"Müasir Azərbaycan
ordusunun memarı"
kitab-albomu təqdim olunmuşdur
Mayın 6-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin redaktorluğu ilə nəşr olunmuş "Müasir Azərbaycan ordusunun memarı" kitab-albomunun təntənəli təqdimat mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları
əvvəlcə Heydər
Əliyev muzey-lektoriyasının
eksponatları ilə
Mərasimi giriş sözü ilə açan Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov bildirmişdir ki, Azərbaycan tarixinin taleyüklü 30 ildən artıq bir dövrü ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Azərbaycanın inkişafında, dövlətçiliyin möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmiş müdrik siyasətçi ordu quruculuğu sahəsində də təxirəsalınmaz tədbirlər görmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti xalqımızın böyük xilaskarı, müasir Azərbaycan ordusunun qurucusu olan ulu öndərimizə hörmət və ehtiramını bildirir, onun müqəddəs ideyaları, doğma respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə hər an hazır olduqlarını bəyan edirlər.
Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu "Müasir Azərbaycan ordusunun memarı" kitab-albomundan söhbət açan V.Məmmədov demişdir ki, nəfis tərtibatda hazırlanmış nəşrdə rəhbərin uşaqlıq, gənclik illəri, ümumiyyətlə, hər bir azərbaycanlı üçün örnək olan mənalı ömrünü tərənnüm edən fotoşəkilləri fonunda Heydər Əliyev şəxsiyyətinin böyüklüyü bir daha təqdim olunur. Qeyd edilmişdir ki, kitab-albomda ümummilli liderin cəbhə bölgəsinə səfərləri haqqında məlumatlar və həmin görüşlərin iştirakçısı olan generalların, zabit və əsgərlərin xatirələri yer almışdır.
Tədbirdə çıxış edən general-mayor Dadaş Rzayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, xalq artisti Amalya Pənahova, Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxşıyev və digərləri ölkəmizdə ali hərbi məktəblərin məhz Heydər Əliyevin təşəbbüsü və gərgin səylərinin nəticəsi olaraq yarandığını bildirmiş, ulu öndərin ordu quruculuğu sahəsində gördüyü işləri yüksək qiymətləndirmişlər.
Tədbirin sonunda təhsildə və hərbi xidmətdə fərqlənmiş
hərbi tədris müəssisələrinin əsgər
və zabitlərinə
kitab-albom təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-7 may.-S.6.