YAP Yasamal rayon təşkilatının iclası keçirilmişdir

 

Dünən YAP Yasamal rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr edilmiş mərasim keçirmişdir. Təşkilatın sədri Fikrət İsmayılov müstəqil Azərbaycanın qurucusu, memarı Heydər Əliyevin xalqımızın tarixindəki müstəsna xidmətlərindən ətraflı söz açmışdır. Bildirmişdir ki, ulu öndər iti ağlı, dərin zəkası, siyasi uzaqgörənliyi ilə xalqımızı işıqlı sabahlara doğru aparan müdrik rəhbər olmuşdur. Onun hakimiyyət dövründə Azərbaycan sürətlə inkişaf edərək dünyanın sivil ölkələri sırasında özünəməxsus yer tutmuşdur.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Milli Məclisin üzvü Gülər Əhmədova başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən danışmış, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini bildirmişlər.

Sonda "Yeni Azərbaycan Partiyası" klipinin nümayişi olmuşdur. Mahnının sözləri Tağı Sidqinin (Əhmədovun), musiqisi xalq artisti tarzən Zamiq Əliyevindir. Mahnını xalq artisti Mələkxanım Əyyubova ifa etmişdir.

 

 

Adilə Qocayeva

 

Azərbaycan.-2009.-6 may.-S.2.