Konstitusiya Məhkəməsində xalq
yazıçısı Anarla görüş
Mayın 6-da Konstitusiya Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarla görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qurumda ölkənin tanınmış şəxsləri ilə görüşlərin artıq ənənə halını aldığını və AYB-nin sədri, xalq yazıçısı, Dövlət mükafatı laureatı, dramaturq Anarın bu gün Konstitusiya Məhkəməsi kollektivinin qonağı olduğunu diqqətə çatdırmışdır. Görkəmli yazıçının yaradıcılığı barədə qısa məlumat verən Fərhad Abdullayev demişdir ki, əsərləri dünyanın bir çox ölkələrində çap edilmiş, haqqında tanınmış tədqiqatçıların fikir söylədiyi xalq yazıçısı Anar bir çox romanların, "Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud", "Qəm pəncərəsi", "Təhminə" və digər filmlərin ssenari müəllifidir. Onun ssenariləri əsasında televiziya, sənədli və cizgi filmləri çəkilmişdir. Xalq yazıçısının 10-a yaxın pyesi təkcə Azərbaycan teatr səhnəsində deyil, eləcə də bir çox xarici ölkələrdə tamaşaya qoyulmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı hazırda Azərbaycanın bütün bölgələrində ulu öndərin xatirəsinə həsr olunmuş tədbirlərin keçirildiyini söyləyən Konstitusiya Məhkəməsinin sədri bu günlərdə xalq yazıçısı Anarın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş "Unudulmaz görüşlər" kitabının çapdan çıxdığını da vurğulamışdır.
AYB-nin sədri Anar rəhbərlik
etdiyi qurum barədə danışmış və memuar
janrında yazılmış yeni kitabı barədə ətraflı
məlumat vermişdir. Qeyd etmişdir ki, kitabda ulu öndər
Heydər Əliyevlə görüşlər, mükalimələr,
yazıçıların qurultaylarındakı
çıxışlar, ədəbi mübahisələr və
s. öz əksini tapmışdır. Yazıçı
bildirmişdir ki, kitabda heç bir mübaliğə yoxdur.
Ümummilli liderin ədəbiyyat və incəsənət
adamlarına diqqət və qayğısı,
yazıçılara həssaslığı hamıya bəlli
idi. Heydər Əliyevin yaradıcı insanlara xeyirxah
münasibəti onların istedadının məhsulu olan
neçə-neçə əsərin, yüksək sənət
nümunəsinin taleyində həlledici rol
oynamışdır. İkinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra da bu dahi şəxsiyyət sənət
adamlarından qayğısını əsirgəməmişdir.
Bütün bu faktları mən olduğu kimi kitabda əks
etdirməyə çalışmışam. Ümummilli lider
Heydər Əliyevin yaradıcı adamlara diqqət və qayğısı
hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Tədbirdə
çıxış edənlər görkəmli
yazıçının yaradıcılığı
haqqında fikirlərini söyləmiş, onun müasir Azərbaycan
ədəbiyyatında özünəməxsus yer tutduğunu
bildirmişlər. Çox səmimi yazılmış
"Unudulmaz görüşlər" kitabının
müasir gənclik üçün maraqlı olacağı
qeyd edilmişdir. Diqqətə
çatdırılmışdır ki, ulu öndər Heydər
Əliyevlə eyni dövrdə, birlikdə
çalışmış nəslin nümayəndələri
xoşbəxtdir.
Xalq yazıçısı Anar iştirakçıları maraqlandıran sualları cavablandırmış və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
AzərTAc
Azərbaycan.-2009.-7 may.-S.5.