ABŞ-ın dövlət
katibi Azərbaycanın
xarici işlər naziri ilə görüşmüşdür
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 4-5-də Vaşinqtonda işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində
E.Məmmədyarov ABŞ-ın
dövlət katibi Hillari Klinton, Ağ evin milli
təhlükəsizlik müşaviri
Ceyms Cons, Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə
xüsusi nümayəndəsi
Riçard Moninqstarla ikitərəfli görüşlər
keçirmiş, eləcə də Vaşinqtonda Avrasiya regionu ilə məşğul olan tədqiqat mərkəzlərinin
təmsilçiləri ilə
fikir mübadiləsi aparmışdır.
Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli
strateji əməkdaşlığı,
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə nizama salınması və bu işə
ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın töhfəsi, həmçinin Avrasiyanın
enerji infrastrukturu və Azərbaycanın terrora qarşı qlobal mübarizədə rolu diqqət mərkəzində
olmuşdur.
Azərbaycan xarici
işlər naziri ilə görüşdən
əvvəl jurnalistlər
qarşısında çıxış
edən ABŞ-ın dövlət katibi Hillari Klinton vurğulamışdır ki,
ölkələrimiz arasında
bir sıra mühüm məsələlər
üzrə çox yaxın münasibətlər
qurulmuşdur. Elmar Məmmədyarov ilə bugünkü müzakirələrimiz
bu münasibətləri
genişləndirmək və
dərinləşdirmək üçün yollar axtarmağa imkan verəcəkdir. Xanım Klinton qeyd etmişdir
ki, Azərbaycanın çox vacib strateji məkanda yerləşməsi regional
və qlobal mənada əhəmiyyətlidir.
Ona görə də ölkəmiz bölgəni maraqlandıran
vacib məsələlərdə
artan məsuliyyəti
və liderliyi üzərinə götürməyə
qadirdir.
Elmar Məmmədyarov
isə amerikalı həmkarı ilə görüşün ABŞ-Azərbaycan
strateji əməkdaşlığını
irəliyə aparacağına
əminliyini ifadə etmişdir.
Şəfəq Akifqizi,
AzərTAc-ın
xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2009.-7 may.-S.5.