Azərbaycanda turizmin inkişafı ulu öndərin adı ilə bağlıdır

 

Azərbaycanda turizmin inkişafı, turizm və ekskursiyaların coğrafiyasının genişlənməsi 1970-1980-ci illərə aid edilir. Bu, ümummilli lider Heydər Əliyevin həmin sahəyə bilavasitə diqqətinin və qayğısının nəticəsində mümkün olmuşdur. Turizm işinin təşkili üçün Azərbaycan əlverişli coğrafi şəraiti, tarixi-memarlıq və mədəniyyət abidələri, qonaqpərvərliyi, milli adət və ənənələri, zəngin, ləziz mətbəxi və digər amilləri seçilməsinə baxmayaraq, 1950-1960-cı illərdə SSRİ məkanında turizm infrastrukturunun ən zəif inkişaf etdiyi bölgələrdən biri idi. Belə ki, İkinci Dünya müharibəsi illərində və müharibədən sonrakı onilliklərdə sovetlər birliyini neft və neft məhsulları ilə təmin edən respublika kimi tanınan Azərbaycan haqqında SSRİ-nin televiziya və mətbuatında hazırlanan verilişlərdə və yazılarda əsas etibarilə neft sənayesindən danışılır, Bakının ətrafında olan neft buruqları və neft gölməçələrindən, şanlı neftçilərin küləkli, yağışlı hava şəraitində fədakar əməyindən söhbət açılırdı. Televiziya tamaşaçılarında və oxucularda Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin neft qoxulu, cansıxıcı, maraqsız bir məkan olduğu haqqında rəy formalaşmışdı. Azərbaycanın turizm bölgələri haqqında isə məlumatlar yox dərəcəsində idi.

Həmin dövrlərdə məzuniyyət və istirahətlərini Qafqazda keçirmək istəyən xarici turistlər və SSRİ-nin müxtəlif regionlarından, iri sənaye şəhərlərindən olan insanlar əsasən, Gürcüstana, Qara dəniz sahilində yerləşən kurort şəhərlərinə və Şimali Qafqaz kurortlarına üstünlük verirdilər. Faktlara nəzər saldıqda görərik ki, 1969-cu ilədək Azərbaycanda turizm sahəsinə aid olan obyektlərin miqdarı da çox az olmuşdur. Azərbaycan Həmkarlar İttifaqlarının Turizm İdarəsinin nəzdində cəmi 3 turist bazası: Nabran zonasında 1963-cü ildə yaradılmış və əsasən çadır şəhərciyindən ibarət olan "Xəzər" turist bazası, 1957-ci ildə Mingəçevirdə və 1966-cı ildə Hacıkənddə yaradılmış turist bazaları var idi. Respublikamızda ekskursiyaların təşkili ilə Bakı ekskursiya bürosu, Mərdəkan qəsəbəsində yerləşən Abşeron ekskursiya bürosu və Gəncə ekskursiya bürosu məşğul olurdu.

30 may 1969-cu il tarixdə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və ÜHİMŞ (Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası) birlikdə "Ölkədə turizmin və ekskursiyaların inkişafı tədbirləri haqqında" qərar qəbul etdilər. Həmin il Azərbaycan KP MK, Azərbaycan Respublikası Nazirlər Soveti və Azərbaycan Həmkarlar İttifaqları Şurası analoji qərar qəbul etdi. Respublikamızda turizmin inkişafına təkan verən bir qərarın qəbul olunmasının və həyata keçirilməsinin əsas təşəbbüskarı isə həmin il Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyev idi. Bu qərarda respublikada turizm və ekskursiya işinin inkişafı, kütləvi turizmin təşkili, turist-ekskursiya təşkilatlarının işinin yaxşılaşdırılması və şəbəkəsinin genişləndirilməsi, turist-ekskursiya işinin zəhmətkeşlərə iri xidmət sahəsinə çevrilməsi yönümündə tədbirlər görülməsi haqqında əlaqədar nazirliklərə, komitələrə və təşkilatlara göstərişlər verildi. Şəhərətrafı istirahət zonaları, turist-sağlamlıq düşərgələri, uşaq turist stansiyaları yaratmaq, turist ləvazimatı və inventarlarının kirayə məntəqələrinin artırılması, turist və ekskursiyaçıların təbii sərvətlərin, tarixi və mədəniyyət abidələrinin qorunmasında fəal iştirakının təmin olunması həmkarlar, dövlət və təsərrüfat orqanlarına təklif edildi.

Həmin qərarda 1971-1975-ci illərdə bir sıra turist bazalarının, mehmanxanaların, kempinqlərin, turist-sağlamlıq çadır düşərgələrinin yaradılması nəzərdə tutulurdu. Qərarın yerinə yetirilməsi istiqamətində respublikamızda yeni turist bazalarının və mehmanxanaların tikintisinə başlanıldı. 1970-ci ildə Zaqatalada və Şuşada hərəsi 100 yerlik olan turist bazaları, 1973-cü ildə Bakıda 1040 yerlik "Azərbaycan" mehmanxanası, 1975-ci ildə Qəbələdə 342 yerlik "Qafqaz" turist bazası, Nabranda 400 yerlik "Dostluq" turist bazası və Bakıda 342 yerlik "Qarabağ" turist mehmanxanası tikilərək istifadəyə verildi.

1969-cu ildə Sumqayıtda və Naftalanda, 1971-ci ildə Xankəndidə, 1972-ci ildə Mingəçevirdə, 1978-ci ildə Naxçıvanda ekskursiya büroları fəaliyyətə başladı. Kütləvi turist-ekskursiyalar tədbirlərinin keçirilməsinə, bu məqsədlə qatarlardan, dəniz və çay gəmilərindən, təyyarələrdən və avtobuslardan geniş istifadə olunmasına başlanıldı.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakı şəhərində, respublikamızın digər rayonlarında, turizm bölgələrində geniş quruculuq və abadlıq işləri aparıldı.

27 dekabr 1980-ci ildə Azərbaycan KP MK, Azərbaycan SSR Nazirlər Soveti və AHİŞ birilkdə "Respublikada turist-ekskursiya işinin inkişafı və təkmilləşdirilməsi haqqında" qərar qəbul etdilər. Bu qərarda xidmət keyfiyyətinin yüksəldilməsi və həmçinin artırılması, xidmət növlərinin təkmilləşdirilməsi, turist-ekskursiya təşkilatları şəbəkəsinin genişləndirilməsi və digər tədbirlər proqramının hazırlanması nəzərdə tutulmuşdu. Qəbul olunmuş həmin qərar Azərbaycanda turist-ekskursiya işinin inkişafına yeni təkan verdi. Respublikamızın bir sıra şəhərlərində - Lənkəranda, Qubada, Şəkidə, Şirvanda, Qazaxda və Şamaxıda yeni səyahətlər və ekskursiya büroları yaradılaraq fəaliyyətə başladı.

Yeni turizm obyektlərinin tikintisinə başlanıldı. Zaqafqaziyada ən iri turist mehmanxanalarından biri olan "Abşeron" mehmanxanası (Bakı, 940 yerlik) istifadəyə verildi. 1982-ci ildə Azərbaycan Həmkarlar İttifaqlarının turist bazalarında artıq 2364 çarpayı-yer var idi. Həmkarlar ittifaqlarının nəzdində müstəqil balansa malik olan 27 turist təsərrüfatı fəaliyyət göstərirdi.

Bu illərdə turist təsərrüfatlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni turist obyektlərinin tikintisi ilə yanaşı, fəaliyyətdə olan turist müəssisələrində abadlıq və genişləndirmə işləri aparılır, zəhmətkeşlərin və onların ailə üzvlərinin istirahəti üçün daha münasib şərait yaradılırdı.

Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən özünün bilavasitə təşəbbüsü və iştirakı ilə, 28 aprel 1983-cü ildə SSRİ Nazirlər Soveti 375 saylı "Azərbaycan SSR-in Xəzər dənizi sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması tədbirləri haqqında" qərar qəbul etdi.

2 oktyabr 1984-cü il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin 381 saylı qərarına əsasən, "Azərbaycan Respublikasında 1985-1990-cı illərdə və 2000-ci ilə qədər turizmin inkişafı sxemi" qəbul olundu. Qəbul olunmuş proqrama əsasən, 1990-cı ilə qədər 7700, 2000-ci ilə qədər isə 21300 yerli müxtəlif turist obyektləri tikilib istifadəyə verilməli idi. İlk mərhələdə tikilməsi nəzərdə tutulan obyektlərin 70 faizi (5300 turist yeri) birbaşa Xəzər sahillərində, 30 faizi isə (2400 turist yeri) respublikanın digər bölgələrində yaradılmalı idi.

1980-ci ildən başlayaraq Azərbaycan turizminin şöhrəti genişlənir və bu sahə respublika əhalisinin məişətinə möhkəm daxil olurdu. O vaxtdan respublikanın turist-ekskursiya təşkilatları SSRİ-nin 170-dən çox şəhərinin turist təşkilatları ilə əlaqə saxlamağa başladı. Bu da öz növbəsində səyahət marşrutlarının genişlənməsinə səbəb oldu. Həmkarlar ittifaqlarının xətti ilə Bakıya gələn xarici turistlərə keyfiyyətli xidmət göstərmək üçün Bakı Xarici Turizm Bürosu yaradıldı. Xatırladaq ki, 1987-ci ildə həmkarlar ittifaqları xətti ilə dünyanın 20-dən artıq ölkəsindən 150 turist qrupu Azərbaycanda olmuşdu.

Turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikrincə, ötən əsrin 80-ci illərində Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə çatmışdı. Həmin il respublikaya xarici ölkələrdən 50 min, SSRİ-nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Turist-ekskursiya bürolarının təşkil etdikləri ekskursiyalarda 2,5 milyon nəfərdən artıq adam iştirak etmişdi.

Əfsuslar olsun ki, Azərbaycanda turizmin sonrakı illərdə inkişafına və nəzərdə tutulan layihələrin həyata keçirilməsinə maneələr yarandı. Əgər proqramda nəzərdə tutulanlar həyata keçsəydi, Azərbaycan, sözün əsl mənasında, inkişaf etmiş turizm diyarına çevrilə bilərdi. SSRİ-nin ləğvi, Dağlıq Qarabağ hadisələri, 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və bacarıqsızlığı nəticəsində respublikamızın iqtisadi-sosial həyatının bütün sahələrinə olduğu kimi turizm sahəsinə də böyük ziyan vuruldu. Müharibə şəraitində yaşayan Azərbaycana turist səfərləri tamamilə dayandırıldı, ölkənin müxtəlif bölgələrində olan turist bazalarında və sanatoriya-kurort müəssisələrində qaçqın və məcburi köçkün soydaşlarımız müvəqqəti olaraq məskunlaşdırıldı. Turizm müəssisələrinin bir hissəsi ləğv edildi, bir hissəsi isə fəaliyyətlərini məcburi olaraq dayandırdı.

1993-cü ildə ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycan tarixində yeni mərhələ başlandı. Ölkədə siyasi vəziyyət tədricən sabitləşməyə, iqtisadi-sosial həyatın bütün sahələri, o cümlədən turizm sahəsi yüksəlişə başladı. Azərbaycanın turizm regionları hesab edilən və 1990-cı illərin əvvəllərində ən narahat bölgələr olan Qusar-Quba-Xaçmaz, Zaqatala-Qax-Şəki, Masallı-Lənkəran zonalarında ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində sabitllik bərpa olundu, qonşu dövlətlərlə sərhədlərimiz möhkəmləndirildi. Həmin ərazilərdə turizm inkişaf etməyə başladı. Azərbaycan həmkarlar ittifaqlarının bu regionlarda yerləşən istirahət bazalarına turist yollayışlarının verilməsi bərpa olundu.

1995-ci ildə "Əsrin müqaviləsi" imzalandı. Həmin ərəfədə ulu öndər Heydər Əliyevin xarici və yerli iş adamlarını Azərbaycanda hotelçilik və turizm biznesinə sərmayə qoyuluşuna çağırışı tezliklə öz bəhrəsini verdi. Müasir tələblərə cavab verən hotellərin tikintisi genişlənməyə başladı.

Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" qanun qəbul edildi. 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzaladı. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.

2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı.

2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam genişliyi ilə təbliğ edən "Welcome to Azerbaijan" adlı xüsusi disk hazırlandı və ÜTT-nin Baş Assambleyasına təqdim olundu. Bununla yanaşı, diskin "Turizm in Azerbaijan" adlı veb səhifəsi yaradıldı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Birinci beynəlxalq sərginin açılışı zamanı ulu öndər Heydər Əliyevin sərgi iştirakçılarına təbrik məktubu oxunarkən necə fərəhləndiyimizi və qürur hissi duyduğumuzu izah etmək çətindir. Deməli, Azərbaycan adlı vətənimiz bütün dünyada turizm məkanı kimi qəbul olunmuş və tanınmağa başlamışdı.

Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olundu.

Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.

Turizmin inkişafı Azərbaycanın regionlarının iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi qəbul edilib və beynəlxalq təşkilatların rəyinə görə, həyata keçirilməsi üçün gözəl imkanlar var. Son on ildə ölkəmizin iqtisadi, siyasi, sosial, mədəni və turizm sahələrində əldə etdiyi nailiyyətlər Azərbaycan dövlətinin qurucusu və memarı dahi Heydər Əliyevin və bu gün onun daxili və xarici siyasətini layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin böyük zəhməti hesabına qazanılmışdır.

2003-cü ildə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addımlar oldu. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz min nəfəri ötüb keçdi. 2009-cu ilin aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində artıq 8-ci dəfə Beynəlxalq Turizm Sərgisi keçirildi. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir.

"2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.

Xarici turizmlə yanaşı, daxili turizmin inkişafına da diqqət yetirilir. Xüsusilə də sosial turizmin - aztəminatlı ailələrin, əlillərin istirahət və sağlamlıqlarının bərpasına yönələn turizmə önəm verilir. Turizmin bu növlərinin genişlənməsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dövlət Sosial Müdafiə Fondu və digər əlaqədar təşkilatlar dövlətimizin siyasətini uğurla həyata keçirirlər.

Əminliklə demək olar ki, Azərbaycan Respublikasında turizm tədricən iqtisadi siyasətin ən qabaqcıl istiqamətlərindən birinə çevrilir. Təbiət bizə Azərbaycanın turizm sənayesini beynəlxalq səviyyəyə qaldırmaq üçün bütün imkanları bəxş etmişdir, bundan sonrakı işlər isə insanların fəaliyyətindən və bu işə münasibətlərindən asılıdır.

 

 

Əlixan Mürvətov,

AHİK-in Turizm və

Ekskursiyalar Şurasının baş mütəxəssisi

 

Azərbaycan.-2009.-7 may.-S.3.