Avrasiya Dövlətləri
On İkinci İqtisadi Zirvə Toplantısının iştirakçılarına
Hörmətli toplantı iştirakçıları!
Sizi - Avrasiya Dövlətləri On İkinci İqtisadi Zirvə Toplantısının iştirakçılarını səmimi qəlbdən salamlayır və işinizə uğurlar arzulayıram.
Mərmərə Qrupu
Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı
ilə hər il Türkiyədə keçirilən və artıq xoş ənənəyə çevrilən
Avrasiya İqtisadi Zirvə toplantıları
regional əməkdaşlığın
inkişafına, xalqlar
arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm
töhfə verir. Avrasiya və Afrika ölkələrindən,
bir sıra beynəlxalq təşkilatlardan
nüfuzlu nümayəndə
heyətlərinin iştirak
etdiyi bu toplantılarda Azərbaycan
Respublikası müntəzəm
olaraq təmsil olunur.
Qloballaşan dünyada sülhün və təhlükəsizliyin təmin
olunması üçün
qarşılıqlı faydalı
əməkdaşlığın qurulması böyük əhəmiyyətə malikdir.
Azərbaycan özünün
iqtisadi potensialından
və geosiyasi imkanlarından tərəfdaş
ölkələrin sosial-iqtisadi
inkişafı və regional əlaqələrin
möhkəmlənməsi naminə
istifadə olunmasına
hərtərəfli şərait
yaradır. Azərbaycanın təşəbbüsü və digər qonşu ölkələrin
birgə səyləri
nəticəsində həyata
keçirilən mühüm
transmilli layihələr
- Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri,
tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu regionda və dünyada dövlətlərarası iqtisadi
əməkdaşlığa, bəşəriyyətin təhlükəsizliyi
və əmin-amanlığına dövlətimizin
əməli töhfəsi
kimi qiymətləndirilə
bilər.
2009-cu ilin əvvəllərindən başlayaraq
maliyyə-iqtisadi böhranın nəticələrini
aradan qaldırmaq üçün beynəlxalq
aləmdə intensiv müzakirələr aparılır
və müvafiq tədbirlər görülür.
Düşünürəm ki, Avrasiya Zirvə Toplantısında
qarşılıqlı əməkdaşlığın
geniş spektrini əhatə edən səmərəli müzakirələr
və qəbul edilən qərarlar region dövlətlərinin
iqtisadi, siyasi və mədəni əlaqələrinin daha da inkişafına təkan verəcək, qlobal böhranın dəf olunmasına və xalqlarımızın rifahına
xidmət edəcəkdir.
Zirvə toplantısının
qarşılıqlı faydalı
münasibətlər və
beynəlxalq əməkdaşlıq
yolunda ciddi addım olacağına inanır və onun işinə uğurlar diləyirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 may 2009-cu il
Azərbaycan.-2009.-7 may.-S.1.