İstanbulda Avrasiya Dövlətləri On İkinci
İqtisadi Zirvə Toplantısı işə
başlamışdır
Mayın 6-da İstanbul Ticarət Palatasında dünyanın 30-dan çox ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri On İkinci İqtisadi Zirvə Toplantısı işə başlamışdır.
Əvvəlcə Avrasiya dövlətləri iqtisadi zirvə toplantılarının tarixindən bəhs edən film nümayiş olunmuşdur.
Zirvə toplantısının gündəliyinə çıxarılmış məsələlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, builki toplantıda enerji, iqtisadiyyat və ekologiya problemləri müzakirə olunur.
Türkiyə Prezidenti Abdullah Gülün zirvə toplantısının iştirakçılarına təbriki oxunmuşdur.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Avrasiya Dövlətləri On İkinci İqtisadi Zirvə Toplantısı iştirakçılarına təbrikini oxumuşdur. (Təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver zirvə toplantısında iştirak edən ölkələrin dövlət və hökumət nümayəndələrini, o cümlədən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovu, Milli Məclisin Sədr müavini Valeh Ələsgərovu, YAP sədrinin müavini - icra katibi Əli Əhmədovu salamlamışdır. A.Suver vurğulamışdır ki, Avrasiya dövlətləri iqtisadi forumlarında Azərbaycanın yeri həmişə xüsusi olmuşdur. Bu il də Azərbaycan bu tədbirdə geniş təmsil olunur. Akkan Suver çıxışında Ermənistanı problemli dövlət adlandıraraq qeyd etmişdir ki, bu ölkənin bütün qonşuları ilə problemləri vardır.
Xorvatiya Prezidenti Stepan Mesiç və
Kosovo Prezidenti Fatmir Sajdiu qonaqlar adından
çıxış etmişlər. Türkiyənin mədəniyyət
və turizm naziri Ərtoğrul Günay hökumət adından
forumun işinə uğurlar diləmişdir.
Zirvə toplantısının
enerji məsələlərinə həsr olunmuş ilk
iclasında çıxış edən Türkiyənin
enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Azərbaycan
Milli Məclisinin Sədr müavini Valeh Ələsgərov,
Nabukko layihəsi üzrə beynəlxalq konsorsiumun əlaqələndiricisi
Reynhard Mitçek, Gürcüstanın enerji naziri Aleko Xetaquri
vurğulamışlar ki, uğurla həyata keçirilmiş
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri
bu gün dünyanın enerji təhlükəsizliyində
mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyində
Azərbaycan karbohidrogen ehtiyatlarının əhəmiyyəti
xüsusi qeyd edilmişdir.
Valeh Ələsgərov
demişdir ki, enerji təhlükəsizliyində şəffaf
tranzit yollarının və bazarlarının təmin
olunması çox mühümdür. Təəssüf ki,
indi enerji bazarlarında möhtəkirlik elementləri hakimdir və
bu da dünya iqtisadiyyatına zərər verir. Digər tərəfdən,
strateji əhəmiyyətini bəhanə edərək enerji
daşıyıcılarını ucuz alıb baha satmaq istəyən
ölkələrin sayı da artmaqdadır. Dahi şəxsiyyət
Heydər Əliyevin və Türkiyənin doqquzuncu Prezidenti
Süleyman Dəmirəlin Bakı-Tbilisi-Ceyhan kimi nəhəng
layihəni uğurla həyata keçirmələrinin səbəbi
məhz şəffaf və vahid enerji sisteminin
yaradılması idi. Azərbaycan bu prinsiplər əsasında
əməkdaşlığa həmişə hazırdır.
Natiqlər Nabukko layihəsinin
perspektivlərindən, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı çərçivəsində əməkdaşlıqdan
da ətraflı bəhs etmişlər.
Avrasiya Dövlətləri On
İkinci İqtisadi Zirvə Toplantısı mayın 7-də
öz işini davam etdirəcəkdir.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-2009.-7 may.-S.5.