Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə

 

Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər ölkəmizdə güclü inkişaf müşahidə olunur və Azərbaycan inkişaf dinamikasına görə dünya ölkələri sırasında öndə gedir. Prezident İlham Əliyevin təbii sərvətlərdən yüksək texnologiyalara aparan iqtisadiyyatın formalaşması siyasəti öz bəhrələrini verməkdədir. Bunun nəticəsidir ki, son 3 ildə qeyri-neft sektorunda artım tempi təqribən 11-15 faiz olaraq, ümumdünya orta iqtisadi artım tempini 2-3 dəfə üstələyir.

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi sübut edir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısıdır. Bu siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. Bu baxımdan yeni texnologiyalar üzrə dövlət siyasəti cəmiyyətin ictimai və siyasi təfəkkürünü qabaqlamalı, yaxın onilliklər üçün bu istiqamətdə görüləcək işlərin strateji xəttini müəyyənləşdirməlidir. Azərbaycan Respublikasında da İKT sahəsinin inkişaf etdirilməsi üzrə dövlət siyasəti bu prinsip üzərində qurulur və beynəlxalq təcrübəyə əsaslanır.

Azərbaycanın inkişaf tarixinin son 40 ilinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı inkişafına yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən müdrik siyasətin təzahürlərini görərik. Bu siyasətin tərkib hissəsi kimi, Azərbaycanda rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın yaxın onilliklər üçün inkişaf perspektivlərinin biliklərə əsaslanan iqtisadiyyatla birbaşa bağlı olduğunu uzaqgörənliklə düşünən ümummilli lider informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafının təməlini hələ ötən əsrin 70-ci illərində qoymuşdur.

1970-80-ci illərdə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirildi, elektron avadanlıq istehsal edən zavodlar tikildi. Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomatika" və digər elmi-tədqiqat müəssisələri yaradıldı. Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirildi. Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU - "Azərbaycan", respublika kompüter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı. "AZON", "NORD" elm-istehsalat birlikləri, Radiozavod, elektron hesablama maşınları zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi. Sonralar Naxçıvanda, Tərtərdə, Mingəçevirdə, Şirvanda, Gəncədə, Sumqayıtda və Bakıda 30-dan artıq elektron və cihazqayırma zavodları işə salındı. Beləliklə, respublikada yeni və son dərəcə əlverişli bir sənaye sahəsi təşkil olundu. Onun elmi təminatı yaradıldı. Elmi-tədqiqat institutlarının nəzdində "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başladı. Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislər hazırlanması üçün maddi-texniki baza yaradıldı. Beləliklə, indi bütün dünya tərəfindən müasir sosial-iqtisadi tərəqqinin inkişaf sxemi kimi qəbul edilən "Universitet-İqtisadiyyat və Hökumət" üçqat spiral modelinin tətbiqini Heydər Əliyev Azərbaycanda həyata keçirdi.

Müstəqilliyin ilk illərində ölkəmizin düçar olduğu gərgin vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev, hətta ağır şəraitdə belə, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirməyə imkan tapır və bu sahədə inkişafa nail olmaq üçün daim səylər göstərirdi. Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin, "Baksell" və "Azərsell" birgə müəssisələrinin yaradılması ilə ölkəmizdə mobil rabitənin inkişafının əsası qoyulmuşdu. İlk beynəlxalq telefon stansiyasının yaradılması Heydər Əliyevin bu istiqamətdə atdığı vacib addımlar idi. Azərbaycanda rabitə sektoruna ilk investisiyaların cəlb edilməsi də ümummilli liderin səyləri nəticəsində mümkün olmuşdur. Ölkəmizin radio-televiziya yayımının müasir tələblərə uyğun təşkili, milli televiziya proqramının süni peyk vasitəsilə yayımlanmağa başlanılması, Avropa və Yaxın Şərq dövlətləri ilə yanaşı blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqramlarını seyr etmək imkanı qazanması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün Azərbaycanın İKT sahəsindəki fəaliyyəti məhz ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. 2003-cü il fevral ayının 17-də ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verdi. Cənubi Qafqazda ilk dəfə olaraq qəbul edilmiş bu qlobal strategiya Azərbaycanın İKT sahəsinə xüsusi diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etdi. Bütün bunların məntiqi nəticəsidir ki, regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə daxili və xarici siyasətə yeni ab-hava, yeni çalarlar gətirdi. Bu siyasi kurs nəinki ölkəmizdə və regionda, eləcə də dünyada cərəyan edən geosiyasi və iqtisadi proseslər, bu sahədəki müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib. Təsadüfi deyil ki, qloballaşan dünyada sosial-iqtisadi inkişafın lokomotivi sayılan informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi bu siyasi kursda prioritet məsələ elan olunub. Azərbaycanın İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

XXI əsr informasiya cəmiyyətinin yaradılması, zəngin təbii sərvətlərin insan kapitalına çevrilməsi və yüksək intellektual səviyyənin formalaşması baxımından keyfiyyətcə yeni eranın başlanğıcı sayılır. Qloballaşan, daim irəliyə - yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları - internet, yüksək texnologiyalar və qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək mümkün deyil. Yeni minillikdə bəşər sivilizasiyasını düşündürən ən aktual və təxirəsalınmaz məsələ - telekommunikasiya və informasiya texnologiyaları sahəsində "inqilabi" dəyişikliklər yolu ilə əlçatmaz zirvələri fəth etmək, dövlətlər və xalqlararası zaman və məkan fərqlərini aradan qaldırmaqdır.

Müstəqil dövlət kimi gənc olmasına baxmayaraq, Azərbaycan qısa zaman kəsiyində bu mühüm sahədə də böyük nailiyyətlər əldə etmişdir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin tam demokratikləşməsi, beynəlxalq birliyə və Qərb iqtisadiyyatına geniş inteqrasiya, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, mütərəqqi təcrübənin mənimsənilməsi Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl dövlətlər sırasına çıxmaq üçün uğurlu addımlar atmasına imkan yaratmışdır. Ötən beş il, xüsusən də 2008-ci il İKT ölkənin ən dinamik və stabil inkişaf edən sektoru kimi yadda qalmışdır. Belə ki, İKT sektorunda ötən il artım tempi təqribən 30, son 5 il üçün isə orta illik artım tempi 32-35 faiz olmuşdur. Bu göstərici üzrə ölkəmiz ümumdünya artım tempini təxminən 3 dəfə qabaqlamışdır. Beləliklə də, iqtisadiyyatın İKT sektoru son 5 ildə 4,5 dəfə genişlənmişdir. Sektor üzrə orta aylıq əməkhaqqı 3 dəfə artaraq 432 manat olmuş, 5500-dən çox yeni iş yerləri açılmışdır. İKT məhsullarının istehsalı üçün yeni müəssisələr yaradılmış və 2003-ci illə müqayisədə ölkəmizdə İT sənayesində istehsal 6-7 dəfə artmışdır. Yeni texnologiyaların tətbiqi və yeni xidmətlərin göstərilməsi nəticəsində rabitə və informasiya xidmətlərinin tərkibinin genişlənməsinə və keyfiyyətinin yüksəlməsinə nail olunmuşdur. Əsasən də regionlarda və ucqar yaşayış məntəqələrində xidmətin əhatə dairəsi genişləndirilmişdir. Ən ucqar yaşayış məntəqələrinin peyk texnologiyası vasitəsilə telefonlaşdırılması istiqamətində görülmüş məqsədyönlü işlər nəticəsində dünyanın əksər ölkələrində hələ də həllini tapmamış bir məsələ - ölkə ərazisinin tam telefonlaşdırılması (MDB ölkələri arasında ilk ölkə) başa çatmışdır. Bu gün ölkəmizin istənilən yaşayış məntəqəsində, hətta 2-3 evi olan kəndlərdə də vətəndaşların stasionar telefon xidmətinə çıxış imkanı vardır. Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsal edən ilk kompüter zavodu - KÜR Mingəçevir şəhərində istifadəyə verilmişdir.

Sahə üzrə inkişaf göstəricilərinə əsasən 2003-2008-ci illər ərzində hər 100 nəfərə düşən əsas telefon aparatlarının sayı artaraq təxminən 15,5 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil abunəçilərin sayı 5 dəfədən çox artaraq 68 nəfər, ATS-lərin elektronlaşma səviyyəsi təqribən 2 dəfəyə qədər artaraq ölkə üzrə 83,1 faiz, o cümlədən Bakı şəhəri üzrə 85,5 faiz, respublikanın digər əraziləri üçün isə 80,7 faiz təşkil etmişdir. Sabit telekommunikasiya şəbəkəsinin inkişafı "100 ailəyə - 100 telefon" layihəsi çərçivəsində həyata keçirilir. Layihə üzrə görülmüş işlər nəticəsində bu gün respublikamızda hər 100 ailəyə 65.8 telefon, o cümlədən Bakı şəhəri üzrə 123.7, digər ərazilərdə isə 45.9 telefon düşür.

Artıq iki ildir ki, poçt sektoruna dövlət əsaslı investisiya qoyur və bunun nəticəsidir ki, ildən-ilə burada da gəlirlər və əmək haqları artır. Son beş ildə orta aylıq əməkhaqqı 2 dəfə artmış, 2371 yeni iş yeri açılmış, 680, o cümlədən 2008-ci ildə poçt şöbələri üçün 74 yeni bina tikilmişdir. 2005-ci ildən Azərbaycan hökuməti Dünya Bankı ilə birgə poçt sisteminin daha yüksək gəlirlərlə işləməsini təmin etmək üçün "Maliyyə xidmətlərinin inkişafı" layihəsini həyata keçirir. Bu məqsədlə poçt təşkilatları müasir elektron və nəqliyyat sistemləri ilə təchiz olunmuş və vahid şəbəkə infrastrukturu yaradılmışdır. Layihə 2009-cu ildə başa çatacaqdır və müvafiq lisenziya alındıqdan sonra ölkə üzrə 1200 poçt şöbəsində vətəndaşlara yeni xidmətlərin (maliyyə və bank) göstərilməsi mümkün olacaqdır.

Son illərdə Azərbaycan Respublikasında elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və onun genişmiqyaslı tətbiqi ölkəmizdə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə zəmin yaratmışdır. Hesabat dövründə görülmüş tədbirlər nəticəsində hazırda Azərbaycan televiziyası və dövlət radiosunun əhatə dairəsi əhalinin 99,9 faizinə, İctimai televiziya və eyniadlı radionun əhatə dairəsi təxminən 88 faizinə, özəl televiziya və radio yayımlarının əhatə dairəsi isə təxminən 75-80 faizə çatdırılmışdır. Bu sahədə ən vacib məsələlərdən biri də sərhəd ərazilərdə efirə Beynəlxalq Telekommunikasiya İttifaqının təyin etdiyi qaydalardan kənar müdaxilələrin mövcudluğudur. Bu problemin həlli üçün 2008-ci il 10 iyul tarixində Azərbaycan Respublikası Prezidenti sərəncam imzalamış və işlər 2009-cu ilin I rübündə başa çatdırılmışdır.

Son 5 ildə İKT sektorunda gedən proseslərə uyğun olaraq, internet xidmətləri də dinamik olaraq inkişaf etməkdədir. Artıq 2002-ci ildən internet xidmətləri üçün lisenziya tələb olunmur ki, bu da öz növbəsində sahədə kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar açmışdır. Bunun nəticəsində qısa müddət ərzində bu sahənin göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Belə ki, son illərdə İnternetdən istifadə qiymətləri dəfələrlə aşağı düşmüş, internetə çıxış imkanları naqilsiz və mobil texnologiyaların tətbiqi ilə genişlənmiş, nəticədə 2008-ci ildə hər 100 nəfər əhaliyə düşən internet istifadəçilərinin sayı təqribən 37 olmuşdur. 2008-ci ildə qiymətlərdə 2 dəfə, 2009-cu ilin başlanğıcında isə 2,5 dəfə endirim olmuşdur. Ölkəmiz həmçinin, region ölkələrinə internet xidmətləri ixrac edir. 2002-ci ildə beynəlxalq trafik üzrə ölkəmizə gələn və ölkəmizdən oxunan kontentin nisbəti 1000:1 idisə, 2008-də bu təqribən 15:1 nisbətində olmuşdur. Respublikada fəaliyyət göstərən internet Servis Provayderlərinin sayı 3 dəfə artaraq 30-u keçmiş, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən internet klubların sayı 1000-i ötmüşdür. "AZ" domeni zonasında saytların sayı 3 dəfə artaraq 7000-dən çox olmuşdur. Son 2 il ərzində genişzolaqlı internet istifadəçilərinin sayı 12 dəfə artmışdır. Son beş ildə internet xidmətlərindən əldə olunan gəlirlər 6,5 dəfə artmış və gəlirlərin orta artım tempi 45 faizə yaxın olmuşdur. Demək olar ki, bütün rayon mərkəzlərində fiber-optik xətt vasitəsilə genişzolaqlı xidmətlər, o cümlədən sürətli internet xidməti üçün geniş imkanlar yaradılmışdır. Respublika ərazisinin telefonlaşdırılması başa çatdırılmış və dialap üsulu ilə vahid 3 nömrəli giriş vasitəsilə coğrafi yerindən asılı olmayaraq informasiyaya çıxış imkanı yaradılmışdır. Həmçinin, ölkə ərazisində fəaliyyət göstərən bütün internet provayderlərə eyni şəraitin yaradılması məqsədilə səhərlərarası telefon kanallarından müvəqqəti olaraq ödənişsiz istifadəyə şərait yaradılmışdır ki, bu da regionlarda internetin inkişafına öz müsbət təsirini göstərmişdir. Belə ki, son dörd ildə rayonlar üzrə internet istifadəçilərinin sayı təqribən 12-15 dəfə artmışdır. Lakin bu göstəricilər bir çox ölkələrlə müqayisədə qənaətbəxş hesab olunmur və onların yüksəldilməsi üçün yeni texnologiyaların tətbiqi və infrastrukturun genişləndirilməsi istiqamətində dinamik iş aparılır.

Dövlət başçısının "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncamı ilə əlaqədar olaraq tanınmış alim və mütəxəssislərin iştirakı ilə müvafiq dövlət proqramı hazırlanmışdır. Dövlət proqramında əsas istiqamətlər kimi, kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya peyklərinin orbitə çıxarılması, kosmik informasiyanın qəbulu və emal edilməsi üçün yerüstü mərkəzin yaradılması, orbital mövqelərin əldə olunması üçün BTİ ilə işlərin davam etdirilməsi, kadrların hazırlanması və bu kimi önəmli məsələlər öz əksini tapmışdır. Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması üçün əməkdaşlıq istiqamətində tanınmış şirkətlərdən bir neçəsi ilə anlaşma memorandumları imzalanmışdır ki, bunlara misal olaraq Türkiyənin "Türksat", Malayziyanın "Measat" və ABŞ-ın "Orbital" şirkətlərini göstərmək olar. Aparılan işlərin nəticəsi olaraq planlı zolaqda ölkəmizi və qonşu ölkələri əhatə etmək şərtilə 96E orbital mövqeyi 2008-ci ildə BTİ tərəfindən Azərbaycan Respublikasına ayrılmışdır. Bununla belə, telekommunikasiya peykinin Avropa və Asiya ölkələrini də əhatə etməsi üçün plandankənar zolaqda da orbital mövqeyin ayrılması ilə bağlı BTİ-yə müraciət edilmiş və bu istiqamətdə də mövcud prosedur qaydalara uyğun olaraq tədbirlər görülür.

Ölkəmizin İKT sahəsində beynəlxalq əlaqələrinin genişlənməsi nəticəsində son illərdə dünyanın müxtəlif dövlətləri ilə (Amerika, Avropa, Asiya, MDB ölkələri) 11 saziş, 15 memorandum, 13 protokol, 7 digər sənəd (razılıq, qrant, proqram müqaviləsi, barışıq sənədi, əməkdaşlıq planı, konvensiya, niyyət məktubu) imzalanmışdır. Həmçinin, ABŞ-Azərbaycan, Sloveniya-Azərbaycan, Azərbaycan-İsrail və Latviya-Azərbaycan İKT biznes forumları təşkil olunmuş, müxtəlif beynəlxalq forum, konfrans və seminarlar keçirilmişdir. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçılar, o cümlədən müvafiq sahələr üzrə nazirlər, beynəlxalq təşkilatların və tanınmış şirkətlərin rəhbərləri, Nobel mükafatı laureatları bir araya gələrək ölkəmizin İKT sektorunda baş verən müsbət dəyişikliklərlə əyani olaraq tanış olmuş, bu sahənin respublikamızda perspektivləri barədə Prezident İlham Əliyevin fikirlərini bilavasitə onunla görüşlərdə öyrənmişlər.

Son beş ildə respublikamızda bir çox tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılmış, milli şirkətlərimiz region bazarlarında özlərini tanıtdıra bilmişlər. Azərbaycan markalı kompüter və noutbuklar artıq region ölkələrinə ixrac olunur. 2008-ci ildə CNews Analytics beynəlxalq təşkilatının hazırladığı reytinq cədvəlində adları çəkilən dünyanın 20 ən inkişaf etmiş İKT şirkətlərinin 10-u Azərbaycanda fəaliyyət göstərir. 2008-ci ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumu öz texnoloji hesabatında Azərbaycanı İKT-nin inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yerə çıxarmışdır. Həmçinin, beynəlxalq qurumların apardıqları təhlillərə görə, Azərbaycan 2008-ci ildə E-hökumət üzrə hazırlıq səviyyəsinə görə 182 ölkə arasında 89-cu yeri, İKT sənayesinin rəqabətlilik indeksinə görə inkişaf etmiş 66 ölkə arasında 63-cü yeri və ölkənin elektron hazırlıq səviyyəsinə görə isə dünyanın inkişaf etmiş 70 ölkəsi arasında yer tutmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və iştirakı ilə keçirilən "Bakutel" beynəlxalq sərgi - konfransı bu illər ərzində regionun İKT üzrə ən nüfuzlu tədbirinə çevrilmişdir. "Bakutel" beynəlxalq sərgi və konfransı cari ilin 11-14 noyabr tarixlərində artıq 14-cü dəfə keçirildi və sevindirici haldır ki, sərgidə iştirak edən şirkətlərin sayı ildən-ilə artır. Bu il sərgidə 30 ölkədən 130 şirkət, o cümlədən 60-a yaxın yerli şirkətlər iştirak etmiş, sərgini ziyarət edənlərin sayı isə 10 mindən çox olmuşdur. Sərgidə 1000-ə yaxın xarici mütəxəssis iştirak etmişdir. Sərgi çərçivəsində nazirlərin regional toplantısı, elmi-praktik konfrans, beynəlxalq təşkilatların üç seminarı, dörd ölkələrarası İKT biznes forumu keçirilmişdir. Dünya şöhrətli azərbaycanlı ABŞ alimi Lütfi Zadənin iştirakı ilə AMEA-da elmi seminar da keçirilmişdir. 20 ölkədən hökumət rəsmiləri, nazirlər, parlament rəhbərləri, nazir müavinləri, BMT-nin Baş katibinin xüsusi nümayəndəsi və digər rəsmilər iştirak etmişlər.

İKT sektorunun gələcəyi üçün insan resurslarının inkişafı da zəruri şərtdir. Hazırda İKT üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın bir neçə tanınmış informasiya texnologiyaları universitetləri ilə əlaqələr qurulmuşdur. ABŞ-ın Corc Meyson, San-Xose və Los-Anceles, Kaliforniya, İsveçin Çalmers Texnologiya və İnformasiya Texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanmışdır. Artıq bu müqavilələr əsasında 25 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif tanınmış universitetlərində müasir informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə təhsil alırlar. 30-dan çox gənc isə ixtisasları üzrə xarici ölkələrdə qısamüddətli hazırlıq kursları keçmişlər. Gürcüstanda yaşayan və bu ölkənin ali təhsil müəssisələrində təhsil alan 50-yə yaxın gəncə nazirlik tərəfindən təqaüd verilir. Bu prosesə daha da təkan vermək üçün respublikada fəaliyyət göstərən yerli və xarici informasiya texnologiyaları şirkətlərinin həmtəsisçiliyi ilə İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu yaradılmışdır. Ancaq bu sahədə ən əhəmiyyətli addım Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır.

Bu gün İKT həyatımızın bütün sahələrinə geniş daxil olub. Belə ki, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)"na uyğun olaraq, dövlət orqanlarının vətəndaşlara və təşkilatlara təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və onların təqdim olunma müddətlərinin azaldılması, dövlət orqanlarının işinin səmərəliliyinin artırılması məqsədilə müxtəlif məzmunlu layihələr həyata keçirilir.

Elektron idarəetmə şəbəkəsinin yaradılması istiqamətində BMTİP və RİTN-in birgə həyata keçirdiyi "E-idarəçilik təşəbbüsü" layihəsi çərçivəsində respublikanın bütün bölgələrini əhatə edəcək "AzDataCom" şəbəkəsi qurulur. Bu şəbəkə 10 Gb/san. sürətlə ölkədaxili məlumat ötürülməsinə imkan verir. Bu imkanlardan elektron hökumət, distant təhsil, elektron kommersiya, biznesin məsafədən idarə olunması və s. kimi məsələlərdə istifadə edilir. Artıq layihənin əsas hissəsi icra olunmuşdur və Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında şəbəkə fəaliyyətdədir. 2009-cu il ərzində şəbəkə bütün ölkə ərazisində tam həcmdə fəaliyyətə başlayacaqdır. Qazaxıstan və ya Türkmənistan ilə Xəzəraltı optik kabel əlaqəsinin yaradılması Trans-Asiya Avropa (TAE) magistralını ən qısa yolla qapamağa və ölkəmizin tranzit məkana çevrilməsinə xidmət edə bilər. Əhalinin İKT-nin imkanlarından istifadəsi məqsədilə "Microsoft" və "Intel" şirkətləri ilə birgə həyata keçirilməsi planlaşdırılan "Xalq kompüteri" layihəsi əhalinin güzəştli kreditlə kompüter əldə etməsinə imkan verəcəkdir.

Yuxarıda qeyd olunan uğurlara 2005-ci ildə qəbul olunmuş və icrası 2008-ci ildə başa çatmış "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində nail olunmuşdur ki, bununla da sahə üzrə əsas göstəricilər orta ümumdünya göstəricilərinə bərabər olmuş, bəzi istiqamətlərdə isə onu ötmüşdür. Dövlət proqramının yerinə yetirilməsi nəticəsində İKT sektorunun (telekommunikasiya, infokommunikasiya, poçt və teleradio) infrastrukturu müasir texnologiya və avadanlıqların tətbiqi ilə modernləşdirilmiş, davamlı və dayanıqlı inkişaf üçün etibarlı baza hazırlanmışdır. Artıq İKT sektorunun inkişafının növbəti mərhələsi üzrə II Dövlət Proqramı hazırlanaraq baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur ki, burada da əsas məqsəd sahə üzrə əsas göstəricilərin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması və bununla da, ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasının əsas fazasına keçidi təmin etməkdir.

"100 ailəyə - 100 telefon" layihəsini 2012-ci ilə həyata keçirmək nəzərdə tutulur ki, bununla da yeni texnologiyalar əsasında coğrafi mövqeyindən asılı olmayaraq bütün yaşayış məntəqələrində dövlət, biznes qurumlarının, vətəndaşların, o cümlədən hər bir ailənin genişzolaqlı universal rabitə xidmətlərinə - telefon, internet, elektron dövlət xidmətləri və radio-televiziya yayımına keyfiyyətli çıxışı təmin ediləcəkdir. Bu layihənin uğurlu inkişafı həm də ölkəmizdə internet iqtisadiyyatının formalaşmasına, internetin qiymət və sürət keyfiyyətinə görə ümumdünya orta göstəricilərini ötmək, internetin hərtərəfli və kütləvi yayılmasını təmin etmək üçün əlverişli şərait yaradacaqdır. Müasir informasiya texnologiyalarının tətbiqi ilə poçt sistemində aparılan islahatları davam etdirərək qeyri-ənənəvi və elektron poçt xidmətlərinin tətbiqi ilə 2012-ci ilə inkişaf etmiş ölkələrdə olduğu kimi ölkəmizdə poçt sisteminin müasir bazar iqtisadiyyatının tələblərinə uyğun rentabelli fəaliyyətini təmin etmək də əsas məqsədlərimizdən biridir. Radio və televiziya yayımı üzrə dünyada gedən proseslər çərçivəsində 2013-cü ilə Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə uyğun olaraq bütün ölkə ərazisini əhatə edəcək rəqəmli televiziya sisteminin qurulması təmin olunacaqdır. Elektron Hökumət layihəsi çərçivəsində əhaliyə, özəl sektora və xüsusən də kiçik və orta müəssisələrə dövlət xidmətlərinin tez və keyfiyyətli verilməsini təmin etmək məqsədilə ölkədə mövcud olan və yaradılması planlaşdırılan sahəvi "Bir pəncərə" prinsipləri əsasında "Vahid elektron dövlət xidmətləri qapısı" layihəsi başa çatdırılacaqdır.

Həmçinin, regional və beynəlxalq əhəmiyyəti ilə xüsusi önəm verdiyimiz üç layihənin həyata keçirilməsi planlaşdırılmışdır. Şərq-Qərb Super İnformasiya magistralı layihəsi dünyanın iki güclü informasiya şəbəkəsini - Qərbi Avropa və Sakit okean hövzəsinin inkişaf etmiş ölkələrini birləşdirən və Şərqi Avropa ölkələri, MDB, Türkiyə, İran, Mərkəzi Asiya ölkələrini, o cümlədən Əfqanıstan və Pakistanı əhatə etməklə, Çin və Hindistana çıxmaqla bu böyük regionda dünyanın yeni bir transmilli nəhəng informasiya şəbəkəsinin yaradılmasına imkan verəcəkdir. Layihənin reallaşması geniş regionun təxminən 20 ölkəsində internetin, elektron informasiya resurslarının və informasiya iqtisadiyyatının inkişafına və bu ölkələrin bütövlükdə sosial-iqtisadi inkişafına yeni bir təkan verəcəkdir. 2008-ci il noyabr ayının 11-də "BAKUTEL-2008" beynəlxalq sərgi və konfransı çərçivəsində bu layihə regionun nazirlər toplantısında müzakirə olunmuş və "Transmilli Avrasiya Super İnformasiya Magistralına dair Bakı Bəyannaməsi" qəbul olunaraq BMT-nin Baş Assambleyasının 2009-cu ilin sentyabr ayında keçiriləcək iclasının gündəliyinə salınmaq üçün təqdim olunması təklif olunmuşdur. Azərbaycanın 2 telekommunikasiya süni peyki orbitə çıxarılmışdır. Bu peyklər dünyanın böyük bir hissəsini Şərqi Avropa, Şimali Afrika, MDB, Orta, Mərkəzi və Şərqi Asiyanın bir hissəsini əhatə edəcəkdir. Layihə bu ölkələrdə televiziya, radio, internet, beynəlxalq telefon trafiki, informasiya mübadiləsi və bir sıra telemexanika xidmətlərinin verilməsini və ölkəmizin beynəlxalq kosmik bazara çıxışını təmin edəcəkdir. Regional İnnovasiya Zonasının yaradılmasında əsas məqsəd "Əsrin müqaviləsi" nümunəsində neftin gətirdiyi uğur estafetini davam etdirərək, yüksək texnologiyalar üzrə xüsusi iqtisadi zona ideyasını reallaşdırmaqla, Azərbaycanı informasiya texnologiyalarının məhsul və xidmətlərinin istehsalı və ixracatı üzrə regional mərkəzə çevirməkdir.

Müstəqil Azərbaycan dövləti bu gün öz inkişafının məzmun və keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoymuşdur. Qarşıdakı illərdə Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi, siyasi və iqtisadi cəhətdən daha da qüdrətli olması üçün möhkəm baza, güclü iqtisadi, texnoloji potensial və kifayət qədər maliyyə imkanları mövcuddur. Təbii ki, Azərbaycanın hərtərəfli, dinamik və davamlı inkişafında rabitə və informasiya texnologiyaları sektorunun rolu mühümdür və bu rol durmadan artmaqdadır.

Bu gün İKT sektorunda çalışanlar bu fikirdə yekdildirlər ki, informasiya texnologiyaları sahəsində ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi kompleks tədbirlər nəticəsində tam həllini tapacaq və Azərbaycan tezliklə inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutacaqdır. Bizim borcumuz isə Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanı göz bəbəyi kimi qorumaq, yaşatmaq və inkişaf etdirməkdən, onun ideyalarını həyata keçirməkdə ölkə Prezidenti İlham Əliyevə layiqli işimizlə dəstək verməkdən ibarətdir.

 

 

Əli Abbasov,

Azərbaycan Respublikası

rabitə və informasiya

texnologiyaları naziri

 

Azərbaycan.-2009.-8 may.-S.5.