Ulu öndərin
xatirəsi Naxçıvan
Dövlət Universitetində
anıldı
Naxçıvan Dövlət Universitetinin Heydər Əliyev lektoriyasının növbəti məşğələsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş elmi konfrans şəklində keçirildi. "Heydər Əliyev siyasi kursu: böyük siyasət və dinamik inkişaf" mövzusunda respublika elmi konfransını giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açdı. Rektor Heydər Əliyev ideyalarının, irsinin öyrənilməsinin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışdı. XX əsrin görkəmli siyasi şəxsiyyətlərindən olan Heydər Əliyevin Azərbaycanın müstəqillik qazanması və dinamik inkişafı uğrunda möhtəşəm fəaliyyətindən, dövlət müstəqilliyinin və ölkədaxili siyasi sabitliyin qorunmasındakı, xarici siyasi-iqtisadi əlaqələrin qurulmasındakı misilsiz xidmətlərindən bəhs edən İsa Həbibbəyli ulu öndərin azərbaycançılıq ideologiyasının və siyasi kursunun ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev "Heydər Əliyev və milli-mənəvi dəyərlərin inkişaf dialektikası" mövzusunda məruzə edərək unikal siyasi təfəkkürə, sarsılmaz milli məfkurəyə malik Heydər Əliyevin Azərbaycanın mənəvi dəyərlərinin qorunub saxlanılmasındakı, tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafındakı, gənclərdə milli mənəvi şüurun formalaşmasındakı əvəzsiz rolundan danışdı. NDU-nun Hüquq fənləri kafedrasının baş müəllimi, tarix elmləri namizədi Elman Cəfərli "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" mövzulu məruzəsində Heydər Əliyevin milli müstəqilliyin əldə olunmasındakı tarixi liderlik missiyasından, yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dünya dövlətləri ilə bir sırada sürətlə inkişaf etməsindən danışdı.
NDU-nun Azərbaycan ədəbiyyatı üzə birinci kurs magistri Orxan İsayev "Heydər Əliyevin dil siyasəti" barədə məruzə edərək ümummilli liderin Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, ana dilinin saflığı və zənginləşdirilməsi, dilçiliklə əlaqədar elmi-tədqiqat işlərinin aparılması istiqamətində atdığı mühüm tarixi addımlardan söz açdı. Universitetin İqtisadiyyat fakültəsinin "Ümumi iqtisadiyyat" ixtisası üzrə ikinci kurs tələbəsi, Heydər Əliyev adına təqaüdçü Elçin Əliyev məruzəsində ulu öndərin hakimiyyətə gəldiyi dövrdə ölkənin siyasi-iqtisadi böhran içində olduğunu, məhz onun siyasi fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi tərəqqiyə çıxdığını bildirdi.
Konfransda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd və kitab sərgisi də nümayiş etdirildi.
Mehriban SULTAN,
NDU-nun mətbuat
şöbəsinin müdiri
Azərbaycan.-2009.-8 may.-S.2.