Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcəklər

 

Milli Məclis Sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (PA) tədbirlərində və ikinci beynəlxalq Neva ekoloji konqresində iştirak etmək üçün mayın 13-də Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcəkdir. Nümayəndə heyətinə Milli Məclisin deputatları Arif Rəhimzadə, Əli Hüseynov və Elton Məmmədov daxildirlər.

Tədbirlərdə aqrar siyasət, kənd təsərrüfatı, ətraf mühit, təbii ehtiyatlar və ekologiya ilə bağlı, həmçinin yerli və regional məsələlərə diqqət yetiriləcəkdir. MDB PA Şurasının iclasında bu il martın 18-də Azərbaycanda keçirilmiş referendumun və Moldovada parlament seçkilərinin nəticələrinin də müzakirə olunacağı gözlənilir.

2009-cu il MDB ölkələri tərəfindən Gənclər ili elan olunduğuna görə, qurumun iclaslarında MDB-yə üzv dövlətlərdə gənclər siyasətinin hüquqi təminatı məsələsinə də baxılacaqdır.

Tədbirin ilk günündə MDB ölkələri parlament rəhbərlərinin ənənəvi görüşünün keçirilməsi də nəzərdə tutulmuşdur.

MDB PA-nın AŞ PA ilə birgə təşkil etdiyi ikinci beynəlxalq Neva ekoloji konqresinin ümumi iclaslarında, mövzu ilə əlaqədar təşkil olunacaq "dəyirmi masa"larda enerji ehtiyatlarından istifadə edilməsi və ətraf mühitin qorunması, su ehtiyatlarının ekologiyası, ekoloji təhlükəsizliyin təmin olunması sahələrində transsərhəd əməkdaşlığının möhkəmləndirilməsi, əhalinin sağlamlığının və ətraf mühitin mühafizəsi məsələləri ətrafında geniş müzakirələr aparılacaqdır.

Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova konqresdə çıxış edəcəkdir.

Azərbaycan parlamenti nümayəndə heyətinin üzvləri MDB PA-nın 32-ci ümumi iclasında, MDB PA Şurasının və daimi komissiyalarının iclaslarında müzakirə olunan məsələlərə dair Azərbaycanın mövqeyini bildirəcəklər.

Səfər mayın 17-də başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 may.-S.2.