Bakıda "NATO-Azərbaycan: keçmişi qiymətləndirərək gələcəyə baxış" adlı beynəlxalq konfrans keçirilmişdir

 

Mayın 5-də Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmasının 15 illiyinə həsr olunmuş "NATO-Azərbaycan: keçmişi qiymətləndirərək gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Azərbaycan ilə Şimali Atlantika bloku arasında siyasi dialoqun genişləndirilməsi prosesini davam etdirmək məqsədi daşıyan beynəlxalq konfransda Avratlantik məkanda təhlükəsizlik problemləri, 15 il ərzində Azərbaycan-NATO tərəfdaşlığının inkişafı məsələləri, Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində əldə etdiyi nailiyyətlər müzakirə olunmuşdur.

Konfransda NATO-nun baş katibi Yaap de Hoop Sxefferin Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmasının 15 illiyi münasibətilə təbrik videomüraciəti göstərilmişdir. Azərbaycanın NATO ilə əməkdaşlıq sahəsində etibarlı tərəfdaş olduğunu vurğulayan baş katib bildirmişdir ki, Azərbaycan Avratlantik məkanda sülh və sabitliyin təmin olunmasında maraqlıdır.

Yaap de Hoop Sxeffer Azərbaycanın Əfqanıstanda həyata keçirilən İSAF proqramında iştirakını yüksək qiymətləndirərək bildirmişdir ki, NATO etibarlı tərəfdaş kimi Azərbaycan ilə regional təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

NATO-nun müxtəlif transformasiya mərhələlərini keçdiyini və Sovet İttifaqının süqutundan sonra qurum üçün yeni eranın başlandığını deyən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov xatırlatmışdır ki, Şərqi Avropada yeni yaranmış dövlətlər və onların müstəqilliyi haqqında məsələlər 1991-ci il Roma Sammitində NATO-nun hazırladığı yeni Strateji Konsepsiyaya daxil edilmişdir. Nəticədə üç ildən sonra, 1994-cü ilin yanvarında Şimali Atlantika Şurasının Brüssel Sammitində NATO Avropa ərazisində stabilliyi və təhlükəsizliyi gücləndirmək məqsədilə bu ölkələrlə əməkdaşlıq üçün yeni təşəbbüslə çıxış etmişdir. NATO-nun tərəfdaş ölkələrlə uzun müddətli əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) Proqramı fəaliyyətə başlamışdır.

Azərbaycan ilə NATO arasında əməkdaşlığın 15 ilinin tamam olduğunu vurğulayan A.Əzimov demişdir ki, bu tərəfdaşlıq münasibətlərinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü il mayın 4-də Şimali Atlantika blokunun mənzil qərargahında SNT Proqramının çərçivə sənədinin imzalanması ilə qoyulmuşdur. Azərbaycan bu proqrama ilk qoşulan dövlətlərdən biridir. NATO ilə əməkdaşlığın sonrakı mərhələsi "Fərdi tərəfdaşlığın əməliyyat planı"nın (FTƏP) icrası olmuşdur. Ölkəmizin SNT Proqramına qoşulmasından 10 il sonra - 2004-cü ilin mayında Prezident İlham Əliyev Azərbaycanın FTƏP Təqdimat Sənədini NATO-nun baş katibinə təqdim etmişdir. Bununla da, Azərbaycan ilə NATO münasibətlərində yeni mərhələ başlamışdır. Bu gün Azərbaycan - NATO əməkdaşlığının genişləndirilməsi istiqamətində işlər aparılır.

A.Əzimov bildirmişdir ki, Azərbaycan NATO ilə hərbi, müdafiə institutlarının qurulması, silahlı qüvvələrə demokratik nəzarət, təhlükəsizlik sahəsində islahatlar, siyasi məsləhətləşmələr, sülhə dəstək əməliyyatları, mülki-fövqəladə planlaşdırma, iqtisadi və ekoloji məsələlər də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq edir. Azərbaycanın NATO-ya üzvlük məsələsində ölkənin coğrafi mövqeyi və digər amillər mühüm rol oynayır. Azərbaycanın NATO ilə əməkdaşlığı nəticəsində ölkəmizin sərhədlərinə nəzarət, enerji təhlükəsizliyi, antiterror əməliyyatlarının keçirilməsində uğurlar əldə olunmuşdur.

Azərbaycanın NATO-nun SNT Proqramının müasirləşdirilməsinin tərəfdarı olduğunu deyən diplomat qeyd etmişdir ki, yeni risklər və təhlükələr ondan xəbər verir ki, bu gün proqram 1994-cü ildə olduğu kimi qala bilməz. Proqram çərçivəsində əməkdaşlığı genişləndirmək və digər regionlara çıxmaq lazımdır. Azərbaycan bu planda NATO və Şərq ölkələri arasında əlaqələndirici körpü ola bilər.

A.Əzimov həmçinin NATO tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsini yüksək qiymətləndirmişdir.

Türkiyənin sabiq xarici işlər naziri, NATO-nun Əfqanıstandakı baş mülki zabiti Hikmət Çətin regionda təhlükəsizlik məsələlərindən danışaraq demişdir ki, Gürcüstandakı münaqişələr və Dağlıq Qarabağ problemi tezliklə həll olunmalıdır. Bu münaqişələrin həlli regionda sabitliyə və təhlükəsizliyə böyük töhfə verəcəkdir.

H.Çətin region ölkələrinin suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq birlik tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayaraq bildirmişdir ki, NATO mühüm enerji layihələrinin olduğu Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatına diqqəti artırmalıdır.

ABŞ-ın Azərbaycanın NATO-ya inteqrasiyasını müsbət qiymətləndirdiyini vurğulayan Birləşmiş Ştatların müdafiə nazirinin Avropa və NATO siyasəti məsələləri üzrə müşaviri xanım Meri Varlik demişdir ki, Azərbaycanın Müdafiə Nazirliyi Strateji Müdafiə İcmalının hazırlanmasına başlamışdır. Hesab edirik ki, bu proses sürətləndirilməlidir.

ABŞ-ın Strateji Müdafiə İcmalının hazırlanmasında Azərbaycana kömək etdiyini qeyd edən M.Varlik sənəddə hərbi büdcə, hərbi resursların istifadəsi, NATO standartlarının tətbiqi və digər məsələlərin öz əksini tapacağını bildirmişdir.

Rəsmi Bakının NATO-nun fəal tərəfdaşı kimi hərbi-siyasi sahədə islahatlar keçirdiyini, sərhəd təhlükəsizliyində pilot ölkə olduğunu deyən Rumıniyanın ölkəmizdəki səfiri Nikolaye Ureke bildirmişdir ki, Azərbaycan qurumla əlaqələri genişləndirir, hərbi sahəni NATO standartlarına uyğunlaşdırmaq istiqamətində islahatlar aparır. Azərbaycan əsgərləri dünyadakı münaqişə bölgələrində sülhün təmin olunmasına töhfə verir.

Əlaqələndirici dövlət olaraq Rumıniyanın Azərbaycanın Avratlantik məkana inteqrasiyasını dəstəkləyəcəyini vurğulayan səfir qeyd etmişdir ki, bu əməkdaşlıq NATO-nun Elm Proqramı çərçivəsində ərzaq və su təhlükəsizliyi proqramları ilə yanaşı, Bakı və Gəncədəki Avratlantik mərkəzlərlə sıx əlaqələrin qurulması istiqamətində olacaqdır.

Konfransda iştirak edən Azərbaycan NATO-nun, həmçinin Şimali Atlantika blokunun üzvü olan dövlətlərin rəsmiləri, elm xadimləri vurğulamışlar ki, alyans Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirir. Bildirilmişdir ki, SNT Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni sahələrin müəyyənləşdirilməsinə ehtiyac vardır. NATO-nun Elm Proqramı çərçivəsində əməkdaşlıqda Azərbaycan qurumun ikinci tərəfdaşına çevrilmişdir region ölkələrini qabaqlamışdır. Azərbaycanın NATO ilə əlaqələri təhlükəsizliyi demokratik dəyərləri gücləndirməklə yanaşı, siyasi hərbi təkmilləşdirmə islahatlar prosesinə dəstək verir.

Qeyd olunmuşdur ki, NATO-nun FTƏP çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin milli təhlükəsizlik strukturlarının müasirləşdirilməsinə dair öz üzərinə öhdəliklər götürmüşdür. Belə islahatlar Azərbaycan Silahlı Qüvvələrinə NATO-nun əməliyyatlarına inteqrasiya etmək üçün imkan yaradacaqdır. Bu islahatlar digər demokratik dövlətlərdə olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin mülki siyasi istiqamətinə uyğun olan konstruktiv rol oynaya bilər. Azərbaycanın bu istiqamətdə irəliləyişinin əyani nümunəsi ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanması hökumətin hərbi doktrinanın üzərində işləməsi olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 may.-S.6.