ÜMUMMİLLİ LİDER HEYDƏR
ƏLİYEVİN ƏN GÜCLÜ SİLAHLARINDAN
BİRİ SÖZ İDİ
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin ən
güclü silahlarından biri söz idi. O, böyük xalq
kütlələrini öz arxasınca aparmaq lazım gələndə
də, ölkə üçün möhtəşəm
layihələrin həyata keçirilməsinin zəruriliyinə
kimisə inandırmaq lazım olanda da, yolunu azmış
birisini düz yola yönəltmək zərurəti yarananda da
sözdən ustalıqla istifadə edirdi. Natiqlik ona Allah
vergisi idi. Onun natiqlik məharəti incəliklərinə qədər
cilalanmışdı. Onunla çiyin-çiyinə işləmək
şərəfinə nail olanlar bilirlər ki, ulu öndər
bu məharətindən həm natiq, həm diplomat, həm də
həssas bir psixoloq kimi istifadə edirdi. O, xalqla elə
danışırdı ki, ölkənin hər bir vətəndaşı
hamıya deyilən sözləri şəxsən ona ünvanlanmış
kimi qəbul edirdi. Bunu hər adam bacarmaz, bu, Heydər Əliyevin
fitri istedadı idi.
O, müsahibinin
ovqatındakı ən kiçik məqamları dərhal
sezirdi. Təbiətən daxili nəzakət hissinə və
fenomenal sövq-təbiiliyə, uzaqgörənlik qabiliyyətinə
malik olan Heydər Əliyev opponentinin fikrindən keçənləri
bir andaca duymağı, bəzən də onun dolaşıq
fikirlər kələfini açmağı bacarırdı və
bunu təsdiqləyən çoxlu sübutlar var. Bununla
yanaşı, onun fenomenal yaddaşı vardı və istənilən
anda uzaq keçmişdən hadisələri, faktları və
rəqəmləri misal gətirərək sözlərini təsdiqləməyi
bacarır, hər bir sahədə miqyası ilə adamı, həqiqətən,
heyrətə salan, mat qoyan dərin biliklər nümayiş
etdirirdi. Heydər Əliyevin bu keyfiyyətləri Azərbaycan
xalqı üçün ən gərgin, həqiqətən
taleyüklü tarixi məqamlarda heyrətamiz dərəcədə
dəqiq çıxış yolları tapmasına dəfələrlə
kömək etmişdir.
Ulu öndərin
sözün geniş ictimai təbəqələrə təsirinə
verdiyi əhəmiyyət barədə danışarkən
onun jurnalist peşəsini necə yüksək dəyərləndirdiyini
xatırlatmamaq olmaz: "Bu peşə çox vacib peşədir.
Demokratik, hüquqi, dünyəvi dövlətdə, qanunlarla
yaşayan dövlətdə jurnalistika çox vacib bir peşədir,
mətbuat çox vacib bir sahədir. Bu, mənim fikrimdir və
mən bu fikrimi heç vaxt dəyişməyəcəyəm".
Heydər Əliyevi
bütün səfərlərində jurnalistlər
müşayiət edirdi. Özü də onlar həm dövlət
KİV-ini, həm də müstəqil, hətta müxalifət
nəşrlərini təmsil edirdi. O, çox dəqiq bilirdi
ki, Azərbaycanın kütləvi informasiya vasitələrinin
səviyyəsini qaldırmaq lazımdır. KİV
düşmənlərin məkrlərini ifşa etməklə
yanaşı, ölkəmizi beynəlxalq səviyyədə təmsil
etməyi, Azərbaycan haqqında həqiqətləri
dünyanın ən uzaq guşələrinə tam şəkildə
çatdırmağı və beləliklə, Ermənistanla
informasiya müharibəsində qalib gəlməyi
bacarmalıdır.
Heydər Əliyev
jurnalistlərə xüsusi həssaslıqla, əsl atalıq
qayğısı ilə yanaşır, bəzən bu və
ya digər hadisələri şərh edərkən nəyə
xüsusi diqqət yetirmək lazım olduğunu göstərir,
onlara yaxşını pisdən ayırmağı
bacarmağı öyrədirdi. O, həm də fitnələrə
uymamağı, polemikada nəzakətli, təmkinli
olmağı öyrədir, başa salırdı ki, jurnalist
özünün bütün iradəsini və dəlillərini
səfərbər edərək, opponentləri təkzibedilməz
faktlar qarşında qoymağı bacarmalıdır.
"Əkinçi"
qəzetinin 125 illiyi münasibətilə jurnalistlərlə
görüşündə Heydər Əliyev demişdi ki, mənim
jurnalistikaya hörmətimə, ehtiramıma şübhəniz
olmasın. Hesab edirəm ki, hətta qatı yalan yazan da
jurnalistdir. O deyirdi: "Azərbaycanda belə bir məsəl
var: zaman hər şeyi saf-çürük edəcəkdir".
Kim bu imtahandan çıxsa, o, hörmətli insan, jurnalist
olacaq, bu sınaqdan çıxmayanlar isə, yəqin ki,
özlərinə başqa peşə axtarmalı olacaqlar. Hətta
sovet dövründə ən ciddi senzura şəraitində də
Heydər Əliyev jurnalistlər üçün böyük
yaradıcılıq sərbəstliyini təmin edir, fikir və
söz azadlığına kömək edir, etibarlı,
geniş, əhatəli və hərtərəfli informasiya əldə
etməyə imkan yaradırdı.
Jurnalistlər həmişə
ona müraciət edə bilərdi. O, istənilən vaxt və
istənilən mövzuda müsahibə verməyə,
jurnalistləri maraqlandıran sualları cavablandırmağa
hazır idi. Eyni zamanda, o, istedadlı, obyektiv, öz işini
bilən, həqiqətən peşəkar jurnalistləri dəstəkləyir,
onlara hər cür kömək edirdi. Lakin bir şərtə
hökmən riayət edilməli idi - informasiya həqiqi,
obyektiv olmalı idi. Ümummilli liderin əsas məsləhətlərindən
biri bu idi: həqiqət nə qədər acı olsa da, onu
yazın, bütün mənfi məqamları üzə
çıxarın ki, dövlət strukturları mövcud
problemlərə diqqəti cəlb etsinlər və beləliklə,
dövlət aparatının həmin problemləri aradan
qaldırmaq işi asanlaşsın. Lakin o, şayiələr
və dedi-qodular yaymaqdan çəkindirirdi, çünki belə
hərəkətlər yüksək jurnalist adına
yaraşmır.
Bu ustad dərsləri,
jurnalist məharəti dərsləri jurnalistlər
üçün əsl kamillik məktəbi idi, bu dərslər
sayəsində onlar qanunun aliliyinin bərqərar olduğu,
qanun qarşısında hamının bərabər olduğu
müstəqil, demokratik, hüquqi dövlətin qurulmasına
yönəlmiş ali məqsədlərin əhəmiyyətini
dərk etməyi öyrənirdilər. Tarixdə milli
jurnalistikanın əhəmiyyətini bu qədər yüksəyə
qaldıran ikinci lider olmamışdır.
Ulu öndər milli mətbuatın
ənənələrini zənginləşdirən
üç mühüm prinsipi müəyyənləşdirmişdir.
Birincisi dövlətçiliyə xidmətdir, yəni
jurnalistlər dövlət quruculuğu ideyalarına xidmət
etməli, qarşıya çıxan problemlərə
dövlət mövqeyindən yanaşmalıdırlar.
İkinci prinsip - azərbaycançılıq
ideologiyasının təbliği Heydər Əliyevin siyasi fəaliyyətinin
bütün mərhələlərində ön planda
olmuşdur. Müstəqil dövlətçiliyimizin Heydər
Əliyev tərəfindən müəyyənləşdirilmiş
mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının
həmrəyliyinin möhkəmlənməsində həlledici
rol oynamışdır. Milli dirçəliş probleminin həlli
Heydər Əliyevin strateji dövlət siyasətinə
çevrilmişdi və məhz onun bu istiqamətdə fəaliyyəti
sayəsində azərbaycançılıq ideyası
insanların şüurunda kök salmış, əsrlərin
qovuşuğunda milli-mənəvi dəyərləri qoruyub
saxlamağa və inkişaf etdirməyə imkan vermişdir.
Akademik Ramiz Mehdiyev
"Modernləşmə xətti yenə də gündəlikdədir"
məqaləsində yazır: "Bu gün, bu yolun çox
hissəsi keçiləndən sonra geriyə baxanda, cəsarətlə
deyə bilərik ki, görülmüş işlər gələcək
nəsillərə mənsubdur. Bununla bərabər, bir
mühüm və unudulmaz həqiqəti vurğulamaq
lazımdır ki, bütün bunlar bir nəfərin - milli
ideyanın mahiyyətini həmişə vətənə xidmətdə
görən Heydər Əliyevin əməyinin bəhrəsidir.
Əsasını onun qoyduğu, eyni zamanda, həm ideyanı,
həm də ideologiyanı özündə cəmləşdirən
azərbaycançılıq fəlsəfəsi millətin və
dövlətin perspektiv inkişafının dəyişməz
konsepsiyası kimi, Azərbaycanın sosial-siyasi və iqtisadi
modernləşməsinin eyniləşdirilməsidir. O, milli
inkişafın mədəni-tarixi təbəqəsi olmaqla,
strateji inkişafın əsas yollarını və istiqamətlərini
müəyyənləşdirir, dilimizin
sarsılmazlığında, milli mədəniyyətin
üstün rolunda və milli dəyərlərin sanbalında
öz əksini tapır. Bütün bunlar həm regional, həm
də qlobal xarakterli vəziyyətlərdə ölkənin dəyişməkdə
olan rolunu başa düşməklə formalaşan milli
ideoloji model kompleksini təcəssüm etdirir".
Ölkəmiz dünya
birliyinə intensiv inteqrasiya edir, nüfuzlu beynəlxalq
qurumların üzvüdür. Azərbaycanda hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğu prosesi sürətlə
irəliləyir. Heydər Əliyevin bizə vəsiyyət
etdiyi üçüncü prinsip - ümumbəşəri dəyərlərə
hörmətlə yanaşmaq bu gün həmişəkindən
daha aktualdır.
Bu baxımdan demək
lazımdır ki, Heydər Əliyevin dövründə Azərbaycan
Qərb və Şərq, islam və xristian vektorlarını
uğurla əlaqələndirərək ən yeni
dövrün, qloballaşma dövrünün
çağırışlarına layiqincə cavab vermək,
tarixi ənənəni modernləşmə ilə birləşdirmək
üçün zəruri olan yeni səviyyəyə yüksələ
bilmişdir.
Heydər Əliyev Azərbaycan
publisistikasının əsas vəzifələrindən bəhs
edərkən gənclərdə vətənpərvərlik
ruhunun tərbiyəsini, milli adət və ənənələrə
riayət etməyi, vətənə sədaqətlə xidmət
göstərməyi, ana dilinin saflığını qoruyub
saxlamağı və mükəmməl bilməyi də
ön plana çəkirdi. Heydər Əliyev özü ana
dilinə çox qayğı ilə yanaşır, hər bir
cümləyə, deyilən hər bir kəlməyə
böyük əhəmiyyət verir və başqalarına da
bunu öyrədirdi. O özü Azərbaycan dilini çox
gözəl bilir, onu xalqımızın ən böyük sərvəti
hesab edirdi. O, xarici nümayəndə heyətlərinin Azərbaycan
dilinin gözəlliyinə heyran olduqlarını
xatırladaraq deyirdi ki, biz dilimizi nəinki
yaşatmışıq, həm də onu inkişaf
etdirmişik. Azərbaycan dili çox gözəl dildir.
Onun rus dilini çox
gözəl bilməsi də heyrət doğururdu. O, Rusiya
mühitində əsl rus ziyalısı kimi
tanınmışdı və bu, çox yüksək qiymət
idi. Bu məqamda onun 1981-ci il noyabrın 18-də
"Literaturnaya qazeta"da dərc edilmiş və
böyük əks-səda doğurmuş müsahibəsini
xatırlatmaq yerinə düşər. Heydər Əliyev
"sülalə" anlayışı və inzibati idarəetmənin
"tayfa" xarakteri arasında ciddi fərqin olması,
sistemin və cəmiyyətin nöqsanları, korrupsiya
haqqında və rəhbərliyin mənəvi prinsipləri
qorumağa və müdafiə etməyə borclu olması barədə
danışmışdı. O vaxtkı ölkənin siyasi
ritorikasına aşkarlığı doğma rus dilində
danışığı çox aşağı səviyyədə
olan bədnam Mixail Qorbaçovdan çox-çox əvvəl
məhz Heydər Əliyev gətirmişdi.
Mübaliğəsiz deyə
bilərik ki, mətbuata diqqət, fikir və söz
azadlığına qayğı Heydər Əliyevin fəaliyyətinin
bütün mərhələlərində ön planda
olmuşdur. Bu məsələni ona "Jurnalistlərin
dostu" mükafatının təqdim edilməsi mərasimində
Heydər Əliyevin özü belə şərh etmişdir:
"Azərbaycanın böyük tarixi var. Bu böyük
tarixə nəzər salsaq görərik ki, heç vaxt Azərbaycanda
söz bu qədər azad olmayıbdır, fikir bu qədər
azad olmayıbdır, mətbuat bu qədər azad
olmayıbdır". Bu fikirlə hətta onun opponentləri də
razılaşmağa məcbur idilər.
O dövrün Rusiya
KİV-i yazırdı: "Azərbaycanda KİV postsovet məkanında
dərin araşdırmalar tələb edən nadir hadisədir.
Bütün MDB ərazisində daha azad və müstəqil
jurnalistlər tapmaq çətindir və onlar ictimai proseslərə
real təsir göstərirlər" (Ayqul Omarova. "Azərbaycanda
iki hakimiyyət var: Heydər Əliyevin hakimiyyəti və
KİV").
Müəllif müstəqil
jurnalistlərdən sitat gətirir. Onların sözlərinə
görə, "indi informasiyadan istifadə etmək daha sərbəst
olmuşdur, əvvəlki kimi çətin deyil. İstənilən
nazirə müraciət etmək olar və o, jurnalistlərdən
qaçmayacaqdır. Prezident Heydər Əliyev özü də
kimisə qarşılayırsa və yaxud haraya gedirsə, onu
həmişə 20-30 nəfərlik jurnalist qrupu müşayiət
edir və bu jurnalistlər Prezidentin danışıqlar
apardığı salonda olurlar. Müxalifət jurnalistləri
də burada iştirak edirlər. Əvvəllər belə
şey yox idi, indi isə müxalifət jurnalistlərini hər
yerə dəvət edirlər. Yüksək vəzifəli məmurlar
növbə ilə həftədə bir dəfə mətbuat
konfransları keçirirlər. Bu gün bir nazir, gələn
həftə başqa nazir".
Ayqul Omarovanın məqaləsinin
sonu çox maraqlıdır: "Bəli, görünür,
biz hamımız həm azərbaycanlı jurnalistlərdən,
həm də Heydər Əliyevin KİV-ə və söz
azadlığına münasibətindən, həqiqətən,
çox şey öyrənməliyik".
Bəli, həqiqətən,
Heydər Əliyevdən öyrənilməli çox şey
var, çünki bu gün nəinki dostlarımızın
yazdığı və dediyi, hətta əleyhdarlarımızın
da etiraf etməyə məcbur olduğu fikir və söz
azadlığı bizə ümummilli liderdən miras
qalmış sərvətdir.
Uzun illər ərzində
çoxsaylı xarici səfərlərin tam əksəriyyətində
onu müşayiət etmiş, eləcə də Azərbaycanda
keçirilən bütün görüşlərdə
iştirak etmiş bir jurnalist kimi mən görkəmli siyasi və
dövlət xadimlərinin, diplomatların və
tanınmış qələm ustalarının Heydər Əliyevə
göstərdiyi böyük ehtiramın şahidi olmuşam. Heydər
Əliyevin böyüklüyü bütün dünyada etiraf
edilmişdir: onu fenomenal şəxsiyyət, nüfuzlu dövlət
xadimi, nadir natiqlik istedadına malik olan şəksiz lider hesab
edirdilər.
Neçə illər
bundan əvvəl "Moskovski komsomolets" qəzetində
rusiyalı jurnalist Aleksandr Budberq "Virtuoz" sərlövhəli
məqaləsində yazmışdır: "Özlərini
siyasətçi hesab edənlər çoxdur. Bəzən
görürsən ki, rayon deputatı seçilən biri
napoleonluq iddiasına düşür. Əslində isə, hətta
prezidentlərin də bir çoxu, baxmayaraq ki, əsl siyasətçiyə
çevrilə bilmir, ömürlərinin axırına qədər
həmin kürsüdə qalırlar. Amma Heydər Əliyev
elə nadir şəxsiyyətlərdəndir ki, onu bir
nümunə kimi göstərmək olar. O, Makiavellinin
traktatlarının qəhrəmanlarının canlı
nümunəsi təsiri bağışlayır. Hakimiyyətə
gəlmək istəyən insanlar onun təcrübəsini
araşdıra və öyrənə bilərlər. Amma
bunun, çətin ki, təkrarı olsun. Çünki
bütün başqa istedadlar kimi, siyasətçi istedadı
da anadangəlmədir".
Rusiyalı jurnalist Oleq
Sıqanov "Zamanı qabaqlamış ümummilli lider"
məqaləsində yazır: "Heydər Əliyev Azərbaycan
üçün lazımi vaxtda elə nadir, zəruri şəxsiyyət,
ziyalı sinfinin hakimiyyətin zirvəsinə
çatmış elə bir nümayəndəsi oldu ki, o
özünün fenomenal siyasi keyfiyyətləri sayəsində
nəinki yeni milli ideyanı - müasir dövrün
çağırışlarına adekvat olan yeni Azərbaycan
dövlətçiliyi ideyasını
formalaşdırmağa, həm də millətin ən
geniş siyasi və intellektual qüvvələrini - bu
ideyanı həyata keçirən, Azərbaycanı mütərəqqi
inkişaf orbitinə çıxarmağa qabil olan əla idarəçiləri
və cəsarətli novatorları öz ətrafında
sıx birləşdirməyə və onları bu məqsədə
istiqamətləndirməyə müvəffəq oldu. Əliyev
bunu hətta o vaxtda edə bildi ki, çoxları onun uğur
qazanacağına inanmırdı, siyasi qeyri-sabitlik xaosu tarixi
üfüqləri, tarixi perspektivləri görünməz
etmişdi. Heydər Əliyev bunu bacardı".
O, Azərbaycan
xalqını özünə, öz istedadına inanmağa,
öz kökünə qayıtmağa və özü ilə,
özünün keçmişi və bugünü ilə fəxr
etməyə sövq etdi. O, xalqı ümidsiz vəziyyətdən
qaldırdı və onda öz gələcəyinə inam
oyatdı. Bu işdə yenə də onun ən güclü
silahlarından biri söz idi. Zbiqnev Bjezinskinin dediyi kimi,
"siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı,
istədiyini tez çatdıran şəxsiyyətin - bir
sözlə, şəksiz liderin" sözü.
Bu baxımdan akademik
Ramiz Mehdiyevin müşahidəsi xüsusilə dəqiqdir:
"O, sözə münasibətdə çox həssasdır,
sözün həm yerini, həm də gücünü bilir,
öz zəmanəsinin ən yaxşı natiqlərindən
biri kimi tanınmışdır, öz xalqının
xarakterini dərindən öyrənmişdir, bilir ki,
ümummilli vəzifələrin həyata keçirilməsi
üçün onun çox böyük qüvvəsini necə
səfərbərliyə almaq lazımdır".
Mübaliğəsiz,
tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanı
istər sovet dövründə, istərsə də müstəqillik
illərində dünyaya tanıdan, ermənilərin
güclü təbliğat maşınının və ondan
da güclü lobbisinin məkrli səyləri sayəsində
ölkəmizi düşdüyü informasiya blokadasından məhz
Heydər Əliyev çıxarmışdır. Burada da onun əsas
silahı söz, Azərbaycan həqiqətlərini bəyan
edən obyektiv söz idi.
Heydər Əliyev
1993-cü ildə Prezident kimi özünün ilk xarici səfərini
Fransaya etmişdi və bu, təsadüfi deyildi. O, dekabrın
21-də Parisdə mətbuat konfransında demişdi: "Mən
burada olarkən daha çox yəqin etdim ki, Azərbaycanla
Fransa arasında əlaqələr son dərəcə zəif
olmuşdur, Fransada Azərbaycan barəsində məlumat
olduqca azdır. Bəzən qeyri-obyektiv məlumat ölkəmiz,
Azərbaycan dövlətinin tədbirləri barədə
yalan-yanlış təsəvvür yaradır. Buna görə
də hesab edirəm ki, Fransaya səfər iki ölkənin rəhbərləri
arasında sıx qarşılıqlı əlaqələr,
ikitərəfli münasibətlərin inkişafı
üçün bünövrə yaratmaqla yanaşı,
Fransada Azərbaycanın daha yaxşı təsəvvür
olunması mənasında böyük əhəmiyyətə
malikdir. Mən belə düşünürəm ki, bu
günlər ərzində biz bunu etməyə müvəffəq
olduq".
Fransanın ölkəmizdəki
ilk səfiri Jan Perrənin 1994-cü il iyulun 14-də AzərTAc-ın
müxbirinə müsahibəsində dedikləri də bunu təsdiqləyir:
"Açığını deyim ki, Azərbaycanı
Fransaya, sözün əsl mənasında, Heydər Əliyev
tanıtdı. Onun Fransaya səfərinə qədər bizim
ölkədəki ermənipərəst qüvvələr Azərbaycan
əleyhinə təbliğatları ilə müəyyən
məqsədlərə çatmağa
çalışırdılar... Prezident Heydər Əliyevin
Fransaya səfəri hadisələri öz məcrasına
yönəltdi. Onun bizim ölkədəki
çıxışları, verdiyi bəyanatlar Azərbaycanın
siyasətini və regiondakı siyasi vəziyyəti
düzgün qiymətləndirməyə imkan yaratdı. Azərbaycan
Fransa üçün daha anlaşıqlı, daha yaxın
oldu. İndi Fransadakı erməni azlığı bilir ki,
qarşıdurma mənasızdır, ərazi dəyişikliyi
baş tutan sövda deyildir".
Onu da deməliyəm ki,
hətta düşmənlərimiz də etiraf etməyə məcbur
olmuşdur ki, Heydər Əliyevin bu sahədə fəaliyyəti
öz bəhrəsini vermişdir. Bədnam
"Daşnaksütyun" partiyasının liderlərindən
biri G.Kirakosyan demişdi ki, Heydər Əliyev Ermənistanla
yanaşı, dünyada erməni lobbisini də
sarsıtdı.
Həqiqətən də,
Heydər Əliyev bu sahədə o vaxt heç kəsin - nə
siyasətçilərin, nə təbliğat
qurumlarının, nə də kütləvi informasiya vasitələrinin
görə bilmədiyi işi gördü.
2010-cu ildə
özünün 90 illiyini qeyd edəcək AzərTAc-ın
tarixinin bütöv bir qərinəsi ümummilli lider Heydər
Əliyevin siyasi hakimiyyətdə olduğu dövrə təsadüf
edir: 1970-ci illərdə Azərbaycanın sosial-iqtisadi gerilikdən
çıxaraq İttifaqın qabaqcıl respublikalarından
birinə çevrildiyi bir vaxtda mətbuat, xüsusilə də
informasiya agentliyi diqqətdən kənarda qala bilməzdi. Heydər
Əliyev o vaxt Azərinform adlanan agentliyin rəhbərliyi ilə
müntəzəm görüşür, informasiya siyasətinin
təkmilləşdirilməsi ilə bağlı konkret
tapşırıqlar verir, eyni zamanda, maddi-texniki bazanın
möhkəmləndirilməsinə xüsusi diqqət
yetirirdi. Məhz bu köməyin sayəsində Azərinform
SSRİ-nin əsas informasiya orqanı olan SİTA sistemində
çox nüfuzlu bir quruma çevrilmişdi.
1972-ci ilin yayında Azərinform
o dövr üçün müasir avadanlıqla təchiz
edilmişdi. O vaxt buna nail olmaq asan məsələ deyildi. Heydər
Əliyevin hər hansı maneələri aradan
qaldırmağa imkan verən şəksiz nüfuzu və
güclü təsiri müsbət rolunu oynamışdı. Nəhəng
informasiya maşını - SİTA SSRİ rəhbərliyinin
böyük hörmət və rəğbətlə
yanaşdığı Heydər Əliyevin sayəsində Azərbaycanın
qazandığı uğurlar haqqında Azərinform tərəfindən
hazırlanmış xəbərləri həm də
dünyaya yayırdı.
Keçən əsrin
70-ci illərində SİTA özünün Moskvadakı
baş ofisini kompüterləşdirməyə başlayanda,
Heydər Əliyevə hörmət əlaməti olaraq, Azərinformu
da o dövr üçün ən yeni sayılan
"Olivetti" kompüterləri ilə təchiz etmişdi. Yeri
gəlmişkən, müttəfiq respublikaların informasiya
agentlikləri arasında Azərinform Ukrinformdan sonra bu səviyyədə
təchiz edilən ikinci agentlik idi. Beləliklə, Azərinform
SİTA-nın müttəfiq respublikalardakı filialları
arasında texniki təchizat səviyyəsinə görə
ön sıralara çıxdı.
1993-cü il iyunun 15-də
Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev
yenidən hakimiyyətə qayıtdı. Onun müdrikliyi və
məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanda
ictimai-siyasi sabitlik bərpa edildi, iqtisadi böhran aradan
qaldırıldı, ölkə tədricən inkişaf
yoluna çıxdı.
Cəmiyyətin həyatında
kütləvi informasiya vasitələrinin, ilk növbədə
xəbər agentliyinin rolunu yüksək qiymətləndirən
Heydər Əliyev müstəqil Azərbaycanın dövlət
informasiya orqanının işinin müasir tələblər
səviyyəsində qurulmasına böyük diqqət
yetirirdi.
1995-ci il martın 3-də
Prezident Azərbaycan Teleqraf Agentliyinin yenidən təşkil
edilməsi haqqında fərman imzaladı. Həmin fərmana əsasən,
tarixi AzərTAc-ın adı saxlanmaqla büdcədən maliyyələşdirilən
Dövlət Teleqraf Agentliyi yaradıldı. Beləliklə də
AzərTAc-a rəsmi dövlət agentliyi statusu verildi. Bununla
da AzərTAc-ın inkişafının yeni dövrü
başlandı, agentliyin dünya informasiya məkanına
çıxması üçün geniş imkanlar
açıldı.
Memarı və qurucusu
Heydər Əliyev olan müstəqil Azərbaycanın
inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən
müasir dövrün tələblərinə uyğun olaraq
yaradıcılıqla davam etdirilməsi nəticəsində
respublikanın regionda lider dövlətə çevrilməsi,
dünyada mövqeyinin möhkəmlənməsi AzərTAc-ın
beynəlxalq əlaqələrinin genişlənməsinə,
onun dünya informasiya məkanına inteqrasiyasına müsbət
təsir göstərən amillərdən biridir. İndi
dünyanın tanınmış xəbər agentlikləri AzərTAc-a
maraq göstərir, bizi mass-media ilə bu və ya digər
şəkildə əlaqədar olan ən mötəbər
beynəlxalq tədbirlərə dəvət edirlər. Hazırda
AzərTAc dünyanın 80-dən çox ölkəsinin
informasiya agentlikləri ilə əməkdaşlıq edir. Bundan
əlavə, AzərTAc Müstəqil Dövlətlər
Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya
Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər
Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən
biridir.
2004-cü ilin
sentyabrında AzərTAc Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Təşkilatının (OANA)
üzvü olmuşdur. Bunun sayəsində AzərTAc-ın
informasiyaları OANA-nın xüsusi saytında yerləşdirilir
və onlardan təşkilatın üzvü olan digər 32
ölkənin 39 informasiya agentliyi istifadə edir. 2007-ci il
dekabrın 12-də isə OANA-nın İndoneziyanın
paytaxtı Cakartada keçirilən iclasında AzərTAc bu
qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin
büro üzvü seçilmişdir.
Keçən il aprelin
18-də AzərTAc-ın Avropa Xəbər Agentlikləri
Alyansına (EANA) üzv qəbul edilməsi agentliyimizin həyatında
ən mühüm hadisələrdən biri kimi qiymətləndirilməlidir.
Beləliklə, AzərTAc postsovet məkanında İTAR-TASS
və Ukrinformdan sonra EANA-ya qəbul edilmiş
üçüncü informasiya agentliyi və həmin təşkilatın
sayca 31-ci üzvü olmuşdur. Həmçinin 2008-ci ildən
AzərTAc Asiya Xəbər Agentlikləri Konsorsiumunun
("AsiaPulse") üzvüdür.
AzərTAc artıq
regional və beynəlxalq əhəmiyyətli tədbirlərə
ev sahibliyi edir. 2008-ci il aprelin 30-u - mayın 3-də Bakıda
Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) Baş Məclisinin
VII iclası keçirilmişdir. Hazırda TKA-da AzərTAc sədrlik
edir.
Ötən il
sentyabrın 1-4-də isə AzərTAc-ın ev sahibliyi ilə
OANA İcraiyyə Komitəsinin "Qloballaşan dünyada
informasiya hamı üçün" mövzusunda 30-cu
iclası keçirilmişdir. İlk dəfə idi ki,
dünyanın 21-dən çox ölkəsindən ən
nüfuzlu xəbər agentliklərinin rəhbərləri və
yüksək vəzifəli təmsilçiləri respublikamıza
gəlmişdilər. Azərbaycanın ictimai həyatında
mühüm hadisə olan bu toplantının əhəmiyyəti
həm də onda idi ki, OANA və EANA-nın tarixində ilk dəfə
olaraq bu qurumların rəhbərləri tədbirdə birlikdə
iştirak edirdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin
iclas iştirakçılarını qəbul etməsi
qonaqlarda çox böyük təəssürat
doğurmuşdur.
Müstəqil Azərbaycanın
rəsmi informasiya agentliyinin dünya informasiya məkanına
çıxması, Azərbaycan reallıqlarının
yayılma coğrafiyasının genişləndirilməsi ulu
öndər Heydər Əliyevin ən böyük
arzularından biri idi. İndi tam məsuliyyətlə deyə
bilərik ki, ümummilli liderin bu arzusu da reallığa
çevrilmişdir.
Bu yazını ulu
öndər Heydər Əliyevin sözün qüdrətinə
verdiyi qiyməti son dərəcə bariz səciyyələndirən
bir faktla bitirmək istəyirəm. 1995-ci ilin aprelində
Prezident Heydər Əliyev xalq şairləri Bəxtiyar
Vahabzadəni, Məmməd Arazı və Xəlil Rzanı Azərbaycanın
o vaxtkı ən yüksək dövlət mükafatı olan
"İstiqlal" ordeni ilə təltif etmişdi. Ulu
öndər aprelin 16-da filarmoniyada Məmməd Arazın
yaradıcılıq gecəsindən sonra ziyalılarla
görüşdə demişdi ki, mən bir neçə
aydır düşünür, çox götür-qoy edirdim
ki, ən yüksək mükafatı birinci kimlər
almalıdır. Qərara gəldim ki, buna bizim şəxsiyyətlərimiz
- Bəxtiyar Vahabzadə, Məmməd Araz və Xəlil Rza
layiq görülməlidirlər. Mən bu üç şəxsin
adını fərəhlə çəkirəm. Milli
azadlığa nail olmaq üçün milli oyanış,
milli dirçəliş, milli ruhun canlanması
lazımdır. İnsanlara isə şeir, ədəbiyyat qədər,
mədəniyyət nümunələri qədər
güclü təsir edən başqa bir vasitə yoxdur.
Nəhayət,
ümummilli liderin "Dil böyük bir aləmdir" kəlamı
da bu dahi insanın sözə, onun qüdrətinə verdiyi
qiymətin daha bir nümunəsi, təsdiqidir.
Aslan Aslanov,
AzərTAc-ın Baş direktoru
Azərbaycan.-2009.-6 may.-S.4.