Azərbaycan Belarus ticarət-iqtisadi münasibətlərində istehsal kooperasiyasının inkişafına xüsusi diqqət yetirilir

 

 İstehsal kooperasiyasının intensiv inkişafı Azərbaycan ilə Belarus arasında qarşılıqlı ticarətin həcmini xeyli artırmağa iqtisadi əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verəcəkdir. Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın mayın 5- Minskdə açılan 5-ci iclasının iştirakçıları bu nəticəyə gəlmişlər.

Belarus Baş nazirinin müavini Andrey Kobyakov demişdir: "Ölkələrimizin prezidentləri bizə əmtəə dövriyyəsinin həcmini xeyli artırmaq üçün yollar axtarmağı tapşırmışlar". O bildirmişdir ki, son 5 ildə əmtəə dövriyyəsi 7 dəfədən çox artmış, ötən il isə 100 milyon dollarlıq həddi keçmişdir. Lakin bu rəqəm Azərbaycanın, Belarusun iqtisadi potensialına uyğun deyildir.

A.Kobyakovun sözlərinə görə, ölkələrimiz ticarət-iqtisadi münasibətləri fəal inkişaf etdirə bilər, çünki iqtisadiyyatlarımız bir-birini qarşılıqlı surətdə tamamlayır, aramızda rəqabət ziddiyyətləri yoxdur. A.Kobyakov vurğulamışdır ki, Azərbaycanda üçüncü ölkələrə ixrac etmək üçün "Belarus" traktorlarının birgə istehsalına başlamaq təklifi nəzərdən keçirilir.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov bildirmişdir ki, Azərbaycan Belarus ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ölkələrimiz arasında əlaqələr artdıqca, onların öz regionlarında nüfuzu da yüksəlir.

Həmin gün Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovu qəbul etmişdir. Belarus Prezidenti bildirmişdir ki, Azərbaycan ilə ticarət-iqtisadi münasibətlərin inkişaf səviyyəsindən razıdır. Lakin keçid mərhələsində ticarət-iqtisadi münasibətlərin vəziyyətini bir daha müzakirə etmək lazımdır.

A.Lukaşenko ölkəmizdə bu yaxınlarda keçirilən referendumun nəticələri ilə əlaqədar Azərbaycan rəhbərliyini təbrik etmişdir. O demişdir: "Referendumda çox böyük uğur münasibətilə Azərbaycanı təbrik edirəm. Bu, həqiqətən, səmimi referendum idi. Referendum Azərbaycan rəhbərliyinə etimad referendumu idi sübut etdi ki, bu etimad çox yüksək səviyyədədir".

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 may.-S.6.