"Heydər Əliyev ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu"

 

 Yeni Azərbaycan Partiyası mayın 7-də "Gülüstan" sarayında partiyanın yaradıcısı, müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu" mövzusunda konfrans keçirmişdir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək dünya şöhrətli siyasi xadimin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül-çiçək düzülmüşdür.

Prezident Administrasiyasının məsul işçilərinin, nazirlərin, dövlət komitələri, şirkətləri və agentlikləri rəhbərlərinin, Milli Məclisin deputatlarının, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü ilə YAP sədrinin müavini-icra katibi, parlamentin deputatı Əli Əhmədov açmışdır. O bildirmişdir ki, 2003-cü ildən başlayaraq Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi və təbliği məqsədi ilə hər il onun anadan olduğu gün ərəfəsində konfrans keçirir. Bu il də, əvvəlki illərdə olduğu kimi, konfransın materialları partiyanın İcra Katibliyi tərəfindən toplanaraq eyniadlı kitab şəklində çap olunmuşdur.

YAP sədrinin müavini qeyd etmişdir ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında nəinki uzun bir tərəqqi yolu keçmişdir, eyni zamanda yaşadığımız XXI əsrdə də ölkəmizin inkişafının kökündə Heydər Əliyev ideyaları, ulu öndərin qoyub getdiyi zəngin irs dayanır. Azərbaycan vətəndaşları dərindən inanırlar ki, ölkəmizin inkişafı, müstəqil dövlət kimi sivil dövlətlər arasında layiq olduğu mövqeyi tutması və bu mövqedə möhkəmlənməsi, əsas etibarilə ulu öndərin zəngin irsinə söykənir. Bu gün Azərbaycanın sürətli, dinamik inkişafının əsasında Heydər Əliyev ideyaları fundamental baza kimi dayanır. Ümummilli liderin ideyaları Azərbaycan cəmiyyətini birləşdirən, vətəndaş həmrəyliyini təmin edən əsas baza rolunda çıxış edir. Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideyası bugünkü Azərbaycan dövlətçiliyinin təməl prinsipi kimi fəaliyyət göstərməkdədir. Heydər Əliyev ideyaları Azərbaycanın milli müstəqillik ideyasının kökündə dayanan hərəkətverici qüvvə olaraq bugünkü müstəqilliyimizin möhkəmlənməsini təmin edən çox etibarlı fundament kimi öz missiyasını yerinə yetirməkdədir.

Heydər Əliyev ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayanır.

Bütün ömrünü doğma vətəninin xoşbəxtliyinə həsr edən, Azərbaycana sonsuz məhəbbət bəsləyən Heydər Əliyevə xalqımızın da sevgisi sonsuzdur və yalnız onu özünün ümummilli lideri hesab edir.

Böyük siyasət xadimlərinin ömrünün onların yaşadığı illərlə ölçülmədiyini bildirən Əli Əhmədov demişdir ki, nə qədər müstəqil Azərbaycan var, qədirbilən xalqımız var, Heydər Əliyevin ideyaları, müəyyən etdiyi strateji xətt yaşayacaqdır. Müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsində, azərbaycançılıq ideyasının, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin formalaşmasında, ölkəmizin dünyaya inteqrasiyasında Heydər Əliyev ideyaları misilsizdir.

Sonra konfransda Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət ƏSGƏROV "Azərbaycan Respublikasının Konstitusiyası müasir mərhələdə" mövzusunda məruzə ilə çıxış etmiş, ümummilli lider Heydər ƏIiyevin müəllifi olduğu Əsas Qanunumuzun demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi sahəsində rolundan danışmışdır.

Məruzəçi qeyd etmişdir ki, Konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır.

Natiq demişdir ki, müasir dövrümüzdə Azərbaycanın konstitusion dövlət kimi təşəkkül tapması, hər şeydən əvvəl, ölkədə ictimai-siyasi proseslərlə müşayiət olunan tarixi şərait və bu müstəvidə fəaliyyət göstərən görkəmli siyasi lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dinamik inkişaf xətti ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından müasir tariximizin çox mühüm ictimai-siyasi hadisəsi olmuşdur. Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə, ilk növbədə, siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.

Əsas Qanunda konseptual baxımdan yeni ideyalardan biri ictimai münasibətlər sistemində dövlətin rolu ilə bağlıdır. Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Azərbaycan Respublikası Konstitusiyasının hətta inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalarından biri Əsas Qanunda sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan dövlətinin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. Həmçinin Konstitusiyamız ölkə qanunvericiliyinin inkişafı üçün əsas baza rolunu oynayır.

Ümummilli liderin müəllifi olduğu Azərbaycan Konstitusiyasının dövlət və hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də dövlət hakimiyyətinin ali orqanları sistemində müstəqil məhkəmə hakimiyyətinin mövqeyinin gücləndirilməsi olmuşdur.

Z.Əsgərov demişdir ki, Azərbaycan Konstitusiyasının ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu üçün tələb olunan bütün prinsipial məqamları özündə əks etdirir. Bu isə Konstitusiya müddəaları əsasında müxtəlif səviyyədə zəruri islahatların həyata keçirilməsinə rəvac vermişdir.

Konstitusiyamız qəbul ediləndən sonra ölkəmizdə aşağıdakı irimiqyaslı dəyişikliklər baş vermişdir: birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşmış və ötən dövr ərzində Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul edilmiş; Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən və dövlətçiliyin varisliyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan Prezident institutu formalaşmış; dövlət hakimiyyəti orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu - bələdiyyə orqanları yaradılmış və fəaliyyətə başlamışdır.

Konstitusiyanın qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən birinin də yeni hüquq sisteminin formalaşması olduğunu bildirən natiq demişdir ki, ölkədə bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazası yaradılmış, məhkəmə-hüquq islahatları həyata keçirilmişdir. Konstitusiyanın qəbulundan ötən müddətdə bu istiqamətdə çox ciddi addımlar atılmışdır və uğurla davam etdirilir.

Həm 2002-ci il avqustun 24-də, həm də 2009-cu il martın 18-də keçirilmiş referendumlarda Konstitusiyaya edilmiş əlavələr və dəyişiklikləri yüksək qiymətləndirən Z.Əsgərov bildirmişdir ki, bu əlavələr və dəyişikliklər Əsas Qanunun insan hüquqları və azadlıqları hissəsində hüquqların təminatını daha da genişləndirmişdir.

Z.Əsgərov vurğulamışdır ki, bu gün Azərbaycanda həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinin layiqli davamçısı olan dövlətimizin başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İBRAHIMOV konfransda "Azərbaycan islahatlar yolunda" mövzusunda məruzə ilə çıxış etmişdir. O demişdir ki, dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, materiya daim hərəkətdə olduğu kimi, dövlət də daim inkişaf etməli, ölkədə quruculuq işləri aparılmalı, iqtisadi və siyasi model daim təkmilləşdirilməlidir. Bu proseslərin dayanması və ya yerində sayması ölkədə durğunluğun yaranmasına və əks prosesin - tənəzzülün başlanmasına səbəb olur və son nəticədə ölkənin dağılması ilə başa çatır.

Tarixə ekskurs edən natiq ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində baş vermiş proseslər nəticəsində ölkə iqtisadiyyatının dağılmaq həddinə çatdığını xatırlatmışdır. Bildirilmişdir ki, yaranmış acınacaqlı vəziyyətdən çıxış yolunu Azərbaycan xalqı özü müəyyən etdi və 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Heydər Əliyev ölkəyə rəhbərliyə başladığı ilk gündən qayda-qanunun bərpası, icra intizamına əməl edilməsi, cəmiyyətdə əmin-amanlığın bərqərar olması üçün çox mühüm və təsirli tədbirlər həyata keçirməyə başladı.

İqtisadi və siyasi islahatları həyata keçirmək üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması istiqamətində qətiyyətli addımlar atıldı. Vətəndaş müharibəsi təhlükəsinin, xarici qüvvələr tərəfindən dəstəklənən dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Heydər Əliyevin yüksək təşkilatçılıq məharəti və vaxtında həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə siyasi sabitlik təmin edildi.

Bundan sonra bazisi təşkil edən iqtisadi islahatlarla yanaşı, üstqurum yaratmağa xidmət edən siyasi islahatların vəhdətinə yönəlmiş tədbirlər həyata keçirilməyə başlandı. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə ilk Konstitusiyamız hazırlandı və qəbul olundu. Bu sənəd hakimiyyətin bölünməsi prinsipinə əsaslanaraq mülkiyyətin dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərində olmasını elan etdi. Konstitusiyada qeyd olundu ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bütün bu müddəalar ölkəmizdə hüquqi bazaya əsaslanan demokratik islahatların keçirilməsinə imkan yaratdı.

Ölkədə aparılan islahatlar zamanı dünya təcrübəsinə xüsusi önəm verildiyini deyən E.İbrahimov müvafiq hüquqi bazanın yaradıldığını, keçmiş SSRİ respublikaları arasında ilk dəfə çox cəsarətli aqrar və torpaq islahatlarının keçirildiyini vurğulamışdır. Məhz bu islahatlar, həcm etibarilə dünyanı heyrətləndirən layihələr Azərbaycanı bu gün regionun lider dövlətinə çevirmişdir. Dünyanı bürümüş maliyyə-iqtisadi böhran ən böyük dövlətləri silkələdiyi halda, düzgün iqtisadi inkişaf yolu tutmuş Azərbaycanda onun təsiri bir o qədər də hiss olunmur.

Bütün bu uğurlar və əldə edilən nailiyyətlər hər şeydən əvvəl ölkəmizdə həyata keçirilən iqtisadi və siyasi islahatların Heydər Əliyev-Azərbaycan modelinin Prezident İlham Əliyev tərəfindən gündən-günə təkmilləşdirilərək milli mənafelərə və qloballaşan dünya siyasətinə uyğun olaraq düzgün istiqamətdə aparılmasının nəticəsidir.

Milli Məclisin komitə sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Dillər Universitetinin rektoru Səməd Seyidov "Azərbaycanın xarici siyasət konsepsiyasının təkamülü" mövzusunda məruzəsində vurğulamışdır ki, ölkəmizin xarici siyasəti haqqında danışanda, bir neçə vacib və əsas məqamı nəzərdən keçirməliyik.

Bu gün dövlətimizin, Azərbaycan Prezidentinin apardığı xarici siyasətin əsasında konkret fəlsəfi konsepsiya durur. Bu fəlsəfə bir tərəfdən ümummilli lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq fəlsəfəsidir. Digər tərəfdən isə, bu, Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli adət-ənənələr və dəyərlər sistemidir. Yəni bu iki məqam, fəlsəfi əsas bir-biri ilə birləşərək Azərbaycanın xarici siyasətinə çox güclü təsir göstərir.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət fəlsəfəsi bir sıra tarixi və siyasi amillərin təsiri ilə formalaşmışdır. Azərbaycan tarixinə nəzər yetirsək görərik ki, ölkəmiz həmişə həm Qərb, həm də Şərq məkanında müxtəlif xalqlarla ünsiyyət yaradaraq onlar arasında körpü rolunu oynamışdır. Azərbaycan Qərb və Şərq sivilizasiyaları arasında vasitəçi funksiyasını yerinə yetirməklə bərabər, həm də bu münasibətləri formalaşdıran fəal beynəlxalq subyekt olmuşdur.

Daha sonra məruzəçi demişdir ki, Azərbaycanın çağdaş dövrdə gerçəkləşdirdiyi beynəlxalq siyasətin dərin kökləri vardır. Lakin bu xarici siyasi ənənələr Heydər Əliyevin azərbaycançılıq ideyasında və fəlsəfəsində ümumiləşdirilmiş və sistemləşdirilmişdir. Bu gün Prezident İlham Əliyevin apardığı xarici siyasət də məhz bu konsepsiyaya əsaslanır.

Hazırda xarici siyasətin formalaşmasında Prezident İlham Əliyevin rolu müstəsnadır və bu istiqamətdə o, çox böyük işlər görür. Dövlətimizin başçısının bugünkü xarici siyasətini təhlil etsək görərik ki, o, qloballaşan müasir dünyanın təhlükələrini qabaqcadan görərək onun müsbət xüsusiyyətlərini özündə ifadə edən siyasət formalaşdırmışdır.

Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətləri üzərində dayanan S.Səmədov bildirmişdir ki, birincisi, İlham Əliyevin apardığı xarici siyasət xəttinin əsasını mili maraqlar kateqoriyası təşkil edir. Belə ki, ən ali maraqlar millətin maraqlarıdır. Azərbaycanın xarici siyasətinin prioriteti ondan ibarətdir ki, bütün maraqlar içərisində millətin iradəsi ali maraqlar kimi qəbul olunsun, üstünlük təşkil etsin və bu maraqların həyata keçirilməsi ölkənin mənafelərinin əsasını təşkil etsin.

Azərbaycanın dövlətçiliyin inkişafında demokratik prinsiplərə sadiq qalması beynəlxalq birliyin ölkəmizə inamının artmasına səbəb olmuşdur. Ötən il Cənubi Qafqaz regionunun hər üç ölkəsində seçkilər keçirilmişdir. Beynəlxalq müşahidəçilərin yalnız Azərbaycanda keçirilən seçkilər haqqında yüksək fikirlər bildirməsinin şahidi olduq. Bu isə ölkəmizdə aparılan islahatların milli maraqlarımıza və demokratik prinsiplərə əsaslanmasından qaynaqlanır.

Dünyanın əksər yerlərində böyük dövlətlərin maraqlarının toqquşduğuna diqqət çəkən natiq vurğulamışdır ki, bu, beynəlxalq münasibətlər sistemində qarşısıalınmaz bir proses olsa da, Azərbaycanda maraqların toqquşması deyil, birgə mövcud olması müşahidə edilir.

Üçüncüsü, respublikamızın xarici siyasətində öz əksini tapmış və çox vacib olan məqam ondan ibarətdir ki, Azərbaycan böyük dövlətlərlə, xüsusilə Avropa ölkələri ilə əlaqələr quraraq, həmin dövlətlərin təhlükəsizliyini təmin edən dövlətə çevrilmişdir.

Dördüncüsü, Azərbaycanın xarici siyasətinin əsas məqamlarından biri Şərq-Qərb dialoqunu təşkil etməsidir.

Nəhayət, Azərbaycanın xarici siyasətinin çox vacib bir məqamı ölkəmizin tarixi, fəlsəfəsi və mədəniyyətini dünya tarixi, fəlsəfi və mədəni dəyərləri sisteminə daxil etməkdir. Bu mənada Prezident İlham Əliyev demişdir ki, Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət kursu çox açıqdır, aydındır və səmimidir. Bu isə nəticə etibarilə yürüdülən siyasətin bütün dünya tərəfindən yüksək diqqətlə və hörmətlə qarşılanmasının əsas təməl prinsipini təşkil edir və digər problemlərin həllində olduqca böyük rol oynayır.

Konfransda Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami CƏFƏROV "Azərbaycançılıq və azərbaycanşünaslıq, əliyevçilik və əliyevşünaslıq" mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, hər hansı ideya və ya ideoloji sistem o zaman şüurlarda özünə möhkəm yer tuta, uzun zaman insanlığa xidmət edə bilir ki, cəmiyyət onu elm kimi qavrasın. İntellektual-ideoloji həyatın təcrübəsi göstərir ki, bunun üçün üç şərt vacibdir. Birincisi, ideya və ya ideoloji sistem, bu və ya digər miqyasda, praktikadan irəli gəlməli, ona dayanmalıdır. İkincisi, elmi təfəkkürün ümumbəşəri texnologiyaları əsasında qurulmalı, sözün geniş mənasında, ənənəvi elmi dillə danışmalıdır. Sonuncusu isə, humanist olmalı, cəmiyyətə, insanlığa xidmət etməlidir.

Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının və ümumən dünyanın böyük siyasi mütəfəkkirlərindən biri olan Heydər Əliyevin yarım əsrdən artıq bir dövrdə irəli sürdüyü, uğrunda mübarizə apardığı və həyata keçirdiyi ideyaların - əliyevçiliyin bütöv, mükəmməl və sistemli bir əliyevşünaslıq elmi səviyyəsinə qaldırılması üçün hər cür şərtlər mövcuddur. Əliyevçilik ictimai təcrübədən irəli gəlməsi, milli olduğu qədər də ümumbəşəri elmi təfəkkür modelləri və ya sxemləri ilə ifadə edilə bilməsi və humanizmi, insanlığa xidmət etməsi, yəni elmə çevrilə bilmək imkanlarının genişliyi ilə diqqəti çəkir.

İkincisi, ümummilli liderin müəllifi olduğu ideyalar illər keçdikcə daha da zənginləşir, ehtiva coğrafiyasını daha da genişləndirir və dünyanın siyasi-ictimai təfəkkür tarixində öz danılmaz yerini müəyyənləşdirir.

Nəhayət, əliyevçiliyin elmi-metodoloji tədqiqi get-gedə daha ardıcıl xarakter daşımağa başlayır.

Tam məsuliyyətlə demək olar ki, əliyevçilik yalnız müasir azərbaycançılıq olaraq qalmadı, eyni zamanda azərbaycançılığın bir ideologiya olaraq düzgün təfsirində həlledici rol oynadı.

Son 15 ildə Heydər Əliyev haqqında yazılmış yüzlərlə publisistik, bədii və digər kitabları, minlərlə məqaləni nəzərə almasaq, əliyevşünaslığın bugünə qədərki əsas mənbələrini aşağıdakı şəkildə qruplaşdırmaq olar:

- ümummilli liderin öz əsərləri, xüsusilə nəşri mütəmadi davam edən "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyi;

- elm adamlarının əliyevçiliyə həsr olunmuş əsərləri, xüsusilə akademik Ramiz Mehdiyevin fundamental araşdırmaları;

- ictimai-siyasi xadimlərin, bir qayda olaraq, əliyevçiliyə bütövlükdə, yaxud ümumi şəkildə baxmaq təcrübəsi verən yazıları;

- bu və ya digər elm sahələrinə, xüsusilə ictimai elmlərə həsr olunmuş monoqrafiya, yaxud dərsliklərdə əliyevçiliklə bağlı istinadlar, mülahizələr;

- Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçirdiyi müxtəlif səciyyəli konfranslarda edilmiş məruzələr, çıxışlar və s.

Etiraf etmək lazımdır ki, dahi ictimai-siyasi xadim, dövlət qurucusu və mütəfəkkir nə qədər böyük ideyalar müəllifi olduğunu bilsə də, sağlığında həmin ideyaların elmi-metodoloji baxımdan işlənməsi, ümumiləşdirilməsinə çalışmamış, özünəməxsus təvazökarlıqla bu zəruri məsələni gələcəyin öhdəsinə buraxmışdır. Ona yaxşı məlum idi ki, yalnız həyata keçmiş ideyalarının deyil, gələcəkdə həyata keçəcək ideyalarının da dərindən öyrənilməsi milli zərurətə çevriləcəkdir. Onu da etiraf etmək lazımdır ki, Heydər Əliyevin intellektual-elmi dühasına yüksək qiymət verən Azərbaycan alimləri keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq əliyevşünaslığın bünövrəsində dayana biləcək dəyərli fikirlər söyləmiş, onun müəllifi olduğu azərbaycançılıq ideologiyasının analitik təhlilini verməyə çalışmışlar. Həm Azərbaycanda əliyevşünaslığın inkişafında, həm də onun dünya miqyasına çıxmasında ümummilli liderin vəfatından sonra fəaliyyətə başlamış Heydər Əliyev Fondu böyük işlər görmüş, hətta bu sahədəki genişmiqyaslı fəaliyyətin əlaqələndirilməsi təcrübəsini də vermişdir. Heç şübhəsiz, Heydər Əliyev Fondunun həmin təcrübəsi yaxın zamanlarda öz işinə başlayacaq Heydər Əliyev Mərkəzi üçün çox faydalı olacaqdır.

 

* * *

 

Fasilədən sonra konfrans işini "Heydər Əliyev və müasir Azərbaycan tarixi", "Heydər Əliyev - böyük islahatçı" və "Böyük islahatların uğurlu davamı" mövzularında bölmə iclaslarında davam etdirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 may.-S.3.