Azərbaycan Konstitusiyasının müəllifi

 

 

Hər bir xalqın müasir dünyada özünə layiqli yer tutmasının mühüm göstəricilərindən biri yüksək ədalət anlayışının ifadəsi olan hüquq prinsiplərinə və onun ali məcmusu olan qanunlara münasibətidir. Hələ eramızdan əvvəl meydana çıxan ilk sivilizasiyalar Hammurapi qanunları, Drakon qanunları, XII lövhə qanunları kimi unudulmaz hüquqi abidələr yaratmaqla insan cəmiyyətinin mövcudluğunun və birgə yaşayışının başlıca şərti kimi qanunlara riayət etmənin ən vacib şərt olduğunun əhəmiyyətini aydın şəkildə dərk edirdilər. Bu proses orta əsrlərdə də davam edərək, bugünkü müasir qloballaşan dünyanın mürəkkəb ictimai-siyasi və sosial-iqtisadi münasibətlər sistemini tənzimləyən Əsas Qanuna - Konstitusiyaya qədər kəşməkəşli, lakin daim inkişafda olan uzun bir yol keçmişdir.

Konstitusiya elə bir sənəd olmalıdır ki, demokratiyanın əsas qanununa uyğun olaraq hakimiyyətdə olan siyasi qüvvələr dəyişildikcə Əsas Qanunu da dəyişdirmək zərurəti meydana çıxmasın. Bəzi hallarda konstitusiya qəbul etmək, yaxud onu əsaslı şəkildə dəyişdirmək cəhdləri bu və ya digər qüvvələr tərəfindən narazılıqla qarşılanır, nəticədə siyasi böhranlar yaranır. Elə bizim günlərimizdə, postsovet məkanı dövlətlərində baş verən siyasi proseslərə diqqətlə nəzər salmaq bunu təsdiqləyir. Deyilənlərin sübutu kimi belə bir faktı da göstərmək olar ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika şəklində meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyəti, yaxud SSRİ-nin parçalanması nəticəsində öz dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikasında hakimiyyətə gəlmiş AXC-Müsavat iqtidarı bütün cəhdlərinə baxmayaraq öz sələflərindən tamamilə fərqlənən yeni müstəqil dövlətin konstitusiyasını qəbul edə bilmədilər.

Azərbaycan Konstitusiyasının qəbul edildiyi ərəfədə ölkədə vəziyyət sabit deyildi. Dövlət çevrilişi cəhdləri ara vermirdi. İlk baxışdan təsəvvür edilməsi çətin olsa da, belə cəhdlərə ölkənin yüksək vəzifəli şəxsləri - baş nazir, digər yüksək rütbəli məmurlar başçılıq edirdilər. Vətəndaş müharibəsi təhlükəsi hələ sovuşmamışdı. Dövlətdə təmsil olunan yüksək vəzifəli və rütbəli şəxslər öz siyasi ambisiyalarını dövlət maraqlarından üstün tutur, öz xalqı və dövləti ilə ultimatum dilində danışmağa üstünlük verirdilər. Dövlətə sədaqətli şəxslər terror vasitəsilə aradan götürülür, vətəndaşlarda vahimə, qorxu hissləri yaradılırdı. Əvvəlki xəyanətkar iqtidar tərəfindən baglanmış və hakimiyyətdə olan qüvvələrin mənafeyini əks etdirən neft müqavilələri ləgv edilmiş, yeni müqavilələrin bağlanması ərəfəsində xarici investorlar qorxudularaq ölkədən uzaqlaşdırılmışdı. Yenicə əldə edilmiş atəşkəs kövrək idi. Vaxt isə gözləmirdi. Belə bir şəraitdə konstitusiyanın qəbul edilməsi ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, əhali arasında dövlətə inamın artmasına, yubanmaq isə vəziyyətin daha da pisləşməsinə gətirə bilərdi.

Bütövlükdə xalqın, dövlətin və hər bir vətəndaşın taleyinə birbaşa və həlledici təsir göstərən Azərbaycan Respublikasında Konstitusiya qəbulu kimi nəhəng siyasi prosesin uğurunu şərtləndirən ən mühüm amil bu prosesin müdrik dövlət rəhbəri, ümummilli lider, xarizmatik şəxsiyyət tərəfindən idarə edilməsi idi. Həmin anda Azərbaycanın yeganə ümidi, böhranlı vəziyyətdən ən etibarlı çıxış yolu dövlətin sükanı arxasında belə bir şəxsiyyətin olması idi. Bu, xalqını, onun dövlətini taleyüklü anda xilas etmək missiyasını öz üzərinə götürən ümummilli lider Heydər Əliyev idi.

1995-ci ilin mayın 2-də Azərbaycan Respublikasının Milli Məclisi yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi. Heydər Əliyevin sədr olduğu komissiyaya həmin vaxtda mövcud olan hər üç hakimiyyət qanadının rəhbərlərindən əlavə, ictimai elmlər sahəsində tanınmış mütəxəssislər, görkəmli elm xadimləri, ictimai və yaradıcılıq təşkilatlarının rəhbərləri daxil edilmişdi.

Ümummilli lider dövlət müstəqilliyinin əldə edildiyi 1918-ci ildən etibarən Azərbaycan Respublikasının inkişaf tarixini hərtərəfli təhlil etdi. 1993-cü ilin oktyabrında da yeni Konstitusiya hazırlanması üçün göstərilən cəhdlərin nəticəsiz qaldığını vurğulayan ümummilli lider 1993-cü ilin ortalarına qədər hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünün nəinki yeni konstitusiya qəbul etmək üçün səylər göstərmədiyini, hətta Azərbaycanın SSRİ dövlətinin tərkibində olması, Kommunist Partiyasının rəhbər və istiqamətverici rolunun təsbit edilməsi barədə maddələrin də 1978-ci il Konstitusiyasından çıxarılmadığını təəssüflə qeyd etdi. Bu və digər dəyişikliklər yalnız 1993-cü ilin oktyabr ayında yeni seçilmiş Prezident Heydər Əliyevin andiçmə mərasimindən bir qədər qabaq onun təşəbbüsü ilə həyata keçirilmişdi.

Komissiyanın ilk iclasında dövlət başçısı tərəfindən qəbul ediləcək konstitusiyanın parametrləri açıqlandı. "Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni, dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq. Demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu proseslərini və bunu təmin etmək üçün bütün şərtləri, müddəaları konstitusiya özündə əks etdirməlidir. Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir. Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır".

Həmin iclasda ulu öndər Heydər Əliyev özünü tamamilə yeni bir formada - konstitusiyaçı alim kimi göstərərək dünya konstitusiyaçılığının bütün problemlərini öyrəndiyini, görkəmli Qərb filosoflarının konstitusiya və dövlətlə bağlı elmi irsinə də mükəmməl yiyələndiyini nümayiş etdirdi. "Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidirlər. ...Müstəqil Azərbaycan dövlətinin Əsas Qanununda insan haqları, insan azadlıqları, insanların cəmiyyətdə bərabər hüquqa malik olması, bütün azadlıqlar öz əksini tapmalıdır".

Oktyabrın 12-də keçirilən iclasda konstitusiya yaradıcılığı məsələləri müzakirə olundu. Ümummilli lider Heydər Əliyev layihənin giriş hissəsində milli dövlətçilik ənənələrini, Azərbaycanın dövlət müstəqilliyi ilə əlaqədar fikirlərin əks olunması zərurətini qeyd edərək bu hissəsini Azərbaycanın dövlət müstəqilliyi ilə əlaqələndirməyin vacibliyini vurğuladı. Qeyd etdi ki, insan hüquqları, azadlıqları haqqında olan maddələr dəqiqləşdirilməli, təkmilləşdirilməlidir. Vətəndaşların vəzifələri daha dəqiq ifadə olunmalı, bu maddələr daha da genişləndirlməlidir. Naxçıvan Muxtar Respublikasının statusu, onun dövlət quruluşu haqqında maddələr olmalıdır.

İki gün sonra Konstitusiya komissiyasının növbəti iclasında qərara alındı ki, hazırlanmış layihə oktyabrın 15-də mətbuatda dərc edilsin. Azərbaycan Respublikasının Milli Məclisinə, dövlət orqanlarına, elm və tədris müəssisələrinə, siyasi partiyalara və ictimai birliklərə konstitusiya layihəsini mütəşəkkil müzakirə etmək, təklif, düzəliş və əlavələrini komissiyaya təqdim etmək tövsiyə olundu. Həmçinin qərara alındı ki, edilmiş bütün təkliflər komissiya tərəfindən nəzərə alınaraq layihə yenidən işlənsin və referenduma 10 gün qalmış respublika mətbuatında dərc edilsin.

1995-ci il noyabr ayının 2-də və 5-də keçirilən iclaslarda bir məsələ - Azərbaycanın dövlət dili haqqında məsələ müzakirə edildi. Taleyinə 18 ildən sonra ikinci dəfə öz dövlətinin konstitusiyasının layihəsini hazırlamaq qisməti düşən Heydər Əliyev yenidən oxşar xarakterli çətinliklə qarşılaşırdı. 1977-ci il SSRİ Konstitusiyasında hətta rus dilinin dövlət dili olması barədə müddəa olmasa da, o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyev çox böyük qəhrəmanlıq göstərərək Moskvadakı partiya rəhbərliyinin ciddi narazılığına baxmayaraq, Azərbaycan dilinin respublikanın dövlət dili olduğunu Konstitusiyada təsbit edə bilmişdi. Bu dəfə narazılıqlar ölkənin daxilində idi. Buna baxmayaraq son nəticədə Heydər Əliyev müdrikliyi qalib gəldi. Komissiyanın noyabrın 5-də keçirilən iclasında çıxış edən 14 nəfər üzvünün demək olar ki, hamısı Azərbaycan dilinin dövlət dili olmasını təklif etdilər. Bununla da, ana dilimizin haqq etdiyi tarixi adı özünə qaytarıldı. Məsələnin daha etibarlı həllinin təminatı kimi, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu təsbit edən 21-ci maddənin dəyişdirilməsi barədə təkliflərin gələcəkdə referenduma çıxarılması hüququnun məhdudlaşdırılması da konstitusiya səviyyəsində həllini tapdı. Təkcə bu işinə görə - belə işlər isə onun taleyində kifayət qədər çox olmuşdur - Heydər Əliyevin adı Azərbaycan xalqının tarixində əbədi yaşayacaqdır. Yeni hazırlanan konstitusiya layihəsində dövlət dilinin Azərbaycan dili adlandırılması məhz öz xalqını böyük məhəbbətlə sevən, onun on illərdən sonrakı taleyini düşünən böyük şəxsiyyətin mövqeyindən xəbər verir.

Ümumiyyətlə, dövlət dilinin müzakirəsinə həsr edilmiş yığıncaqlarda Heydər Əliyevin nitqləri, xüsusən, noyabrın 5-də keçirilən iclasdakı çıxışı Azərbaycan filologiya elmi tərəfindən on illər ərzində görülmüş işlərə, aparılmış tədqiqatlara məntiqi yekun vurdu. Təkcə dilimizin deyil, xalqımızın, bütün türk dünyasının tarixi ən yüksək elmi səviyyədə təhlil edildi. Bu çıxış hələ uzun illər ərzində mütəxəssislər tərəfindən öyrənilməli, tədqiq edilməlidir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyini öz həyat amalına çevirmiş, bütün həyatını bu nəcib iş uğrunda mübarizəyə həsr etmiş Heydər Əliyev Azərbaycanın gələcək Konstitusiyasının bu müstəqilliyə xidmət etməsini, onun vasitəsilə bütövlükdə ölkəmizin, onun hər bir vətəndaşının sivil dünyaya inteqrasiya olunmasını, Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutmasını arzu edirdi. Ulu öndər heç bir vaxt gizlətmirdi ki, belə yüksək bir məqama dögma ölkəsinin məhz onun rəhbərliyi dövründə qovuşması ilə fəxr edir, özünü Azərbaycanın dövlət müstəqilliyinin, onun sivil inkişafının təminatçısı sayır. 1995-ci il noyabr ayının 10-da komissiyanın doqquzuncu iclasında Heydər Əliyev komissiyanın referenduma qədərki fəaliyyətinə yekun vuraraq komissiya və işçi qrup üzvlərinə təşəkkürünü bildirdi: "Üzərimizə düşən məsuliyyəti biz vicdanla, xalqımıza, vəzifəmizə sədaqətlə həyata keçirmişik və gördüyümüz işə, xalqa təqdim etdiyimiz layihəyə görə fəxr edə bilərik. Hesab edirəm ki, bütün gələcək nəsillərdə meydana çıxacaq sualların hamısına burada cavab var. Yəni, biz tarixi bir sənədin yaradılmasının iştirakçılarıyıq və bununla fəxr edə bilərik. Mən şəxsən bu sənədin hazırlanmasına böyük məsuliyyət hissi ilə yanaşmışam. ...Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Beləliklə, 12 noyabr 1995-ci ildə ümummilli lider Heydər Əliyevin şah əsəri - 158 maddə, 12 keçid müddəası, 5 bölmə və 12 fəsildən ibarət müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu. Azərbaycan dövlətçiliyi tarixində ən mühüm hüquqi-siyasi sənəd olan Konstitusiya bu gün də ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi nəhəng islahatlar prosesinin istinad etdiyi etibarlı normativ sənəddir. Azərbaycan yaşadıqca müstəqil ölkəmizin ilk Konstitusiyası hüquq tariximizə qızıl hərflərlə əbədi həkk olunacaqdır.

Qeyd etdiyimiz kimi, müəllifi ümummilli lider Heydər Əliyev olan Azərbaycan Respublikasının 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyası müstəqil, hüquqi və dünyəvi Azərbaycan dövlətinin əsaslarını təsbit edən mühüm və bitkin normativ sənəddir. Lakin qanunvericilik prosesi daim inkişaf etdiyi, dinamik olduğu və dövrün tələblərinə uyğunlaşdığı zaman daha mükəmməl və praktik əhəmiyət daşıyır. Bu baxımdan, 2008-ci ilin dekabr ayı, həm də Yeni Azərbaycan Partiyasının Konstitusiya islahatı təşəbbüsü ilə yaddaqalan oldu. Belə ki, daim cəmiyyətin istək və arzularının ifadəçisi olan YAP-ın Konstitusiya islahatı təşəbbüsü ilə çıxış etməsi səciyyəvidir. YAP 2008-ci ilin dekabr ayının 16-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürdü. Dekabr ayının 19-da Milli Məclis təklifi qəbul edərək, onu Konstitusiya Məhkəməsinə göndərdi. Konstitusiya Məhkəməsi dekabrın 24-də təkliflə bağlı müsbət rəy verərək, onu Milli Məclisə göndərdi. Milli Məclis dekabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı YAP-ın təşəbbüsünü dəstəkləyərək, 2009-cu il mart ayının 18-də referendum keçirilməsinə qərar verdi. Dekabr ayının 30-da Mərkəzi Seçki Komissiyası referendumla bağlı zəruri təlimatları hazırladıqdan sonra YAP dekabrın 31-də "Yeni Azərbaycan" təşəbbüs qrupunu yaratdı. Xalqımız Konstitusiya islahatı təşəbbüsünü dəstəklədi və referendum (ümumxalq səsverməsi) məntəqələrinə gələrək ölkəmizin davamlı inkişafını sürətləndirən hüquqi-normativ bazanın təkmilləşdirilməsinə səs verdi. Çünki bu təşəbbüs yalnız Əsas Qanunun təkmilləşdirilməsinə yönələn hüquqi prosedurdan əlavə, həm də ölkəmizdəki nəhəng islahatlar prosesinin ardıcıllığını təmin edən siyasi fəaliyyətdir.

 

 

Siyavuş Novruzov,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.-2009.-7 may.-S.2.