Böyük quruculuq dövrünü
yaşayan Qusar yaxın beş ildə daha da inkişaf edəcək
Prezident İlham Əliyevin
2004-cü il fevralın 11-də təsdiq etdiyi "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla icra
olunaraq bütün bölgələrin simasını
kökündən dəyişdirdi. Məhz bu proqramda, eləcə
də regionların inkişafı ilə bağlı qəbul
edilmiş digər sənədlərdə nəzərdə
tutulmuş tədbirlərin icrası ölkədə
inkişafın keyfiyyətcə yeni mərhələsinin
başlanğıcını qoymuş, qeyri-neft sektorunun
davamlı inkişafına, yeni iş yerlərinin
açılmasına, regionlarda kommunal xidmət və sosial
infrastruktur təminatının həcminin və keyfiyyətinin
yüksəldilməsinə təkan vermiş, sahibkarlıq
mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata
investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq
səviyyəsinin yüksəlməsində və
yoxsulluğun azalmasında mühüm rol
oynamışdır.
Respublikamızın
sosial-iqtisadi inkişafı Qusar rayonunun da nümunəsində
əyani şəkildə müşahidə edilməkdədir.
Qusar dövlətin dəstəyi, diqqəti və
qayğısı sayəsində inkişaf edir, gündən-günə
abadlaşaraq yeni görkəm alır. Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının birinci dövründə (2004-2008-ci illər)
iqtisadi yüksəliş tempi dinamik xarakter
aldığından bütün bölgələr kimi, Qusar
rayonu da iqtisadi inkişaf yoluna qədəm qoymuşdur.
Prezidentin 14 aprel
2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın
da əsas məqsədi ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına
nail olmaqdır. Bunun üçün Dövlət Proqramında
hər bir rayon, o cümlədən
Qusar rayonu üzrə konkret tədbirlər nəzərdə
tutulmuşdur.
Sosial-iqtisadi inkişafı
təmin edən dövlət proqramlarının
icrası nəticəsində
ötən illərdə
olduğu kimi, cari ilin ilk
3 ayında da Qusarda rayonun makroiqtisadi göstəricilərində
artım müşahidə
edilmişdir. Belə ki,
rayonda əvvəlki ilin eyni dövrü
ilə müqayisədə
ümumi daxili məhsulun həcmi 8, sənaye məhsulunun (işlərin və xidmətlərin) həcmi
7,8, kənd təsərrüfatında
ümumi məhsul istehsalı 10,6, nəqliyyat
sahəsində əldə
edilən gəlirlər
22,8, poçt və rabitə xidmətlərinin həcmi
15,7, pərakəndə əmtəə
dövriyyəsi 8,7, əhaliyə
göstərilən pullu
xidmətlər 6,8, bir
işçiyə hesablanmış
orta aylıq əməkhaqqı 22,3 faiz
artmışdır.
Kənd təsərrüfatında
fəaliyyət göstərən
sahibkarlara cari ilin 1-ci rübündə güzəştli qaydada
6950 kq azot gübrəsi, 10 ton elit kartof toxumu,
31 baş cins mal verilmişdir. Rayonda 2009-cu ilin məhsulu üçün
keçən ilin payızında 27137 hektar sahədə payızlıq
dənli, 1484 hektar sahədə (keçən
ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz
çox) yazlıq bitkilər əkilmişdir.
Onu da qeyd
edək ki, hazırda yazlıq bitkilərin əkini davam etdirilir. Rayonda cari ilin
ilk üç ayında 883,2 ton ət, 5913 ton süd, 1 milyon 566 min ədəd yumurta istehsal edilmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1605 baş
qara mal, 1112 baş davar artmışdır.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli
su ilə təminatı sahəsində
də bir sıra işlər görülmüşdür. Hava
elektrik verilişi xətlərində yeni dayaq dirəklər basdırılmış, 630 kVt-luq
transformator yarımstansiyası
quraşdırılmışdır. Təbii qaz təminatının yaxşılaşdırılması üçün isə son üç ay ərzində şəhərdaxili 1220 p/m qaz kəməri,
14 qaz tənzimləyici
şkaf təmir edilmiş, 330 evə qaz xətti çəkilmişdir. Əhalinin
içməli su təminatının yaxşılaşdırılması
sahəsində də
bir sıra tədbirlər həyata keçirilmişdir.
Bunlardan əlavə,
Əniq kəndində
yeni poçt binası istifadəyə verilmiş, Qusar şəhərində 57, rayonun
kəndlərində isə
113 evə telefon çəkilmişdir. Eləcə də
qış aylarında
yağan güclü qarın təsiri nəticəsində Qusar şəhərində və
rayonun kəndlərində
zədələnmiş rabitə
xətləri bərpa
edilmiş, digər hava rabitə xətlərində cari təmir işləri görülmüş, Quxuroba
kəndində 384 nömrəlik
EATS quraşdırılmış,
1,6 kilometrlik fider-optik
kabel xətti çəkilmişdir.
Ötən illər
ərzində rayon ərazisində qəzalı
vəziyyətdə olan
məktəblərin yeni
binalarla əvəz olunması davam etdirilmişdir. Ümumiyyətlə,
son 5 il ərzində rayonda 17 yeni məktəb binası inşa olunmuşdur. 2009-2013-cü illər
üçün hazırlanmış
regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramında da təhsil müəssisələrinin
maddi-texniki təchizatının
gücləndirilməsinə dair tədbirlər öz əksini tapmışdır.
Təhsil müəssisələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi sahəsində mühüm
tədbirlər həyata
keçirilsə də,
bir sıra həllivacib problemlər hələ qalmaqdadır. Belə ki, rayonda
mövcud 90 ümumtəhsil
məktəbindən 28-i, 4 məktəbdənkənar müəssisədən
1-i, 13 məktəbəqədər müəssisədən isə
yalnız 7-si birtipli layihə əsasında inşa olunmuşdur. Qalan təhsil müəssisələri qəzalı
və ya istifadəyə yararsız
binalarda fəaliyyət
göstərirlər.
Rayonun səhiyyə
və mədəniyyət
müəssisələrinin də maddi-texniki bazasının möhkəmləndirilməsinə
diqqət artırılmışdır.
Belə ki, Mərkəzi Rayon Xəstəxanası üçün
yeni binanın tikintisi davam etdirilir. Xəstəxananın
demək olar ki, bütün şöbələri xeyli
miqdarda yeni inventar və avadanlıqla təchiz olunmuşdur. Bütün bunlara baxmayaraq, rayonun səhiyyə müəssisələrinin də
maddi-texniki təchizatında
bir sıra problemlər var. Rayon ərazisindəki tibb müəssisələrinin əksəriyyətinin
əsaslı təmir,
eləcə də bir sıra feldşer-mama
məntəqələrinin müvafiq bina ilə təchiz olunmaması, bəzi dağ kəndlərində
həkim çatışmazlığı
əhaliyə normal səhiyyə xidmətinin
göstərilməsinə imkan vermir.
Cari ilin birinci rübündə havaların yağıntılı
və əlverişsiz
keçməsinə baxmayaraq,
rayonda keçən ildən başlanmış
geniş abadlıq-quruculuq işləri davam etdirilir. Qısa müddətdə rayonun asfalt və çınqıl örtüklü
yollarında təmir-bərpa işləri görülmüş, Köhnə
Xudat-İmamqulukənd,
Həzrə-Zuxul yolları əsaslı təmir edilmiş, Gündüzqala çayının
üzərində müvəqqəti
keçid tikilmiş,
uzun illər baxımsız qalmış
hər iki yolun hərəkət hissəsi genişləndirilərək
kənarlarına ağaclar
əkilmişdir.
Akif Əliyev
Azərbaycan.-2009.-7 may.-S.7.