Heydər Əliyevin adı tarixin qızıl səhifələrinə yazılıb

 

"Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam" - ümummilli lider Heydər Əliyev bu fikirləri ilə vətəninə, torpağına, xalqına nə qədər bağlı olduğunu açıqlayırdı. Güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər.

Təcrübə göstərir ki, dünya tarixində özünəməxsus keyfiyyətləri ilə tanınan liderləri fərqləndirən cəhətlər vardır. Birinci, liderlər cəmiyyətdə baş verən böhranlar zamanı ağlı, zəkası, siyasi biliyi və hazırlığı ilə tanınırlar. İkinci, təbiətən liderlik keyfiyyətlərinə malik olurlar. Bəziləri liderlik mühitindən qazandıqları xüsusiyyətlərinə görə seçilirlər. Bütün bu keyfiyyətləri özündə formalaşdıran və yaşadığı dövrün əvəzedilməz lideri kimi tanınan ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyətinin əsasını vətənə sədaqət, xalqa xidmət təşkil edib.

1969-cu ildən ölkəmizə rəhbərlik edən ümummilli lider Heydər Əliyevin qətiyyəti, böyük siyasi uzaqgörənliyi ilə başlanan dövr, sürətli inkişaf strategiyası sonrakı uğurlarımızın əsasını təşkil etdi. Bu strategiya nəticəsində yaranmış böyük iqtisadi potensial 1990-1992-ci illərdə dağıdılıb bərbad hala salınsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində müstəqil dövlətimiz inkişaf, tərəqqi yoluna çıxdı.

Azərbaycanın bu gün beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanınması və qəbul olunması, son illərdə iqtisadi artımın sürətinə görə dünyada birinciliyi ələ alması təbii ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətin hazırda Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çox qısa zamanda daxili və xarici bədxahların xəyanətkar planlarını alt-üst etdi, saysız-hesabsız çətinliklərə sinə gərərək dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsini yaşayan ölkəmizi tərəqqi yoluna çıxardı. "Sabitlik hər bir inkişafın əsasıdır" söyləyən ulu öndər Heydər Əliyev hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın baş alıb getdiyi o illərdə ölkədə sabitliyi, normal həyat şəraitini bərpa etmək, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan, müharibə şəraitində yaşayan respublikanı böhrandan xilas etmək üçün ciddi addımlar atdı. 1994-cü ilin mayında ümummilli liderin gərgin səyləri sayəsində atəşkəsin əldə olunması ölkəmizin bütün sahələrdə inkişafına geniş zəmin yaratdı.

Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə əldə etdiyi uğurlar barədə danışarkən təbii ki, ilk növbədə bunların əldə olunması üçün misilsiz xidmətləri olan ulu öndərimizin gördüyü işləri yada salmalı, ölkəmizin, xalqımızın bugünkü rifahı üçün ona minnətdar olmalıyıq.

Azərbaycanın nəinki keçmiş Sovetlər birliyi məkanında, eləcə də dünya miqyasında tanınması, xalqlar arasında öz layiqli yerini tutması ilə səciyyələnən 1969-1982 və 1993-2003-cü illər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Azərbaycan keçmiş SSRİ-nin 15 respublikası arasında tutduğu axırıncı yerlərdən sürətlə ön cərgəyə çıxdı, bütün göstəricilərə görə yüksək templə inkişaf etməyə, sözün əsl mənasında, tərəqqi yolu ilə irəliləməyə başladı. Kənd təsərrüfatının inkişafı görünməmiş vüsət aldı. Neçə-neçə emal müəssisəsi, Azərbaycanda o dövr üçün əlçatmaz olan ən müasir sənaye sahələri yaradıldı, neft-kimya sənayesi ən qabaqcıl texnologiyalar sayəsində tamamilə yeniləşdirildi. Ən başlıcası, yalnız nefti və pambığı ilə tanınan respublikanın çox böyük iqtisadi və mənəvi potensialı olduğu sübut edildi.

Ulu öndər Heydər Əliyev Azərbaycanı sənaye cəhətdən yüksək inkişaf etmiş respublikalar səviyyəsinə çıxardı. Hakimiyyətinin ikinci dövründə də ölkənin sosial-iqtisadi inkişafı əsas prioritet kimi diqqətdə saxlanıldı. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi həyata keçirilən siyasətin əsasını təşkil etdi. Ulu öndər bildirirdi ki, heç bir ölkə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. İqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verilməsi ümummilli liderin uzaqgörənliyinin göstəricisidir.

Ölkəmizin iqtisadi qüdrətinin artması siyasi mövqeyinin möhkəmlənməsi ilə müşayiət olundu. Azərbaycan çox qısa zamanda müstəqil dövlət kimi beynəlxalq aləmdə varlığını təsdiqlədi, müstəqil siyasəti ilə yerini və rolunu möhkəmləndirdi. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfərləri, eyni zamanda bu və ya digər dövlət rəsmilərinin Azərbaycana səfərləri ikitərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi. Ölkəmizin beynəlxalq təşkilatlar səviyyəsində də əlaqələri yüksələn xətt üzrə inkişaf etdi. Azərbaycan dünyanın nüfuzlu təşkilatlarına üzv qəbul olunmaqla həqiqətlərini dünyaya çatdırmaq üçün tribunalar qazandı.

Dövlətimizin xarici siyasətinin əsas tərkib hissələrindən biri də diaspor işinin yüksək səviyyədə qurulması idi. Ümummilli lider Heydər Əliyev müstəqillik yollarında yenicə addımlarını atan hər bir dövlətin qarşısında duran vəzifələri açıqlayarkən bu amili hər zaman önə çəkirdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk gündən ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində ciddi səylər göstərdi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırdı. Bəyan etdi ki, hamımızın bir vətəni var - Azərbaycan. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizin tərəqqisinə, inkişafına öz töhfəsini verməlidir.

Ümummilli lider Heydər Əliyev çoxşaxəli siyasi fəaliyyətində daha bir tarixi missiyanı - dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı kimi çətin, ancaq vacib bir vəzifəni də üzərinə götürdü və onu dövlət siyasətinin əsas tərkib hissəsi kimi daim diqqətdə saxladı. Milli dövlətçilik tariximizdə ilk dəfə siyasi prinsiplər və milli-mənəvi dəyərlər soydaşlarımızın təşkilatlanmasına çalışan Heydər Əliyevin simasında vəhdət təşkil etdi: "Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb." Müdrik və tarixi şəxsiyyət kimi "gücümüz birlikdədir" kəlamını istinad nöqtəsi hesab edən ulu öndər 31 dekabr - "Dünya Azərbaycanlılarının həmrəylik günü" ilə əlaqədar fərman imzalayanda çox yaxşı bilirdi ki, soydaşlarımızın təşkilatlanması, diaspor hərəkatının başlanması təkcə ölkənin siyasi-iqtisadi inkişafı deyil, tariximizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, dünya xalqlarına tanıdılması baxımından da vacibdir.

Soydaşlarımızın mütəşəkkilliyini, dünya ölkələrinə inteqrasiyasını beynəlxalq siyasətin tələblərinə uyğun hərəkat adlandıran ulu öndərin bu tövsiyəsi qarşıdakı onillər üçün hesablanmış proqram sənədi oldu: "Mən demirəm ki, azərbaycanlıların hamısı bir yerə yığışsın, bu heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər".

Azərbaycanlıların ideya, məfkurə birliyini gələcək mütəşəkkilliyin təməli hesab edən ulu öndərin bu fikirləri, ideyaları təkçə söz olaraq qalmadı. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinin vacibliyini önə çəkən ulu öndər neçə-neçə dövlətdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail oldu. Sonra onların vahid mərkəzdən idarə olunmasının gərəkliyi məsələsi gündəmə gətirildi. Dünya azərbaycanlılarının birliyinin təminatına yönəldilmiş vəzifələr "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti"ndə konseptual əksini tapdı.

Müraciətdə qarşıya qoyulan vəzifələrin davamı olaraq həmin ildə Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayındakı çıxışı ilə diaspor hərəkatına xeyir-dua verən ulu öndərin rəhbərliyi və başçılığı ilə milli -tarixi inkşafımızın yeni mərhələsi başladı. Qurultayın məram və məqsədini təşkil edən "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır" sözləri bütün dünya azərbaycanlılarının maraqlarını ifadə edən müdrik kəlam, mənəvi dəyərlərin ifadəsini əks etdirən aforizm kimi yaddaşlarda qaldı, milli özünüdərk prosesinin güclənməsinə təkan verdi. Dünya azərbaycanlılarının I qurultayından sonra diaspor işinin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bir-birindən vacib və əhəmiyyətli vəzifələrin eyni mənbədən istiqamətlənib nizamlanması üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

"Azərbaycan vətəndaşı olmaq böyük şərəfdir" - xarici ölkələrə rəsmi, tarixi səfərləri zamanı soydaşlarımızla bütün görüşlərini bu kimi sözlərlə başlayıb "Azərbaycan xalqının milli oyanış, milli yüksəliş dövrü gəlib çatıb. Ona görə də Azərbaycan xalqının bu iradəsini sındırmaq mümkün deyildir və əmin olun ki, bu belə də olacaqdır" sözləri ilə bitirən ümummilli liderin tələbi bu idi ki, hamı birləşməli, bir hədəfə vurmalı, bir məqsədə qulluq etməlidir.

Ulu öndərin xidmətləri və təşkilatçılığı ilə dünyanın bütün qitələrində, Avropa ölkələrində məskunlaşan soydaşlarımızın diaspor təşkilatları ətrafında birləşmələri sayəsində yeni mədəniyyət mərkəzləri, dərnəkləri, icmaları yaradıldı. Suveren dövlətin rəhbəri kimi daxili və xarici siyasətini sərbəst, müstəqil müəyyənləşdirən, soydaşlarımızla əlaqələri möhkəmləndirən ümummilli lider Heydər Əliyev etiraf edirdi ki, Sovetlər birliynə daxil olduğumuz illərdə azərbaycanlı gəncləri İttifaqın tanınmış ali məktəblərinə təhsil almağa göndərərkən diaspor işinin təməlini qoyurdu.

Ümummilli lider tam əmin idi ki, azərbaycanlı gənclərin Amerikaya, Rusiyaya, Avropaya göndərilməsi diaspor hərəkatının möhkəmlənməsinə, sərhədlərimizdən kənarda Azərbaycan həqiqətlərinin təbliğatının gücləndirilməsinə xidmət edən başlıca amillərdəndir.

İndi fəxrlə deyə bilərik ki, Avropada, Amerikada mütəşəkkil Azərbaycan-türk icmaları, birlikləri fəaliyyət göstərir. Bütün bunlar isə təməli ulu öndər tərəfindən qoyulmuş diaspor hərəkatının artıq mütəşəkkil bir qüvvə kimi formalaşmasının nəticəsidir. Ulu öndər bu gücün daha sıx tellərlə birləşməsi üçün ilk növbədə azərbaycançılıq, türkçülük ideyasının təbliğinə böyük önəm verirdi. Azərbaycanın strateji yolu olan dünya birliyində layiqincə təmsil olunmaq üçün bütün səylərin birləşdirilməsini tələb edirdi. Eyni zamanda bu birliyi ümumi problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əsas vasitə sayırdı. Dünya azərbaycanlılarının I qurultayında söylədiyi proqram xarakterli nitqində bir çox məqamlara aydınlıq gətirən və türk dövlətlərinin birliyi naminə çalışan ulu öndər Heydər Əliyev qeyd edirdi ki, son illərdə formalaşan Azərbaycan diasporunun yaranmasına böyük ehtiyacımız var. Amma bu bizim diaspor hərəkatımızın ilkin mərhələsidir. Çalışmalıyıq ki, müxtəlif dövlətlərdə yaşayan azərbaycanlılar məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edib daha da güclənsinlər, o ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə, Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı problemlərinin həll olunmasına yardım etsinlər. Azərbaycan dilini yaşatsınlar. Çünki xalqları dil, milli-mənəvi dəyərlər qədər birləşdirən heç bir vasitə yoxdur.

Ümummilli liderin üzaqgörən, müdrik siyasəti nəticəsində dünya sivilizasiyasına, mədəniyyət xəzinəsinə böyük dühalar bəxş edən, Şərqdə ilk demokratik respublika olan Azərbaycan XXI əsrə Avropa xalqları ailəsinin bərabər hüquqlu üzvü kimi qədəm qoydu. Soydaşlarımızın birliyinin təzahürü olan diaspor hərəkatı artıq formalaşıb, mütəşəkkil qüvvəyə çevrilib. Azərbaycançılıq ideyası ətrafında birləşən bu yenilməz qüvvənin məqsəd və vəzifələri aydındır: Güclü diasporun varlığı vətənin qüdrətlənməsinə, daha vacib olan lobbiçilik fəaliyyətinin formalaşmasına, Azərbaycanın maraqlarının qorunmasına xidmət edir.

Milli birlik, həmrəylik, vətəndaşlıq borcu, azərbaycançılıq... Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan, soydaşlarımızın dünyaya inteqrasiyasının növbəti, sivil mərhələsi olan diaspor hərəkatı bu ideyalar əsasında inkişaf edir, möhkəmlənir, dövlət siyasətinin prioritetləri kimi böyük önəm daşıyır.

Türkdilli xalqların birliyinin nümunəsi kimi Bakıda keçirilən Azərbaycan və türk diaspor rəhbərlərinin birinci forumunda, Dünya azərbaycanlılarının II qurultayında, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq, Əməkdaşlıq qurultayında ulu öndərin diaspor hərəkatının yaradılması üçün göstərdiyi xidmətlər yüksək qiymətləndirildi, tarixi hadisə kimi dəyərləndirildi.

Diaspor hərəkatını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət aparsın. Bu siyasət Azərbaycan xalqının milli maraqlarının qorunmasına, dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə yönəldilib. Bu siyasətin əsasını təşkil edən təşkilatlanma prosesi, dünya azərbaycanlılarını bir araya dəvət etmək təklifi və təşəbbüsü isə ümummilli lider tərəfindən irəli sürülmüşdür.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini təbii ki, bir yazıya yerləşdirmək qeyri-mümkündür. Hər kəsə aydındır ki, ümummilli lider Heydər Əliyevin əsas məqsədi Azərbaycanı daha qüdrətli, zəngin dövlətə çevirmək, dünya birliyində yerini və rolunu daha da möhkəmləndirmək, əsl söz sahibinə çevirmək idi. "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respubilkası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir". Bu günün reallıqları ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi bu fikirlərin həqiqətə çevrildiyini təsdiqləyir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı belə bir ölkənin övladı olmasından fəxr duyur. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın taleyi hər bir kəsin taleyi kimi qəbul olunur, ölkənin daha da qüdrətlənməsi, beynəlxalq aləmdə yeri və rolunun daha da möhkəmlənməsi, həqiqətlərimizin dünya ictimaiyyətinə dolğun çatdırılması istiqamətində mühüm işlər görülür.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha da qüdrətli, müasir dövlətə çevrilməsinə geniş imkanlar açıb. Müasirləri, həmkarları onu liderlik zirvəsinə qalxan dövlət başçısı adlandırırlar. 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına etdiyi tarixi müraciətində cənab İlham Əliyevə özü qədər inandığını bildirən, onun siyasi cəhətdən hazırlıqlı, yüksək intellektə malik şəxsiyyət olduğunu qeyd edən ulu öndər Heydər Əliyev bir daha uzaqgörənliyini sübut etdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Prezident kimi and içən, Azərbaycan xalqına layiq dövlət başçısı, siyasi əqidəsindən, milliyyətindən, dilindən, dinindən asılı olmayaraq hər bir vətəndaşın Prezidenti olacağını bəyan edən cənab İlham Əliyev arxada qalan beş ildə həm ümummilli lider Heydər Əliyevin, həm də 50 milyonluq Azərbaycan xalqının bəslədiyi etimadı doğrultdu. Məlumdur ki, insanları əvvəlcə liderin özü, sonra ideyası cəlb edir. Həm işi, həm də yüksək insani keyfiyyətləri, humanistliyi, insanlara olan səmimiliyi ilə xalqın sevimlisi olan cənab İlham Əliyevin ilk prezidentlik dövründə göstərdiyi tarixi xidmətlər olduqca çoxdur.

"Mən 2003-cü ilin prezident seçkiləri dövründə də öz proqramımı bəyan etmişdim. Ötən beş ildə həmin proqram artıqlaması ilə yerinə yetirilib, verilən bütün vədlərə əməl olunub. Builki proqramda qarşıya qoyulan vəzifələr də tam realdır. Sizi əmin edirəm ki, proqramın bütün müddəalarının həyata keçirilməsi, Azərbaycanın zəngin və qüdrətli dövlətə çevrilməsi, əhalinin rifahının yaxşılaşdırılması, ərazi bütövlüyümüzün təmin olunması istiqamətindəki fəaliyyətimi davam etdirəcək, indiyədək görülmüş işlərin başa çatdırılması üçün var qüvvəmlə çalışacağam".

2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etmişdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir: "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik".

Dünya dövlətləri arasında birinciliyini qoruyan ölkəmizin inkişaf strategiyası özünü doğrultmaqla qabaqcıl təcrübə kimi nümünə göstərilir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Ən inanılmaz ideyaların reallaşması üçün təşəbbüskarlığını artıran, layihələri əməli işi ilə reallığa çevirən Prezident İlham Əliyevin bir amalı var: Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Fəaliyyətini məhz bu istiqamətdə müəyyənləşdirən dövlət başçısının davam etdirdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanla hesablaşırlar, ölkəmizin siyasi nüfuzu artır, mövqeləri möhkəmlənir.

Belə bir müdrik kəlam da var: əgər istək varsa, niyyət yerinə yetiriləcəkdir. Deyilənlərə bir daha nəzər saldıqda, görülən işlərin həcminə diqqət yetirdikdə tam əminliklə söyləmək olar ki, Azərbaycanı yaxın illərdə qitənin ən varlı, qüdrətli, zəngin ölkəsinə çevirmək istəyi yerinə yetiriləcək. Çünki Azərbaycana xalqın milli maraqları ifadə olunan, bu istəyi gerçəkləşdirmək əzmində olan İlham Əliyev kimi qüdrətli bir lider rəhbərlik edir.

Verdiyi vədləri əməli işi ilə yerinə yetirən cənab İlham Əliyevə ümumxalq sevgisi, etimadı və inamı 15 oktyabr 2008-ci il prezident seçkilərində bir daha təkrarlandı. Xalqın 88,73 faiz səsini qazanan cənab İlham Əliyev seçki proqramında qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdırdı. Həmin işlər isə sanbalı, səmərəsi, Azərbaycana gətirəcəyi siyasi, iqtisadi çəkisinə görə əvvəlkilərdən daha möhtəşəmdir.

 

 

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

"İki sahil" qəzetinin

Baş redaktoru

 

Azərbaycan.- 2009.-8 may.- S.4.