Uğurlu xarici siyasət kursunun banisi

 

Tarixən Azərbaycanın əlverişli geostrateji və coğrafi mövqeyi ona həm Şərq-Qərb, həm də Şimal-Cənub əlaqələrində əsas körpü kimi çıxış etməyə imkan verib. Lakin müstəqil dövlətin olmaması və müstəqil siyasətin yürüdülməməsi səbəbindən bu əlverişli mövqedən Azərbaycanın maraqlarına uyğun şəkildə istifadə etmək mümkün olmamışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra respublikamız bu imkandan yararlanmağa başlamışdır. Bu gün ölkənin istər regionda, istərsə də ümumilikdə dünyada tutduğu mövqe və rola nəzər salanda tam əminliklə söyləmək olar ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz tarixi missiyasını yerinə yetirmək imkanı əldə edib.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra respublikanın beynəlxalq əhəmiyyətli qlobal nəqliyyat-kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşməsini nəzərə alaraq, Azərbaycanda bu sahənin yenidən qurulması və modernləşdirilməsini iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Yeri gəlmişkən, bu strateji siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyevin də son 5 il ərzində qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi istiqamətindəki fəaliyyətinin əsasını təşkil edib. İlham Əliyevin 24 noyabr 2004-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanı və 11 fevral tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramında da nəqliyyat-kommunikasiya şəbəkəsinin modernləşdirilməsinə və yenidən qurulmasına xüsusi diqqət ayrılıb. Qeyd edilməlidir ki, 2004-cü ildən etibarən Azərbaycan hökuməti daxili nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, ölkəni xarici dövlətlərlə birləşdirən quru, dəniz, hava və dəmiryolu şəbəkələrinin, yol və limanların, nəqliyyat və daşıma vasitələrinin yeniləşdirilməsi və yenidən qurulması üçün iri investisiya layihələri həyata keçirməyə başlayıb. Təkcə 2008-ci ildə ölkədə yol-nəqliyyat və digər bu yönlü infrastrukturun genişləndirilməsi və yenidən qurulmasına 2 milyard manatdan artıq vəsait ayrılıb.

Vaxtilə regionda və ümumilikdə dünyada gedən qlobal prosesləri nəzərə alan ulu öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq inteqrasiya prosesində iştirakı baxımından vacib olan transmilli yükdaşımaya, nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinə xüsusi önəm verirdi və Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrini birmənalı şəkildə dəstəkləyirdi.

Məlum olduğu kimi, nəqliyyat dəhlizlərini və kommunikasiyalarını bəzən həyat arteriyası adlandırırlar. Çünki bunlar olmadan, zəngin təbii resurslara malik dövlətlər belə iqtisadiyyatının dirçəlişi və inkişafını təmin edə, dünya ölkələri ilə sərbəst ticarət əlaqələri qura bilməz. Odur ki, nəqliyyat-yükdaşıma sisteminə nəzarət etmək xarici ticarətə təsir imkanlarını əlində saxlamaq baxımından dünyada bu günün əsas geostrateji tələblərindəndir.

Təsadüfi deyil ki, müxtəlif geosiyasi güc mərkəzləri arasında gedən beynəlxalq rəqabət yalnız təbii ehtiyatlar deyil, həm də bu ehtiyatları dünya bazarlarına çıxaracaq vasitələr - nəqliyyat dəhlizləri və kommunikasiyalar uğrunda aparılır.

SSRİ-nin dağılması və vaxtilə Sovet İttifaqının tərkibinə daxil olan respublikaların müstəqillik qazanmasından sonra Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsələsi daha aktual xarakter aldı. Regionu nəzarətində saxlamağa və alternativ enerji dəhlizlərinin yaranmasına mane olmağa çalışan Rusiyanın müqavimətinə baxmayaraq, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı bu istiqamətdə səylərini aktivləşdirdilər. Onlar TRASEKA adlanan layihə çərçivəsində Avropanı Asiya ilə birləşdirən nəqliyyat-kommunikasiya sisteminin qurulmasına, şərti olaraq "Böyük İpək yolu" adlandırılan transmilli layihənin həyata keçirilməsinə başladılar. Bu gün rusiyalı analitiklər bildirirlər ki, Qərb, ilk növbədə isə Birləşmiş Ştatlar, Rusiyadan yan keçən qlobal nəqliyyat dəhlizi yaratmaqla, faktiki olaraq, Moskvanın Avrasiyadakı monopoliyasına son qoydular. 1995-ci ildə ABŞ-da nüfuzlu amerikalı siyasətçilər və politoloqların iştirakı ilə keçirilmiş konfransda açıq şəkildə bəyan edilib ki, "bu gün infrastruktur dəhlizlərinə nəzarət, dünya siyasətində dominantlıq üçün əsas vasitədir".

Layihələrin ən önəmlilərindən biri, məhz Azərbaycanın mühüm rol oynadığı TRASEKA layihəsidir. Qeyd edək ki, bu, Avropa İttifaqının SSRİ dağıldıqdan sonra - 1991-ci ildən hazırladığı və maliyyələşdirdiyi TASİS proqramı çərçivəsində reallaşdırılan ən iri layihələrdən biridir. TASİS proqramı ilə Avropa İttifaqı yeni, müstəqil dövlətlərdə iş aparmaq, demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturları yaratmaq, ölkələrarası ticarət, nəqliyyat, gömrük-keçid işlərini inkişaf etdirmək niyyətini ortaya qoymuşdu. Və məhz bu proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə TRASEKA (Trans-Europe-Caucasus-Asia) layihəsi irəli sürüldü və Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan nümayəndələrinin iştirakı ilə onun müzakirəsi keçirildi. Müzakirənin nəticəsi olaraq imzalanmış "Brüssel bəyannaməsi"nə əsasən, qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alındı.

Bu layihəni reallaşdırmaqda Avropa İttifaqı, ilk növbədə, müstəqil dövlətlərin alternativ nəqliyyat dəhlizləri vasitəsilə Avropa və dünya bazarlarına çıxışını təmin etmək, onların siyasi və iqtisadi cəhətdən ətraf ölkələrdən asılılığının qarşısını almaq, regional əməkdaşlığın möhkəmlənməsinə şərait yaratmaq və beynəlxalq maliyyə mərkəzlərinin regiona sərmayə qoyuluşunu həvəsləndirmək istəyirdi.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, bu nəqliyyat dəhlizinin əsas məntəqələrindən biri kimi çıxış etməsi, ümummilli lider Heydər Əliyevin Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsələsində tutduğu prinsipial mövqe və yürütdüyü uzaqgörən xarici iqtisadi siyasət, TRASEKA layihəsinin reallaşmasına mühüm töhfə verdi.

TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans da məhz Heydər Əliyevin diplomatik səyləri ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilib. Həmin konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri layihənin reallaşdırılmasının texniki və iqtisadi tərəflərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş" (Əsas Saziş) adlanan mühüm sənədi imzaladılar.

Bu sənədin ərsəyə gəlməsində də Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Təsadüfi deyil ki, TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin mənzil-qərargahı da Bakı şəhərində yerləşir. 21 fevral 2001-ci ildən Bakıda fəaliyyətə başlayan TRASEKA hökumətlərarası komissiyası daimi katibliyinin ofisi "Böyük İpək yolu" boyunca hərəkət edən beynəlxalq yüklərin daşınma və hərəkətini tənzimləmək, Əsas Sazişə qoşulan ölkələrdə qanunvericilik və maliyyə-iqtisadi mühitlə bağlı məsələlərin həll edilməsinə kömək məqsədilə yaradılıb. Avropa-Qafqaz-Asiya ölkələri arasında yüklərin daşınmasını təmin edən bu layihə keçən illərdə Azərbaycan iqtisadiyyatının inkişafında, nəqliyyat infrastrukturunun formalaşmasında ciddi rol oynayıb.

Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.

Bundan başqa, TRASEKA layihəsi Avropa ilə Asiya arasında nəqliyyat yolunu qısaltmaqla külli miqdarda vəsaitə qənaət etmək imkanı yaradır. Bu gün Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin həcmi 2 trilyon dolları ötür, nəqliyyat xərcləri isə ildə 200 milyard dollara çatır. Nəzərə alsaq ki, TRASEKA layihəsi çərçivəsində malların daşınması, hazırda Avropa ilə Cənubi Asiyanı birləşdirən Süveyş kanalından 20 gün tez başa gəlir, onda yaxın gələcəkdə Azərbaycanın dünyanın əsas tranzit ölkələrindən birinə çevriləcəyini proqnozlaşdırmaq olar.

2009-cu ildən Avropa Komissiyası TRASEKA proqramı çərçivəsində üç layihənin reallaşdırılmasına başlayıb. Bunlardan birincisi "Qərbi MDB və Qafqaz ölkələri üçün beynəlxalq logistika mərkəzləri" layihəsidir. Bu layihənin əsas vəzifəsi logistika imkanlarının, şəbəkələrin və multimodal nəqliyyatın qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi yolu ilə beynəlxalq ticarət və malların TRASEKA dəhlizi ilə hərəkətinə yardım etməkdir. Layihə çərçivəsində TRASEKA dəhlizi üzrə logistika mərkəzləri şəbəkəsinin yaradılmasını nəzərdə tutan maliyyə, texniki, ekoloji və institusional şəraitin yaradılması, tədqiqatların aparılması planlaşdırılır. Bu layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanı birbaşa, Bolqarıstan, Rumıniya və Türkiyəni isə bilavasitə əhatə edəcək.

Bundan əlavə, "TRASEKA ölkələrində aviasiya sahəsində ictimai və texniki təhlükəsizlik" layihəsinin gerçəkləşdirilməsinə başlanılıb. Reallaşma müddəti 24 ay olan bu layihə Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistanı əhatə edəcək. Məqsəd Avropa İttifaqı ilə qonşu ölkələrdə, həmçinin Mərkəzi Asiya ölkələrində mülki aviasiya sahəsində beynəlxalq və Avropa standartlarına uyğun hava nəqliyyatının ictimai və texniki təhlükəsizliyinin təkmilləşdirilməsidir.

Nəhayət, reallaşdırılmasına başlanılan üçüncü layihə "Qara və Xəzər dənizlərində dəniz magistralları" layihəsidir. Beş ölkəni - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Ukraynanı əhatə edən layihədə məqsəd Qara dəniz və Xəzər dənizində qarşılıqlı fəaliyyət şəbəkəsinin təkmilləşdirilməsi və multimodal nəqliyyat yolu ilə Avropa-Qara dəniz regionu - Qafqaz-Mərkəzi Asiya dəhlizində ticarətə və nəqliyyata yardımın göstərilməsidir. Əsas vəzifə Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrini Avropa İttifaqının genişlənmiş ərazisi ilə birləşdirən "Dəniz magistralları" konsepsiyasına uyğun əlverişli intermodal yük nəqliyyatına təsir və dəstək göstərməkdən ibarətdir. Layihə başlıca olaraq dəmiryolu, avtomobil və çox güman ki, İliçiyevck-Odessa-Poti-Bakı-Aktau marşrutu üzrə daxili su nəqliyyatını nəzərdə tutur.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tranzit-keçid dəhlizləri siyasəti sahəsində əldə olunmuş ən böyük uğurlardan biri də Bakı-Tbilisi-Qars dəmiryolunun inşasdır. Bu layihə ciddi regional əhəmiyyətə malik olmaqla yanaşı, XXI əsrdə Asiya ilə Avropanı birləşdirən ən mühüm transmilli nəqliyyat dəhlizinə çevriləcək və regionda təhlükəsizliyin daha da artırılmasına xidmət edəcək.

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi, ilk növbədə, TRASEKA-nın rəqabət qabiliyyətliliyini artırmaq üçün nəqliyyat daşımalarına tətbiq olunan rüsum və tariflərin rasional səviyyəsinin müəyyən edilməsini və ucuzlaşmasını təmin edəcək.

Dəmiryolunun tikintisi layihəsi üzrə üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə deklarasiyası 2005-ci il mayın 25-də Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən imzalandı. Azərbaycanın təkidi ilə Ermənistan bu layihədən kənarda saxlanıldı ki, bu da dərhal bəzi beynəlxalq təşkilatlar və dövlətlərin bu layihənin reallaşmasına mane olmaq üçün hərəkətə keçməsini şərtləndirdi. Lakin Azərbaycan rəhbərliyinin prinsipiallığı və qətiyyəti bu dəfə də öz nəticəsini verdi və Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində 2007-ci ilin fevralında Tbilisidə bu dəmiryolunun tikintisinə dair çərçivə sazişi imzalandı.

Layihə çərçivəsində 105 km uzunluğunda yeni dəmiryolu (76 km Türkiyə və 29 km Gürcüstan ərazisindən keçməklə) qurulacaq. Bundan əlavə, Gürcüstanda dəmiryolunun 183 km-lik hissəsinin rekonstruksiya edilməsi, qatarların Gürcüstandakı mövcud dəmiryollarından sonra Avropa dəmiryollarında hərəkət edə bilməsi üçün Axalkalakidə keçid məntəqəsinin tikilməsi nəzərdə tutulur.

422 milyon, infrastrukturla birlikdə isə 600 milyon dollar həcmində dəyərləndirilən bu layihə reallaşdırılandan sonra yüklərin Türkiyəyə və Avropanın şimalı ilə Aralıq dənizi regionuna, Rusiya və Qazaxıstandan Azərbaycan vasitəsilə Gürcüstana daşınmasına imkan yaranacaq. Analitiklərin fikrincə, ilk vaxtlar illik yük buraxılışı 5 milyon ton olacaq bu dəmiryolu ilə üç ildən sonra 10-15 milyon ton, tam gücü ilə işləməyə başlayanda isə 20 milyon ton yük daşına biləcək.

2007-ci ilin fevralında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin imzaladıqları yekun razılaşmadan sonra isə dəmiryolunun inşasına başlanılıb.

Göründüyü kimi, Azərbaycan, bu dəmiryolu layihəsinin, demək olar ki, lokomotivi hesab olunur. Onun maliyyə dəstəyi nəticəsində həm Türkiyə sərhədindən Gürcüstana, həm də Gürcüstandan Azərbaycan sərhədinə qədər tikilməsi və modernləşdirilməsi nəzərdə tutulan dəmiryol layihəsi artıq reallaşmağa başlayıb. Yaranan maliyyə problemləri də birbaşa Azərbaycanın köməyi ilə həll olunur. Məsələn, Azərbaycan dəmiryolunun Gürcüstandan keçən hissəsinin tikintisinə 220 milyon ABŞ dolları həcmində kredit ayırıb. İllik 1 faizlə 25 il müddətinə verilən bu krediti Gürcüstan dəmiryolu işə düşəndən sonra özünün tranzit gəlirləri hesabına ödəyəcək.

Ulu öndər Heydər Əliyev Azərbaycanın regionda və dünyada aparıcı mövqeyini bir daha təsdiqləyən və ölkəmizin iqtisadi və siyasi təhlükəsizliyi baxımından mühüm rol oynayan amil kimi enerji dəhlizləri və daşımaları məsələsinə də xüsusi önəm verirdi.

Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru Azərbaycanın enerjidaşıyıcılarını dünya bazarına çıxaracaq yeni, alternativ əsas ixrac boru kəməri - Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması oldu.

Məsələnin aktuallığı həm Bakı-Novorossiysk və Bakı-Tbilisi-Supsa neft kəmərlərinin Azərbaycanın getdikcə artan ehtiyaclarını ödəyə bilməməsi, həm də birinci kəmərin geosiyasi baxımdan rəsmi Bakıya təzyiq vasitəsinə çevrilə biləcəyi ilə bağlı idi.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən Xəzər dənizindən çıxarılan əsas xam neftin nəqli haqqında" Sazişin ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Süleyman Dəmirəl və Gürcüstan Prezidenti Eduard Şevardnadze tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.

Bütün çətinliklərə və problemlərə baxmayaraq, 2002-ci il sentyabrın 18-də Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə dünyanın ən böyük enerji layihəsi olan BTC-nin əsası qoyuldu. 4 ildən sonra - 2006-cı il iyulun 13-də kəmər istifadəyə verildi.

Bununla da yalnız Azərbaycanın deyil, ümumilikdə regionun və Avropa məkanının enerji təhlükəsizliyinə xidmət edən strateji layihə əfsanədən gerçəkliyə çevrildi.

Qeyd edək ki, BTC-nin istismar müddəti 40 ildir, sonuncu 15 ili Azərbaycanın tam mülkiyyətinə keçəcək.

2007-ci il iyunun 16-da BTC layihəsinə rəsmən Qazaxıstan da qoşuldu. Həmin gün Almatıda Qazaxıstan və Azərbaycan prezidentləri Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən keçməklə Bakı-Tbilisi-Ceyhan vasitəsilə dünya bazarlarına çıxmasına dəstək və yardım barədə saziş imzaladılar. Bu razılaşma Qazaxıstan neftinin BTC ilə nəql olunması məqsədilə Aktau-Bakı sisteminin yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri həm layihənin bilavasitə iştirakçısı olan dövlətlərin iqtisadi maraqlarını təmin edir, həm də hazırkı dövrdə son dərəcə aktual olan enerji təhlükəsizliyi probleminin həlli baxımından geniş imkanlar açır.

Məlum olduğu kimi, Qərb dövlətləri Xəzər hövzəsinə çıxış imkanı əldə etmək və neft idxalında alternativ imkanlar qazanmağa birqütblü enerji asılılığından azad olmaq üçün əsas vasitə kimi yanaşırlar. Bu amil Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyini və nüfuzunu daha da artırır, respublikanın Avratlantik məkana inteqrasiyası üçün geniş şərait yaradır.

Qeyd etmək lazımdır ki, layihənin yalnız Heydər Əliyevin qətiyyəti, prinsipiallığı və uzaqgörənliyi sayəsində baş tutduğunu onun bütün iştirakçıları etiraf edirlər. Kəmərə Azərbaycanın ümummilli liderinin adının verilməsi də təsadüfi deyil.

Beləliklə, Azərbaycan Qərbə alternativ enerjidaşımaları üçün imkan qazanaraq birqütblü boru kəməri asılılığından çıxmağı bacardı.

Bakı-Tbilisi-Ceyhandan sonra regionun ikinci ən böyük enerji layihəsi - Bakı-Tbilisi-Ərzurum qaz kəməri də olduqca strateji əhəmiyyətlidir. Özü də bu gün - Avropanın Rusiyadan enerji asılılığı mövzusunun son dərəcə aktuallaşdığı dövrdə onun əhəmiyyəti getdikcə daha da artır.

Kəmərin fəaliyyəti sayəsində Azərbaycan Qərbin mühüm qaz ixracatçısı və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib.

Bakı-Tbilisi-Ərzurum boru kəməri Azərbaycan qazının "Şahdəniz" yatağından Türkiyə vasitəsilə Avropa bazarlarına nəqli üçün yaradılıb. Kəmərin uzunluğu 690 km-dir (442 km Azərbaycan hissəsi, 248 km Gürcüstan hissəsi). İlkin ötürmə qabiliyyəti ildə 7-8 milyard, maksimal ötürücülük imkanı isə 20 milyard kubmetr olan kəmər 2006-cı ildə istismara verilib. Artıq 2007-ci ilin sonundan Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql olunan Azərbaycan qazı Türkiyə və İtaliya qaz sisteminin birləşməsi nəticəsində İtaliyaya ötürülməyə başlayıb.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanın 1994-cü ildən başlayaraq həyata keçirdiyi enerji strategiyasının mühüm tərkib hissəsidir. Bu kəmər Cənubi Qafqazda strateji reallığı Azərbaycanın xeyrinə dəyişib, Türkiyə, Gürcüstan və Azərbaycanın enerji şəbəkələrini mərkəzləşmiş sistemə çevirib və nəhayət, Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini xeyli artırıb.

Bakı-Tbilisi-Ərzurum kəməri yalnız regionun deyil, həm də Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayan "Nabukko" layihəsinin əsasını təşkil edəcək. Yəni, belə demək mümkündürsə, "Nabukko"nun onurğa sütunu məhz Bakı-Tbilisi-Ərzurum qaz kəməri olacaq. Çünki gələcəkdə bu layihə Orta Asiya və Xəzər hövzəsi ölkələrinin qazını Yunanıstan, İtaliya və Avstriyaya çatdırmaq, "Nabukko" qaz kəmərinə birləşdirmək və geniş bir şəbəkə yaradılmasını nəzərdə tutur.

Avropa Azərbaycana enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi yanaşdığını daim nümayiş etdirib. Öz növbəsində, Prezident İlham Əliyev də ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın etibarlı tərəfdaş imicini bir qədər də möhkəmləndirib.

2006-cı ilin noyabrında Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq rəsmiləşdirilib. Noyabrın 7-də Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında enerji tərəfdaşlığı münasibətlərini, Azərbaycanın Avropanın enerji bazarlarına daxil olmasını, Aİ-nin enerji təhlükəsizliyini və respublikamızda enerji menecmentini nəzərdə tutur.

Ekspertlər bu memorandumun imzalanmasından sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən "Nabukko" layihəsinin reallaşmasında daha aktiv iştirak edəcəyini proqnozlaşdırdılar.

2008-ci ilin noyabrında Bakıda keçirilən IV Enerji Sammiti də enerji nəqli dəhlizlərinin yaradılmasının bütün dünyanın marağında olduğunu bir daha nümayiş etdirib. 21 ölkənin nümayəndələrinin və diplomatların, o cümlədən 6 dövlətin prezidentlərinin qatıldıqları sammitdə çıxış edənlər bir daha bildiriblər ki, "Nabukko" layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həyati əhəmiyyət daşıyır və Avropa İttifaqı ilə Azərbaycan bu istiqamətdə sıx əməkdaşlıq etməlidirlər.

Sammitin yekunlarına dair qəbul olunmuş Bəyannamədə qeyd olunur ki, sammit iştirakçıları enerji resurslarının hasilatçı, tranzit və istehlakçı ölkələri arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, regional investisiya enerji layihələrinin həyata keçirilməsi üçün zəruri əlverişli şərait yaradılmasına tərəfdar olduğunu təsdiq edirlər.

Bəyannamədə Xəzər hövzəsindən neftin və qazın dünya və Avropa bazarlarına çatdırılması yollarının şaxələndirilməsinə yönəlmiş siyasətin davam etdirilməsinin vacibliyi vurğulanıb, iştirakçı dövlətlərin tələbatını daha tam təmin etməkdən ötrü Azərbaycanın təbii qazının regional və Avropa bazarlarına nəqli və tranziti üçün çoxvektorlu infrastrukturun yaradılmasına aid layihələrin həyata keçirilməsinin dəstəklənməsi ifadə olunur.

"Nabukko" layihəsinin reallaşdırılması istiqamətində növbəti mühüm addım isə 2009-cu ilin yanvarında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş enerji sammiti oldu.

Budapeşt sammitində çıxış edən Prezident İlham Əliyev ölkəsinin Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynadığını, Azərbaycanın etibarlı tərəfdaş dövlət olduğunu və öz təbii sərvətlərini Xəzər hövzəsindən Avropaya nəql etdiyini bildirib. Bu layihə çərçivəsində yaxşı tərəfdaşlıq əlaqələrinin yaranacağına əmin olduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqına və Avratlantik məkana inteqrasiyaya üstünlük verir və bu siyasət bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, dəyəri 8 milyard avro olan və ildə təqribən 26-32 milyard kubmetr qaz ötürəcək "Nabukko" kəmərinin inşası 2014-cü ilədək yekunlaşmalıdır. "Nabukko" boru kəməri ilə 2012-ci ildə Azərbaycan, sonra Qazaxıstan və Türkmənistan qazının nəqli nəzərdə tutulur. Növbəti mərhələdə 2017-ci il üçün bu kəmərlə İran, İraq və Misir qazının nəqli də istisna olunmur.

"Nabukko" ilk qaz xəttidir ki, dünyanın bir çox regionu arasında əlaqə yaradacaq. Məlumat üçün bildirək ki, "Nabukko"nun uzunluğu 3300 kilometr olacaq. Kəmərin 2000 kilometri Türkiyə, 400 km-i Bolqarıstan, 460 km-i Rumıniya, 390 km-i Macarıstan, 46 km-i isə Avstriya ərazilərindən keçəcək.

Avstriyanın Baumqarten məntəqəsinə çatdırılacaq qaz həcmlərinin böyük bir hissəsi bu ölkənin ərazisindən keçərək Mərkəzi və Qərbi Avropaya nəql olunacaq.

Layihənin reallaşması istiqamətindəki maneələrdən danışarkən, ilk növbədə, kəmərin inşasının maliyyələşdirilməsi məsələsinə toxunulur. Bəzi ekspertlərin fikrincə, hazırda dünyanı bürümüş maliyyə böhranı fonunda, layihə üçün maliyyə tapılması problemli görünür. Lakin Budapeşt sammitində bu məsələyə də aydınlıq gətirilib. Belə ki, Avropa İnvestisiya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentləri də Avropa üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin maliyyələşdirilməsinə hazır olduqlarını bildiriblər.

Beləliklə, yaxın illərdə Azərbaycanın önəmli rol oynayacağı növbəti qlobal layihənin reallaşmasının şahidi olacağıq. Bu isə Azərbaycanın bölgənin enerji ehtiyatlarının dünya bazarına nəqlində strateji önəm daşıyan ölkə statusunu daha da möhkəmləndirəcək.

Bu gün Azərbaycanın Avropanın nəqliyyat-kommunikasiya, yükdaşımaları və enerji təhlükəsizliyində mühüm rol oynadığı hamı tərəfindən birmənalı etiraf olunur. Ümummilli lider Heydər Əliyevin yeni neft, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinə dair strategiyasını inamla davam etdirən Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan regionda heç bir ölkədən enerji asılılığı olmayan, öz tələbatını ödəməyə qadir yeganə dövlət qismində çıxış edir.

Artıq həm region ölkələri, həm də fövqəldövlətlər Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi "Azərbaycanın iştirakı olmadan regionda heç bir ciddi layihə gerçəkləşə bilməz" fikrini sübuta ehtiyacı olmayan fakt kimi qəbul edirlər.

 

 

Əli Həsənov,

Azərbaycan Respublikası

Prezidenti Administrasiyasının

şöbə müdiri,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.-2009.-5 may.-S.5.