Dövlətçilik ənənələrinin banisi
Hər bir xalqın əsrlər
boyu zənginləşən dövlətçilik ənənələrinin
vahid sistem halına gəlməsi uzunmüddətli təkamül
prosesinin nəticəsidir. Yeni yaranmış ictimai-siyasi
formasiyalarda isə məhz tarixi məsuliyyəti üzərinə
götürən xarizmatik liderlər xalqın daim arzusunda
olduğu azadlıq, müstəqillik və milli dövlətçilik
kimi müqəddəs idealların gerçəkləşməsində
həlledici rol oynayır, bununla da özlərinə əbədiyaşarlıq
hüququ qazanırlar. Tanrı belə şəxsiyyətlərə
həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt
sınaqlarından çıxmış bu insanlar müəyyən
mərhələdə məsuliyyəti öz üzərlərinə
götürərək, bütün bir millətin tarixən
yaşatdığı azadlıq, müstəqillik
ideyalarını gerçək həyatda
reallaşdırmağa nail olurlar. Belə şəxsiyyətlərdən
biri də ümummilli liderimiz Heydər Əliyevdir. Məhz
buna görə də Heydər Əliyev irsinin öyrənilməsi
bütün zamanlar üçün əhəmiyyətlidir.
Dünyamıza nəzər salsaq
görərik ki, inkişaf edən ölkələrin hər
biri hansısa prinsiplərə söykənərək
bugünkü səviyyəyə gəlib çatıb. Məsələn,
Hindistan Mhatma Qandinin müəyyən etdiyi prinsiplərə
söykənərək inkişaf edir. ABŞ bu ölkənin
bani atalarının, İstiqlaliyyət Bəyannaməsini
ortaya qoyanların müəyyən etdiyi xətti əsas
götürür. ABŞ İstiqlaliyyət Bəyannaməsi
Amerika dövlətinin və xalqının söykəndiyi
prinsipləri özündə əks etdirir, eyni zamanda bu
ölkə yaranarkən ortada olan ənənələr, irəli
sürülən prinsiplər hələ də ana prinsiplər
olaraq qalmaqdadır. Baxmayaraq ki, Böyük Britaniya
konstitusiyalı monarxiyadır, bu ölkə də tarixdən
gələn ideoloji prinsiplərə söykənir. Qardaş
Türkiyə Respublikası Atatürkçülük prinsiplərinə
söykənir. Türkiyədə nə qədər siyasi
partiyalararası dartışma, hakimiyyət dəyişikliyi
və s. baş versə də, Atatürkün müəyyən
etdiyi prinsiplər daim yaşayır.
Azərbaycanın
milli ideologiyasının və dövlətçiliyinin təməl
prinsiplərinin müəyyən edilməsi məsələsi
ölkəmiz 1991-ci il oktyabr ayının 18-də
özünün dövlət müstəqilliyini bərpa
etdikdən sonra çox ciddi diskussiya mövzusu olmuşdur. Müstəqilliyinə yenicə
qovuşmuş dövlətimizin və xalqımızın gələcək
inkişafı ilə əlaqədar müxtəlif ideoloji təkliflər
səsləndirilirdi. Düzdür, ölkəmiz dövlət
müstəqilliyinə qovuşarkən XX əsrin əvvəllərində
mövcud olmuş Xalq Cümhuriyyətinin müəyyən ənənələri
var idi. Amma Xalq Cümhuriyyətinin az müddətdə
mövcud olması və müəyyən prinsipləri ortaya
qoya bilməməsi XX əsrin 90-cı illərinin əvvəllərində
milli ideya axtarışı baxımından Azərbaycanda bir
boşluğun olduğunu büruzə verdi.
Türkçülüyə istinad etmək, dinə söykənmək
və digər prinsipləri qəbul etmək təklifi ilə
çıxış edənlər var idi. Amma bu təkliflərin
hər biri yarımçıq idi, nə isə
çatışmırdı. Hansısa elementin
çatışmaması və yarımçıq tezis
inkişafa, ideoloji xəttə əngəl olurdu. Bu prinsipləri
tamamlamaq, inkişaf etdirmək, möhkəmləndirmək və
qətiləşdirmək lazım idi. Məhz ümummilli
lider Heydər Əliyev bunu qətiləşdirdi. O, nəinki
Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini
təmin etdi, eyni zamanda millətimizin və dövlətimizin
ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini
irs olaraq müəyyənləşdirdi.
Ümummilli lider
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər,
bu illər ərzində göstərdiyi səmərəli fəaliyyət
o qədər zəngin və keşməkeşlidir ki, o, bu
gün təkcə Heydərsevərləri deyil, həm də
dövlət adamlarını, tədqiqatçıları da daim
düşündürür və maraqlandırır. Bu böyük şəxsiyyətin dövləti
idarəetmə təcrübəsinə həsr edilən
çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə
kitabın yazılmasına baxmayaraq, onun zəngin təcrübəsi
və səmərəli fəaliyyətinin təhlilinə
ehtiyac duyulan hələ açılmamış səhifələri
var və bunlar öz tədqiqatçılarını
gözləyir. Məlumdur ki, tarixi şəxsiyyət
adını qazanmaq hər dövlət
başçısına nəsib olan xoşbəxtlik deyil.
Bunu qazanmaq üçün ümummilli lider adını
sağlığında qazanmış Heydər Əliyev kimi
gərək xalqın qarşısında böyük xidmətlərin,
xalqın qəlbində məhəbbətin, bir sözlə,
tarixdə izin olsun.
Müasir Azərbaycanda
dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi
sabitliyin, ictimai şüurun son 35 ildən artıq bir
dövrü əhatə edən mərhələsində
özünü dünya siyasətinin görkəmli xadimlərindən
biri kimi tanıdan Heydər Əliyevin adı tariximizə əbədi
olaraq həkk olunmuşdur. Bu böyük şəxsiyyət bütün
varlığı ilə sevdiyi Azərbaycanı,
xalqımızı, onun dövlətçilik tarixini çox
çətin sınaq və imtahanlardan
çıxarmış və zənginləşdirmişdir.
Keçən əsrin 70-ci illərinə
nəzər salsaq görərik ki, həmin illərdə məhz
Heydər Əliyev fiziki və mənəvi terrora məruz
qalan Azərbaycan milli təfəkkürünü qoruyub
saxlaya bildi. Belə ki, Heydər Əliyevin sovetlərin
siyasi iyerarxiyasında rəhbərliyə gəlməsi ilə
milli özünüdərk hissi gücləndi və
bütün ideoloji maneələri dəf edərək
müstəqil düşüncəyə yol açdı. Bu,
əslində xalqın milli dövlət yaratmaq arzusunun yeni işartıları
idi. Ulu öndər Azərbaycana birinci rəhbərliyi
dövründə böyük təzyiqlərlə, təqiblərlə,
ciddi nəzarətlə üzləşsə də, riskdən
çəkinməyərək əzmkar fəaliyyəti ilə
xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti,
milli adət-ənənələri və düşüncə
sistemi barədə dolğun təsəvvürlər
formalaşdıra bildi. Heydər Əliyevin Azərbaycana
uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi
də məhz milli ruhun hədsiz yüksəlməsi, milli
özünüdərkin inkişafı, xalqın tarixi
yaddaşının özünə qaytarılması kimi
fundamental prinsiplər əsasında milli dövlətçilik
arzularının və hisslərinin güclənməsinin
real siyasi amilə çevrilməsi oldu.
Hələ Sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət
müstəqilliyinə zəmin yaradan siyasi, iqtisadi və
hüquqi sahədə mühüm addımlar atdı. Həmin
illərdə Azərbaycanda aparılan misli görünməmiş
quruculuq işləri bu gün dövlət müstəqilliyimizə təminat
verən mühüm amillər oldu. Tarixi faktlar təsdiqləyir
ki, əslində SSRİ-nin dağılması prosesi 1970-ci
illərin əvvəllərindən başlamışdır.
Məhz belə bir gərgin siyasi dövrdə
Heydər Əliyevin birinci hakimiyyət dövrü
başlandı. Təbii ki, SSRİ-də hansı proseslərin
getdiyi və cəmiyyətə məlum olmayan, gizli
saxlanılan problemlərin mahiyyətinin nədən ibarət
olduğu Heydər Əliyevə bəlli idi.
Bütün bunları Heydər Əliyev yaxşı
görür, siyasi imkanlarından, nüfuzundan gələcək
müstəqil Azərbaycan dövlətçiliyinin
qurulmasına zəmin yaradan faktorların təmin edilməsi
naminə istifadə etməyə
çalışırdı.
Ötən əsrin
70-ci illərində məhz Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanın gələcəkdə müstəqil
dövlət olaraq mövcudluğunun təmin edilməsinə
yönələn bir sıra kardinal addımlar atıldı. Məhz
Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan qısa müddətdə
aqrar ölkədən iri sənaye respublikasına
çevrildi. Azərbaycanın neft emalı və
neftmaşınqayırma, elektronika sənayesinin yüksək
keyfiyyətli məhsulları, şərab məmulatları nəinki
Sovet İttifaqı məkanında, eyni zamanda, xarici ölkələrdə
də geniş şöhrət qazanmışdı.
İttifaq hökumətinin xüsusi qərarları ilə Azərbaycanda
üzümçülük, pambıqçılıq
və onların emal sənayesinin inkişafına yeni təkan
verildi. Heydər Əliyevin birinci hakimiyyəti illərində
həmin sahələrin inkişafı ilə kəndlərdəki
soydaşlarımızın yaşayış səviyyəsi
qibtə olunacaq şəkildə yüksəldi.
Palçıq evlər, daxmalar müasir kommunikasiyalı mənzillərlə
əvəz edildi.
Dövlət idarəçiliyi
sahəsində Heydər Əliyev irsinin çox əhəmiyyətli
cəhətlərindən biri də budur ki, o öz siyasətini
heç bir zaman birtərəfli qurmurdu. Onun gördüyü
işlər kompleks tədbirlər sistemindən ibarət idi.
Ümummilli liderin 70-ci illərdə Azərbaycanda milli hərbi
kadr hazırlığı işinə xüsusi diqqət yetirməsi
də bunu bir daha təsdiq edir. O dövrdə Azərbaycanın
ərazisində azərbaycanlılar hərbi kadr
hazırlığına və o zamankı hərbi elitaya
yaxın buraxılmırdılar. Azərbaycanda
bir neçə ali hərbi məktəb olmasına baxmayaraq,
bu məktəblərin minlərlə kursantı arasında
yalnız beş-altı nəfər azərbaycanlı var idi
ki, onların da çoxu "beynəlmiləl" ailələrin
üzvləri idilər. Şübhəsiz, bu tendensiya Heydər
Əliyevi narahat etməyə bilməzdi. Heydər
Əliyevin şəxsi müdaxiləsi və
qayğısı ilə 70-ci illərdən başlayaraq
Bakıdakı ali hərbi məktəblərə qəbul
olunan gənclərin sırasında azərbaycanlıların
sayı intensiv şəkildə artmağa başladı və
bu sahədə də milliləşdirmə prosesinə start
verildi. Həmin dövrdə Heydər Əliyev
milli hərbi kadr hazırlığı sahəsində daha
bir kardinal addım atdı. Cəmşid Naxçıvanski
adına hərbi lisey yaradıldı ki, bu da azərbaycanlılar
arasında hərbi sahəyə marağın kütləvi
xarakter almasına səbəb oldu.
1970-ci illərə kimi Cənubi
Qafqaz respublikaları arasında azərbaycanlılara
SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil
almalarına süni maneələr yaradılır, hətta
müəyyən limit qoyulurdu. Lakin 1970-ci illərdən
başlayaraq, Heydər Əliyevin təşəbbüsü
ilə bu sahədə də ciddi dönüş
yaradıldı. Həmin dövrdən başlayaraq, hər il
yüzlərlə azərbaycanlı ittifaqın ən
nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq,
diplomatiya, dövlət idarəçiliyi, beynəlxalq münasibətlər
və texniki elmlər kimi mühüm elm sahələrinə
təhsil almağa göndərilirdi. Bu siyasət Heydər Əliyev
tərəfindən Azərbaycan dövlətçiliyinin
intellektual bazasının yaradılmasına yönələn
cəsarətli addımlar idi. Bu günün prizmasından
yanaşdıqda, bu addımların sonralar müstəqil
dövlət quruculuğundakı əvəzsiz rolu daha
aydın, daha qabarıq görünür.
Bu böyük
şəxsiyyət 1993-cü ildə xalqın tələbi ilə
yenidən Azərbaycanın idarəçilik sükanı
arxasına keçdikdən sonra qısa müddətdə
milli dövlətçilik doktrinasını irəli
sürmüş və onun icrasına
başlamışdır.
Çağdaş milli dövlətçilik
tariximizdə Heydər Əliyev irsinin özünəməxsus
cəhətləri, taktiki və strateji hədəfləri,
konkret məqsədləri var. Bu irs 1991-1993-cü illərdə
cəmiyyətin gözündən düşmüş
dövlət-hakimiyyət vəhdətinin həqiqi
simasını özünə qaytardı.
1993-cü ildə
Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı ilə Azərbaycan cəmiyyətində
dövlətçilik ideyalarının bərqərar
olması fundamental mahiyyət kəsb etməyə
başladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində
ulu öndər Azərbaycan dövlətçiliyini faciələrdən
və iflasdan xilas
etdi. Siyasi sabitliyi təmin etməklə
yanaşı, eyni zamanda demokratik, qüdrətli dövlət
modeli konsepsiyasını da həyata keçirməyə
başladı. 1993-1995-ci illərdə Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi uğrunda apardığı fəal
mübarizəni xatırlayarkən riqqətə gəlməyə
bilmirsən. Bu müddətdə siyasi sabitliyin tam təmin
olunması dövlətin gələcək iqtisadi inkişaf
prioritetlərini müəyyənləşdirməyə imkan
yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə
kardinal islahatlar proqramının həyata keçirilməsinə
start verildi.
Ulu öndərin Azərbaycan
dövlətçiliyi qarşısında tarixi xidmətlərindən
biri də dövlət quruculuğunun hüquqi
bazasının yaradılması oldu. Belə ki,
1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan
Respublikasının dövlət quruculuğunun əsaslarını
formalaşdırdı. Azərbaycan demokratik, hüquqi,
dünyəvi dövlət kimi ilk dəfə olaraq insan
hüquqlarının prioritetliyini və hakimiyyət
bölgüsünü özünün gələcək inkişaf
yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi
ilə hazırlanmış və ümumxalq səsverməsi
nəticəsində qəbul olunmuş bu ali sənəd
müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə
yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın
ilk parlamentinə keçirilən seçkilər isə
dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının
yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə
dövlət müstəqilliyinin prioritet istiqamətlərini
müəyyənləşdirmək və həyata
keçirmək yolunda əsas istinad mənbəyi rolunu
oynadı. Hüquqi dövlət quruculuğu, ölkənin
iqtisadi və sosial inkişafı, Azərbaycanda
mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik
və xarici siyasət problemlərinin həlli, milli-mənəvi
inkişaf istiqamətində görülən ardıcıl
işlər bütövlükdə müstəqillik və
milli dövlətçilik amalının praktiki baxımdan bərqərar
olmasına yönəlmişdir.
Heydər Əliyev həm də
Azərbaycan elminin böyük hamisi idi. Elmə, təhsilə,
alimlərə, ziyalılara həmişə yüksək qiymət
verirdi. Respublikaya birinci və ikinci rəhbərliyi
dövründə Azərbaycan elmi, təhsili dünya elminə
birbaşa inteqrasiya olunmaq imkanı qazandı, cəmiyyət həyatına,
onun tərəqqisinə xidmət edən fundamental kəşflər
edildi. Hələ ötən əsrin 70-ci illərində
Elmlər Akademiyası Heydər Əliyevin böyük təşkilatçılıq
istedadı nəticəsində dünyada şöhrət
qazandı, özünün kadr potensialını, texniki
arsenalını yaratdı. İndi hamı belə bir tarixi
gerçəkliyi təsdiq edir ki, Heydər Əliyev rəhbər
vəzifədə olmadığı illərdə
akademiyanın məhv olmaq təhlükəsi var idi. Ümummilli
lider 1993-cü ildən xalqın tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycan elmi yenidən dirçəliş
yoluna qədəm qoydu. Naxçıvandan Bakıya dönən
Heydər Əliyevin ilk görüş yeri kimi Elmlər
Akademiyasını seçməsi də təsadüfi deyildi.
Bununla dövlətçilik ənənələrini
sistemli şəkildə davam etdirən görkəmli dövlət
xadimi kimi yeni yaratmağa başladığı müstəqil
dövlətin bünövrəsinin elmi sütunlar üzərində
qurulduğunu, intellektual potensiala arxalandığını
ictimai fikrə çatdırdı. Bu, bir tərəfdən
Heydər Əliyevin Azərbaycan elminə, intellektinə
böyük hörmətinin təsdiqi idisə, digər tərəfdən
respublika ziyalılarının Heydər Əliyev şəxsiyyətinə
sonsuz inam və yüksək etimadının bariz nümunəsi
idi.
Heydər Əliyev XX əsrdə
Azərbaycan xalqının yetişdirdiyi çox görkəmli
sima, dövlət idarəçiliyi sahəsində son dərəcə
böyük və təcrübəli siyasət adamı,
dövlət xadimi idi. Heydər Əliyev Azərbaycanın,
dövlətimizin tarixində həmişəlik qalacaq və
həmişə anılacaq bir şəxsiyyətdir. Onun zəngin
dövlətçilik təcrübəsi bu gün
bütün dünyada etiraf olunur və hörmətlə
qarşılanır, yüksək qiymətləndirilir. Təsadüfi
deyil ki, bu gün Ukraynada Heydər Əliyev adına
Sosial-Siyasi Elmlər İnstitutu təşkil edilib və onun zəngin
dövlətçilik təcrübəsi öyrənilir. XX əsrdə
yetişən dövlət xadimləri içərisində
onun özünəməxsus yeri və nüfuzu var. Belə
şəxsiyyətlər dünyada çox azdır.
Belə bir şəxsiyyətin
dövlətçilik, idarəçilik irsinin öyrənilməsi
bu gün çox vacibdir. Bu missiyanı daşıyan
ümummilli lider Heydər Əliyevin diqqət və
qayğısı ilə yaradılmış Dövlət
İdarəçilik Akademiyasının qarşısında
çox mühüm vəzifələr durur.
Dövlət idarəçiliyi
mexanizminin təkmilləşdirilməsi tədbirləri
sırasında dövlət idarəetmə sahəsi
üçün mütəxəssislər hazırlanması
işinin müasir tələblərə uyğun
qurulması, onların peşəkarlıq səviyyəsinin
artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatlar
aparılmasının təşkili və həmin sahənin
analitik-informasiya təminatının möhkəmləndirilməsi
akademiyanın qarşısında duran başlıca vəzifələrdəndir.
Şübhəsiz, Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi nəinki yüksək peşəkarlıq
və zəkanı, həmçinin, yüksək əxlaqi
və mənəvi keyfiyyətləri, özünün vətənpərvərlik
və Vətənə hədsiz sədaqəti ilə
seçilən kadrların hazırlanması və tərbiyə
olunmasını ehtiva edir. Bütün bunlarla
yanaşı, akademiya həm də milli ideologiyamızın
formalaşması, inkişaf etdirilməsi və təbliği
sahəsində mühüm rol oynayır. Ümummilli lider
milli-mənəvi dəyərlərə sadiqliyini
bütün fəaliyyəti boyu qoruyub saxlamış, dövlət
idarəçiliyində bu meyarlara mühüm önəm
vermişdir. Heydər Əliyevin bu mövzudakı
çoxsaylı çıxışları gənc nəsil
üçün örnəkdir: O deyirdi ki, "Biz öz
milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik.
Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu
xalqımızın həyatında, yaşayışında
formalaşıbdır. Milli-mənəvi dəyərləri
olmayan millət həqiqi xalq ola bilməz. Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinin ən əsası
bizim müqəddəs kitabımız Qurani-Şərifdə
öz əksini tapmışdır. Ancaq bununla
belə, Azərbaycanın təfəkkürlü
insanları, mütərəqqi insanları, Azərbaycanın
böyük şəxsiyyətləri, Azərbaycanın
hörmətli siyasi və dövlət xadimləri,
böyük elm, mədəniyyət xadimləri Azərbaycan
xalqının milli-mənəvi dəyərlərini
yaradıbdır. Biz bunların hamısı ilə fəxr etməliyik".
Akademiyada ulu öndər
Heydər Əliyev irsinin, bu böyük dövlət xadiminin,
hakimiyyət ustasının zəngin dövlətçilik təcrübəsinin,
idarəetmə fəlsəfəsinin öyrənilməsi və
gənc nəslə əxz edilməsinə də vacib məsələ
kimi yanaşılır. Təsadüfi deyil ki, akademiyada "Heydər Əliyevin
Dövlət idarəçilik təcrübəsi"
ayrıca fənn kimi tədris olunur. Fəaliyyətdə
olan "Heydər Əliyev Dövlət İdarəçilik
Universiteti" bu istiqamətdə ciddi araşdırmalar
aparmaq, ulu öndərin həyatının şərəfli
səhifələrini dolğun şəkildə açıb
ictimaiyyətə göstərmək, onun zəngin ideya-fəlsəfi
dünyagörüşünə əsaslanan müasir dövlətçilik
konsepsiyasını təbliğ etmək istiqamətində
mühüm işlər görülür.
Sevindirici haldır ki, 2003-cü
ildə xalqın yüksək etimadı ilə Azərbaycan
Prezidenti seçilən cənab İlham Əliyev əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş sosial-iqtisadi inkişaf və siyasi sabitlik kursunu əzmkarlıqla
davam etdirir. Dövlət başçısı əməli fəaliyyəti
ilə hələ seçki ərəfəsində verdiyi
bütün vədlərə sadiqliyini təsdiqləmişdir.
Mövcud imkanların bərabər paylanması
inkişafın mühüm şərtlərindəndir və
Azərbaycan Prezidenti bu amili əsl siyasətçilərə
xas peşəkarlıqla nəzərə alır: ölkəmizin
sosial-iqtisadi uğurlarını digər əhəmiyyətli
sahələrin tərəqqisinə yönəldir, bununla əlaqədar
bir sıra vacib fərmanlar, sərəncamlar, dövlət
proqramları imzalayır. Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin,
incəsənətinin, idmanının, bir sözlə, mədəni-intellektual
potensialının daha da inkişaf etdirilməsi dövlət
başçısının diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti təhsil
sisteminin mövcud problemlərini, incəliklərini dərindən
bilir və onların tez bir zamanda aradan qaldırılmasına
çalışır. Təsadüfi deyil ki, dövlət
büdcəsindən ən böyük vəsait ayrılan sahələrdən
biri məhz təhsil sferasıdır. Həmin vəsaitin
müəyyən hissəsi regionlarda yeni məktəblərin
tikintisinə, təhsil müəssisələrinin maddi-texniki
bazasının yaxşılaşdırılmasına yönəlir.
Regionların inkişafına diqqətin artırılması
çox vacibdir. Burada diqqəti cəlb edən
bir də odur ki, hazırda regionlarda böyük canlanma var. 1
milyona qədər qaçqınımız var, ərazilərimizin
xeyli hissəsi işğal olunub, belə bir məmləkətdə,
belə bir şəraitdə təbii ki, regionlarla mərkəz
arasındakı iqtisadi inkişaf, tarazlıq pozulmalı
idi. Regionlar çox sürətlə geri qalırdı. Və
olduqca vacib olan bu problemin həllində cənab Prezident
İlham Əliyevin gördüyü işlərin
böyük əhəmiyyəti var. Ən əsas isə bu
yolun düzgün olmasıdır. Həqiqətən də bu
yolda çox qısa bir müddətdə böyük işlər
görülmüşdür. Xarici investisiyaların
qoyulması, iş adamlarının vəsaitlərindən
istifadə edilməsi, bank-kredit sisteminin işə salınması
və bunlar hamısı bu səmtə yönəldilib.
Ölkəmizin
ötən illər ərzində məqsədyönlü,
balanslaşdırılmış xarici siyasət kursu
hesabına geosiyasi qarşıdurmalar poliqonu olmaq təhlükəsindən
uzaqlaşaraq əməkdaşlıq və maraqların
uzlaşması məkanına çevrilməsi faktı bu
gün diqqətdə duran məsələlərdəndir. Bu "Azərbaycan
rəqabət yox, qarşıdurma yox, əməkdaşlıq
məkanına çevrilməlidir. İlk növbədə
Azərbaycanın milli maraqları təmin
olunmalıdır" prinsipinə daim sadiq qalan cənab
İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsidir.
Prezidentliyə
başladığı ilk gündən cənab İlham Əliyev
Heydər Əliyev siyasi kursunun davam etdirildiyini bir daha bəyan
etdi: "Heydər Əliyevin siyasəti yaşamalıdır.
Bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı
daha da gücləndirəcək, Azərbaycan xalqının həyat
səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".
Ölkəmizdə
2008-ci il oktyabrın 15-də keçirilən prezident
seçkilərində Heydər Əliyev ideyalarının
layiqli davamçısı cənab İlham Əliyevin
növbəti parlaq qələbəsi yuxarıda sadalanan nəhəng
islahatlar prosesinə və ulu öndərin ideyalarına olan
ümumxalq münasibətini bir daha əyani şəkildə
nümayiş
etdirdi.
Bütün bunlar göstərir və təsdiq edir
ki, həqiqətən Heydər Əliyevin nəzəri
müddəaları, dövlət idarəçiliyi sahəsindəki
zəngin təcrübəsi hər zaman və hər bir
işdə nümunə kimi bizə kömək olacaqdır.
Prezident İlham Əliyevin sədri
olduğu Yeni Azərbaycan Partiyasının IV qurultayında
qeyd etdiyi kimi: "Biz bilirik nə istəyirik, biz bilirik
hansı məqsədlərə doğru gedirik. Bizim siyasətimiz
açıqdır, aydındır, atılan
addımlarımız düzgün istiqamətdədir və məqsədimiz
ölkəmizi daha da gücləndirmək, dünyada Azərbaycanın
mövqelərini möhkəmləndirməkdir. Bizim siyasətimiz
Heydər Əliyev siyasətidir, Heydər Əliyevin
qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan
xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz
bütün təşəbbüslərdə Azərbaycan
xalqının dəstəyinə arxalanırıq. Bizim
ideologiyamız azərbaycançılıq, dövlətçilik,
müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti
birləşdirir və biz bu yolla uğurla addımlayırıq."
Murtuz Ələsgərov,
Milli Məclisin deputatı,
Azərbaycan.-2009.-9 may.-S.5.