Azərbaycan Türkiyə öz maraqlarını birgə qorumalıdır

 

Azərbaycan və Türkiyə maraqlarının təminatı üçün birgə iş aparmalıdır. Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdir.

Nazir müavini demişdir ki, Azərbaycan və Türkiyənin maraqları eynidir. Regionda təhlükəsizlik təmin olunmalı, Ermənistan qonşu ölkələrin ərazi bütövlüyünü tanımalı və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır.

Diplomat vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda heç bir güzəştdən söhbət gedə bilməz. Azərbaycanın işğal olunmuş bütün əraziləri birmənalı şəkildə azad edilməlidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq və orada iki icmanın dinc yanaşı yaşaması üçün konkret model hazırlanacaqdır. Lakin bu məqsədə nail olmaq üçün müvafiq mərhələlərin keçməsi vacibdir. Əhali öz doğma torpaqlarına qayıtmalı, yollar açılmalı, əməkdaşlığa başlanılmalı, təhlükəsizlik təmin olunmalıdır. Əgər bu baş verməsə, regionla bağlı normal şəraitin yaradılması barədə danışıqlardan söhbət gedə bilməz.

Nazir müavini demişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdikləri baza prinsipləri üzrə müzakirələr davam edir.

A.Əzimov Türkiyəyə səfəri barədə məlumat verərək demişdir ki, səfər çərçivəsində qardaş ölkənin yeni xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür. Görüşdə ikitərəfli münasibətlər, regional problemlər təhlükəsizlik məsələləri müzakirə olunmuşdur. Müəyyən suallara cavab tapılmış, bəziləri dəqiqləşdirilməlidir. Lakin ən əsası odur ki, biz ölkələrimizin maraqlarının təmin olunması üçün Türkiyə ilə birgə aparmalıyıq.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 may.-S.6.