Dövlət başçısının
həyata keçirdiyi
inkişaf strategiyası
Ağdama yeni həyat verir
Futbol üzrə Azərbaycan
çempionatında hər zaman fəal oyunu ilə seçilən
"Qarabağ" komandası uzun müddət idi ki, ev
oyunlarını Ağdamda keçirmirdi. Amma Ağdamın
Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin
istifadəyə verilməsi "Qarabağ"ı Ağdama
qaytardı.
Mayın 3-də futbol
üzrə Azərbaycan çempionatının növbəti
turunda "Qarabağ" klubu Quzanlıdakı Olimpiya
İdman Kompleksinin futbol stadionunda Bakının
"İnter" komandası ilə ev oyununu keçirdi. Bu,
sadəcə bir futbol oyunu deyil, həm də uzun illərin həsrət
və ayrılığından sonra ağdamlıların
doğma torpaqda öz komandaları ilə
görüşü idi. Stadiona toplaşmış on min nəfərdən
artıq tamaşaçı sevincli anlar yaşayırdı.
Torpaqlarımızın
bir hissəsinin işğal altında olduğu bir dönəmdə
ideoloji-siyasi baxımdan mühüm əhəmiyyət kəsb
edən bu idman hadisəsi ilə bağlı Ağdam ictimaiyyətinin
nümayəndələri "Azərbaycan" qəzetinə
müraciət ünvanlayıblar. Müraciətdə Azərbaycan
Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını
ifadə edən ağdamlılar bildirirlər ki, ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu və
hazırda dövlət başçısı tərəfindən
layiqincə gerçəkləşdirilən əsaslandırılmış
inkişaf strategiyası bütün cəbhəyanı
rayonlar kimi Ağdama da yeni həyat verir. Müraciətdə
deyilir: "Ulu öndər Heydər Əliyevin cəbhəyanı
rayonların inkişafına və məcburi
köçkünlərə olan diqqət və
qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Hələ 2003-cü ildə prezident
seçkiləri ərəfəsində cənab İlham Əliyev
bəyan etmişdi ki, Azərbaycanda bir dənə də olsun
çadır şəhərciyi qalmayacaqdır. Dövlətimizin
başçısı verdiyi vədə vaxtından tez əməl
etməklə məcburi köçkünlərin ən
böyük sosial problemlərindən birini
qayğıkeşliklə həll etdi. Yeni salınmış
qəsəbələrlə cəbhəyanı rayonlara, o
cümlədən Ağdam rayonuna yeni nəfəs bəxş
etdi".
Düşmənlə
üz-üzə dayanan Ağdamın sürətlə
inkişaf etdiyini qeyd edən ictimaiyyət nümayəndələri
onu bildirirlər ki, cəbhə bölgəsində yerləşən
rayonların sosial-iqtisadi inkişafı, habelə məcburi
köçkünlərin həyat şəraitinin gündən-günə
yaxşılaşdırılması məqsədilə artan
dövlət qayğısı ağdamlılar tərəfindən
rəğbətlə qarşılanır.
Müraciətdə
ölkədə idmanın inkişafına qoyulan dövlət
sərmayəsinin Ağdam rayonunda da yaxından hiss olunduğu
bildirilir: "Ötən il Azərbaycan Prezidentinin Ağdama səfəri
zamanı təntənəli şəkildə
açılışını qeyd etdiyimiz Quzanlıdakı
Olimpiya İdman Kompleksi bunun əyani sübutudur. Bu Olimpiya
İdman Kompleksi son illər ölkədə istifadəyə
verilmiş çoxsaylı idman obyektlərindən biridir. Kompleksin
fəaliyyət göstərdiyi qısa müddət ərzində
burada gənc idmançıların yetişdirilməsi istiqamətində
xeyli iş görülmüşdür".
Ağdam ictimaiyyətinin
nümayəndələri tezliklə rayonun işğal
olunmuş torpaqlarının azad ediləcəyinə və
"Qarabağ" komandasının ev oyunlarını
Ağdam şəhərində seyr edəcəklərinə əminliklərini
ifadə ediblər.
Azərbaycan.-2009.-5 may.-S.5.