İstanbulun Aydın Universitetində
"Heydər Əliyev
və Azərbaycanın
neft strategiyası"
kitabının təqdimatı
olmuşdur
İstanbuldakı Aydın Universitetində baş konsul Səyyad Salahlının "Heydər Əliyev və Azərbaycanın neft strategiyası" kitabının təqdimat mərasimi keçirilmişdir.
Baş konsul tələbə və professor-müəllim heyəti qarşısında çıxışında türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin neft strategiyasının bölgəmiz və dünya üçün əhəmiyyətindən, bu strategiyanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı danışmışdır.
Mərasimdə iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun universitetin rektoru professor Mustafa Aydınla görüşündə ölkələrimiz arasında təhsil sahəsində uğurlu əməkdaşlığın perspektivlərindən bəhs olunmuşdur.
Sonra Əli Həsənov professor-müəllim heyəti və tələbələr qarşısında Cənubi Qafqazdakı vəziyyətlə bağlı çıxış etmiş, Azərbaycan, Gürcüstan və Ermənistanda siyasi, iqtisadi və sosial vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlərdən danışmışdır. Ə.Həsənov Azərbaycan və Türkiyə ictimaiyyətinin Ermənistanla sərhədlərin açılması haqqında xəbərləri nədən belə həyəcanla qarşıladığını tutarlı faktlarla əsaslandırmışdır.
Azərbaycanlı tələbələr professor Əli Həsənova universitet adından plaket təqdim etmişlər.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.-2009.-8 may.-S.2.