Gəncədə Elmi-Ədəbi Tədqiqat Mərkəzi fəaliyyətə başlamışdır

 

Gəncədə fəaliyyətə başlayan Elmi-Ədəbi Tədqiqat Mərkəzində ədəbi simaların həyat yaradıcılığı öyrəniləcəkdir.

Mir Cəlal Paşayev muzeyi artıq iki ildir ki, Gəncənin ədəbi mədəni mərkəzlərindən birinə çevrilmişdir. Bu muzey Mir Cəlal Paşayevin həyatını, bədii yaradıcılığını, elmi pedaqoji fəaliyyətini öyrənmək istəyənlər üçün zəngin mənbədir. Xüsusən məktəblilər tez-tez muzeyə gələrək təzə eksponatlarla tanış olurlar. Muzeydə, demək olar ki, hər bayram günləri müxtəlif musiqi kollektivləri konsert proqramı ilə çıxış edirlər.

Təzə istifadəyə verilən Gəncə Elmi-Ədəbi Tədqiqat Mərkəzi isə muzeyin fəaliyyət dairəsini daha da genişləndirəcəkdir.

Mərkəzin açılışında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ziyalılar ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdə akademik Arif Paşayev Elmi-Ədəbi Tədqiqat Mərkəzinin açılışı münasibətilə gəncəliləri təbrik etmiş, mərkəzin əməkdaşlarına uğurlar arzulamışdır. Professor Nərgiz Paşayeva mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək, onun əhəmiyyətini qeyd etmişdir.

Elmi-Ədəbi Tədqiqat Mərkəzində elmi araşdırmaların aparılması, müzakirələrin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Lazımi texniki avadanlıqla təchiz edilmiş mərkəzdə zəngin kitabxana da yaradılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 may.-S.2.