Tarixi örnək
Müasir Azərbaycan
dövlətinin banisi Heydər Əliyev ölkəmizin
inkişaf yolunu, milli strategiya və taktikasının əsaslarını,
xarici siyasətinin başlıca istiqamətlərini, milli
ideologiyanın təməl prinsiplərini, sosial-iqtisadi sahədə
qarşıda dayanan vəzifələri, ümumilikdə,
xalqımızın gələcək inkişafı ilə
bağlı məsələləri elmi-nəzəri və
praktik şəkildə müəyyən etmiş və
bununla əlaqədar çox böyük irs qoymuşdur.
1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkə dağılmaqdan və fəlakətdən xilas oldu. Həmin illərdə Azərbaycanın siyasi və iqtisadi vəziyyətinin nə qədər ağır olduğu yaddaşlardan silinməyib. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, digər tərəfdən ölkənin daxilində hökm sürən hərc-mərclik və anarxiya, iqtisadi tənəzzül, mənəvi-psixoloji düşkünlük, gələcəyə inamsızlıq, vətəndaş qarşıdurmasının dərinləşməsi və digər bu tipli problemlər vəziyyəti daha da gərginləşdirmişdi.
Çətin və mürəkkəb problemlərin həlli istiqamətində Heydər Əliyevin həyata keçirdiyi siyasət böyük bir təcrübə məktəbidir.
Azərbaycanı üzləşdiyi ağır çətinliklərdən qurtarmaq, ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək üçün görülmüş işlər və əldə edilmiş müsbət nəticələr Heydər Əliyev siyasətinin gücünü və qüdrətini bariz şəkildə nümayiş etdirir. Böyük dövlət idarəçiliyi təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycanı məruz qaldığı dərin böhran girdabından xilas etmək məqsədilə çox mühüm və təxirəsalınmaz tədbirləri həyata keçirdi. Elmi və nəzəri əsaslara, praktik fəaliyyətə söykənən plan əsasında Azərbaycan Respublikası böhrandan qurtula bildi. Ulu öndərin həyata keçirdiyi siyasət sayəsində ilk növbədə ölkədə qanunçuluq bərqərar edildi. Məlumdur ki, dövlət müstəqilliyinin ilk illərində yaranmış anarxiyadan istifadə edən kriminal qruplaşmalar daha da fəallaşmış, siyasi dairələrin öz məqsədlərinə çatmaq üçün silahlı dəstələr yaratması adi hala çevrilmişdi. Hətta, hakimiyyətdə olan siyasi qüvvələr də, dövlətin nəzarətindən kənarda qalan silahlı tərəfdarlarını yaratmışdılar. AXC-Müsavat cütlüyünün iqtidarda olduğu zaman AXC-nin dövlətə tabe olmayan silahlı dəstələr yaratmasını buna misal göstərmək olar.
Ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə bu kimi anormal
hallara son qoyuldu. Dövlətə tabe olmayan silahlı dəstələrin
zərərsizləşdirilməsi 1993-1995-ci illərdə
baş vermiş müxtəlif hadisələr zamanı
başa çatdırıldı. Bu məsələdə
Heydər Əliyev böyük bir nümunə və örnək
olan siyasətin əsasını qoydu. 1993-cü ildə Lənkəranda
baş verən hadisələr zamanı, 1994-cü il oktyabr və
1995-ci ilin mart aylarında Azərbaycanda dövlət
çevrilişinə cəhdlər edilərkən qeyri-qanuni
silahlı birləşmələrin tərk-silah olunması və
ləğv edilməsi üçün mühüm və qətiyyətli
addımlar atıldı. Xalqın və qanunun gücündən
istifadə olunaraq siyasi mübarizədə, siyasi prosesdə
silahdan istifadəyə birdəfəlik son qoyuldu. Xalqa
arxalanmaq və bütün məsələləri qanun
çərçivəsində həll etmək Heydər Əliyevin
həyata keçirdiyi siyasətin qayəsini təşkil
edirdi. Ümummilli liderimizin bu yöndə gördüyü
işlər az vaxt içərisində öz bəhrəsini
verdi - Azərbaycanda siyasi və ictimai sabitlik bərqərar
oldu.
Ulu öndər Heydər Əliyev
siyasətinin digər örnəyi həyata keçirilən
sosial-iqtisadi islahatlar və onun istiqamətləri ilə
bağlıdır. Ölkəmizin siyasi və iqtisadi həyatında
ciddi dəyişikliklər və böyük islahatlar
aparıldı. Bu dəyişikliklər zamanı vətəndaşların
sosial baxımdan müdafiəsi çox mühüm məsələ
kimi diqqətdə saxlanıldı. Müstəqil dövlət
olaraq Azərbaycanın dünya iqtisadiyyatına
inteqrasiyası baş verməli idi. Dövlət və ictimai
mülkiyyətə, inzibati - amirlik sisteminə əsaslanan
iqtisadi münasibətlərin bazar iqtisadiyyatının tələblərinə
uyğun dəyişməsi zərurətə
çevrilmişdi. İqtisadi modelin yeniləşməsi,
mülkiyyət münasibətlərinin dəyişməsi
böyük islahatlar proqramının
reallaşdırılmasını, bu yöndə möhkəm
və davamlı sistemin yaradılmasını tələb
edirdi. Heydər Əliyevin həyata keçirdiyi böyük
islahatların ardıcıllığı, səmərəliliyi,
elmi əsaslara və sosial ədalətə söykənməsi
bu prosesin ümumilikdə ölkə və hər bir vətəndaş
üçün faydalı olmasını təmin etmişdir.
Müəyyən olunmuş sosial ədalət prinsipi dövlət
idarəçiliyində və iqtisadi islahatların həyata
keçirilməsində bu gün də davam etdirilir. Məhz
bu prinsipin ardıcıllığı naminə bu il mart
ayının 18-də keçirilmiş referendumda
Konstitusiyanın 15-ci maddəsinə dəyişikliklər təklif
olunmuş və bu dəyişiklik xalq tərəfindən
müdafiə edilmişdir. Referendumda Konstitusiyanın 15-ci maddəsinə
edilmiş dəyişiklik dövlətin
sosialyönümlü siyasət yeritməsini təsbit edir.
Bazar iqtisadiyyatı şəraitində belə bir müddəanın
Əsas Qanuna daxil edilməsi dövlətin, hakimiyyətin vətəndaşa
qayğısının göstəricisi kimi qeyd
olunmalıdır.
Müstəqillk əldə
etdikdən sonra ölkədə geniş və hərtərəfli
islahatların aparılması üçün ilk öncə
bu yöndə yeni qanunların qəbul olunması zəruri
idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanan və 1995-ci ilin noyabr ayında referendum yolu ilə
qəbul edilən Azərbaycan Respublikasının
Konstitusiyası mülkiyyət münasibətlərinin yeni
formasını müəyyən etdi. Konstitusiyaya görə
mülkiyyətin üç əsas forması: dövlət,
xüsusi və bələdiyyə mülkiyyəti müəyyən
edilmişdir. Sosial-iqtisadi islahatlar həyata keçirilərkən
mülkiyyət formaları nəzərə alınır.
Azərbaycanda həyata
keçirilən böyük islahatlar sırasında aqrar
islahat və özəlləşdirmə xüsusi yer
tutmuşdur. Məlumdur ki, ən çətin və mürəkkəb
islahat torpaq islahatı hesab olunur. Dünyanın əksər
ölkələrində torpaq islahatları aparılarkən
böyük problemlər və ziddiyyətlər
özünü qabarıq şəkildə büruzə
vermişdir. Azərbaycanda aqrar islahat proqramı həyata
keçirilərkən digər ölkələrin təcrübəsi
öyrənilmiş, məsələ ətraflı müzakirə
edildikdən sonra bu yöndə müvafiq qanunlar, sərəncam
və fərmanlar imzalanmışdır. Torpaq islahatı həyata
keçirilərkən hər bir ailənin, torpağa
bağlı olan hər vətəndaşın marağı və
hüquqları qorunmaqla, bu islahatların iqtisadi səmərəliliyi
həmişə diqqət mərkəzində
saxlanılmışdır. Məhz bu cür yanaşma və ədalət
prinsipinin qorunması nəticəsində islahatlar Azərbaycanda
əhəmiyyətli səmərə vermişdir. Ümummilli
lider Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatlar
proqramı həm siyasi, həm də iqtisadi əhəmiyyətinə
görə çox böyük bir örnəkdir.
Azərbaycanın sürətli
inkişaf strategiyasının əsası Heydər Əliyev
tərəfindən qoyulmuşdur. Bu strategiya indi də
uğurla davam etdirilir. Azərbaycanda 1993-2003-cü illər ərzində
həyata keçirilən iqtisadi layihələrin və
proqramların uğurlu nəticələri sonrakı mərhələdə
ölkənin sürətli inkişafına ciddi və əsaslı
təsir göstərdi. Heydər Əliyevin müəyyən
etdiyi siyasi xətt əsasında çox böyük işlər
görülmüş, Azərbaycanın milli təhlükəsizliyi,
enerji təminatı, ərzaq təhlükəsizliyi sahəsində
əhəmiyyətli nəticələr əldə
olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin
dövlət idarəçiliyi ilə əlaqədar
keçirdiyi hər bir tədbir, qəbul etdiyi qərar, söylədiyi
fikirlər müstəqil dövlətimizin bu günü və
gələcəyi üçün böyük əhəmiyyət
daşıyır. Ulu öndərin müstəqil dövlətimizin
inkişafı ilə əlaqədar müəyyən etdiyi təməl
prinsipləri xüsusi olaraq qeyd olunmalıdır. Bu prinsiplər
içərisində azərbaycançılığın
özünəməxsus yeri var. Bu gün azərbaycançılıq
yalnız müstəqil Azərbaycan vətəndaşını
deyil, dünyanın harasında yaşamasından və məskunlaşmasından
asılı olmayaraq hər bir azərbaycanlını həmin
ideya ətrafında birləşdirir. Azərbaycançılıqla
yanaşı, digər prinsiplər də dövlətimizin
inkişafı, ideya-siyasi və vətənpərvərlik tərbiyəsi,
dövlət idarəçiliyi üçün əhəmiyyətlidir.
Heydər Əliyevin ideyaları əsasında qurulan və
inkişaf edən müstəqil Azərbaycana onun verdiyi
töhfələrə və siyasi örnəklərə həyatımızın
müxtəlif sahələrindən çoxsaylı nümunələr
göstərmək olar.
Müstəqil dövlətimizin
xarici siyasət doktrinası və konsepsiyası məhz Heydər
Əliyev zəkasının məhsuludur. Azərbaycanın
yerləşdiyi mürəkkəb və ziddiyyətli bir
bölgədə milli maraqları qorumağa qadir qətiyyətli
və cəsarətli xarici siyasət xəttini uğurla və
böyük məharətlə reallaşdıran Heydər Əliyev
milli diplomatiyamızın ən bariz örnəyini
yaratmışdır. Onun hər bir səfəri,
apardığı danışıqlar, xarici siyasət sahəsində
qəbul etdiyi qərarlar böyük diplomatiya məktəbidir.
1993-cü ildə Heydər Əliyev Azərbayanda ali siyasi
hakimiyyətə qayıdarkən, ölkənin bütün
sahələrində olduğu kimi, xarici siyasət sahəsində
də böyük boşluq və böhran
yaşanmaqdaydı. Ümummilli liderin Azərbaycanı həmin
dövrdə böhrandan çıxarmaq üçün
gördüyü böyük işlərdən bəhs edən
Prezident İlham Əliyev demişdir: "1993-cü ildə Azərbaycanda
yaşanan böhran, əslində, gənc Azərbaycan
Respublikasının müstəqilliyinə son qoya bilərdi...
Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində
bunun qarşısı alındı, böhrana son qoyuldu,
bütün qanunsuz silahlı birləşmələr tərk-silah
edildi və ölkə inkişaf etməyə başladı.
1993-2003-cü illər bizim hamımızın yaxşı
xatirindədir: sabitlik və inkişaf illəri, Azərbaycanın
dirçəliş illəri, Azərbaycanın xarici
mövqelərinin möhkəmlənməsi illəri, neft
müqavilələrinin imzalanması illəri. Bu gün Azərbaycanın
uğurlu inkişafında o vaxt Heydər Əliyev tərəfindən
atılmış addımlar müstəsna rol oynayır".
Azərbaycanın milli təhlükəsizliyinin
möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin
yeritdiyi siyasətin uğurları hazırkı mərhələdə
özünün müsbət təsirini göstərir. Məhz
bu siyasətin sayəsində Azərbaycan öz sərvətlərinə
sahib ola bilmişdir. Müstəqillik əldə edildikdən
sonra Azərbaycanın xarici ölkələrlə birbaşa
iqtisadi-ticarət əlaqələri yarandı. Bu əlaqələrdə
başlıca istiqamətlərdən biri Xəzər dənizinin
karbohidrogen ehtiyatlarının dünya bazarına
çıxarılması idi. Neftlə zəngin olan Xəzər
hövzəsinə nəzarət uğrunda ötən əsrin
90-cı illərinin əvəllərində gərgin
mübarizə gedirdi. Belə bir şəraitdə Azərbaycanın
maraqlarını qoruyan dəqiq və praqmatik siyasətin həyata
keçirilməsi olduqca zəruri və vacib məsələ
kimi qarşıda dayanırdı. Müstəqil Azərbaycan
dövlətinin müstəqil enerji siyasətinə mane olmaq
istəyən xarici dairələr müxtəlif təxribatlar
törədirdilər. Ümummilli lider Heydər Əliyevin məharətli
və çevik siyasəti sayəsində Azərbaycan
bütün maneələri dəf edərək 1994-cü ilin
sentyabr ayında "Əsrin müqaviləsi" kimi tarixə
düşmüş neft müqavilələrini imzalaya bildi.
Bu, tarixi bir addım olmaqla Heydər Əliyevin yeni neft
strategiyasının uğurlu təntənəsi idi. Həyata
keçirilən bu strategiya Prezident İlham Əliyev tərəfindən
yeni şəraitə uyğun olaraq qətiyyətlə davam
etdirilir. Əsası Heydər Əliyev tərəfindən
qoyulmuş yeni neft strategiyası siyasi münasibətlər baxımından
böyük bir nümunədir. Ulu öndərin neft
strategiyasının uğurları göz önündədir.
Bunun nəticəsində Azərbaycan bir-biri ilə rəqabət
aparan siyasi, maliyyə güclərinin və neft şirkətlərinin
döyüş meydanına deyil, əməkdaşlıq mərkəzinə
çevrilmişdir. Sonrakı mərhələdə bir
çox yeni müqavilələr imzalanmış və neft
strategiyasının tərkib hissəsi olan
Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə
verilmiş, Azərbaycanın təbii qaz ehtiyatlarının
dünya bazarına çıxarılması
üçün Bakı-Tbilisi-Ərzurum qaz kəməri
çəkilmiş və digər infrastruktur layihələri
həyata keçirilmişdir. Bütün bu layihələri
reallaşdırmaq yenicə müstəqillik əldə
etmiş Azərbaycan üçün o qədər də asan
məsələ deyildi. Yalnız Heydər Əliyevin
böyük siyasi təcrübəsi, uzaqgörən siyasəti
və qətiyyəti sayəsində bunlara nail olmaq
mümkün olmuşdur. Həmin dövrdə beynəlxalq aləmdə
dövlətimizin nüfuzu yüksələn xətlə
inkişaf edirdi. Azərbaycan öz neftini ixrac etmək məqsədilə
Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərlərinin
işə salınmasına nail olmuşdu. Heydər Əliyevin
müəyyən etdiyi balanslaşdırılmış xarici
siyasət xəttinə söykənən Azərbaycan
dövləti iqtisadi sahədə qazandığı nailiyyətlərlə
yanaşı beynəlxalq aləmdə Ermənistanın təcavüzünü
ifşa etmək istiqamətində də əhəmiyyətli
irəliləyişə nail oldu.
Əlamətdar haldır ki,
ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik
və balanslaşdırılmış xarici siyasət xətti
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir, ona yeni dövrün sürətlə dəyişən
konyukturasına uyğun konstruktiv və konseptual əlavələr
edilir. Xarici siyasət sahəsində ötən dövr ərzində
nəzərəçarpacaq uğurlar əldə
edilmişdir. Balanslaşdırılmış xarici siyasət
kursu nəticəsində geopolitik baxımdan olduqca həssas
bölgədə yerləşən ölkəmiz nəinki
öz mənafelərini uğurla qoruya bilmiş, eyni zamanda
regionun ən vacib ölkəsinə çevrilmişdir.
2008-ci ilin avqust ayında baş verən Gürcüstan-Rusiya
münaqişəsi zamanı ölkəmizin tutduğu
düzgün və rasional mövqe onun beynəlxalq nüfuzunu
daha da artırmış, regionun lideri olduğu bir daha təsdiqini
tapmışdır. Azərbaycanın artan beynəlxalq
nüfuzu hazırda ölkəmizin ən ağır problemi
olan Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində aparılan danışıqlarda
özünü qabarıq şəkildə göstərmişdir.
Belə ki, təcavüzkar Ermənistan beynəlxalq aləmdəki
mövqelərini getdikcə itirməkdə və tədricən
dünya birliyinin qınaq obyektinə çevrilməkdədir.
Azərbaycanın iqtisadi tərəqqisi beynəlxalq maliyyə
qurumlarında onun əhəmiyyətini və nüfuzunu xeyli
yüksəltmişdir. Ölkəmizin BMT, ATƏT, Avropa
Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz
İqtisadi Əməkdaşlığı, MDB və digər
beynəlxalq və regional təşkilatlarda fəaliyyəti
daha da genişlənmişdir.
Ümummilli lider Heydər Əliyevin
dövlət idarəçilik məktəbi Azərbaycanı
yaxın tariximizin ən keşməkeşli
sınaqlarından uğurla çıxarmaqla yanaşı,
ölkəmizin perspektiv inkişafının da təməl
konturlarını əsaslı şəkildə müəyyənləşdirmişdir.
Prezident İlham Əliyev ulu öndərin parlaq şəxsiyyətini
və zəngin siyasi irsini çox yüksək qiymətləndirərək
mükəmməl şəkildə belə xarakterizə edir:
"Heydər Əliyev qalib idi. O, bütün
döyüşlərdən qalib kimi çıxıb,
heç kim ona qalib gələ bilməmişdir. Ona zaman da
qalib gələ bilmədi. Bu gün Heydər Əliyev bizimlə
deyil, ancaq O, bizim ürəyimizdə yaşayır, qəlbimizdə
yaşayır, Onun əməlləri, ideyaları
yaşayır, Onun siyasəti yaşayır və əbədi
yaşayacaqdır!"
Mübariz Qurbanlı,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin
üzvü
Azərbaycan.-2009.-6 may.-S.5.