Ömrü yaşadan əsərlər
Milli ədəbiyyatın,
jurnalistikanın inkişafında xidmətləri olanlardan biri
də nasir, publisist Məmməd Əkbərdir. Onun qələm
məhsulları, məqalələri, oçerkləri, hekayə
və povestləri hələ də öz
aktuallığını itirməyib, yenə də maraqla oxunur.
18 kitabı işıq üzü görmüş, qəzet və
jurnallarda yüzlərlə məqaləsi dərc
olunmuşdur. O, neçə ildir ki, dünyasını dəyişsə
də, əməyinə, insani keyfiyyətlərinə görə
unudulmur, daim ehtiramla xatırlanır. Yaxın günlərdə
100 yaşı qeyd ediləcək yazıçının
qızı, televiziya diktoru və aparıcısı, əməkdar
artist Gülşən Əkbərova ilə
görüşdük.
O dedi:
- Atam 1909-cu ilin baharında Ordubadda sənətkar ailəsində anadan olmuşdu. Taleyi onu ömrünün ilk günlərindən ağrılı-acılı sınaqlara çəkmişdi. Altı yaşında atadan, yeddi yaşında anadan yetim qalmışdı. Nənəsi Gülsümün, bacısı Tərlanın himayəsində böyümüş, ilk təhsilini mədrəsədə almışdı. Nənəsi də dünyasını dəyişəndən sonra 11 yaşında əmək fəaliyyətinə başlayır, rayondakı barama fabrikində fəhlə işləyərək çörək pulu qazanırdı. Bir müddət keçəndən sonra xeyirxah insanlar onu rayondakı klubun kitabxanasında işləməyə dəvət ediblər. Onun ilk yazısı da elə o zamanlar "Yeni fikir" qəzetində "Ordubad klubunun halı" başlığı altında dərc olunmuşdu.
Məmmədi rayonda yeni açılmış kəndli-gənclər məktəbinə qəbul ediblər. İki il sonra Naxçıvan Pedaqoji texnikumunda oxuyub. Orada təhsilini başa vurduqdan sonra "Kəndli qəzeti"ndə müxbir vəzifəsində işləyib. Çox keçmir ki, atamın maraqlı, günün mövzularına aid yazılarının xoş sorağı Bakıya da çatır. Qədirbilən insanlar onu 1929-cu ildə Bakıya "Kommunist" qəzetində işləməyə dəvət ediblər. O, redaksiyada sənaye şöbəsində çalışmış, qəhrəman neftçi, inşaatçı əməyini tərənnüm edən yazıları oxucular, ədəbi ictimaiyyət tərəfindən həvəslə oxunarmış.
İyirmi iki yaşından atam bədii yaradıcılığa meyil göstərib. Hekayələri "İnqilab və mədəniyyət", "Hücum" jurnallarında dərc olunardı. 1932-ci ildə "Şadman" adlı ilk kitabı işıq üzü görüb. Dostlarının, həmyaşıdlarının xatirələrində oxumuşam ki, həmin toplu maraqla qarşılanmış, müəllifinə şöhrət gətirmişdi. Lakin o, sevinmək, qürur hissi keçirmək əvəzinə yenidən Ordubada qayıtmaq həvəsinə düşüb. Sonralar deyərdi: "Kirayənişin yaşamaqdan daha bezmişdim. Məmməd Səiddən, Cəfər Cabbarlıdan, Həbib Cəbiyevdən gördüyüm diqqəti, qayğını heç doğmalarımdan görməmişəm. Onların köməkliyi ilə mənzil almaq arzuma çatdım".
Atam Əvəz Sadıq, Kazım Ziya, Hüseyn Cavid, Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Hacıağa Abbasov, Süleyman Rüstəm və başqaları ilə dostluq, yoldaşlıq, əməkdaşlıq edərmiş. Onlardan eşitdiklərini gündəliyinə yazarmış. Ötən dövrü xatırlamaq nə qədər çətin olsa da, elə bilirəm ki, həmin fikirlərdən bəzi məqamları yad etmək yerinə düşər. Hüseyn Cavid: "Məmməd Əkbər "Şadman" kitabında Şərur sakinlərini, oranın ormanlarını, dağlarını, dərələrini olduqca mənalı, inandırıcı əks etdirib". Mirzə İbrahimov: "Məmməd Əkbər "Ədəbiyyat qəzeti"nin bel sütunudur". Mir Cəlal Paşayev: "Məmməd Əkbərin rəvan, aydın, şirin nəsr üslubu var. Oxucu onu mahir, təcrübəli, müasir mövzuda yazan, təsvir etdiyi hadisələrə ayna tutan yazıçı kimi tanıyır və sevir". Professor Abbas Zamanov: "Onun yazdıqlarının hamısı həyatdan gəlmədi. O, cəmiyyətin aşağı qatlarının həyat tərzinə, mənəviyyatına yaxşı bələddir. Məhz buna görə də Məmməd Əkbərin hekayələrində, oçerklərində və reportajlarında dərin həyatilik və səmimiyyət var. Onun ürəyi həmişə insanları xoşbəxt görmək arzusu ilə çırpınır". Görkəmli elm xadimi, yazıçı, unudulmaz Nurəddin Babayev atamın oçerkləri mövzusunda elmlər namizədi dissertasiyası müdafiə etmişdi.
O, 16 il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib, ömrünün sonuna kimi isə əməkdaş olmuşdu. Həmin illərdə qəzetin redaktorları M.S.Ordubadi, C.Cəfərov, Ə.Cəmil, Ə.Əlibəyli, O.Sarıvəlli, M.Cəfər, Q.Qasımzadə, S.Rüstəm, Y.Əzimzadə, H.Abbaszadə onun xətrini çox istəmiş, əməyini yüksək qiymətləndirmişlər. Mərhum Yusif Əzimzadənin ürək sözlərini bu gün də həyəcansız oxuya bilmirəm: "Məmməd Əkbər mətbuatda çalışdığı 45 ildən artıq müddətdə bir dəfə də olsun oxucular qarşısında, ədəbi ictimaiyyət qarşısında, öz sənət yoldaşları qarşısında başıaşağı olmamış, zəngin təcrübəsi, iş bacarığı ilə hamının hörmətini, məhəbbətini qazanmışdı. O, həmişə narahat və diqqətcil idi".
Məmməd Əkbərin İkinci dünya müharibəsi barədə xatirələrini oxuyanlar bu gün də günahsız qan tökən faşistlərə qarşı nifrətlərini gizlətmirlər. O yazıb: "Müharibə Tanrının xəlq etdiklərinə qisməti deyil. İnsanın insana etdiyi zülmdür, əzabdır, ölümdür... 1941-ci ildə bizi - Cəfər Xəndanı, Əvəz Sadığı, Ənvər Məmmədxanlını və başqalarını sovet ordusu tərkibində İrana göndərdilər. Orada "Qızıl əsgər" qəzetində işlədik. Gücümüz ancaq yazmağa, təbliğat aparmağa çatırdı. Deyim ki, bəzi yazılarımız elə bomba kimi partlayır, oxucuları səfərbər edirdi... Vətənə qayıtdıqdan sonra az keçmiş Səməd Vurğun, Mehdi Hüseyn, mən, ümumiyyətlə, 8 nəfər yazıçı-şairlər Şimali Qafqaz uğrunda döyüşən 416-cı diviziyanın əsgər və zabitləri ilə görüşə getdik. Komandirdən tutmuş sıravi əsgərə kimi hamı Səməd Vurğunu görəndə ehtiram əlaməti olaraq ayaqüstə durdular... Yəni, söz, sənət var, lap bombadan da betərdir".
Atamın gənclik illərini görməmişəm. Amma yaşının orta, ahıl çağları xəyalımda canlanır, gözlərim önündən lent kimi ötüb keçir. O, ömrü boyu nədənsə, kimdənsə təmənna ummayıb, heç kimin qəlbinə dəyməyib. Kitablarını mağazalardan öz puluna alıb dost-tanışa, qohum-qonşuya hədiyyə edərdi. Xeyir-şərdən qətiyyən qalmazdı. Eşidəndə ki, dost-tanışlarından, həmkarlarından kimsə dünyasını dəyişib, sifəti ağappaq olardı. Gücü yalnız əlini ürəyinin üstünə qoymağa çatardı. Bu sözlər də dilinin əzbəriydi: "Mənim üç övladım - Səidəm, Rövşənim, Gülşənim, bircə də əməkhaqqı aldığım ünvan - "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyası var. Bəzən məni qınayırlar ki, nə üçün sonuncunu daha çox istəyirsən? Cavab verirəm ki, əməyimin bəhrəsi olaraq ordan aldığım məvaciblə balalarımı boya-başa çatdırmışam".
Ömrünün son illərində kitablarını - "Gənc qaliblər", "Sürəyya", "Həyatımızdan səhifələr", "Dostlar və tanışlar", "Hekayələr, oçerklər, xatirələr", "Yeni həyatı yaradanlar" və başqa əsərlərini oxşayaraq "Mənim sonrakı ömrümü siz yaşadacaqsınız", - deyərdi. O, eyni zamanda, istedadlı tərcüməçi kimi də tanınmışdı. Neçə-neçə əcnəbi yazıçının əsərini dilimizə çevirmişdi.
35 ildir ki, atam dünyasını dəyişib. Lakin o, sağlam əqidəsinə, işgüzarlığına, yaradıcılıq bacarığına, müsbət insani keyfiyyətlərinə görə unudulmayıb. İndi də yaddaşlarda yaşayır.
Söhbəti yazdı:
Telman Ağaoğlu
Azərbaycan.-2009.-7 may.-S.7.