Yurda qayıdışa inam var
1988-ci ilin payızında
Şuşanın Kərkicahan kəndində ezamiyyətdə
olarkən ömrünün ahıl çağını
yaşayan Əbülfət kişidən eşitdiklərimiz
hələ də yaddaşımızda qalıb: "Ay
qardaşlar, baxın, Xankəndi buradan əl içi kimi
görünür. Aramızdakı məsafə cəmi 16
kilometrdir. Vaxt-bivaxt bizi oradan atəşə tuturlar. Bura
strateji əhəmiyyətə malikdir. Bunun üçün kəndin
müdafiəsi güclənməlidir. Beş-on nəfər əllərində
tapança olan milis işçisi ilə top-tüfəngin,
"Alazan"ın, "Qrad"ın qarşısına
çıxmaq olar? Hara baxır respublika rəhbərləri?
Qoy onlar da bilsinlər: Kərkicahan getsə, Şuşa da gedəcək..."
Kərkicahanlılar dörd il min
bir işgəncələrə dözdülər, lakin
düşmən atəşinə tab gətirdilər. Ən
ağır vaxtlarında respublika rəhbərliyindən
kömək, qayğı gözlədilər. Amma onlar
büsbütün unudulmuş, yaddan
çıxmışdılar. 1991-ci il dekabr ayının 1-dən
2-nə keçən gecə kənddə 20
yaşayış evi yandırıldı, 12 nəfər
öldürüldü, 15 nəfər yaralandı. Sakinlər
daha dözüm gətirə bilmədilər. Hərə bir
səmtə, müxtəlif ünvanlara baş götürüb
qaçdı. Strateji əhəmiyyəti olan Kərkicahana
qaniçən düşmənlər sahib
çıxdılar. O gündən də Şuşanın
ağır günləri başladı. Oradan ermənilərin
müasir silahlardan açdıqları atəş
şuşalıların dincliklərini ərşə çəkdi.
Alınmaz qalanın səmasını qapqara tüstü bürüdü.
Şuşaya ikinci zərbə hələ
də bəzi məqamları daş altında qalan
"Daşaltı əməliyyatı" ilə
bağlı oldu. Bu ağır itki alınmaz qalanı titrətdi,
sakinlərin canına üşütmə saldı. Baş
vermiş faciədən respublikanın birinci vəzifə
sahibi Ayaz Mütəllibov bixəbər idi. Məhz onun sərəncamı
ilə peşəkar hərbçi Valeh Bərşadlı vəzifəsindən
azad edildi. Onun yerinə respublika hərbi komissarı Tacəddin
Mehdiyev təyin olundu. Mütəllibov kimi, T.Mehdiyev də
Şuşanın yolunu belə tanımırdı.
Bəs nə üçün həmin
əməliyyatın icrası məhz Bakının
Şıx qəsəbəsində yerləşən hərbi
hissəyə tapşırılmışdı? Necə oldu
ki, həmin taborun Şuşaya aparılan
döyüşçüləri ilə heç bir təlim
keçilməmişdi, ilk dəfə ayaqları dəyən
ünvana, tanımadıqları adamların bələdçiliyi
ilə onları əməliyyata yollamışdılar?
Çünki Ayaz Mütəllibov həmin qoşun hissəsindən
ehtiyatlanır, onların qəfil hücumları nəticəsində
vəzifəsindən uzaqlaşdırılacağından
şübhələnirdi. Bəlkə də həmin hərbçilərdən
can qurtarmaq üçün onların Şuşaya göndərilməsini
tapşırmışdı.
1992-ci ilin yanvar gecələrinin
birində onlar həyəcan təbili ilə sıraya
düzüldülər. Öndə "bələdçilər"
əməliyyat keçiriləcək Daşaltıya üz
tutdular. Təxminən üç-dörd kilometr getmiş
meşədə "bələdçilər" qəfil
yoxa çıxdılar. İlk dəfə gördükləri
yerdə əsgərlər, zabitlər nə etsinlər, hara
getsinlər, - bilmədilər. Elə bu zaman marıqda yatan
ermənilərin atəşi başladı. Son dərəcə
qoçaq, igid, vətənpərvər oğullarımız
həmin xəyanətin qurbanı oldular. Əvəzində
ermənilər daha da vəhşiləşdilər.
Ardı-arası kəsilməyən hücumlara
başladılar. Bu hadisələr isə Şuşanın
mühasirəsini daraldır, sakinlər məcburiyyət
qarşısında doğma yurdlarını tərk edirdilər.
Artıq Şuşaya gələn
iki yolun ikisi də - "Ağa" körpüsü və
Zarıslı tərəfdən yollar bağlanmış, erməni
nəzarəti altına keçmişdi. Ümid dağlar
aşmağa, meşələr keçməyə
qalırdı. Həmin çətin, dözülməz
vaxtlarda ayrı-ayrı sakinlərdən eşitdiklərimizi
xatırladırıq:
- Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
qorunması Silahlı Qüvvələrin hərbi hissələri,
xüsusi təyinatlı milis dəstələrinin, Dövlət
Təhlükəsizliyi Komitəsi bölmələrinin,
özünümüdafiə və könüllü dəstələrin
qarşısında duran əsas vəzifə olsa da,
onların fəaliyyətini nizamlayacaq və istiqamətləndirəcək
vahid rəhbərliyin olmaması nəticəsində göstərilən
cəhdlər uğursuz sona çatırdı. 1992-ci il yanvarın
31-də Xramort-Fərrux ərazilərində aparılan
döyüşlərdə Şirin Mirzəyevin və Xudu
Xudiyevin komandir olduğu hissələr Müdafiə Nazirliyinə,
Faiq Baxşəliyevin komandir olduğu hissə Daxili
İşlər Nazirliyinə tabe idisə, başqaları
heç bir dövlət qurumuna daxil deyildilər. Vahid rəhbərliyin
olmamasının nəticəsi idi ki, Xocalı faciəsi
zamanı Əskəran istiqamətində toplanmış
silahlıların birgə hücum əməliyyatını
keçirmək mümkün olmadı. Əgər Rəhim
Qazıyev 1992-ci ilin əvvəlində Şuşaya gələndə
sakinlərdə inam, xoş ovqat yaranmışdısa,
müdafiə naziri olandan sonra elə bil Şuşa onun
yadından çıxdı. Hərbi hissələrdə fərarilik,
özbaşınalıq hökm sürürdü.
Şuşanın işğalı ərəfəsində
oradakı əsgər və zabitlərin sayı cəmi 500 nəfər
idi. Çətin günlərdə onlar da elə bil ərşə
çəkildilər. Şuşada qüvvələr bərabərsizliyi
də öz işini gördü. Əslən Rostovdan olan
Arkadi adlı bir erməninin komandanlığı ilə
Şuşaya qarşı keçirilən hücumda 80-ə
yaxın T-72 tankı, minlərlə silahlı iştirak
edirdi. Şuşanın müdafiəsinə cəlb
edilmiş 24 hərbi texnikanın olması və onlardan
düzgün istifadə edilməməsi şəhərin
onsuz da möhkəm olmayan müdafiəsini daha da zəiflətdi...
Şuşa beləcə şam
kimi yanırdı... Respublika rəhbərləri, əlaqədar
təşkilatlar isə susurdu, gözləmə mövqeyi
tuturdu. Bununla da vəziyyət ağırlaşdı, sakinlərin
son ümidi də söndü... Ulu öndər Heydər Əliyevin
sözlərini xatırlayırıq: "Bu gün
Şuşanın işğal altında qalması ürəyimizi
ağrıdır. İnanın ki, mənim qəlbim daha
çox sıxılır. Çünki zaman-zaman orada insanlar
zəhmət, əziyyət çəkib o alınmaz qalanı,
şəhəri yaradıblar, onu tarixi abidə kimi
yaşadıblar. Şəhərin daha da inkişafına,
gözəlləşməsinə mən də xidmətimi əsirgəməmişəm.
Ona görə də onun işğal altında qalması,
dağıdılması mənim üçün çox əzablı,
sıxıntılıdır... Şuşanın
işğalına imkan verənlər onu, sadəcə olaraq,
hakimiyyət mübarizəsi zamanı öz amalları xatirinə
qurban veriblər ki, bu da dəhşətdir,
bağışlanması mümkün olmayan qəbahətdir".
17 ildir ki, qərinələrin, əsrlərin
yadigarı, mədəniyyət mərkəzi Şuşa
gördüyü, düçar olduğu qəddarlıqdan
tanınmaz vəziyyətə düşüb. Tarixi abidələri
məhv edilib, Cıdır düzü
görünüşünü, yaraşığını
itirib. Qollu-budaqlı ağaclar, bəzək kolları kəsilib,
doğranıb. Məscidlər, minarələr vəhşicəsinə
dağıdılıb. Sakinləri də doğma
obalarının havasına, suyuna tamarzı qalıblar.
Düzdür, hazırda gün-güzəranları pis deyil.
Dövlətimiz tərəfindən məcburi
köçkünlər daim qayğı görürlər.
Amma bir yurd həsrəti çəkirlər. Onu bilirlər
ki, daha dövran, quruluş, idarəçilik, təşkilatçılıq
17-20 il əvvəlki kimi deyil. Artıq nüfuzlu ölkəmiz
beynəlxalq aləmdə söz sahibidir. Dünya
standartlarına uyğun Silahlı Qüvvələrimiz var.
Respublika Prezidenti İlham Əliyevin bu sözləri yurd həsrətini
çəkənlərə inam, ümid verir: "Biz
torpaqlarımızın bir qarışını da
düşmən işğalı altında
qoymayacağıq". Şuşalılar belə bir qənaətdən
tam arxayındırlar. İnanırlar ki, tezliklə xəyanət
ucbatından ayrıldıqları torpaqlarına, yurd yerlərinə
qayıdacaqlar.
Telman Ağaoğlu
Azərbaycan.-2009.-8
may.-S.7.