"Ulu öndər
Heydər Əliyevi düşünərkən..." mövzusunda inşa yazı müsabiqəsinin
qalibləri mükafatlandırılmışlar
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə VII-XI sinif şagirdləri arasında "Ulu öndər Heydər Əliyevi düşünərkən..." mövzusunda keçirilən inşa yazı müsabiqəsi respublika mərhələsinin qalibləri mükafatlandırılmışlar.
Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilmişdir.
Mayın 8-də "Gülüstan" sarayında keçirilən təqdimat mərasimində təhsil naziri Misir Mərdanov ulu öndər Heydər Əliyevin böyük tarixi xidmətlərindən danışmış, elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini xatırlatmış, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan bəhs edən M.Mərdanov bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə 250-dən çox məktəb binası inşa edilmiş və əsaslı təmir olunmuşdur.
Sonra müsabiqənin nəticələri barədə məlumat verilmişdir.
700 min şagirdin iştirak etdiyi müsabiqə üç mərhələdə aparılmışdır. Bakıdakı akademik Zərifə Əliyeva adına məktəbdə keçirilən müsabiqənin üçüncü respublika mərhələsində 86 nəfər uğur qazanmışdır. Nəticədə 5 nəfər birinci, 5 nəfər ikinci, 10 nəfər isə üçüncü yerlərə layiq görülmüşdür.
Ən yaxşı inşa yazıları "Heydər Əliyev məktəblilərin gözü ilə" toplusunda nəşr edilmişdir.
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov böyük səxsiyyət Heydər Əliyevin ideyalarının əbədiyaşarlılığından, gənclərə, onların təhsilinə göstərdiyi qayğıdan danışmış, ümummilli liderin siyasi irsinin daha dərindən öyrənilməsinin əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və digər çıxışçılar qalibləri təbrik etmiş, uğurlar arzulamışlar.
Sonra müsabiqənin qaliblərinə fəxri fərmanlar, qiymətli hədiyyələr verilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-9 may.-S.2.