"İrəli" İctimai Birliyi "Biz avropalıyıqmı?" mövzusunda müzakirə keçirmişdir

 

"İrəli" İctimai Birliyi "Milli diskussiyalar" layihəsi çərçivəsində mayın 6-da keçirdiyi "Yaz debatları"nın ilk raundunu "Biz avropalıyıqmı?" mövzusuna həsr etmişdir.

Prezident Administrasiyasının siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov görüşü açaraq bugünkü debatların həsr olunduğu mövzunun əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın bu günü gələcəyi mövzusunda gənclərin ekspertlərlə müzakirəyə qatılması, ölkəmizin inkişaf istiqamətləri barədə diskussiyalara qoşulması onların Vətənimizin gələcəyinə biganə olmadığını təsdiq edir. Tarixə ekskurs edən E.Aslanov ötən əsrin əvvəllərində Əlibəy Hüseynzadənin irəli sürdüyü məşhur triadanı - türkləşmə, islamlaşma müasirləşmə nəzəriyyəsini xatırlatmış, qeyd etmişdir ki, tarix boyu mütəfəkkirlərimiz xalqın, dövlətin inkişaf istiqamətləri üzərində düşünmüşlər.

1949-cu il mayın 5-də Avropa Şurasının yaradıldığını xatırladan natiq, məhz ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Qərbyönümlü siyasətə üstünlük verdiyini qeyd etmişdir. Hazırda ölkəmizin Avropa təşkilatlarında fəal iştirak etdiyi, bu istiqamətdə inteqrasiyaya xüsusi önəm verildiyi vurğulanmışdır.

"İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı demişdir ki, bugünkü diskussiyaların təşkil edilməsindən məqsəd Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın Avropaya inteqrasiyası zamanı ortaya çıxan mübahisələrdən çıxış yolunun tapılması istiqamətində fikir mübadiləsinin aparılmasıdır.

Diskussiyada ekspert qismində iştirak edən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin sektor müdiri Həsən Məmmədzadə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Avropa Komissiyasının nümayəndəsi Kler De Lessard, politoloq Rasim Musabəyli "İrəli"nin fəallarının mövzu ilə bağlı suallarına və fikirlərinə aydınlıq gətirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanın Avropaya inteqrasiyasında elm, təhsil, siyasi, iqtisadi və digər amillərin rolu geniş şərh edilməlidir.

Son illər Azərbaycanda bütün sahələrdə aparılan islahatların kökündə Avropa dəyərlərinə üstünlük verildiyi, bununla yanaşı milli xüsusiyyətlərin, özünəməxsusluğun unudulmadığı da qeyd olunmuşdur.

Azərbaycan dövlətinin yeritdiyi siyasi strateji xəttin əsasında modernləşmə prinsipinin dayandığı, bu prinsipin bütün sahələrdə nəzərə alındığı xüsusi vurğulanmışdır.

Tədbirdə Azərbaycanın son illər yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətli və dinamik inkişaf xətti tutduğu vurğulanmış, lakin Avropaya inteqrasiyanın heç də azərbaycançılıqdan uzaqlaşmaq anlamı vermədiyi qeyd edilmişdir. Bildirilmişdir ki, hər hansı inkişaf etmiş cəmiyyətə inteqrasiya Azərbaycanın özünəməxsusluğunun itirilməsi kimi qavranılmamalı, əksinə, ölkəmizin min illər boyu formalaşmış milli mentaliteti, milli dəyərləri daha da inkişaf etdirilməlidir.

Görüşdə bu cür formatda müzakirələrin davam etdirilməsinin gənclər üçün əhəmiyyəti vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 may.-S.5.