Heydər Əliyev Fondu ilə tanışlıq

 

Rumıniya Maliyyə Auditorları Palatasının prezidenti, professor İon Mihaileskunun başçılıq etdiyi nümayəndə heyəti mayın 6-da Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara beş il bundan əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri barədə məlumat verilmişdir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlər, Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotoşəkillər qonaqlarda xoş təəssürat oyatmışdır.

Bildirilmişdir ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond elm, təhsil, mədəniyyət, səhiyyə sair sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir.

İon Mihailesku xatirə kitabına ürək sözlərini yazmış, görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etmişdir.

Nümayəndə heyətinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri çərçivəsində Buxarestin mərkəzində yerləşən 8 May parkında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün açılış mərasimində çəkilmiş şəkillərini fonda hədiyyə etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 may.-S.6.