, proqnostik funksiyaya malik
olmasıdır. Düşünürəm ki, milli
ictimaiyyatşünaslıq bu barədə ciddi
düşünməli, daha fəal mövqe tutmalı,
filosoflarımız milli inkişafımıza aid məsələlərə
daha çox diqqət yetirməlidirlər.
Son illərdə ölkəmizdə
gedən ictimai-siyasi proseslərin elmi-fəlsəfi təhlili
aparılır və nəinki təkcə Azərbaycanda, hətta
bütün dünyada və regionda baş verən proseslərin
ümumi meyilləri müəyyənləşdirilir. Başqa
sözlə desək, siyasətin fəlsəfəsi sahəsində
müəyyən uğurlar əldə edilmişdir. Lakin
bununla belə, milli fəlsəfi fikir tarixinin öyrənilməsinə,
yeni mərhələdə qarşıya çıxan əxlaqi-mənəvi
problemlərin araşdırılmasına, ictimai həyatın
strukturunda elmin, təhsilin və mədəniyyətin yerinin
müəyyən edilməsinə, onların
qarşılıqlı nisbəti və əlaqəsinin
baş verən dəyişikliklər fonunda
optimallaşdırılmasına olan böyük ehtiyac fəlsəfi
fikrin bu problemlərə yönəldilməsini, həssaslığını
zəruri edir.
Baş verən dəyişikliklər
və zamanın çağırışları
dalğasında formalaşan gənc nəslin
dünyagörüşü, ənənəvi
düşüncənin modernləşməsi, yeni təfəkkür
tərzinin formalaşdırılması fəlsəfi tədqiqatların
da qarşısına tamamilə yeni vəzifələr qoyur. Ona
görə də ictimaiyyatşünaslıq sahəsində tədqiq
olunan mövzuların aktuallığı vaxtaşırı
olaraq nəzərdən keçirilməli, prioritet sahələr
müəyyən edilməlidir. Aparılan tədqiqatların
cəmiyyətdə mövcud real proseslərlə əlaqələndirilməsi
günün mühüm vəzifələrindən biridir.
Müasir mərhələdə
Azərbaycan fəlsəfi fikrinin qarşısında duran
başlıca vəzifələri qruplaşdırmalı
olsaq, ilk növbədə, ölkəmizdə mövcud ictimai
gerçəkliyin elmi-nəzəri dəyərləndirilməsi
problemi önə çıxır. Biz demokratik dövlət
quruculuğunun məlum modellərindən istifadə etsək
də, onları olduğu kimi təqlid etməmişik. Çünki
bu illər ərzində bütün sahələrdə həyata
keçirilən strateji məsələlər məhz Azərbaycan
reallığına uyğun bir modelin formalaşmasını
həqiqətə çevirmişdir. Hər hansı bir
başqa ölkənin təcrübəsini mənimsəməklə
bu uğurları qazanmaq mümkün olmazdı. Ona görə
də çağdaş Azərbaycan fəlsəfi və
ictimai-siyasi fikrinin müstəqillik dövründə qət
edilmiş böyük quruculuq mərhələsinin konseptual əsaslarının
hazırlanmasına və eyni zamanda, tranzit dövrünü
yaşayan digər ölkələrdə dövlət
quruculuğu problemlərinin müqayisəli təhlilinə
yönəldilməsinə böyük ehtiyac var. Azərbaycanda
dövlət quruculuğu fəlsəfəsinin Heydər Əliyev
tərəfindən əsası qoyulmuş prinsiplər üzərində
inkişaf etdirilməsi və son illərdə bu sahədə
əldə olunmuş praktiki nailiyyətlərin nəzəri
cəhətdən ümumiləşdirilməsi milli demokratik
modelin işlənib hazırlanmasına imkan verir. Bu modelin
xüsusiyyətləri, fərqli cəhətləri müasir
politoloji konsepsiyalar prizmasında, onlarla müqayisədə dəyərləndirilməli,
həqiqi mahiyyəti üzə
çıxarılmalıdır.
Əlbəttə, Azərbaycanın
fəlsəfi və ictimai-siyasi fikir tarixinin öyrənilməsi
də öz aktuallığını saxlamaqdadır. Milli fəlsəfi
irsin müasir dünya fəlsəfi fikir sistemində yeri,
ideya potensialı və imkanları bir daha nəzərdən
keçirilməlidir. Bu məqsədlə Şərq-Azərbaycan
fəlsəfəsinin spesifikasını daha dəqiq müəyyənləşdirməklə
yanaşı, onun müasir Qərb fəlsəfəsi ilə
müqayisəsinə böyük ehtiyac yaranmışdır.
Belə ki, reallıqda bəzi mövqelərə görə
artıq tarixi keçmişdə qalması bəyan edilən
Şərqin bir sıra fəlsəfi təlimləri və
ideyaları indi gözlənilmədən xüsusi
aktuallıq kəsb etmişdir. Müasir Qərb
filosoflarının, bir tərəfdən, qədim
hind-Çin fəlsəfəsinə, digər tərəfdən,
orta əsr islam fəlsəfəsinə, xüsusən, sufizm
və işraqilik təlimlərinə böyük diqqət
yetirmələri heç də təsadüfi deyildir. Şərq
fəlsəfi təlimlərinə dərindən bələd
olan alim və mütəxəssislərin ABŞ-da və Avropa
ölkələrində geniş tədqiqat aparmaları
müxtəlif fəlsəfi ideyaların və təlimlərin
sintezi, bir-birindən bəhrələnməsi
üçün əlverişli şərait yaradır.
Son illərdə
Amerikada və Avropada islamı araşdıran filosofların
yaradıcılığına diqqət xeyli
artmışdır. Bunu həm obyektiv, həm də subyektiv səbəblər
şərtləndirmişdir. Qərbdə istehlak cəmiyyətinin
formalaşması ictimai tərəqqi ilə yanaşı,
ifrat individualizm təzahürlərini artırmış, fərdi
maraq və tələbatların önə çəkilməsi
insanın mənəvi aləmi ilə bağlı problemlər
doğurmuş, bu sahənin öyrənilməsini
aktuallaşdırmışdır. Bütün bunlar isə
Şərq fəlsəfəsinin mənəvi-etik təlimlərini,
onun insan konsepsiyasını yenidən gündəmə gətirmişdir.
Çünki Şərq fəlsəfəsi
yarandığı vaxtdan insan, onun mənəvi aləmi,
şüur və nəfs münasibətlərini, insan həyatının
ali, əxlaqi-mənəvi meyarlara tabe etdirilməsi məsələlərini
başlıca təhlil mövzusu kimi müəyyən
etmişdir. Qərbdə isə bu məsələlər daha
sonralar, psixologiyanın bir elm kimi formalaşmasından və
insanın daxili aləminin tədqiqat predmetinə çevrilməsindən
sonra diqqət mərkəzinə gətirilmişdir.
Qloballaşma
dövründə Şərq və Qərb fəlsəfi
fikir ənənələrinin yaxınlaşması və
insanların dünyaya baxışlarının ortaq konseptual
sisteminin yaradılması işində regional əlaqələrin
inkişafına böyük ehtiyac vardır. Azərbaycan
üçün bir tərəfdən, Qərb məkanına
inteqrasiyanın siyasi, iqtisadi və elmi-texnoloji əhəmiyyəti
getdikcə artır. Digər tərəfdən, MDB məkanında,
habelə türk dövlətləri arasında
qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində
yeni perspektivər açılır. Bu proseslər
dünyagörüşün bəzi ümumi prinsiplərinin,
vahid metodoloji sistemlərin formalaşmasını və elmi-fəlsəfi
araşdırmaları da əhatə edir.
Azərbaycan Fəlsəfə
və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) nəşr
etdiyi "Fəlsəfə və sosial-siyasi elmlər"
jurnalı bir neçə ildir ki, öz səhifələrində
Türkiyə filosoflarının əsərlərinə
geniş yer verir, Türkiyədə və digər türk
dövlətlərində fəlsəfi və sosial-siyasi elmlərin
vəziyyəti ilə bağlı məqalələr dərc
edir. Jurnalın bu sahədəki təşəbbüsü gələcəkdə
türkdilli xalqların birgə fəlsəfi tədqiqatlarını
təmin etmək üçün xüsusi əhəmiyyətə
malikdir.
Mövlananın 800 illik
yubileyinin təntənə ilə qeyd edilməsi də
Türkiyə və Azərbaycan filosoflarının bir araya gəlməsi
üçün yeni imkanlar açdı. Cəlaləddin Rumi
ilə yanaşı, Əhməd Yasəvinin, Sədrəddin
Konəvinin, Cəmaləddin Əfqaninin, Cəmil Merisin
yubileylərinin keçirilməsi və onların əsərlərinin
bütün Şərq dünyası üçün birləşdirici
rolunun yenidən qiymətləndirilməsi qloballaşma şəraitində
ortaq mədəni-mənəvi dəyərlərin və fəlsəfi
düşüncələrin səfərbər edilməsinə
xidmət edir.
Türk
xalqlarının milli məfkurələrinin və fəlsəfi
fikir tarixinin qarşılıqlı əlaqə şəraitində
öyrənilməsi heç də milli, yaxud regional
özünütəcrid mənasında yox, əksinə,
dünya fəlsəfi fikri ilə inteqrasiya yollarının
birlikdə axtarılması və bu zaman özünəməxsus
cəhətlərin qorunub saxlanmasını nəzərdə
tutur. Məlum olduğu kimi, orta əsr Şərq fəlsəfəsinin
inkişafında türk filosoflarının xüsusi xidmətləri
vardır. Bu sırada əl-Fərabi, Biruni, İbn Sina, Bəhmənyar,
Sührəvərdi, Əhməd Yasəvi, Yunus İmrə,
Füzuli və digərlərinin adları xüsusi qeyd edilməlidir.
Onlar indi də düşüncə birliyinin rəmzi rolunu
oynamaqdadırlar.
XIX əsrin
axırları - XX əsrin əvvəllərində
bütün türk dünyasında, hətta demək olar ki,
bütün müsəlman Şərqində Qərb dəyərlərinə
inteqrasiya, müasirləşmə meyilləri baş
qaldırmışdır. Bu dövrdə A.Bakıxanov və
M.F.Axundov tərəfindən əsası qoyulan müasirləşmə
fəlsəfəsinin fəal davamçıları, Azərbaycanda
Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə,
Məhəmməd Hadi, Hüseyn Cavid və digərləri,
Türkiyədə Yəhya Kamal, Ziya Göyalp və
başqaları yeni dövrün
dünyagörüşünü və ictimai-siyasi
platformasını işləyib hazırlamaq sahəsində
böyük səylər göstəriblər.
Müasir dövrdə
ideyalar və düşüncə səviyyəsində ortaq
nöqtələrin tapılması istənilən sahə ilə
müqayisədə daha önəmli sayılmalıdır. Belə
ki, dünyada mövcud olan problemlər və onların həlli
yollarına münasibətdə fərqli baxışlar
arasında uçurum həddinə çatan fikir
ayrılığı çox ciddi problemlər
yaratmaqdadır. Dünyagörüşlər səviyyəsindəki
yaxınlıq isə hələlik tarixi ənənələr
çərçivəsindən kənara çıxa bilməmişdir.
Halbuki başlıca məqsəd bu amilin məhz müasir
ictimai-siyasi və iqtisadi proseslər kontekstində birgə fəaliyyətin
qurulması naminə istifadə edilməsidir. Belə ki, nəhəng
regional layihələrin həyata keçirilməsi
üçün, sadəcə, iqtisadi maraqların
üst-üstə düşməsi kifayət deyildir. Burada
ictimai rəy, ortaq mədəni-mənəvi dəyərlərlə
yanaşı, ortaq düşünsə tərzi və
dünyagörüşü də inteqrativ amil rolunu
oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri,
Bakı-Tbilisi-Qars dəmir yolunun inşası kimi qlobal layihələrin
gerçəkləşməsi üçün siyasi iradə
və iqtisadi amillərlə yanaşı, heç
şübhəsiz, mədəni-mənəvi amillərin də
rolu böyük olmuşdur.
XXI əsrdə yeni
dünya nizamının formalaşması fəlsəfi fikrin
reallığa münasibətinin yenidən nəzərdən
keçirilməsini tələb edir. Bu gün hansı irsin
daha qədim, aktual olduğunu müəyyənləşdirmək,
klassik fəlsəfi ənənələri davam etdirməklə
yanaşı, dinamik dəyişən reallığı
çevik təhlil edən nəzəriyyələrə
xüsusi önəm verilməlidir. Azərbaycan dünyada gedən
siyasi və iqtisadi proseslərdə fəal mövqe tutduğu
kimi, alimlərimiz yeni əsrin ideya-fəlsəfi
paradiqmasının formalaşmasında da fəal iştirak
etməlidirlər. Ənənə və yeniliklərin dialoq məkanı
kimi Azərbaycanın XXI əsrin intellektual təşəbbüsünü
irəli sürməsi günün tələblərindən
biridir. Bunun üçün, bir tərəfdən,
yaranmış ictimai-siyasi reallığı vaxtında dəyərləndirməliyik.
Digər tərəfdən isə proqnozlaşdırılan gələcəyə
yad ideyaların təsiri altında deyil, daxili imkanları səfərbər
edərək, təyin etdiyimiz mövcud inkişaf
dinamikasına uyğun surətdə daxil olmalıyıq. Bu isə
bizim inteqrativ proseslərin inkişafında xüsusi rol oynayan
əsas və hərəkətverici subyekt kimi
çıxış etməyimizi, beynəlxalq məkanda
söz sahibi olmağımızı şərtləndirir.
Azərbaycan bu gün
öz tarixi inkişafının tamamilə yeni bir mərhələsini
yaşayır. Ümumdünya və regional miqyaslı
transformasiyaların intensivləşdiyi şəraitdə
qlobal mədəni inkişaf prosesində dövlətin rolu və
yeri dəyişir. Yeni dünya nizamı təkcə dövlətlərarası
münasibətlərin məzmun və formalarını deyil,
həm də insanlar arasında münasibətlərin
xarakterini dəyişir və yenidən
formalaşdırır. İnformasiya-kommunikasiya
texnologiyaları ünsiyyət və qarşılıqlı
münasibətlər üçün hər gün yeni
imkanlar və perspektivlər açır. Elm adamlarının
və fəlsəfə tədqiqatçılarının da
bu yeni imkanlardan istifadə etməsinə və əlaqələrinin
intensivləşməsinə böyük ehtiyac vardır.
XXI əsrdə
intellektual əməyin məhsuldarlığının
yüksəldilməsi üçün yeni yollar axtarılır.
Düşünürəm ki, insanların həyatına və
şüuruna innovasiya texnologiyalarının təsiri xeyli dərəcədə
artacaqdır. Artıq bu gün özünün elektron
poçtu olmayan, yaxud informasiya-kommunikasiya texnologiyalarından
istifadə etməyən insanları təsəvvür etmək
çətindir. İnformasiya texnologiyalarının
inkişafı ilə açılan yeni imkanlar sayəsində
"biliyə əsaslanan cəmiyyət", başqa sözlə
desək, "informasiya cəmiyyəti" formalaşır. Bəşəriyyət
artıq informasiya cəmiyyəti mərhələsinə qədəm
qoymuşdur. Kompüter texnologiyalarının, kosmik rabitənin,
informasiya yeniliklərinin misli görünməmiş
inkişafı ənənəvi meyarların yenidən dəyərləndirilməsinə
ehtiyac yaradır. Bu yeni cəmiyyətdə fəlsəfənin
yeri, rolu və əhəmiyyəti məsələsi də
bir daha gündəmə gəlir, zamanın ruhuna uyğunlaşmaq
üçün əlavə səylər tələb edir.
Qlobal inteqrasiya,
dünyada mövcud olan problemlər ənənəvi birgəyaşayış
prinsiplərini və qaydalarını formalaşdıran
universal fəlsəfi kateqoriyaların bir daha nəzərdən
keçirilməsini tələb edir. Bu isə bəşəriyyətin
artıq yeni bir eraya qədəm qoyduğunu, bu eranın
qarşıdakı bir neçə onillikdə bizim inkişaf
strategiyamızı müəyyən edəcəyini göstərir.
"Biliyə əsaslanan
cəmiyyət" bütün ölkələrdə, cəmiyyətin
bütün sahələrində, insan həyatında, hətta
məişət və xidmət sektorunda da elmi yükün,
intellekt amili rolunun artırılmasını şərtləndirmişdir.
Bu da öz növbəsində, elmə olan münasibətin dəyişilməsini,
yeni elmi siyasətin işlənib hazırlanmasını,
islahatların həyata keçirilməsini bir vəzifə
olaraq qarşımıza qoyur. Lakin elm sahəsində
islahatlara başlamazdan öncə vaxtını ötüb
keçmiş bəzi ənənəvi təşkilati
formaların yeni sosial sifariş və ictimai tələbatlar
kontekstində nəzərdən keçirilməsi zəruridir.
Eyni zamanda, mövcud ictimai durumun konkret sosioloji tədqiqatlar
sayəsində daha dəqiq surətdə öyrənilməsi
günün tələbi hesab edilməlidir.
Azərbaycanda mövcud ictimai-siyasi reallığın elmi səviyyədə araşdırılması üçün sosioloji və politoloji tədqiqatların səmərəsi və intensivliyi daha da artırılmalıdır. Sovet dövründə sosiologiyanın müstəqil fənn kimi inkişaf etməməsi onun ideoloji qəliblərlə müəyyənləşdirilməsindən qaynaqlanırdı. Klassik sosioloji təlimlərdən biri olan marksizm təlimi, hər şeyi öncədən müəyyən edən sosial-siyasi nəzəriyyə kimi mövcud olduğundan və məqsəd ictimai həyatı həmin nəzəri qəlibə uyğun şəkildə qurmaqdan ibarət olduğuna görə, konkret sosioloji tədqiqatların aparılması məqsədəuyğun hesab edilmirdi. İndi isə biz paralel olaraq həm ölkəmizin ictimai-iqtisadi durumunu təhlil edir, həm bütün planet miqyasında gedən ictimai-iqtisadi prosesləri izləyir, həm də ölkəmizin iqtisadi inkişaf strategiyasını bu kontekstdə müəyyənləşdirməyə çalışırıq.
Qlobal maliyyə böhranı beynəlxalq miqyasda bütün ölkələrin ictimai-iqtisadi durumuna təsir göstərir. Bu böhrandan ən az itki ilə çıxmaq böyük uğur sayılır. Neftin qiymətinin dünya bazarında aşağı düşməsi, heç şübhəsiz, Azərbaycan iqtisadiyyatına da müəyyən təsir göstərə bilər. Lakin bütün bunların irəlicədən proqnozlaşdırılması, yəni, ölkə iqtisadiyyatının ancaq neft amilindən asılı olmaması və qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan rəhbərliyinin problemləri öncədən görə bilən, preventiv siyasət həyata keçirməsindən xəbər verir.
Bizi əhatə edən proseslər bir daha sübut etdi ki, ölkənin ictimai-iqtisadi həyatında baş verən dəyişikliklər, həyat səviyyəsinin yüksəlməsi düzgün iqtisadi siyasətin təşkil edilməsini tələb edir. Bu isə daha çox əsaslandırılmış nəzəri-fəlsəfi ideyalara malik olan inkişaf strategiyasından asılıdır ki, onun da təməlində zamanla səsləşən fəlsəfi konsepsiyalar dayanır.
Təəssüflər olsun ki, hələlik müasir fəlsəfə daha çox ənənəvi fəlsəfi baxışlar üzərində qərar tutur. Ona görə də, biz fəlsəfənin praqmatik, metodoloji və proqnostik funksiyalarını ümumi dünyagörüşü ilə vəhdətdə inkişaf etdirməliyik. Bu mənada klassik fəlsəfi irsin öyrənilməsi yenə də öz aktuallığını saxlamaqdadır. Biz uzun müddət Şərq fəlsəfəsini yalnız rus alimlərinin təqdim etdiyi mənbələrdən oxumuş, Şərq-islam dünyasında fəlsəfənin vəziyyəti ilə əlaqədar məlumatları da keçmiş sovet məkanında nəşr olunan mərkəzi mətbuatdan izləmişik. Müstəqillik dövründə dünya fəlsəfə klassiklərinin əsərlərini Azərbaycan dilinə çevirərək nəşr etmək fəlsəfə ictimaiyyəti qarşısında duran mühüm vəzifələrdən biridir. Lakin bu iş çox ləng gedir və yenə də orijinal mənbələrdən deyil, rus dilindən tərcümələr hesabına həyata keçirilir. Digər tərəfdən, Şərq fəlsəfəsi ilə bağlı bir sıra mənbələr indiyə qədər rus dilinə çevrilmədiyindən, ərəb və türk dillərindən tərcümələrə böyük ehtiyac yaranmışdır. AFSEA-nın təşəbbüsü ilə orta əsr Şərq fəlsəfəsinə dair bir sıra klassik nümunələrlə yanaşı, XX əsrin görkəmli filosoflarının da əsərləri dilimizə tərcümə olunur. Dünya fəlsəfəsinin ən gözəl nümunələrini dilimizə çevirmək və Azərbaycan fəlsəfi dilini, terminologiyasını inkişaf etdirmək də qarşıda duran vəzifələrdən biridir.
Bu gün birgə fəlsəfi tədqiqatların həyata keçirilməsi, alimlərimiz arasında əməkdaşlığın qurulması həm ortaq türk fəlsəfi terminologiyasının formalaşmasına müsbət təsir göstərir, həm də gələcəkdə bu inteqrativ proseslərin daha böyük perspektivləri üçün şərait yaradır.
Fikrimi
yekunlaşdıraraq qeyd etməliyəm ki, bütövlükdə
ictimai elmin nüfuz və statusunu qaldıran, onu dünyada
tanıda bilən tədqiqatlar ortaya qoyulmalıdır.
Dünya elminin alimə və tədqiqatçıya
münasibətdə irəli sürdüyü tələb və
standartlara cavab verən milli elmi elitanın formalaşması
son dərəcə vacibdir. Azərbaycanda XXI əsrin
tələblərinə uyğun yeni cəmiyyət
quruculuğu sahəsində dövlət siyasətinin, milli
layihələrin həyata keçirilməsində
ictimaiyyatşünaslığın real təsiri, dəstəyi
və səmərəsi hiss ediləcək dərəcədə
olmalıdır. Bu mürəkkəb və şərəfli
vəzifənin reallaşdırılması sahəsində hər
birimiz daha fəal və səmərəli
çalışmalıyıq.
Azərbaycan.-2009.-5 may.-S.3.