Azərbaycanın müdafiə sənayesinin təməli
ümummilli lider tərəfindən qoyulmuşdur
Dünya sivilizasiyasına görkəmli şəxsiyyətlər bəxş etmiş xalqlar tarixdə daim xatırlanırlar. Müdrik insan təkcə öz milləti üçün deyil, bütün dünya xalqlarının rifahı, xoş gələcəyi naminə dəyərli işlər həyata keçirir, misilsiz xidmətlər göstərir. Məhz belə böyük xalqlardan biri Azərbaycan xalqı, qüdrətli şəxsiyyətlərdən biri də dünyada öz dəst-xətti ilə tanınmış ulu öndər Heydər Əliyev olmuşdur. Heydər Əliyevin bənzərsiz ömür yolu, gərgin ictimai-siyasi fəaliyyəti Azərbaycanın müasir inkişaf tarixində mühüm və şərəfli mərhələ təşkil edir. Ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edən Azərbaycan dövlətinin hərbi sənaye kompleksinin təməlinin qoyulması və inkişafı da bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1969-cu ilin 14 iyulunda dahi şəxsiyyət
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçildikdən sonra respublika
iqtisadiyyatının digər sahələrində olduğu
kimi, hərbi-sənaye sahəsində də mühüm
işlər görülmüşdür. Məhz həmin
dövrdə SSRİ Elektronika Nazirliyinin tərkibində olan
Bakı "Mikrosxematexnika" Xüsusi Konstruktor Bürosunun
bazasında "Azon" zavodu, 1975-ci ildə isə Bakı
şəhərində Elektron Hesablama Maşınları
zavodu qısa müddət ərzində tikilib istismara
verilmişdir. Bütövlükdə, 1970-1982-ci illərdə
respublika ərazisində (Bakı, Gəncə, Sumqayıt, Əli
Bayramlı, Mingəçevir şəhərlərində)
onlarla müdafiə təyinatlı elmi və istehsal müəssisələri
yaradılmışdır.
Azərbaycanda olan demoqrafik
artımı və mövcud elmi potensialı nəzərə
alan Heydər Əliyev SSRİ-nin ağır
maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin
respublikada yaradılması məsələsini Sov.İKP
MK-nın Siyasi Bürosu qarşısında qaldırır.
Sov.İKP MK-nın 27 iyun 1976-cı il tarixli qərarı ilə
təsdiq olunmuş beşillik plana (1975-1980-ci illər) Azərbaycanda
bir sıra iri həcmli yeni hərbi sənaye və elmi müəssisələrin
yaradılması daxil edilmişdir. Həmin qərar əsasında
Azərbaycanda radiotexnika və cihazqayırma sənayesi üzrə
üç yeni müəssisənin: Radio
Maşınqayırma zavodunun ("Robot" zavodu); Tərtərdə
Lionozov Elektromexaniki zavodunun filialının və Elektron
Hesablama Maşınları zavodunun "II növbəsinin"
tikintisi; elektron sənayesi üzrə dörd zavodun: Gəncədə
"Billur" zavodunun, Xaçmaz, Siyəzən və Lənkəranda
isə "Kondesator" zavodlarının tikilməsi;
müdafiə sənayesi üzrə Azov Optika-Mexanika (Alov)
zavodunun filialının yaradılması, Alunit zavodunun
tikintisi; gəmiqayırma sənayesi üzrə Bakı
Elektro-Mexaniki İnstitutunda yeni istehsal sahələri
yaradılaraq sonradan onun bazasında "Nord" EİB-nin
yaradılması; aviasiya sənayesi üzrə istehsal sahələrinin
genişləndirilməsi və digər işlər həyata
keçirilmişdir.
1980-1990-cı illərdə
"Nord" EİB-də elmi-tədqiqat, konstruktor-texnoloji və
təcrübə-istehsalat sahələrində 4 minə qədər
alim və mütəxəssis
çalışmışdır. "Nord" EİB-də
keçmiş SSRİ Hərbi Dəniz Donanmasının
bütün növ sualtı və suüstü gəmiləri
üçün elmi tutumlu cihazlar, komplekslər, sistemlər
yaradılmış və istehsal edilmişdir.
Neftlə zəngin olan
respublikamızda neft maşınqayırması müəssisələrinin
yaradılmasının zəruri olduğu nəzərə
alınaraq Sov.İKP MK-nın həmin qərarına uyğun
"Bakı fəhləsi", Bakı, Sabunçu və
Zabrat maşınqayırma zavodlarının genişləndirilməsi
və yeni istehsal sahələrinin yaradılması da daxil
edilmişdir. Qeyd etmək lazımdır ki, həmin dövrdə
tikilən əksər maşınqayırma zavodlarının
qurulmasında müharibə şəraitinə uyğun
istehsal profilini dəyişmək imkanı nəzərdə
tutulmuşdu. Eləcə də Azərbaycanda "Uzaq rabitə"
Leninqrad Elmi İstehsal Birliyinin bir neçə müəssisəsi
("Ulduz" EİB, Əli Bayramlı "Araz" zavodu,
"Rabitə" Elmi-Tədqiqat İnstitutu və s.)
yaradılmışdır. Belə müəssisə və
zavodların tikilib istismara verilməsi Azərbaycan
Respublikasında hərbi sənaye kompleksinin və ağır
maşınqayırma sənayesinin inkişafına təkan
vermişdir. Bu iri sənaye müəssisələrində
istehsal olunan ikili təyinatlı məhsullar respublika
iqtisadiyyatının inkişafında mühüm rol
oynamışdır. Respublikada ağır
maşınqayırma və hərbi sənaye kompleksinin yaradılması
sahəsində görülmüş işlər öz bəhrəsini
1992-1994-cü illərdə mənfur qonşumuz olan ermənilərə
qarşı aparılan döyüşlərdə həmin
müəssisələrdə istehsal edilmiş silah, sursat və
ehtiyat hissələrindən istifadə zamanı vermişdir.
Azərbaycan Respublikası öz
dövlət müstəqilliyini bərpa edərkən
artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində
idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında
olan ermənilər onlara havadarlıq edən və ölkəmizi
parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən
digər qüvvələrlə birlikdə
torpaqlarımızın bir hissəsini işğal etmişdilər.
O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik
və iradəsizlik nümayiş etdirərək Silahlı
Qüvvələri yarada bilmədilər. Ordu quruculuğunda
düzgün siyasətin yeridilməməsi nəticəsində
xalqın orduya etdiyi yardımlara, ayrı-ayrı
döyüşlərdə xalqımızın vətənpərvər
və igid oğullarının düşmənə layiqli
müqavimət göstərmələrinə baxmayaraq,
ölkəmiz bütövlükdə uğursuzluğa
düçar olmuşdur. Bütün bunların nəticəsində
erməni silahlı qüvvələri doğma dədə-baba
torpaqlarımızın 20 faizini zəbt etmiş, bir milyondan
artıq vətəndaşımızı öz
yurdlarından didərgin salmış, on minlərlə
insanı qətlə yetirmişdir.
Heydər Əliyevin 1993-cü ildə
xalqın tələbi ilə hakimiyyətə gəlməsi və
Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti
kökündən dəyişərək respublikamızda ordu
quruculuğu sahəsində mühüm tədbirlərin həyata
keçirilməsinə və cəbhədə vəziyyətin
müsbət istiqamətdə dəyişməsinə
güclü təkan verdi. Silahlı Qüvvələrə
diqqət və qayğının nəticəsində ordunun
mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki
illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə
yaxşılaşdırıldı. Silahlı Qüvvələrə
tələb olunan silah, hərbi texnika, döyüş
sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin
istehsal olunması üçün sifarişlərin Azərbaycan
Respublikasının müdafiə sənayesi müəssisələrində
yerləşdirilməsi ölkə iqtisadiyyatının
inkişafına da təkan verdi.
Müstəqilliyinin ilk illərində
bütövlükdə tənəzzülə
uğramış Azərbaycan Respublikasının
iqtisadiyyatı və onun tərkib hissəsi olan respublika sənayesi,
o cümlədən müdafiə sənayesi 1993-cü ildən
sonra dirçəlməyə başlamışdır.
Keçmiş SSRİ-nin hərbi sənaye kompleksi
üçün fəaliyyət göstərən, indiki Azərbaycan
Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində
olan müəssisələr SSRİ-nin dağılmasından
sonra bir sıra problemlərlə qarşı-qarşıya
qalmışdılar. Belə ki, mövcud xammal və
satış bazarının itirilməsi,
qarşılıqlı əlaqələrin kəsilməsi,
regionda qeyri və digər problemlər müəssisələrin
tənəzzülə uğramasına səbəb
olmuşdur. Əsasən müdafiə təyinatlı məmulatların
istehsalı üzrə ixtisaslaşmış bu müəssisələrin
fəaliyyətlərini bərpa etmək və respublikada
müdafiə sənayesi kompleksinin inkişafına nail olmaq məqsədilə
1993-cü ildə Dövlət Xüsusi Maşınqayırma
və Konversiya Komitəsi yaradılmışdır. Dövlət
Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində
fəaliyyət göstərən müəssisələr
Müdafiə Nazirliyinin sifarişlərinə əsasən qəbul
olunmuş dövlət proqramlarına uyğun müdafiə təyinatlı
məmulatların yaradılması ilə məşğul
olublar.
Vətənin müdafiəsini təmin
edən ordumuzun hərbi-texniki bazasının gücləndirilməsi
məqsədilə 2003-cü ildə "Azərbaycan
Respublikası müdafiə sənayesi müəssisələrənin
2003-2005-ci illərdə inkişafına dair Dövlət
Proqramı" təsdiq edildi. Bu proqramda ölkəmizin hərb
sahəsinin kənardan asılılığının
azaldılması və ordumuzun yerli məhsullarla təminatı
nəzərdə tutulurdu. Əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan və yeni mərhələdə
uğurla davam etdirilən iqtisadi inkişaf strategiyası,
iqtisadi islahatların aparılması, mövcud potensialın
gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin
yüksəldilməsi bütün sahələrdə
çox böyük uğurlarla müşayiət olunur ki, bu
da ölkə iqtisadiyyatının sürətli və
davamlı inkişafına zəmin yaradır.
Bu istiqamətdə aparılan məqsədyönlü
işlərdən biri də müharibə şəraitində
olan ölkəmizdə ordumuzun təminatında yerli
istehsalın genişləndirilməsini təmin etmək
üçün müdafiə sənayesinin inkişaf etdirilməsidir.
Bu məqsədlə ölkə başçısının
sərəncamı ilə 16 dekabr 2005-ci il tarixdən Azərbaycan
Respublikasında müdafiə sənayesinin təkmilləşdirilməsi
və ordumuzun müasir silahlarla təmin olunması
üçün Azərbaycan Respublikası Dövlət
Xüsusi Maşınqayırma və Konvensiya Komitəsi ləğv
edilərək onun bazasında Müdafiə Sənayesi
Nazirliyi yaradıldı.
Keçən müddət ərzində
Müdafiə Sənayesi Nazirliyinin strukturu
formalaşdırılmış, ilk növbədə,
nazirliyin bütün tabeli müəssisələrinin problemləri
yerində təhlil olunmuş, mövcud texnologiyalar,
avadanlıq parkı, kadr potensialı öyrənilmiş və
müəssisələrin son illərdəki fəaliyyətləri
müzakirə edilmişdir. Sahədə dönüş
yaratmaq məqsədilə müəssisələrin fəaliyyətlərinin
ilkin bərpa proqramları hazırlanmış, nazirlik üzrə
önəmli sahələr müəyyən edilmiş,
respublikaının müxtəlif qurumlarının müdafiə
təyinatlı məmulatlara və maşınqayırma sənayesi
məhsullarına olan tələbatı müəyyən
edilmiş, zəruri sayılan xarici-iqtisadi əlaqələrin
bərpa edilməsi və yeni əlaqələrin qurulması
üçün müvafiq işlər
aparılmışdır.
Azərbaycan Respublikasının
Silahlı Qüvvələrinin müasir tələblərə
cavab verən müdafiə təyinatlı məmulatların və
xalq təsərrüfatının maşınqayırma,
cihazqayırma, elektrotexnika, rabitə sahələrində
istifadə olunan avadanlıq və ehtiyat hissələrinin
istehsalını təmin etmək üçün nazirliyin
müəssisələrində yeni istehsal sahələri
yaradılmış və bu sahələr beynəlxalq
standartlara cavab verən avadanlıq və texnologiyalarla təmin
edilmişdir.
Bu gün Müdafiə Sənayesi
Nazirliyinin müəssisələri aviasiya, naviqasiya,
cihazqayırma və digər istiqamətlər üzrə bir
çox xarici dövlətlərin müəssisələri
ilə əməkdaşlıq edir. Müdafiə Sənayesi
Nazirliyinin fəaliyyəti dövründə Elmi-Tədqiqat
İnstitutu yaradılmış, 6 müəssisənin isə
əsaslı yenidənqurmadan sonra açılışı
olmuşdur. 2009-cu ilin mart ayında nazirliyin üç müəssisəsinin
açılışında iştirak edən Prezident
İlham Əliyevə müəssisələrdə
yaradılıb və istehsal edilmiş yeni müdafiə təyinatlı
məhsulların nümunələri təqdim edilmişdir.
Bu ilin aprel ayında Türkiyənin
İstanbul şəhərində keçirilən müdafiə
sənayesi sərgisində (İDEF-2009) Azərbaycan
Respublikasının Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində
yaradılıb və istehsal edilmiş 27 adda müdafiə təyinatlı
məmulatlar nümayiş etdirilmişdir. Avropa ölkələri
arasında beynəlxalq əhəmiyyətə malik olan 10 ən
iri sərgidən biri sayılan İDEF-in 2009-cu il
nümayişində müxtəlif ölkələrdən
460-dan çox şirkət iştirak edirdi. Nazirliyin
nümayiş etdirdiyi məmulatlardan - "İstiqlal"
tipli snayper tüfəngi, atıcı silahlar üçün
müxtəlif növ döyüş sursatları, artilleriya
minaları və optik cihazlar xarici ölkə nümayəndələrində
xüsusi maraq doğurmuşdur. Bu sərgi müstəqil Azərbaycan
Respublikasının müdafiə sənayesi sahəsində təmsil
olunduğu ilk beynəlxalq əhəmiyyətli sərgi idi.
Ulu öndər Heydər Əliyevin
şah əsəri olan müasir Azərbaycan bu gün Prezident
İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir
və qüdrətlənir. Əminik ki, xalqımızın və
dövlətimizin daha da güclənməsinə xidmət edən
Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi
altında misilsiz uğurlara, böyük müvəffəqiyyətlərə
təkan verəcəkdir.
Yavər Camalov,
müdafiə sənayesi naziri
Azərbaycan.-2009.-7 may.-S.3.