Milli-mənəvi dəyərlərə qəlbən
bağlı lider
Bütün xalqların milli özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin maddi-mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan mənəvi-əxlaqi dəyərlər hər bir etnosun milliliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqdan savayı, həm də bəşər sivilizasiyasına gözəl töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni zamanda, hər bir xalqın toxunulmaz xəzinəsidir.
Azərbaycan
xalqının əsrlər boyu formalaşmış yüksək
mənəvi dəyərlərini pak və sağlam niyyətlərlə
qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda
inkişafına təsir göstərmək, onun genetik
yaddaşını, milli irs və
özünəməxsusluğunu gələcək nəsillərə
ötürmək kimi çətin missiya ötən əsrdə
məhz ümummilli lider Heydər Əliyevin üzərinə
düşmüşdür. Ulu öndər müstəqil Azərbaycana
rəhbərliyi dövründə
çıxışlarında hər zaman xüsusi
vurğulayırdı ki, müasir dünyada qloballaşma
proseslərinin nəticəsi kimi ortaya çıxan
sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər
bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini də
çağdaş zamanın aktual problemlərindən birinə
çevirmişdir. Problemi aktuallaşdıran
başlıca amil budur ki, total əxlaqın və çoxtərəfli
inteqrasiyanın diqtələri bir çox hallarda əsrlərin
"mirasına" - milli-mənəvi ideallara qarşı
yönəlir. Ümummilli lider Heydər Əliyevin
böyüklüyü rəhbər vəzifəyə gəldiyi
gündən bu təhdidi düzgün qiymətləndirməsi,
daim diqqət mərkəzində saxlaması və potensial təhlükə
mənbəyinə çevrilməsinin
qarşısını almasıdır. Heydər Əliyevin
öz Vətəninə, xalqına, milli irs və ənənələrinə
bağlılığı həmin təhdidlərin
önündə də əzəmətli sipərə
çevrildi, bütövlükdə xalqın genetik
yaddaşını qorudu. Bu dahi şəxsiyyət
hələ keçmiş sovetlər dövründə
türkdilli xalqların min illərin sınağından
çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə
həddən artıq bağlı olmaqla yanaşı,
onların qorunması üçün əlindən gələni
əsirgəmədi.
Tarixən yalnız milli iradənin,
irs və ənənələrin, düşüncə
sisteminin parlaq təzahürü kimi yaranmış dövlət
modeli sərt sınaqlar qarşısında duruş gətirərək
inkişafın əsasına çevrilir. Bu cür milli
dövlət modeli isə, ilk növbədə, sağlam cəmiyyətdə
intişar taparaq xalqın mənəvi dəyərlər
sisteminə əsaslanır. Sağlam mənəviyyatlı, yüksək
ixtisaslı insanlardan ibarət cəmiyyət qarşıya
çıxan bütün problemləri asanlıqla həll
edir, monolit bir qüvvə kimi fəaliyyət göstərə
bilir. Cəmiyyətin
sağlamlığını çoxlu əlamətlərdə
axtarmaq olar, lakin bu əlamətlərin hamısı əsas
bir göstəricidə özünü büruzə verir:
ölkənin iqtisadi və mənəvi tərəqqi sürətində.
Biz Azərbaycanda baş verən görünməmiş
iqtisadi tərəqqinin şahidiyik. Bu sürət
dünyanı da heyran qoymuşdur.
Lakin təkcə biz yox,
bütün dünya gərgin bir templə, mürəkkəb
proseslər fonunda tərəqqi edir. Ona görə iqtisadi və
mənəvi inkişaf templərinin sabah necə
olacağına heç bir təminat yoxdur. Sabahkı
uğurlara yeganə təminat - sağlam cəmiyyət
quruculuğuna diqqəti artırmaq, köklü mənəvi
dəyərləri yeni nəslə və bütün cəmiyyətə
daha dərindən və əzmlə aşılamaqdır. Mən
"əzm" sözünü təsadüfi işlətmirəm.
Bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti
bu anlayışla ayrılmaz surətdə bağlıdır.
Əzmlə, ardıcıl olaraq xalq və milli dövlət dəyərlərinə
xidmət onun şəxsiyyətinin əsas cizgiləri idi. Ulu
öndər bütün həyatını, ömrünü,
ağlını, zəkasını böyük milli məqsədlərə
sərf edib. Buna görə bütün xalqımız ona minnətdardır.
Fəqət, minnətdarlıq
azdır. Duyğular bizi Heydər Əliyev irsinin əsas məzmunundan
yayındıra bilməz. Həmin məzmun unudulmaz rəhbərin
xalqa xidmət idealları ilə bağlı idi. Onun tərəqqisinə
xidmət edən işlər görmək dahi insanın
ömrünün mənası idi. Rəhbərin dövlətçiliyi
və millətçiliyi tarixi əhəmiyyət kəsb edən
məqsədlərə tərəf ardıcıl və
başlıcası isə, həmişə böyük nəticəli
hərəkət idi. Bu da Heydər Əliyev şəxsiyyətinin
çox qiymətli sosial və pedaqoji keyfiyyəti idi. Ulu
öndərin nümunəsi bizi adi xidmətə yox,
böyük tarixi və milli məqsədli xidmətə
sövq edir. Xalqımızın sürətli tərəqqisinə
nail olmaq planları böyük rəhbər üçün
milli təhsil sisteminə gündəlik qayğı ilə
ayrılmaz idi. Heydər Əliyevin hakimiyyəti
dövründə Azərbaycanın təhsili əslində
yenidən quruldu. Ümummilli lider hesab edirdi ki, qabaqcıl
kadrları olmayan xalqın inkişaf etmiş dövləti ola
bilməz. İqtisadiyyatda yaratdığı yeni sənaye sahələri
üçün ulu öndər keçmiş sovetlər
birliyinin bütün qabaqcıl ali məktəblərində
kadrlar hazırladır, minlərlə gənci respublikadan kənara
təhsilə göndərirdi. Bilik Günü məktəblərə
gedir, təhsilimizin gələcəyi barədə öz vəsiyyətlərini
şərh edirdi. Böyük rəhbər bu
yanğısı, diqqəti və idrakı ilə həm də
hamımızın müəllimi idi.
Hər dövrdə, hər cəmiyyətdə
tərbiyə o halda uğurlu olur ki, onun əyani şəxsi
nümunəsi olsun. Tarix bu nümunəni bizə bəxş
etməklə gənc nəslin tərbiyəsi işinə
böyük töhfə vermişdir. Milli ruhda tərbiyə
alan insanın ən yaxşı ideal nümunəsi
ümummilli liderin mübarizələr və qələbələr
dolu bioqrafiyasıdır. Etiraf etməliyik ki, biz bu
bioqrafiyanın əsas mənasını, pedaqoji fəlsəfəsini
kifayət qədər tədris və təbliğ edə
bilmirik. Ulu öndərin həyat yolunu əks etdirən
materialların, əyani vasitələrin, kitab və filmlərin
azlığı və natamamlığı hiss olunur.
Mövcud kino materiallarında sovet dövrünün təbliğat
ştampları çox qabarıqdır. Bu ştampların
arxasında böyük şəxsiyyətin milli səciyyəsi,
milli zəmin və dəyərlərlə
bağlılığı öz əksini bəzən
çox zəif tapmışdır. Heydər Əliyev şəxsiyyətindən
söhbət gedəndə bura Azərbaycanı da əlavə
etmək lazım gəlir. Çünki Heydər Əliyev
şəxsiyyəti çoxdan Azərbaycanla bütövləşmiş,
onun ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə
keçmişdir.
Ümummilli liderin Vətəninin
milli-mənəvi dəyərlərinə ruhən bu qədər
vurğunluğunu da, görünür, elə bu
bağlılıqda axtarmaq lazımdır. Heydər
Əliyevin milli-mənəvi dəyərlər məsələsində
irəli sürdüyü prinsiplər, həmin problemin həlli
ilə bağlı müəyyənləşdirdiyi aydın
xətt, atdığı addımlar bəzən əsl mahiyyəti
üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən
yanlışlıqlara yol verilir.
Ümummilli liderin bu sahədə xidmətlərinin, sadəcə
olaraq, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə,
incəsənətinə, elminə, təhsilinə, səhiyyəsinə
yüksək qayğı kimi səciyyələndirilməsi
bu işələrin gerçək miqyası
üçün kifayət etmir. Çünki görülən
işlər, sadəcə, qayğı olmaqla məhdudlaşa
bilməz. Bütün bunlar ulularımızdan
bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi
tək qorunaraq gələcək nəsillərə əmanət
edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının
bütün dünyada təbliği, qəbul olunması
üçün atılan düşünülmüş, məqsədyönlü
addımlardır.
Tarixdə xalqına, onun maarifinə
xidmət edən rəhbərlər az olmayıb. Amma onların
milli dəyərlərdə təcəssüm tapmasına nədənsə
nadir hallarda təsadüf olunur. Heydər Əliyev məhz belə
rəhbər və dövlət xadimi idi. Milli
sözünün ehtiyatla işlədildiyi sovet dövründə
də, Naxçıvanda yaşayanda da, müstəqillik
dövründə də dahi rəhbər ən Böyük
Azərbaycanlı olduğunu parlaq təcəssüm etdirən
sadə və eyni zamanda, zəngin bir sima idi. Ulu öndərin
ana dilimizdə parlaq və sərrast nitqi bu dahi insanı əbədi
olaraq millilik rəmzi kimi anmağımız üçün
kifayətdir.
Ümummilli liderin xalqımız
qarşısında xidmətləri çoxdur. Lakin
onların arasında böyük rəhbərin natiqlik irsi
xüsusilə müqəddəsdir. Heydər Əliyevin
nitqinin xəlqiliyi azərbaycançılığın ən
parlaq təcəssümü idi. Bu gün təsəvvür
etmək çətindir ki, sərbəst işlənən
doğma ana dilimiz bir vaxtlar öz varlığını
yaşatmaq üçün mübarizələr
aparırdı. Həmin mübarizələrin tarixində Heydər
Əliyevin danılmaz rolu olmuşdur. Ümummilli lider ana
dilimizin azadlığı uğrunda iki cəbhədə
çalışırdı. Birinci cəbhə bu insanın
özünün ana dilində danışması idi.
İkinci cəbhə isə qanunverici və rəsmi yollarla
dilimizin statusunun artırılması xətti idi. O zamanlar belə
bir mübarizəyə qoşulmaq böyük cəsarətin,
qətiyyətin və ən əsası isə Vətənə,
millətə, onun milli sərvətinə sonsuz məhəbbətin
nəticəsi idi.
Ulu öndərin ana dilində ilk
nitqləri tarixi məna kəsb edirdi. Heydər Əliyevin
1969-cu ildə hakimiyyətə gəlişi ilə başlanan
milliləşmə prosesi, mən deyərdim ki, bu nitqlərin
təsiri ilə başladı. Həm də mühümü
odur ki, onlar əyalətdə, xalq kütləsinin içində
başladı. Sonralar ulu öndər Bakıdakı tədbirlərdə
də ana dilində danışmaq
üçün fürsətlər tapdı.
Yaradıcılıq ittifaqlarının, xüsusilə
Yazıçılar Birliyinin məclislərində Azərbaycan
türkcəsində parlaq çıxışlar etməyə
başladı. Rəhbərin rəsmi partiya tədbirlərindəki
çıxışları ana dilimizin heç vaxt işlənməmiş
siyasi üslubunu yaratmışdı. Bunun özü də
tarixi bir xidmət idi. Yad dildə danışan dövlət
milli ola bilməz. Ona görə ulu öndərin
nitqləri onun rəhbərlik etdiyi hakimiyyətdə də
doğmalıq hissləri yaradırdı. Dövlət məmurları
anlayırdılar ki, Heydər Əliyevin yorulmadan qurub yüksəltdiyi
Azərbaycan iqtisadiyyatı xalqımızındır və
onun dövləti üçündür. Bunu dərk edən,
ulu öndərə sidqlə inanan minlərlə insan sonralar
Azərbaycanın müstəqilliyini müdafiə etdi, bu
müstəqilliyin memarının yaxın köməkçisi
və silahdaşı oldu.
Yazıçı
və sənət adamları ilə görüşəndə
ulu öndər yeni bir elmi-ədəbi üslubda
danışmağa başladı. Həm də parlaq şəkildə,
ana dilinin söz imkanlarının bütün qatlarına,
çalarlarına zərgərcəsinə bələdliklə
danışmağa başladı. Ümummilli liderin gözəl nitqi yazıçıları, ədəbiyyatçı
alimləri, illərlə mühazirələr oxuyan
professorları da heyran qoyurdu. Böyük rəhbər ana
dilini harada belə öyrənmişdi? Ulu öndərin
yeniyetmə vaxtından işlədiyi təhlükəsizlik
orqanlarında ana dilində danışmağa məcal belə
yox idi. Bəs bu parlaq nitq qabiliyyəti haradan idi? Əlbəttə
ki, onun genetik yaddaşından gəlirdi. Heydər Əliyev bu
dilin parlaq təcəssümü olan bir mühitdə, sadə
azərbaycanlı ailəsində formalaşmışdı.
Ümummilli liderin canlı ana
dilini öz nitqi ilə zinətləndirməsi onun bu sahədəki
xidmətlərinin bir tərəfi idi. Həmin irsin ikinci tərəfi
ulu öndərin rəsmi yolla da ana dilimizin statusunu
qaldırmaq üçün misilsiz xidmətləri idi. Mən
onlardan ancaq birinin üzərində durmaq istəyirəm. Bu,
1978-ci ildə Konstitusiya qəbul olunanda Azərbaycan dilinin
dövlət dili kimi göstərilməsi idi. Həmin
dövrdə təhlükəli bir nəzəriyyə ortaya
atılmışdı: iddia olunurdu ki, guya sovet dövlətində
yaşayan bütün insanlar vahid bir millətə - sovet
xalqına çevriliblər. Bu, milli dillərə, mədəniyyətlərə
qarşı yönəlmiş nəzəriyyə idi. Belə
vaxtda Heydər Əliyev Elmlər Akademiyasında böyük
alimlərin iştirakı ilə Konstitusiya layihəsinin
müzakirəsini təşkil etdi. Rəhbərin irəli
sürdüyü qeyri-rəsmi istiqamət nəticəsində
yığıncaqda Azərbaycan dilinin Konstitusiyada dövlət
dili kimi qəbul edilməsi barədə təklif verildi. Milli
ziyalı təbəqəsinin bu təklifini Moskva
qulaqardına vura bilmədi. Bu qeyddən sonra ana dilini
inkişaf etdirmək, bu dildə elmi və bədii
yaradıcılığı genişləndirmək, televiziya,
mətbuat, kino, teatr quruculuğunda milli dilin tətbiqini
gücləndirmək daha asan oldu. Kino kimi mühüm sahədə
Moskva Bakıdan gələn ssenariləri belə rus dilində
tələb edirdi. Ona görə kinostudiya əcnəbi millətlərdən
olan qələm adamları ilə dolmuşdu. Bunu aradan
qaldırmaq üçün ulu öndər kinostudiyaya ana
dilinə, xalqa bağlı kadrlar cəlb etdi. Məhz Heydər
Əliyevin vaxtında və onun bilavasitə himayəsi ilə
xalqımızın tarixi qəhrəmanlıq
keçmişini əks etdirən filmlər kinomuzun əsas
mövzusu oldu. "Nəsimi", "Babək",
"Dəli Kür" kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində
və sonralar kütləvi surətdə müstəqillik hərəkatına
qoşulmasında böyük rol oynadı. İnamla demək
olar ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi
ədəbiyyat və incəsənətimizdə milli cərəyanın
yüksəlişinə səbəb oldu. Ulu öndər Bəxtiyar
Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov,
Anar, Əkrəm Əylisli kimi milli zəminə bağlı
və istedadlı sənətkarları daim himayə edirdi. Belə
sənətkarlar isə ədəbiyyatın milli
varlığımız, dəyərlərimizlə
bağlı mövzularını uğurla işləyib
inkişaf etdirirdilər. Heydər Əliyevin irsinin ayrılmaz
bir qanadı onun tariximizə və tarix elmimizə
qayğısı ilə bağlıdır. Milli
keçmişimizi dərindən mənimsəmiş ulu
öndər milli dövlət üçün tarixin və
tarix elminin fundamental əhəmiyyətini gözəl bilirdi.
Ona görə Nizami Gəncəvinin və Nəsiminin yubileylərinin
dünya miqyasında qeyd olunması məqsədilə partiya
qərarları verildi. O zaman bu qərarlar inqilabi bir təzəlik
idi. Bunlar cəsarət nümunəsi idi. Ona qədər Azərbaycanın
Rusiya tərkibinə daxil olmasının 150 illiyi kimi bədnam
yubileylər qeyd edilmişdi. Lakin Heydər Əliyev
böyük ədəbi yubileyləri xalqın
varlığını üzə çıxarmaq, onun milli
tarixini araşdırıb təbliğ etmək formasına
çevirdi. Böyük şəxsiyyətin nüfuzu
qarşısında Moskva da belə hallara etiraz edə bilmirdi.
Heydər Əliyevin mənəvi
irsinin və milli tarix konsepsiyasının mühüm bir
istiqaməti Azərbaycan Sovet Sosialist Respublikasının
tarixinin milli xəttini görməsi, ardıcıl surətdə
üzə çıxarması və təbliğ etməsi
idi. Hələ indiyə qədər bu konsepsiyanın əhəmiyyətini
dərk etməmək hallarına təsadüf olunur. Ulu öndər çox haqlı olaraq hesab edirdi ki,
bütün səhv və əyintilərlə yanaşı,
70 illik sovet hökuməti zamanında xalqımız misilsiz tərəqqi
yolu keçib və başlıcası isə, müstəqillik
üçün iqtisadi və dövləti əsaslar
yaradıb. Həmin əsaslar olmadan indiki müstəqil
dövlətimizin varlığı da mümkün deyildi.
Heydər Əliyev
sovet Azərbaycanı tarixində Nəriman Nərimanovla
başlanan, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal,
Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev,
İsa Hüseynov kimi şair, yazıçı və alimlərin
fəaliyyətini qırılmaz milli xətt sayırdı. Təsadüfi
deyil ki, hakimiyyətə gəldiyi vaxtdan ilk böyük yubiley 1970-ci ildə Nəriman
Nərimanova və 1976-cı ildə Səməd Vurğuna həsr
edildi. Onların fəaliyyəti və irsi ulu
öndər üçün əziz və misilsiz dərəcədə
qiymətli idi. Ümummilli lider hələ o zaman mübahisələr
doğuran "26-lar" filminin çəkilişində N.Nərimanovun
gözəl obrazının yaradılmasına nail oldu.
Belə deyirlər ki, Səməd Vurğun yaradıcılığını
ulu öndər əzbər bilirdi. Unudulmaz rəhbər sovet
vaxtı yaranmış mədəniyyətimizə
böyük məhəbbətlə yanaşır və bunu
bizə aşılamağa çalışırdı.
N.Nərimanov şəxsiyyəti
ulu öndər üçün həm də erməni fitnəkarlığına
qarşı mübarizə rəmzi idi. Müstəqillik ərəfəsində
qanlı-qadalı problem yenidən qarşımıza
çıxdı. Ölkəmizin ərazilərinin bir hissəsi
işğal olundu. Bu gün Dağlıq Qarabağ məsələsi
şagirdlərə milli yaddaş tərbiyəsinin tərkib
hissəsi kimi izah olunmalıdır. Heydər Əliyevin
bioqrafiyasının əsas xətlərindən birini onun erməni
fitnəkarlığına qarşı mübarizəsi təşkil
edir. Respublikanın heç bir rəhbəri Azərbaycanda erməni
fitnəsinə qarşı ulu öndər qədər
ardıcıl və sərt mübarizə aparmayıb. Bu
mübarizənin dərsləri bu gün çox aktualdır,
ondan hər bir müəllim təcrübəsində faydalana
bilər və faydalanmalıdır.
Azərbaycana rəhbərlik
etdiyi bir qərinədən artıq dövr ərzində Heydər
Əliyev xalqımızın milli-mənəvi dəyərlərini
sevərək öz varlığında yaşadıb, əməllərində
bu dəyərləri müqəddəs, toxunulmaz bir xəzinə
kimi qoruyub, onun əbədiyaşarlığını təmin
edib. Fırtınalardan, qasırğalardan
keçən həyatında bu torpağa rifah gətirən
Heydər Əliyev mütərəqqi insanların məhəbbətini,
ehtiramını qazandı, cılız, paxıl, riyakar, xalq,
vətən təəssübkeşliyindən uzaq olanların
təqibi, şəri, böhtanı ilə üzləşdi.
Fəqət, sarsılmadı. "Ən böyük şəxsiyyətlər
özlərindən çox mənsub olduqları cəmiyyəti
düşünən, onun varlığının və
xoşbəxtliyinin qorunması yolunda həyatını həsr
edən insanlardır" - dedi.
Heydər Əliyevin
baxışlar sistemində din yalnız mənəvi
dünyanın pəncərəsindən boylanır. Ulu
öndər dinin siyasi alətə çevrilməsinə,
insanların müqəddəs inanclarının siyasi proseslərin
təsiri ilə adiləşib dəyərini itirməsinə
heç vaxt imkan verməmişdi. Ulu öndər bu
inancları bütün siyasi proseslərin fövqündə
saxlamış və qorumuşdu. Milli dövlətçiliyin
konkret mənəvi dəyərlər sistemi əsasında
vahid məqsədə yönəldilməsi, xalqın tarixi
yaddaş və mənəvi irsinin mühafizəsinə xidmət
edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi,
milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının
bütün dünyada tanıdılması üçün zəruri
olan qüvvə və potensialın səfərbər
olunması Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli lider ölkədə mütərəqqi
islam dəyərlərinin inkişafına xüsusi diqqət
yetirməklə yanaşı, başqa dinlərin
inkişafına da tolerant mühitin yaradılmasını təmin
etmişdi. Dini konfessiyalar arasında
qarşılıqlı hörmətə söykənən
münasibətlərin formalaşmasına
çalışmışdı. Milli-dini mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaşa bu torpaq
üçün milli yiyəlik hissi
aşılamışdı. Dini tolerantlığın
polietnik mövcudluğunun qarantı kimi Azərbaycançılıq
ideologiyasını irəli sürərək onun praktik nəzəriyyəyə
çevrilməsinə nail olmuşdu.
Bir sözlə, dilimizin, dinimizin,
tariximizin, incəsənətimizin şərəfli səhifələrinin
şəriksiz müəllifi olan ulu öndər bu mənəvi
dəyərlərə ömrünün sonuna qədər
sadiq qalmışdı.
Müstəqilliyin ilk illərində
vətəndaş tərbiyəsi ideoloji və tarixi əhəmiyyət
daşıyan bir problem idi. Bu vacib vəzifənin həyata
keçirilməsi üçün Azərbaycan vətəndaşının
ideya-siyasi düşüncəsini formalaşdırmaq
lazım gəlirdi. Həmin istiqamətdə xeyli iş
görmüş dövlət rəhbəri "Mənəviyyat
olmayan yerdə heç bir şey ola bilməz. Bu gün mənəvi
tərbiyə keçmiş illərdən daha çox
lazımdır", - deyirdi. Həm də öz şəxsi təcrübəsində
gördüklərindən bu qənaətə gəlirdi. Ulu
öndərin tükənməz enerjisinə, dərin zəkasına,
müdrik ağlına, dünya şöhrətinə,
sarsılmaz nüfuzuna qısqanclıqla yanaşanlara,
haqsız hücumlara, böhtançılara, paxıllara
öz möhtəşəm ağlı ilə cavab verirdi:
"Paxıllıq, şər, böhtan xam at kimidir - sahibini
heç bir zaman mənzil başına sağ-salamat
çatdıra bilməz", - deyirdi.
Ümummilli lider Heydər Əliyev
xalqın milli-mənəvi dəyərlər sistemində ailənin
rolunu daim müstəsna dəyərləndirirdi. Böyük strateq ailəni, eyni zamanda, ülvi və
müqəddəs dəyərlərin tərənnümçüsü
kimi qiymətləndirir, xalqın mənəvi kamillik səviyyəsinin
təmin olunmasında, genefondunun saflığının
qorunmasında əhəmiyyətini daim önə çəkirdi.
Mübaliğəsiz deyə bilərik ki, bu gün Azərbaycanda
minlərlə yeni qurulan ailənin müqəddəs örnək
kimi istinad edəcəyi qürur və fəxarət
ünvanı var. Ulu öndər Heydər Əliyevin möhkəm
mənəvi təməl və niyyətlər, ülvi arzular
üzərində yaratdığı ailə modeli hər bir
azərbaycanlıda böyük rəğbət hissi
doğurur. Bu ailənin ən böyük xoşbəxtliyi isə
onun hər bir üzvünün cəmiyyət
üçün gərəkli, faydalı şəxsiyyət
olmasındadır. Bəli, Heydər Əliyevin möhkəm təməl
üzərində əsasını qoyduğu ailə öz
xoşbəxtliyini məhz xalqa layiqli xidmətdə
görür!
Ümummilli lider Heydər Əliyev
müdrik dövlət rəhbəri olmaqla yanaşı, həm
də mütərəqqi azərbaycanlı dəyərlərini
parlaq şəxsiyyətində yaşadan, cəmiyyət
üçün örnək sayılan ailə
başçısı idi. Böyük şəxsiyyət
kimi yetişən, xoşbəxtliyi əqli kamillikdə, təmizlikdə
və halal zəhmətdə axtaran, ailənin saf sevgi üzərində
qurulması vacibliyini erkən yaşlarından dərk edən
Heydər Əliyev cəmiyyətdə öz layiqli yerini
tutmuş, saf təməl üzərində qurduğu ailənin
bütün qayğılarını öz üzərinə
çəkmişdi.
Bəzən özümüzdən
də xəbərsiz yaradılışımızdan bizimlə
birgə ali bir duyğu doğulub, köksümüzün
altında göyərib boy atır. Zaman keçdikcə daha
da əlvanlaşan, daha da müqəddəsləşən,
hiss və düşüncələrimizə hakim kəsilən
o duyğu dar məqamlarda ən yaxın köməkçimizə
çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu
imdadımıza çatır, inamımızı,
istinadgahımızı itirəndə o duyğu bizim
üçün inama, istinadgaha çevrilir. Nə vaxtsa bu
duyğunu sevgi adlandırırıq. Mental
yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm,
Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə
misalında ilahi sevginin mükəmməl nümunələrini
xatırlayır. Heydər Əliyev öz ömür-gün
yoldaşı, mərhum akademik Zərifə xanıma olan
sonsuz sevgisi və bu sevginin etirafı ilə mənəviyyat
tariximizdə bütöv nəsillərə örnək ola
biləcək məhəbbət rəvayəti də
yaratdı.
Saf sevgiyə
qovuşmaq, qəlbinə yaxın bir insanla ailə həyatı
qurmaq üçün sıralarında
çalışdığı keçmiş Dövlət Təhlükəsizlik
Komitəsinin rəhbərliyi ilə uzun müddət
mübarizə aparmalı olan, bu müqəddəs amal
uğrunda hətta tutduğu vəzifəni və gələcək
karyerasını itirməkdən belə çəkinməyən
Heydər Əliyev yüksək mənəvi keyfiyyətləri
ilə həm də milli ideallara
bağlılığını sübuta yetirdi. Keçmiş rejimin ideoloji-siyasi buxovları,
yazılmamış "qanunları" onun görkəmli
dövlət və elm xadimi, bütün bilik və
bacarığını xalqının nicatına sərf
etmiş professor Əziz Əliyevin qızı, yüksək
intellekti, savadı, nəcib, humanist keyfiyyətləri,
geniş dünyagörüşü ilə seçilən Zərifə
xanım Əliyeva ilə müqəddəs ittifaqa -
nikaha girməsinə heç vəchlə mane ola bilmədi!
Zərifə
xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi
dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri
o qədər zəngin və çoxcəhətlidir ki, fəaliyyətinə
nəzər salarkən bu dahi insanın nəcib və xeyirxah
şəxsiyyət olması faktı bir daha təsdiqini tapır. Zərifə
xanımın fitri istedada malik novator alim, pak və nadir insan
kimi yaşadığı mənalı ömrü,
keçdiyi şərəfli həyat yolu hər bir alim və
həkim üçün mənəviyyat dərsi, kamillik zirvəsidir.
Elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs
üçün örnək sayılacaq şəxsi keyfiyyətləri,
xeyirxah məqsədlərə köklənmiş nəcib
xarakteri, ziyalılığı və sadəliyi ilə Zərifə
xanım Əliyeva həm də ailəsinin sağlam təməl
üzərində qurulmasına
çalışmışdır. Bu nəcib şəxsiyyəti
yaxından tanıyanlar hər zaman deyirlər ki, Zərifə
xanım valideynləri üçün layiqli övlad, məşhur
alim, tanınmış həkim, istedadlı insan, sədaqətli
ömür yoldaşı qayğıkeş ana olub! Məhz bu diqqət və qayğının nəticəsi
kimi, həm qızı Sevil xanım Əliyeva, həm də cənab
İlham Əliyev gənc yaşlarında yüksək ali təhsil
almış, bir neçə xarici dili mənimsəmiş, nəcib
şəxsi keyfiyyətləri, təşəbbüskarlıqları
ilə cəmiyyətdə layiqli yerlərini
tapmışlar.
Ulu öndər Heydər
Əliyevin zəngin dövlətçilik ənənələrinin
layiqli davamçısı olduğunu son beş ildə əməli
addımları ilə sübuta yetirən Azərbaycan
Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin
istiqamətini müəyyənləşdirən, ona təsir
göstərən ciddi fenomenə çevrilmişdir. Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı statusu təkcə onun
siyasi portretini zənginləşdirən əlavə ştrix
deyil, həm də siyasi konteksdə cənab İlham Əliyevin
siyasi çəkisini artıran amil kimi nəzərə
çarpır. Bu gün Prezident İlham Əliyevi, eyni
zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin
ən qüdrətli mühafizəçisi kimi
görürük. Prezident İlham Əliyevin konsepsiyasına
görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və
yeni nəsillərə çatdırmağın ən
mühüm şərti məhz milli dövlətçilikdir.
Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin
deyil, həm də milli-mənəvi dəyərlərin
qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə
malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.
Bu gün ulu öndərin ali
ideallarının gerçəkləşməsində cənab
İlham Əliyevlə birgə onun xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi
dəyərləri parlaq şəxsiyyətində cəmləyən
Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva
demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə
irəliləyərək sivil dəyərləri əxz edən
Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənəsini də gətirmişdir.
Əslində, nə vaxtsa çağdaş dünyanın
bizim dövlətçilik irsimizdən mənimsədiyi,
tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin
müstəqil Azərbaycan dövlətində yenidən bərpası
faktı məhz Mehriban xanım Əliyevanın adı
ilə bağlıdır. Görünür, Mehriban xanım Əliyevanın
üzərinə götürdüyü bu xeyirxah missiya tarixi
bir qanunauyğunluq, həyatın diktə etdiyi ilahi
harmoniyadır. Mehriban xanım Əliyeva akademik Mir Cəlal
Paşayevin və milli mətbuatımızın patriarxı,
minlərlə Azərbaycan jurnalistinin ustadı olan qüdrətli
qələm sahibi Nəsir İmanquliyevin ocağından nur
alıb. Onun həyat müəllimləri isə
özünün də qeyd etdiyi kimi, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan
qadınının şərəf mücəssəməsi Zərifə
xanım Əliyeva olub.
Ölkənin birinci xanımı
Mehriban Əliyevanın milli-mənəvi irsimizin qorunması
istiqamətində ardıcıl səyləri də Azərbaycanın
milli-mənəvi dəyərlərinə yüksək
sayğının təzahürüdür. Xalqına
və dövlətinə qəlbən bağlı olan Mehriban
xanım Əliyeva həyatının mənasını nəcib
və xeyirxah işlərdə axtaran parlaq şəxsiyyətlərdən
olaraq xalqının zəngin milli-mənəvi irsinin qorunub
saxlanılması və gələcək nəsillərə
çatdırılması naminə əzmlə
çalışır. Azərbaycanın birinci
xanımının fəaliyyəti milli-mədəni incilərin
qorunub saxlanılması, tarixi abidələrin bərpası,
dünya miqyasında təbliği ilə yanaşı, saf və
nəcib dəyərlərin ictimai şüurda möhkəmlənməsinə,
özünə güclü dayaqlar tapmasına yönəlib.
Heydər Əliyev Fondu xalqın milli varlığını
özündə yaşadan maddi-mənəvi və intellektual
irsə diqqət və qayğı ilə yanaşır, milli
mədəniyyətimizin dünya arenasına
çıxmasına və təbliğinə ciddi dəstək
verir. Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən çoxşaxəli layihələri birləşdirən
ümumi ortaq xətt isə məhz milli genefondun qorunması,
saf dəyər və duyğuların ictimai şüurda
intişar tapmasıdır. Təsadüfi deyil ki, bu
istiqamətdəki fəaliyyətinə görə Mehriban
xanım Əliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri adına layiq görülüb. Bu, ümumilikdə
dünyanın Mehriban xanım Əliyevanın timsalında
bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə,
folklorumuza, tariximizə, dilimizə, incəsənətimizə
göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu, həm
də Mehriban xanım Əliyevanın timsalında Azərbaycan
qadınının öz fədakarlığını və
bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə
əyani bir sübutdur.
Düşünürəm
ki, ömrünün gənclik illərini Heydər Əliyevin
ocağında keçirən, onun ali mənəvi, milli-mental
dəyərlərindən bəhrələnən, Mir Cəlal
Paşayevin ocağının nəcib ənənələrini
əxz edən, Heydər Əliyevin və Zərifə xanım Əliyevanın mənəvi
xəttini örnək götürən nəcib insan - Azərbaycanın
birinci xanımı məhz belə də olmalı idi. Heydər
Əliyev mənəvi dəyərlərinə sədaqətli!
Nurlana Əliyeva,
filologiya elmləri doktoru,
professor,
YAP Qadınlar Şurasının
sədri
Azərbaycan.-2009.-7 may.-S.4.