Hüquqi dövlətin qurucusu

 

Cəmiyyətə fəal və ciddi təsir göstərməklə onu yönləndirməyə qadir liderlər həm də kütləni özünə tabe etdirmək, insanları ardınca aparmaq, ən başlıcası, xalqın mənəvi bütövlüyünə nail olmaq xüsusiyyətləri ilə seçilmişlər. Tarixə öz möhürünü vurmuş liderlər kimi ulu öndər Heydər Əliyevin də böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər ilk növbədə xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənmiş, milli birliyə və həmrəyliyə xidmət edən siyasətinin nəticəsi olmuşdur. Ümummilli lider müdrik siyasi xadim kimi dövlətçiliyin möhkəm təməllər üzərində formalaşması baxımından hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasət yeritmiş, insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə-hüquq və ədliyyə islahatlarını diqqət mərkəzində saxlamışdır.

Ulu öndər Heydər Əliyevin nəcib mənəvi keyfiyyətlərindən biri də məhz onun siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə tapınması, qanunçuluğun, hüquq qaydalarının ictimai həyatda möhkəmlənməsinə çalışması olmuşdur. Ümummilli lider insan hüquqlarını müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu dünyada toplumları, xalqları, cəmiyyətləri birləşdirən, onlara humanist dəyərlər aşılayan əsas meyar kimi dəyərləndirmişdir. Məhz bu zəngin mənəvi keyfiyyətləri sayəsində Heydər Əliyev ictimai fikirdə hər zaman xilaskarlıq mücəssəməsi kimi qəbul olunmuşdur. 1993-cü ilin iyununda canı, qanı bahasına əldə etdiyi müstəqilliyinin itirilməsi, vətəndaş qarşıdurması, xaos və anarxiya burulğanına sürüklənən müdrik xalqımız çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtmasında görmüşdür. Ümummilli lider xalqın təkidli çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə vətəndaş sülhünə və həmrəyliyinə, respublikamızın başı üstünü almış digər ciddi təhlükələrin aradan qaldırılmasına nail olmuşdur.

Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Məhkəmə-hüquq islahatları istiqamətində aparılan kompleks tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında", eləcə də 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanlarının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Həmin dövrdən ardıcıl surətdə aparılan məhkəmə islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur.

"Məhkəmələr və hakimlər haqqında" qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, şəffaf və obyektiv prosedur əsasında aparılması zəruri tələb kimi qarşıya qoyulmuşdur. Qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum - Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Şura hakim vəzifəsində çalışmaq üçün qanuni meyarlara cavab verən müstəqil namizədlərin test üsulu ilə - tamamilə obyektiv və ədalətli əsaslarla seçilməsi, peşəkar hakim korpusunun formalaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirmiş, bu sahədə mövcud beynəlxalq təcrübə öyrənilmişdir.

Bu gün inamla deyə bilərik ki, konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş məhkəmə-hüquq islahatları ötən 5 ildə onun layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən yüksək əzmlə davam etdirilir. Azərbaycan Prezidenti çıxışlarında hər zaman bildirir ki, hüquqi və demokratik cəmiyyət quruculuğunun başlıca şərtlərindən biri də yeni dövrün tələblərinə cavab verən hüquq islahatlarının davam etdirilməsi, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmini, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır. Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hələ 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.

19 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bu məqsədlə "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayan Prezident İlham Əliyev məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzlu təsisat kimi təşəkkül tapmasında maraqlı olduğunu bir daha nümayiş etdirmişdir. Bu fərman məhkəmələrin fəaliyyəti ilə bağlı narahatlıq doğuran bəzi məqamların aradan qaldırılması baxımından əlahiddə əhəmiyyətli sənəd olmaqla, həm də regionların hazırkı sosial-iqtisadi inkişaf tempi ilə şərtlənmişdir. Son 3 ildə Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apellyasiya məhkəmələrinin, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsinin, Sumqayıt və Şəki şəhər yerli iqtisad məhkəmələrinin yaradılması və fəaliyyətə başlaması sözügedən fərmandan irəli gələn vəzifələrin uğurla gerçəkləşdiyini göstərir.

Sözügedən fərmanda həmçinin, məhkəmələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, onların yeni bina və zəruri inventar, habelə informasiya texnologiyaları ilə təminatı, eləcə də Ali Ədliyyə Məktəbinin yaradılması, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilərək tətbiqi və digər məsələlər geniş əksini tapmışdır. Sözügedən fərmanda məhkəmələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, onların yeni bina və zəruri inventar, habelə informasiya texnologiyaları ilə təminatı məsələləri də geniş əksini tapmışdır. 2006-cı ilin 8 avqustunda Ali Məhkəmənin yeni binasının təməlqoyma mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi işinin davamlı proses olduğunu bir daha diqqətə çatdırmışdır. Ali Məhkəmənin yeni binasının ən müasir üslubda inşa olunması da dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğısının bariz təcəssümüdür. Ali Məhkəmənin normal fəaliyyəti üçün hər cür imkanlara, maddi-texniki bazaya malik yeni binanın yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bu, ölkədə hüquq infrastrukturunun təkmilləşdirilməsi prosesinə həssas münasibətin təcəssümü kimi diqqətəlayiqdir.

Ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyətini inamla davam etdirən dövlət başçısı İlham Əliyev məhkəmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini və müasirləşdirilməsini daim vacib məsələlərdən biri kimi nəzərdən keçirir. İnanırıq ki, həyata keçirilən islahatlar nəticəsində ölkədə ədalət mühakiməsinin səmərəliliyi artacaq, insan hüquq və azadlıqlarının təminatı ilə bağlı bütün məsələlər uğurlu həllini tapacaqdır.

 

 

Hikmət Mirzəyev,

Azərbaycan Respublikası

Ali Məhkəməsinin iqtisadi

mübahisələrə dair işlər üzrə

məhkəmə kollegiyasının sədri

 

Azərbaycan.-2009.-6 may.-S.5.