Azərbaycan Auditorlar Palatası ilə Rumıniya Maliyyə Auditorları Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır

 

Mayın 5-də Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Rumıniya Maliyyə Auditorları Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov qonaqlara ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlar, sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər, son illər qazanılmış nailiyyətlər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, son beş ildə ümumi daxili məhsul istehsalı (ÜDM) 2,7 dəfə artmış, ölkədə 750 mindən çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi isə 49 faizdən 13 faizə enmişdir. Azərbaycanın dünyanı bürümüş maliyyə və iqtisadi böhrana ən az məruz qalmış ölkələrdən biri olduğu, bu ilin birinci rübünün yekunlarına görə ÜDM istehsalının 4 faizdən çox, o cümlədən qeyri-neft sektoru üzrə 14 faiz artdığı diqqətə çatdırılmışdır.

Dost ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinə toxunan V.Novruzov Rumıniyanın XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə bu ölkəyə rəsmi səfərindən sonra əlaqələrimizin dinamik inkişaf etdiyini söyləmişdir.

Prezident İlham Əliyevin bazar infrastrukturunun çox mühüm sahəsi kimi auditə verdiyi böyük əhəmiyyəti və dövlətimizin başçısının bu sahəyə göstərdiyi gündəlik qayğını diqqətə çatdıran V.Novruzov hazırda Azərbaycanda auditin mükəmməl qanunvericilik bazası əsasında inkişafını vurğulamışdır.

Məlumat verilmişdir ki, imzalanacaq sənəddə işçilərin ixtisasartırma proqramlarında iştirak etməsinə qarşılıqlı yardım etmək, bir-birinin təcrübəsinin öyrənilməsi, peşə üçün vacib olan müxtəlif məsələlərlə bağlı məsləhətləşmələr aparmaq, milli və beynəlxalq səviyyəli tədbirlərdə (seminarlar, konfranslar və s.) iştirak etmək və digər məsələlər əksini tapmışdır. Audit sahəsində Rumıniya təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanmışdır.

Rumıniya Maliyyə Auditorları Palatasının prezidenti, professor İon Mihailesku qurumun vəzifələri və fəaliyyətinin əsas istiqamətləri barədə, imzalanan müqavilənin əhəmiyyəti haqqında danışmışdır. Bildirmişdir ki, ötən ilin noyabrında keçirilmiş iclasda həm Azərbaycan, həm də Rumıniya auditorlar qurumu eyni vaxtda Beynəlxalq Mühasiblər Federasiyasının tamhüquqlu üzvü qəbul edilmişlər. Həmin tədbirdə əməkdaşlıq haqqında sazişin imzalanması barədə razılığa gəlindiyi, sənəd üzərində üç aya yaxın iş aparıldığı bildirilmişdir.

Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Auditorlar Palatasının sədri Vahid Novruzov, Rumıniya tərəfdən isə Maliyyə Auditorları Palatasının prezidenti İon Mihailesku imzalamışlar.

Mərasimdən əvvəl Rumıniya nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül düzmüşlər.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə tər çiçəklər düzmüşlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 may.-S.6.