Böyük yolun uğurlu davamı
Xalqların və
ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin
və ideyaların dayanması inancının ictimai
düşüncəyə dərindən hakim olması ictimai
inkişaf məntiqinin şəksiz həqiqətlərindən
sayılmaqdadır. İnkişafın şərəfli yolunu
keçmiş və ya bu yolda olan xalqların təcrübəsi deyilənin ən
bariz ifadəsidir, desək, yəqin ki, səhv etmərik.
Hamılıqla qəbul olunan milli ideya və eyni ilə də
hamı tərəfindən etiraf olunan milli lider tarixin
bütün dövrlərində inkişafı yaradan
fundamental əsas rolunda çıxış edib və bu
gün də çıxış etməkdədir. Bunlardan kənarda
əhəmiyyətli inkişaf nümunəsinə tarixi təcrübədə
hələ ki rast gəlmək mümkün deyil. Azərbaycan
xalqı özünü bütünlüklə xoşbəxt
saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin
əvvəlinə təsadüf edən tarixi və taleyi
yuxarıda adını çəkdiyimiz fundamental əsaslar
üzərində qərar tutur. Azərbaycanın
yaşadığı sıçrayışlı
inkişafın sirlərini axtararkən həmin əsaslara
istinad edilməsi ən doğru cavabın tapılmasına zəmanət
verə bilər.
Azərbaycan XXI əsrin başlanğıcında. Heyrət
yaradan iqtisadi sıçrayış
Yaşadığımız
dövrün fərqləndirici cəhətlərindən biri
onun minilliklərin qovşağında olmasındadır.
Bütünlükdə bəşəriyyətin tarixində
minilliklərin bir-birini əvəz etməsi ayrı-ayrı
xalqların həyatında fərqli izlər qoymuşdur.
Sevindiricidir ki, Azərbaycan yeni minilliyə təkcə
müstəqil dövlət kimi daxil olmayıb, həm də
özünün böyük iqtisadi sıçrayış həqiqətlərini
və təcrübəsini gətirib. Azərbaycanın
iqtisadiyyatının XXI əsrin əvvəllərinin ən
uğurlu modeli adlandırılmağa tam haqqı
çatır. Son 5 ildə ölkəmizin ən sürətli
inkişaf edən iqtisadiyyat statusunu ardıcıl olaraq əlində
saxlaması artıq azərbaycanlıların milli iftixar mənbəyinə
çevrilib. Bu, eyni zamanda özündən asılı
olmayan səbəblərdən iqtisadi inkişafdan geri
qalmış ölkələrə dünya iqtisadi güclərinin
etinasız münasibətinə Azərbaycanın özünəməxsus
çağırışı kimi baxılmalı və qəbul
edilməlidir.
XXI əsrin əvvəllərində
Azərbaycan iqtisadiyyatı təkcə sürətli
inkişafı ilə diqqəti cəlb etməklə kifayətlənmədi,
o həm də yeni keyfiyyət parametrləri kəsb etməsi
ilə özünü təsdiqlədi. Təsadüfi deyil
ki, dünyanın aparıcı iqtisadi qurumları son illərin
nəticələrinə görə Azərbaycanı ən dərin
islahatlar aparılan ölkə kimi səciyyələndirmişlər.
Beynəlxalq iqtisadi avtoritetlərin dəyərlərində
Azərbaycan iqtisadiyyatının daha çox müasirləşməyə,
yeniləşməyə, dünya iqtisadiyyatına inteqrasiya
etməyə meyilli milli iqtisadiyyat adlandırılması
ölkənin həyatında baş verən dəyişikliklərin
miqyasını aydın təsəvvür etməyə imkan
yaradır.
Azərbaycanın inkişaf templəri
indi bütün aparıcı beynəlxalq iqtisadi qurumların
tədqiqat maraqları çərçivəsinə daxil
olub. Bu iqtisadi mərkəzlər ölkəmizin
iqtisadi yüksəlişinin timsalında XXI əsrin iqtisadi
fenomenini görür, Azərbaycan modelinin sirlərini öyrənməyə
səylər göstərirlər. Çünki beynəlxalq
təcrübədə cəmi bir neçə il ərzində
Azərbaycanın iqtisadi inkişaf rəqəmlərində
ifadə olunan iqtisadi tərəqqi nümunəsi tapmaq çətindir
və ya bəlkə də mümkün deyil. Ölkə
göstəricilərinin ən qısa sadalanması irəli
sürülən tezisin real həyat həqiqəti olmasına
heç bir şübhə yeri qoymur.
İqtisadi durumun ən ümumi
göstəricisi sayılan milli məhsulun artım sürəti
Azərbaycanda 2004-2008-ci illərdə dünyada ən yüksək
rəqəmlərlə ifadə olunub. Göstərilən illərdə
25-35 % civarında iqtisadi artıma nail olmuş Azərbaycan
artım sürətinə görə dünyada birinciliyə
sahib olmuşdur. Bütövlükdə həmin dövrdə
ölkə iqtisadiyyatı 2,6 dəfə artmaqla böyük
sıçrayış etmişdir. Dövlət büdcəsi
5 il ərzində 12 dəfədən çox artmış,
adambaşına düşən milli gəlirin həcminə
görə 5,5 min dollarlıq hədd dəf edilmişdir.
Yoxsulluq səviyyəsi təxminən 50 %-dən 13 %-ə
enmişdir.
Azərbaycan iqtisadiyyatı getdikcə
daha artıq dərəcədə dünya
iqtisadiyyatının bir hissəsi kimi özünü ifadə
etməyə başlamışdır. Xəzər
dənizinin Azərbaycana mənsub olan hissəsindən hasil
edilən zəngin karbohidrogen ehtiyatlarının dünya
bazarına çıxarılması ölkəmizi müasir
dünyanın iqtisadi sistemində vacib amilə çevirməklə
yanaşı beynəlxalq enerji təhlükəsizliyinin təmin
edilməsində onun rolunun əhəmiyyətli dərəcədə
artmasına zəmin hazırlamışdır. İndi ən
azından Avropanın enerji təhlükəsizliyi Azərbaycan
iqtisadiyyatından ayrı təsəvvür edilmir.
Yuxarıda deyilənlər bir
daha göstərir ki, XXI yüzillik ölkəmiz
üçün təkcə tarixi xronologiyanın dəyişməsi
effekti yaratmaqla məhdudlaşmır. Yeni əsrin
başlanğıcı Azərbaycan tarixinin yeni keyfiyyət mərhələsi
qismində qavranılır və dəyərləndirilir. Məhz buna görə də öz tarixinin
qızıl əsrini keçmişdə axtarmağa adət
etmiş bir çox xalqlardan fərqli olaraq Azərbaycanın
həqiqi intibahının müasiri olduğumuz dövrə təsadüf
etdiyi ictimai düşüncənin birmənalı olaraq qəbul
etdiyi həqiqətlərdəndir. Azərbaycan
adını daşıyan müstəqil dövlətin
yaranmasından tutmuş onun sürətlə inkişaf etməsinədək
özündə milli dirçəlişi əks etdirən
unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr
məhz yaşadığımız zamanda, ələlxüsus
XXI əsrin əvvəllərində cərəyan etməkdədir.
Heç şübhəsiz, bütün bunların
başlanğıcının Heydər Əliyevin adı və
ideyaları, habelə ölkə Prezidenti İlham Əliyevin
çoxşaxəli fəaliyyəti ilə bilavasitə əlaqədar
olması yaşadığımız dövrün həqiqətlərindəndir.
Azərbaycanın ən
yeni tarixi haqqında qənaətin formalaşması bir tərəfdən
onun heyrətamiz iqtisadi göstəricilərinə istinad edirsə,
digər tərəfdən müasir cəmiyyət parametrləri
kəsb etməsinə əsaslanır. Əlbəttə, tam qətiyyətlə
və cəsarətlə demək olar ki, yaşadığımız indiki
dövr Azərbaycan tarixinin xüsusi, ən intensiv inkişaf
mərhələsini təşkil edir. Bu mənada
həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli
yüksəliş illəri, bəlkə də yeni tarix
adlandırmaq daha dəqiq qiymətləndirmə olardı. Məhz
haqqında söhbət gedən zaman kəsiyində Azərbaycan
malik olduğu böyük intellektual və insani
potensialı, təbii resursları - bir sözlə, milli
gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin
qüdrətli amilinə çevirmək imkanı
qazanmış və bununla da öz tarixinin keyfiyyətcə
yeni dövrünə qədəm qoymuşdur. Bu, tam haqlı
olaraq qədim və zəngin tariximizin müasir Azərbaycan cəmiyyətinin
yaradılması mərhələsi kimi qiymətləndirilə
bilər.
XXI əsrin
başlanğıcında müasir Azərbaycan cəmiyyətinin
inteqrasiyası və transformasiyası vəzifələrinin
uğurla və ardıcıl olaraq yerinə yetirilməsi
aydın şəkildə müşahidə olunmaqdadır. Bu
özünü hər şeydən əvvəl
Azərbaycanın böyük və sürətli inkişaf mərhələsinə
qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etməyə
müyəssər olmasında göstərir. İndi ölkənin
inkişafı özünü sadəcə prosesin adi
axarının təzahürü formasında deyil, bir
qayda olaraq əhəmiyyətli keyfiyyət dəyişiklikləri
ilə müşayiət olunan sıçrayış
xarakterli yeniləşmə formasında büruzə verməkdədir.
XXI əsrin ilk illərində Azərbaycan cəmiyyətinin
həyatında baş verən sürətli tərəqqi sayəsində
ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına,
Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə
keçməsi inkaredilməz reallıqdır. Azərbaycanın
yeni keyfiyyət halına və deməli, yeni tarixi mərhələyə
daxil olması da Heydər Əliyevin ideyaları və həmin
ideyaların ardıcıllıqla həyata keçirilməsi
ilə birbaşa əlaqədardır. Bu ideyaların Azərbaycan
tarixində başlıca missiyası onun Azərbaycanın
intibahının əsasını qoymasıdır. Həm də qeyd edildiyi kimi, bu sadəcə ənənəvi
həyat irəliləyişinin ardıcıllığı
sistemindən irəli gələn adi inkişaf yox, keyfiyyət
dəyişikliyinə gətirib çıxarmağa qadir olan
sürətli yüksəlişdir. Əslində bu, Heydər
Əliyev ideyalarının quruculuq missiyasının təntənəsi
kimi müasir Azərbaycanın davamlı olaraq inkişafı
deməkdir.
İqtisadi sıçrayışı hazırlayan
konsepsiya və bünövrə. Müasir inkişafın
başlıca mənbələri və resursları
Müstəqil Azərbaycanın
XXI əsrin başlanğıcına təsadüf edən
sıçrayışlı inkişafının etibarlı
bünövrəyə və hərtərəfli konseptual
bazaya söykəndiyi cəmiyyətin birmənalı şəkildə
qəbul etdiyi reallıqlar kateqoriyasına aiddir. XX əsrin
90-cı illərində Heydər Əliyevin xilaskarlıq missiyasına
sığınan Azərbaycan cəmiyyəti Böyük
Liderin tarixi rolunu heç də təkcə ölkəni təhlükədən
xilas etməkdə görmürdü. Xalq Azərbaycanın
xilasını geniş planda, ölkədə nəinki yeni
siyasi, həm də iqtisadi və mənəvi
situasiyanın yaradılması miqyasında nəzərdən
keçirirdi. Başqa sözlə, Heydər Əliyevin
xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı,
sistemli və ardıcıl həyata keçirilən islahatlar
başa düşülürdü ki, bunları həyata
keçirərək Azərbaycanın müstəqilliyinin əbədi,
sarsılmaz və dönməz olduğunu bəyan etmək
mümkün olsun. Buna görə Heydər
Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi
həm də müstəqil Azərbaycan dövləti
quruculuğunun əsasını təşkil edən
çoxsahəli və ardıcıl layihələrin təntənəsi
kimi qavranılır. Yaradılan
dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün
cilovlanması, maliyyə nizam-intizamının
yaradılması, aqrar islahatların həyata keçirilməsi,
yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli
addımların atılması Azərbaycanın gələcək
sürətli inkişafının əsasının
yaradılması demək idi.
XXI əsrin
başlanğıcında Azərbaycanın
sıçrayışlı inkişafının təmin
edilməsində Heydər Əliyev dühasının məhsulu
olan neft strategiyasının müstəsna rol
oynadığını xüsusi qeyd etməyə ehtiyac var. Heç şübhəsiz ki, ölkəmizin regionda
lider dövlətə çevrilməsi, dünyanın ən
dinamik iqtisadiyyatına malik olan ölkə adını şərəflə
dörd il dalbadal daşıması, Azərbaycanın beynəlxalq
aləmdə rolunun və əhəmiyyətinin hiss olunan dərəcədə
artması və digər çoxsaylı uğurlarımız
Heydər Əliyevin neft strategiyası ilə birbaşa
bağlıdır. Azərbaycanın müşahidə olunan
uğurlarında neft strategiyasının müstəsna əhəmiyyətini
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının
III qurultayındakı nitqində belə ifadə etmişdir: "Heydər Əliyevin neft strategiyasının
icrası nəticəsində ölkəmizə milyardlarla
dollar xarici sərmayə gətirilibdir. Əgər 1994-cü
ildə, o çətin şəraitdə "Əsrin
müqaviləsi" imzalanmasaydı, ondan sonrakı dövr ərzində
bütün infrastruktur layihələri həyata keçirilməsəydi,
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə
başlanmasaydı bu gün Azərbaycanda iqtisadi
inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi.
Azərbaycanın bir çox sahəsi məhz "Əsrin
müqaviləsi"ndən sonra inkişaf etməyə
başladı. Bu müqavilə bir növ bütün iqtisadi
inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın
qarşısında duran sosial məsələlər daha da
uğurla həll olunmağa başladı".
Azərbaycanın
sıçrayışlı inkişafının konseptual əsaslarının
Heydər Əliyevin ideya və baxışları sisteminə
istinad etməsi bütövlükdə ümummilli liderin zəngin
irsinin ölkəmizin müasir inkişafının məfkurə
əsasları rolunu bu gün uğurla oynadığından xəbər
verir.
Heydər Əliyev
strategiyasının müasir inkişafın ideya əsası
rolunda çıxış etməsi hər şeydən əvvəl
onun universal mahiyyətindən irəli gəlir. İkinci tərəfdən,
bu strategiya ölkəmizdə tarixən formalaşmış
dəyərlər sisteminə söykəndiyindən,
böyük perspektiv üçün nəzərdə tutulub və təbii
ki, hazırkı sürətli inkişafı da ehtiva edir.
Azərbaycanın davamlı
inkişafının Heydər Əliyev konsepsiyası praktik fəaliyyətə
transformasiya edərək insanların davranışını
stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin
tam dəstini özündə ifadə edir. Həmin dəyərlər
sistemi ümummilli ideyanın təmin edilməsi ilə
yanaşı hər bir fərdin şəxsi idealının həyata
keçirilməsini nəzərdə tutan prinsip və vəzifələri
üzvi şəkildə əks etdirir. Məhz
bu amil onun ictimai cazibədarlığını və səmərəli
fəaliyyət koofisentini şərtləndirən səbəblərdən
biri keyfiyyətində çıxış edir. İnkaredilməz
həqiqətdir ki, ictimai ideya fərdi qavranma və qəbuledilmə
mexanizmi vasitəsi ilə ictimai və ya ümummilli
davranış faktoruna çevrilir. Tarix fərdi maraqlar
yükünü daşımaq imkanından məhrum
edilmiş ideya sisteminin uğursuzluğa məhkum edildiyini dəfələrlə
sübuta yetirmişdir. Bu baxımdan, artıq
söylənilən tezisi başqa şəkildə ifadə
edərək təsdiqləmək mümkündür ki, Azərbaycanın
müasir inkişaf strategiyasının əsasını təşkil
edən Heydər Əliyevin siyasətinin gücü milli
ideyanın kifayət qədər fərdi maraq
ünsürləri ilə yüklənməsindədir. Məhz
bunun sayəsində hər bir fərd sözügedən ideya
və baxışlar sistemində özünün ictimai dəyərlər
dərəcəsinə yüksəldilmiş istək və
arzularının ifadəsini tapır.
Heydər Əliyevin zəngin
irsinə söykənən inkişaf strategiyasının təhlili
onun üç fundamental başlanğıca istinad etdiyini
söyləməyə əsas verir. Bunlar güclü dövlət,
səmərəli iqtisadiyyat və azad insandır. Azərbaycanın təcrübəsi hər
üç başlanğıcın qarşılıqlı
ahəngdar fəaliyyətinin ölkənin yüksək
inkişafına, hərtərəfli tərəqqisinə xidmət
edən əzəmətli vasitəyə çevrilmək
gücündə olduğunu təsdiqləyir.
Ölkənin və
onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində
və rifah halında yaşaması sosial-siyasi və milli-əxlaqi
mühitin, birgəyaşayış norma və
qaydalarının mövcüdluğunu özündə ehtiva
edir ki, bu da öz-özlüyündə güclü dövlət
anlamını verir. Heydər Əliyevin qurduğu və onun
layiqli davamçısı Prezident İlham Əliyevin daha da
kamilləşməsi üçün yorulmadan fəaliyyət
göstərdiyi müasir, demokratik, hüquqi, dünyəvi,
Azərbaycan dövləti məhz bu parametrlərə malik
olub ölkənin gələcək və sürətli
inkişafının mühüm
başlanğıcını təşkil edir. Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra təxirəsalınmaz
tədbirlər kimi ölkədə sabitliyi, əmin-amanlığı,
dövlət intizamını təmin etmək,
qanunçuluğu və hüququn aliliyini gözləmək
sahəsində atdığı addımların məntiqi
bununla izah oluna bilər.
Müasir inkişafın məfkurə
əsasında dayanan ideya həm də səmərəli
iqtisadiyyatın yaradılmasından ibarətdir. Bu ideyanın əsasında ölkədə bazar
münasibətlərinə söykənən iqtisadi sistemin
qurulması, vətəndaşların iqtisadi
azadlığına və təşəbbüskarlığına
tam meydan verilməsi, Azərbaycanın zəngin təbii sərvətlərindən
iqtisadiyyatın dirçəldilməsi məqsədlərinə
istifadə edilməsi, sərbəst investisiyaların cəlb
olunması faktoruna diqqət yetirilməsi, dünya iqtisadi
strukturlarına və proseslərinə sürətlə
inteqrasiya edilməsi kimi mütərəqqi və müasir
tezislər durur.
Heydər Əliyevin
"güclü iqtisadiyyatı olan dövlət hər
şeyə qadirdir" ifadəsi səmərəli
iqtisadiyyata ulu öndərin baxışlarını
parlaqlığı ilə göstərir. Bütün
dövrlər və ölkələr üçün eyni dərəcədə
əhəmiyyətli olan bu sözlərin Azərbaycana
şamil edildikdə xüsusi məna
daşıdığını sübut etməyə ehtiyac
duyulmur. Heydər Əliyevin həmin fikrində əslində
səmərəli və güclü iqtisadiyyatın ona
bilavasitə məxsus olan funksiyanın yerinə yetirilməsi
ilə yanaşı ölkənin təhlükəsizliyinin təmin
edilməsi sahəsində müstəsna rolu da lakonik şəkildə
ifadə edilir. Azərbaycanın
sıçrayışlı inkişaf strategiyasının məfkurə
əsası kimi qavradığımız ideya və
baxışlar sistemində səmərəli və
güclü iqtisadiyyat həm ölkəmizin müdafiə
potensialının artırılması, həm də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə
nizama salınmasına təkan verən faktor qismində nəzərdən
keçirilir.
İqtisadi
üstünlük amilinin mövcud münaqişəni nizama
salmaq potensialı təkcə nəzəri mülahizələr
və məntiqə deyil, həm də tarixi təcrübəyə
əsaslanır. Çox da uzaq olmayan keçmişdə
münaqişələrin nizama salınması və
onların ədalətsiz nəticələrinin aradan qaldırılmasında iqtisadi
üstünlük amilinin həlledici rol oynadığına
dair konkret nümunələr artıq müasir tarixin bizə
təqdim etdiyi reallıqlar kateqoriyasına aid olan fakta
çevrilib.
Azərbaycanın müasir
inkişaf strategiyasının ideya əsasını təşkil
edən digər fundamental tezis insan azadlığı
sferasına aid olması ilə diqqəti çəkir. Qeyd
etmək yerinə düşər ki, Heydər Əliyevin
davamlı inkişaf konsepsiyasında şəxsiyyətin
azadlığı ictimai tərəqqinin hərəkətverici
amili kimi nəzərdən keçirilir. Azad insan sərbəst
iqtisadi münasibətlər sistemində başlıca
ünsür kimi onun həyat qabiliyyətini və səmərəli
fəaliyyətini təmin edir. Fərdin
azadlığının şərtləndirdiyi təşəbbüskarlıq
ictimai fəallığa transformasiya edərək cəmiyyətdə
inkişafa güclü təkan verən ümumi
işgüzarlıq mühiti və əhval-ruhiyyəsi
formalaşdırır.
Mövzu ilə əlaqədar
fikir və mülahizələri yekunlaşdıraraq xüsusi
vurğulamağı vacib hesab edirik ki, Azərbaycanın
müasir inkişafının ən etibarlı təminatları
sistemində Heydər Əliyevin zəngin irsi mühüm rol
oynayır. Onu da qeyd etmək yerinə düşər ki, bu
tezis ölkə tarixinin son dövrlərinin ortaya qoyduğu ən
mühüm həqiqətlərdən biri kimi ictimai
düşüncəyə dərin həkk olunub. XX əsrin 90-cı illərində Azərbaycanın
dəf etdiyi çətin, lakin şərəfli yol yalnız
Heydər Əliyevin titanik fəaliyyəti sayəsində
tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin
sıçrayışları da ümummilli liderin zəngin
irsinə və Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətə
minnətdar olmalıyıq.
İdeya varisliyi həlledici amilə çevrilir
Tarixin varislik məntiqinə
istinad etməsi çoxəsrlik bəşəri təcrübənin
dəfələrlə sübuta yetirdiyi həqiqətlər
sırasındadır. Tarixini inkar edərək
onu təzədən başlamağa cəhdə bulunmuş
xalqların təcrübəsində dediklərimizə istənilən
qədər nümunə göstərmək
mümkündür. İnkişafın zəruri şərtlərindən
olan sağlam və rasional varisliyin alternativi ola biləcək
yol yoxdur. Hər halda bəşəriyyətin tarixi bunu
hələ sübuta yetirməyib.
Heydər Əliyev
siyasətinin varisliyinin Azərbaycanın müasir
inkişafının kökündə dayanan fundamental
dayaqlardan olduğunu əminliklə iddia etməyə kifayət
qədər əsaslar var. Əvvəla, bu siyasət
özü Azərbaycanın tarixi nailiyyətlərinə, ənənələrinə,
zəngin maddi və mənəvi potensialına istinad edir.
İkincisi, Heydər Əliyev siyasəti tam bir epoxa boyu Azərbaycana
xidmət etmiş, onun sürətli inkişafının
alternativsiz təminatçısı kimi
çıxış etmişdir. Üçüncüsü,
müdriklikdən və təcrübədən qaynaqlanan
ideyaları ehtiva edən Heydər Əliyev siyasəti
zamanın sınaqlarından keçərək bitkin bir
sistem kimi formalaşdığından, böyük perspektivdə
yaşam qabiliyyətini təsdiqləyən bütün zəruri
parametrlərə tam malik olduğunu sübuta yetirmişdir.
Tarixi təcrübənin təhlili
zəminində etiraf etməliyik ki, varislik prinsipindən kənarda
hər hansı bir ideyanın və ya ideyalar sisteminin
davamlı surətdə xalqa xidmət göstərməsini təmin
etmək mümkün deyildir. Eynilə o da
şübhə doğurmur ki, varislik ideyası ayrılmaz
şəkildə şəxsiyyət amili ilə
bağlıdır. Öz-özlüyündə varislik
ideyası cəmiyyət üçün nə qədər əhəmiyyətlidirsə,
onun şəxsiyyət müəyyənliyi də o qədər
vacib və diqqətiçəkəndir. Heydər Əliyev
siyasətinin varisliyi probleminə Azərbaycanda həm ideya, həm
də konkret varis kontekstində yanaşılır. İctimai
fikirdə problemin sistem halında qavranılması onun
taleyüklü məsələlər kateqoriyasına aid edilməsi
ilə izah oluna bilər. Vaxtilə Heydər Əliyev
şəxsiyyəti Azərbaycanın perspektiv
inkişafının həlledici amili sayıldığı
kimi, Heydər Əliyev ideyalarının varisliyi və varisi də
mövcud inkişafın davamlılığının təmin
edilməsi baxımından o qədər əhəmiyyətli
hesab olunur. Heydər Əliyevdən sonra
ölkəmizin sürətli inkişafı ümummilli liderin
ideyalarının həyata keçirilməsinin birbaşa təntənəsi
kimi qavranıldığı kimi, həm də onun siyasi varisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dəyərləndirilir.
Bu mənada İlham Əliyev Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin siyasi varisi kimi müasir
sıçrayışlı inkişafın həlledici amili
keyfiyyətində qəbul olunmaqdadır.
Son illər ölkədə
sürətli iqtisadi inkişafın təmin edilməsi,
artım tempinə görə dünyada birinciliyin əldə
saxlanılması, islahatların yeni mərhələsini əks
etdirən proqramların həyata keçirilməsi,
inkişafın müasir konsepsiyasının irəli
sürülməsi, qarşıya qoyulan irimiqyaslı vəzifələrin
yerinə yetirilməsi üçün yeni-yeni resursların
üzə çıxarılması və səfərbər
edilməsi, dövrün çağırışlarına
vaxtında və adekvat reaksiya verilməsi və s. kimi idarəçilik
metodlarının və yanaşma tərzinin uğurla dövlətçilik
təcrübəsinə gətirilməsi Azərbaycanın
müasir sıçrayışlı tərəqqisinin əsasını
təşkil edən yeni fenomenin qətiyyətlə
özünütəsdiqindən xəbər verir. Bu, əlbəttə
İlham Əliyev fenomenidir.
İlham Əliyev fenomeni Heydər
Əliyev siyasətinin yeni tarixi şəraitdə davam etdirilməsi
zərurətindən irəli gələn ictimai hadisə
sayılmalıdır. Digər tərəfdən, bu fenomen
yeni tarixin müasir çağırışlarına Azərbaycan
gerçəkliyinin adekvat reaksiyası hesab oluna bilər. Beləliklə,
İlham Əliyev fenomeni mahiyyət etibarilə həm Azərbaycan
dövlətçilik ənənələrinin tələblərini,
həm də yeni şəraitin
çağırışlarını təmin etmək
parametrlərinə malik olması ilə seçilir.
İlham Əliyevin prezidentlik
dövründə fəaliyyətinin təhlili bir fenomen olaraq
onun başlıca xüsusiyyətlərini müəyyənləşdirməyi
mümkün etmişdir. Yüksək praqmatizmə
söykənən siyasətçi imicinin mövcudluğu bu
xüsusiyyətlər arasında ən önəmli yerlərdən
birinə sahibdir. İlham Əliyevin təşəbbüsü
ilə həyata keçirilən istənilən proqram və
ya islahat ilk növbədə öz praqmatizmi ilə
seçilir. Son illərin nəhəng iqtisadi və
sosial uğurlarının ən ciddi səbəblərindən
birinin məhz bunda olması heç kimdə şübhə
doğurmur.
Siyasətin saflığı və
səmimiliyi İlham Əliyev fenomeninin digər mühüm cəhəti
sayılmalıdır. Dövlət
başçısının xalq arasında böyük
nüfuz və hörmət qazanmasında onun həm
özünə, həm də siyasətinə xas olan
açıq səmimiyyətinin müstəsna rol
oynadığı inkaredilməz faktdır. Mayası
Heydər Əliyevin idarəçilik ənənələrindən
qaynaqlanan sözügedən keyfiyyət İlham Əliyevin
nümunəsində özünü qabarıq şəkildə
ifadə edərək "səmimi siyasət" və
"səmimi siyasətçi" anlayışlarını
əhəmiyyətli dərəcədə yeni məzmunla zənginləşdirə
bilmişdir.
İlham Əliyev fenomeninin
yüksək qayğıkeşlik, humanizm və xeyirxahlıq
kimi əxlaqi-mənəvi keyfiyyətləri diqqəti
xüsusilə cəlb edir. Hər bir insana
qarşı həssaslıq, insanların problemlərini incəliklə
duya bilmək qabiliyyəti, xalqın güzəranının
yaxşılaşdırılmasını ali məqsəd
kimi dəyərləndirmək Prezidentin humanizminin
başlıca tərkib hissələri sayıla bilər.
Buraya bağışlamağı bacarmaq kimi zəngin,
zəngin olduğu qədər də insanın daxili aləminin
mənəvi-əxlaqı durumunu əks etdirən keyfiyyəti
əlavə etsək, İlham Əliyev humanizmi haqqında təsəvvürləri
daha dolğun şəkildə ifadə etmiş olarıq.
İlham Əliyevin prezidentlik fəaliyyətində
özünü aydın büruzə verən və bu səbəbdən
də onun liderliyinin səciyyəvi cəhəti kimi qəbul
olunan keyfiyyətlər içərisində müasirlik ruhu
xüsusilə seçilir. Onun düşüncə
tərzinə daxilən xas olan bu cəhət getdikcə daha
qabarıq şəkildə bütünlüklə cəmiyyətin
həyat tərzinə çevrilməkdədir. İlham Əliyevin
prezidentlik fəlsəfəsində müasirlik Azərbaycanın
sürətli inkişafının, dünya birliyində
layiqli yer tutmasının, xalqın rifahının
müasir standartlar səviyyəsinə yüksəldilməsinin
fundamental əsaslarından biri, bəlkə də birincisi
sayılır. Etiraf etmək lazımdır ki, təkcə
müasir texnologiyaların deyil, həm də həyat
standartlarının tətbiq edilməsi, həyat keyfiyyətinin
yaxşılaşdırılması modern cəmiyyət
quruculuğu prosesindən kənarda mümkün deyildir və
bu mənada prezidentin siyasətində müasirlik ruhu bütünlükdə
təqdirəlayiqdir.
Nəhayət, İlham Əliyev
fenomeninin çox önəmli xüsusiyyəti əzəmətli,
miqyaslı düşüncə və fəaliyyətində
ifadə olunur. Son illərin məlum nailiyyətləri
məhz bu əzəmətin təcəssümüdür.
2003-cü ilin prezident seçkiləri zamanından
başlayaraq İlham Əliyev tərəfindən irəli
sürülən bütün əzəmətli vəzifələrin
hamısı uğurla yerinə yetirilib. 2009-cu il fevral ayının 23-də regionların sosial-iqtisadi
inkişaf proqramının icrasının yekunlarına həsr
olunmuş müşavirədə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
demişdir: "2003-cü ildə prezident seçkiləri ərəfəsində
verilən bütün vədlər həyatda öz əksini
tapdı. Elə bir məsələ yoxdur ki, həll
olunmasın, yaxud da verilən vəd icra olunmasın və ya
yarımçıq qalsın... Azərbaycan xalqı
yaxşı bilir ki, əgər nə demişiksə, onu edəcəyik.
Onu da yaxşı bilir ki, biz Azərbaycanın hərtərəfli
inkişafı üçün və müstəqilliyin
möhkəmləndirilməsi üçün səylərimizi
əsirgəmirik".
Əzəmətli proqramlar qəbul
etmək İlham Əliyevin idarəçilik üsulunun tərkib
hissəsi kimi də qiymətləndirilə bilər. Onun
"əzəmətli nailiyyətlər qazanmağın yolu əzəmətli
vəzifələr irəli sürməkdədir" çağrışı
ölkədə hazırkı idarəçilik üsulunun
mahiyyətini bütün varlığı ilə
açıb göstərir. Bəli, böyük nəticələr
qazanmağın yolu doğrudan da böyük vəzifələr
irəli sürməkdən keçir. Elə
buna görə də müasir Azərbaycan öz həyatının
əzəmətli layihələrinin həyata keçirilməsi
mərhələsini yaşamaqdadır. Ümummilli lider Heydər
Əliyevin yaratdığı müstəqil Azərbaycan
dövlətinin gücləndirilməsi, iqtisadiyyatın əsaslı
surətdə yeniləşdirilməsi, həyatın bütün sahələrinin modernləşdirilməsi,
ölkənin zəngin məmləkətə çevrilməsi
Prezident İlham Əliyevin bəyan etdiyi və uğurla dəf
edilməkdə olan haqqında söhbət
açdığımız əzəmətli ümummilli hədəflərdir.
Azərbaycanda hər kəs bu möhtəşəm
hədəflərə doğru irəliləyişin
böyük nailiyyətlərlə müşayiət
olunduğunun canlı şahididir. Ölkəmiz böyük
addımlarla qarşıya qoyulmuş məqsədlərə
doğru inamla irəliləyir. Prezident
İlham Əliyevin öz siyasəti üçün hədəf
olaraq seçdiyi zəngin, qüdrətli Azərbaycan
iqtisadiyyatın güclənməsi, siyasi nüfuzun
artması, beynəlxalq əlaqələrin genişlənməsi,
insan amilinin rolunun yüksəlməsi, cəmiyyətin
birliyinin möhkəmlənməsi kimi etibarlı təməllər
üzərində formalaşmaqdadır.
Zəngin və qüdrətli Azərbaycan
ölkənin tarixinin nəinki yeni mərhələsi, bəlkə
daha çox cəmiyyətin tamamilə fərqli keyfiyyət
halı kimi qəbul olunmalıdır. Bu özünə daha
çox inanan, potensialına daha çox güvənən, nəinki
öz hüdudları daxilində, habelə regionda və beynəlxalq
aləmdə özünü ifadə etməyi bacaran Azərbaycan
deməkdir. Zəngin və qüdrətli Azərbaycan habelə
özünü hər cür təhlükələrdən
müdafiə etməyə qadir, torpaqlarımıza göz dikənlərə
layiqli cavab verməyi bacaran Azərbaycandır. Azərbaycanın
gündən-günə artan iqtisadi qüdrəti siyasi və
hərbi gücə, beynəlxalq nüfuza transformasiya etməkdədir.
Bəli, qarşımızda
böyük hədəflər durur. Bu, ümummilli lider Heydər
Əliyevin qoyduğu böyük yolun davamıdır.
Yalnız böyük millət özünə böyük hədəflər
seçə bilər. Bir də ağıllı, xalqına sədaqətlə
xidmət etməyi həyatının mənası sayan rəhbəri
olan xalq qarşısına böyük məqsədlər
qoya bilər. XXI əsrin ilk illərindən Azərbaycan
özünə böyük məqsədlər seçib.
Çünki öz böyüklüyünü dərk edir,
rəhbərinə dərindən inanır və onunla birgə
addımlayır.
Əli Əhmədov,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası
Sədrini n müavini - icra katibi
Azərbaycan.-2009.-9 may.-S.4.