Ulu öndərin əbədiləşən adı
HEYDƏR ƏLİYEV FONDU - mərhəmət və
xeyirxahlıq ünvanı
Heydər Əliyev Fondu 2004-cü ildə
ulu öndərin siyasi məfkurəsinin həmişəyaşar
səciyyəsini əks etdirmək, yaratdığı milli
dövlətçilik ideyalarını yeni nəsillərə
daim aşılamaq niyyətindən irəli gələrək
yaradıldı.
Fondun təntənəli
açılışı 2004-cü il mayın 10-da,
xalqımızın ümummilli lideri Heydər Əliyevin
doğum günündə oldu. Açılış mərasimində
çıxış edən Prezident İlham Əliyev deyib:
"Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək,
onu təhlil, tədqiq və təbliğ edəcəkdir.
Fondun qarşısında böyük vəzifələr
durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın
ictimai həyatında Fondun rolu böyük olacaqdır".
Doğrudan da Heydər
Əliyev Fondu ötən 5 ildə öz fəaliyyəti ilə
Azərbaycanın ictimai həyatında necə böyük
rol oynadığını, qarşıya qoyduğu məqsədlərin
əhəmiyyətinə, miqyasına və sanbalına
görə Azərbaycanda analoqu olmayan yeni qurum olduğunu
sübut etdi. Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai
tədbirlər dövlətimizin inkişafına, müstəqilliyimizin
möhkəmləndirilməsinə, Azərbaycanın
dünya birliyində öz layiqli yerini tutmasına doğru
istiqamətləndi. Bu müddətdə Heydər Əliyev
Fondunun gördüyü işlər, həyata keçirdiyi
layihələr sanballı və genişəhatəlidir. Fond xeyriyyəçilikdən tutmuş səhiyyə
və təhsil sisteminin, mədəniyyət və incəsənətin
inkişafına, mədəniyyətimizin və mədəni
irsimizin dünyada təbliğinə, Azərbaycan həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılmasına,
ölkəmizin dünyadakı imicinin formalaşmasına,
amnistiya təşəbbüslərinə qədər
müxtəlif sferalarda məhsuldar fəallıq
nümayiş etdirməklə ulu öndərin ideyalarına ləyaqətlə
xidmət etdiyini təsdiqləyir. Ulu öndərin
mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan
saf ideallarının ictimai şüurda möhkəmlənməsinə
çalışan, millətin gələcəyi naminə bir
sıra strateji əhəmiyyətli layihələri inamla həyata
keçirən Fond 5 illik fəaliyyətilə bir çox
insanların ümid yerinə çevrilib.
Heydər Əliyev Fondunun məqsədləri
çox genişdir. Buraya Heydər Əliyevin
ölkəmizin tərəqqisi, dünya birliyinə
inteqrasiyası və xalqımızın rifahının
yaxşılaşması naminə müəyyən etdiyi
siyasətin öyrənilməsinə, təbliğinə və
ideyalarının həyata keçirilməsinə dəstək
verməkdən, bu işə xidmət edən genişmiqyaslı
proqram və layihələrın
reallaşmasına kömək etməkdən
başlamış, elm, təhsil, mədəniyyət, səhiyyə,
idman, ekoloji sahələrə aid proqram və layihələr
hazırlayıb həyata keçirmək, sosial problemlərin
həllinə, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara,
insanların yaradıcı potensialının, bilik və
bacarıqlarının aşkara çıxarılmasına
dair vəzifələr aiddir. Eyni zamanda Fond mədəniyyətimizin
geniş təbliği, sağlam mənəvi dəyərlərin
qorunması ilə bağlı aparılan işlərə
yardımçı olmaq, uşaq və gənclərin hərtərəfli
biliklərə malik vətəndaş kimi yetişdirilməsi
işinə xidmət etmək, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması işinə töhfələr vermək,
uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə
və tibbi təsisatları inkişaf etdirmək, ekologiya sahəsində
tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, dini
tolerantlığın bərqərar olmasına, vətəndaş
cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya
inteqrasiya prosesində milli-mənəvi dəyərlərin
qorunub saxlanılmasına dəstək vermək kimi
genişmiqyaslı fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun loqosu səkkizguşəli
ulduzun içərisində Heydər Əliyev inisiallarının
"H.Ə" əmələ gətirdiyi səkkizguşəli
ulduzdan ibarətdir. Səkkizguşəli ulduz şumerdən gəlmədir.
Zərdüştlükdə onun fəlsəfəsi
açılır: səma, yer, su, hava, bitki, heyvanat, insanat,
ad. Bu həm də sadədən aliyə doğru
inkişafı göstərir. İnisialları əhatə edən
səkkizguşəli ulduz Azərbaycan xalqının öz
dahi oğlu Heydər Əliyevin ideyaları ətrafında
birləşməsini göstərir. Loqoda iki rəng qəbul
edilmişdir: göy və qızılı. Göy rəng səmanı,
demokratiyanı, düzlüyü, təmizliyi,
günahsızlığı, dincliyi,
etibarlılığı, səmimiliyi, əminliyi, milliliyi
göstərir. Qızılı rəng isə günəş,
sülh, inkişaf, işıqlı gələcək
simvoludur. Hər iki rəng ümummilli lider Heydər Əliyevin
istək və arzularını, ideyalarını əks
etdirir.
Heydər Əliyev
Fondunun ulu öndərin adına layiq olaraq geniş spektri əhatə
edən, hər kəsdə fərəh və qürur hissləri
doğuran kəhkəşan fəaliyyətinin əsasında
təbii ki, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı,
həyata keçirilən proqram və layihələrə və
ümumən Fondun fəaliyyətinə yaradıcı
münasibəti dayanır. Mehriban xanım Əliyevanın
özünün də bəyan etdiyi kimi, Fondun çoxşaxəli
fəaliyyətinin bir əsas məqsədi var - insanlara təmənnasız
yaxşılıq! Bunu Mehriban xanım Əliyevanın
özünəməxsus səmimiyyətlə dediyi sözlər
də təsdiq edir: "Mən arzu edirəm ki, dünyada saf
və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə
isə, azacıq da olsa, əskilsin".
Məhz nəcib əməllərinə
görə Mehriban xanım Əliyeva ötən 5 ildə bir
sıra beynəlxalq mükafatlara, adlara layiq
görülüb. Hələ 2004-cü ilin
avqustunda Azərbaycanın şifahi xalq ədəbiyyatının
və musiqi irsinin qorunub saxlanılması və inkişaf
etdirilməsi sahəsindəki yorulmaz səylərinə
görə YUNESKO-nun xoşməramlı səfiri adına
layiq görülən Mehriban xanım Əliyeva 2005-ci il iyun
ayında ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə,
Rusiya və Azərbaycan xalqları arasında dostluğun
möhkəmlənməsindəki töhfələrinə
görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq
Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif
edildi. Sivilizasiyalararası dialoq daxil olmaqla,
müxtəlif sahələrdə genişmiqyaslı və fədakar
fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə,
onların yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin
islam aləmində görülən işlərə
böyük dəstəyinə görə isə Mehriban
xanım Əliyeva 2006-cı ilin noyabrında İSESKO-nun
xoşməramlı səfiri adını aldı.
Ölkəmizin
ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban
xanım Əliyeva 2004-cü ildən Yeni Azərbaycan
Partiyasının Siyasi Şurasının üzvüdür.
2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un
İcraiyyə Komitəsinə üzv seçilən Mehriban
xanım Əliyeva həm də 2005-ci ildə Milli Məclisə keçirilən
seçkilərdə 14 saylı Əzizbəyov ikinci
seçki dairəsindən deputat seçildi.
Mehriban Əliyeva
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji
sorğuya əsasən "İlin qadını"
adına, Ümumdünya Səhiyyə Təşkilatı
İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə
keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə
ana, uşaq və ailə sağlamlığının
qorunması və möhkəmlənməsi işində
xüsusi xidmətlərinə görə bu beynəlxalq təşkilatın
mükafatına, həmçinin genişmiqyaslı xeyriyyəçilik
fəaliyyətinə, bəşəriyyətin ali
ideallarına xidmət sahəsində əldə etdiyi
yüksək nailiyyətlərinə görə 2007-ci ilin
mayında Rusiyada "Qızıl ürək" beynəlxalq
mükafatına layiq görüldü. Yetim və kimsəsiz
uşaqlara, müharibə və təbii fəlakətlərdən
zərər çəkmiş insanlara yardım göstərilməsi
sahəsində İslam Konfransı Təşkilatı ilə
yüksək səviyyədə əməkdaşlığa
görə isə 2008-ci ilin iyununda Mehriban xanım Əliyeva
"İKT-nin humanitar məsələlər üzrə
xüsusi elçisi" diplomuna layiq görülüb.
Heydər Əliyev
Fondu ümummilli liderimizin ideyalarına sadiq qalaraq bu gün də
ardıcıl və məqsədyönlü fəaliyyətini
uğurla davam etdirir, ulu öndərin xeyirxah və müqəddəs
əməllərini yaşatmaq üçün ictimai həyatın
ən müxtəlif sahələrində fundamental layihələr
həyata
keçirir, hər bir vətəndaşın zəruri istək
və arzularının gerçəkləşməsinə,
problemlərinin operativ həllinə maddi-mənəvi dəstək
verir. Nəcib əməlləri ilə
xeyirxahlıq və mərhəmət ünvanına
çevrilən, eləcə də hər bir azərbaycanlının
qürur yeri, fəxri və vüqarı olan Heydər Əliyev
Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə
tapması işində bundan sonra da yeni zirvələr fəth
edəcək, həmişə Azərbaycanımızın
adını ucaldacaq.
HEYDƏR ƏLİYEV MÜKAFATI- ən şərəfli
fəxri ad
Xalqımızın
ümummilli lideri Heydər Əliyev hələ sovet hakimiyyəti
illərində dörd dəfə Lenin ordeni,
Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif
edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı
adını almış, bir çox xarici dövlətlərin
orden və medalları ilə təltif olunmuşdu. Müstəqil Azərbaycana
rəhbərliyi dövründə isə Heydər Əliyev
1997-ci ildə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı"
ordeni, 1999-cu ildə Türkiyənin ən nüfuzlu
mükafatı - "Atatürk" sülh mükafatı,
2003-cü ildə isə Rusiyanın yüksək dövlət
mükafatı olan - Müqəddəs Apostol Andrey
Pervozvannı ordeni ilə təltif olunmuşdu. Heydər Əliyev
həmçinin, bir çox dövlətlərin orden və
medallarına, beynəlxalq mükafatlara layiq
görülmüş, müxtəlif ölkələrin
nüfuzlu universitetlərinin fəxri doktoru seçilmişdi.
Heydər Əliyev
sağlığında ikən müstəqil Azərbaycan
Respublikasının hər hansı dövlət ordeni ilə
təltif olunmadı, dövlət mükafatını almadı.
Baxmayaraq ki, ölkəmizin ən ali mükafatını
almağa onun haqqı daha çox çatırdı... Heydər Əliyev öz mənəvi
mükafatını hələ sağlığında ikən,
həm də çox-çox illər əvvəl
almışdı. Bu mükafat Azərbaycan xalqının
öz dahi oğluna olan tükənməz sevgisi idi. Bu sevgi
Heydər Əliyevin vəfatından sonra xalqın
timsalında daha aydın hiss olundu.
Ulu öndərin vəfatından
sonra geniş ictimaiyyətin nümayəndələri tərəfindən
Heydər Əliyevin adının əbədiləşdirilməsi,
onun adına orden, mükafat təsis edilməsi barədə
çoxsaylı müraciətlər edildi. Bu müraciətlərə
baxılması üçün Prezident İlham Əliyevin
2003-cü il dekabrın 26-da imzaladığı sərəncama
əsasən yaradılan Dövlət Komissiyası öz təkliflərini
hazırlayıb dövlət başçısına təqdim
etdi. Prezident İlham Əliyevin 2004-cü il mart
ayının 10-da imzaladığı "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin
xatirəsinin əbədiləşdirilməsi haqqında"
fərmanda ulu öndərin adının əbədiləşdirilməsinin
konkret istiqamətləri müəyyənləşdirildi.
Vaxtilə Heydər Əliyevin təşəbbüsü
ilə inşa edilən və hazırda ölkəmizin həyatında
böyük rol oynayan Bakı Beynəlxalq Aeroportuna, Bakı Dərin
Özüllər Zavoduna, Respublika Sarayına, Bakı
İdman-Konsert Kompleksinə, o cümlədən Azərbaycan
Ali Hərbi Məktəbinə və Bakı şəhərindəki
küçələrdən birinə ulu öndərin
adı verildi.
Prezident İlham Əliyevin
2004-cü il mart ayının 10-da imzaladığı "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin
xatirəsinin əbədiləşdirilməsi haqqında"
fərmanın bəndlərindən biri Azərbaycan
Respublikasının "Heydər Əliyev"
Mükafatının təsis edilməsi idi. Ölkə
başçısının 2007-ci il 20 sentyabr tarixli fərmanı ilə
"Heydər Əliyev" Mükafatının Əsasnaməsi
də təsdiq edilib. Mükafat üzərində Heydər Əliyevin
surəti həkk olunmuş döş nişanı, diplom və
əlli min manat pul mükafatından ibarətdir. Heydər Əliyevin Azərbaycan dövləti
qarşısında misilsiz xidmətlərini nəzərə
alaraq onun xatirəsini əbədiləşdirmək məqsədi
ilə təsis edilən bu mükafat ictimai-siyasi, sosial,
iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə,
dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına
və ictimai həyatda fəal iştiraka, Azərbaycanın
müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində
fərqlənməyə, beynəlxalq münasibətlərdə
dostluq və qarşılıqlı əməkdaşlığın
inkişaf etdirilməsinə görə veriləcək.
"Heydər Əliyev"
Mükafatı Azərbaycanın ən ali təltiflərindən
biri olaraq ucalıq anlamını daşıyır. Ona görə
də ulu öndərin adını daşıyan bu
mükafatın sahibləri fəaliyyətlərinin hər bir
mərhələsində bu təltifə layiq
olduqlarını sübut etməlidirlər. "Heydər Əliyev"
ordeni ilə təltif olunmuş Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev kimi...
"HEYDƏR ƏLİYEV" ORDENİ - ən ali təltif
Azərbaycan Prezidentinin tövsiyəsinə əsasən
Milli Məclis Azərbaycan xalqının ümummilli lideri,
müasir Azərbaycan dövlətinin memarı və qurucusu
Heydər Əliyevin xatirəsini əbədiləşdirmək
məqsədi ilə Azərbaycan Respublikasının ən
yüksək təltifinin - "Heydər Əliyev"
ordeninin təsis edilməsi barədə qanun qəbul
etmişdir.
Qanunda deyilir: "Müstəqil Azərbaycan
Respublikasına rəhbərlik etdiyi on illik dövr ərzində
Heydər Əliyev ölkəmizi təhlükə və
çətinliklərdən qurtararaq ardıcıl inkişaf
yoluna çıxarmışdır. Bu illər ərzində
dövlət idarəçiliyi mexanizmi yenidən
yaradılmış, nizami ordu qurulmuş, genişmiqyaslı
siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata
keçirilmiş, ölkə iqtisadiyyatının dinamik
inkişafı təmin edilmiş, müstəqil Azərbaycan
üçün böyük əhəmiyyət kəsb edən
yeni neft strategiyası hazırlanaraq uğurla gerçəkləşdirilməyə
başlanmışdır. Nəticə etibarilə Azərbaycanda
hüquqi, demokratik və dünyəvi dövlət
qurulmuş, vətəndaş cəmiyyətinin bərqərar
edilməsi istiqamətində ciddi addımlar
atılmışdır. Dövlətimiz dünya birliyində
layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini
möhkəmləndirərək böyük beynəlxalq
nüfuz qazanmışdır. Azərbaycançılıq
ideyası şüurlara hakim kəsilmiş, milli birlik və
həmrəylik təmin edilmişdir".
"Heydər Əliyev"
ordeni Azərbaycan Respublikasının vətəndaşlarına
ölkənin tərəqqisinə, əzəmətinin və
şöhrətinin artmasına töhfə verən müstəsna
xidmətlərinə, Vətənin müdafiəsində, Azərbaycanın
dövlət mənafelərinin qorunmasında göstərilmiş
mərdlik və
şücaətə görə verilir. Ölkəmizin ən
ali mükafatı və onun bir nömrəli vəsiqəsi
2005-ci il aprelin 28-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə təqdim olunmuşdur. "Heydər
Əliyev" ordeninin statutunda müəyyən edilmişdir
ki, mükafat, Azərbaycan Respublikasının Prezidentinə
onun statusuna görə verilir. Amma Prezident
İlham Əliyevin həyat yoluna, siyasi fəaliyyətinə
nəzər salınsa, aydın görünər ki, ordenin
statutunda müəyyən edilmiş digər müddəalar
da dövlətimizin başçısının
çoxşaxəli fəaliyyətini məhz bu ordenlə
qiymətləndirmək üçün tam əsas verir.
Cənab İlham Əliyevin
1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra
birinci vitse-prezidenti kimi fəaliyyəti ölkəmizin iqtisadi
dirçəlişində mühüm rol oynaması
inkarolunmaz gerçəklikdir. Heydər Əliyevin
böyük müdrikliklə hazırladığı yeni neft
strategiyasının gerçəkləşməsində fəal
iştirak edərək "Əsrin müqaviləsi"nin ərsəyə
gətirilib həyata keçirilməsində müstəsna
xidmətləri olan cənab İlham Əliyevin bir çox
yüksək keyfiyyətlərə malik olması məhz
xarici neft şirkətləri ilə aparılan
danışıqlarda özünü büruzə verdi.
Milli Məclisin Avropa
Şurası Parlament Assambleyasındakı nümayəndə
heyətinin başçısı kimi Azərbaycanın mənafelərinin
müdafiəsinə yönəlmiş fəaliyyəti isə
İlham Əliyevin bir siyasətçi kimi zəngin diplomatik
keyfiyyətlərindən xəbər verirdi. Onun AŞ
PA-dakı fəaliyyəti nəinki xalqımız tərəfindən,
eləcə də bu nüfuzlu beynəlxalq təşkilat tərəfindən
yüksək qiymətləndirilmişdir. Cənab İlham Əliyevin
AŞ PA sədrinin müavini və Büro üzvü
seçilməsi bunun parlaq təzahürüdür. Avropa
ideallarına nümayiş etdirdiyi sadiqliyə görə isə
İlham Əliyevin 2004-cü ildə AŞ PA-nın medalı
ilə təltif olunması bu uğurların beynəlxalq
miqyasda tanınması demək idi. Azərbaycanın
digər beynəlxalq qurumlara nisbətən daha çox Avropa
Şurasında uğur qazanması məhz cənab İlham Əliyevin
yüksək nüfuzu və Azərbaycan parlament nümayəndə
heyətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti
ilə bağlıdır. Bütövlükdə cənab
İlham Əliyevin AŞ PA-da gördüyü işlər nəticəsində
Azərbaycan nümayəndə heyətinin qurumda rolu
artmış və ölkəmizlə hesablaşmağa
başlamışlar. Azərbaycan
torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edildiyi faktını Avropa Şurası rəsmən
tanımışdır, işğal edilmiş bölgələrin
hamısının adları AŞ PA-nın rəsmi sənədində
yazılmışdır. Cənab İlham Əliyevin fəaliyyəti
nəticəsində bu gün Avropa Şurası Azərbaycan
reallıqlarını qəbul edir, ermənilərin saxta məlumatlarına
inanmır və Ermənistanı işğalçı kimi
tanımaqda davam edir.
Cənab İlham Əliyevin
1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi
ölkədə idmanın bütün növlərinin
sürətli inkişafı və Azərbaycan
idmançılarının beynəlxalq miqyaslarda artan xətt
üzrə gedən qələbələri ilə
müşayiət olunmağa başladı. Cənab İlham Əliyevin
idmanın və Olimpiya hərəkatının
inkişafındakı xidmətlərinə görə Beynəlxalq
Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilməsi də
onun bu sahədəki fəaliyyətinin beynəlxalq miqyasda
yüksək qiymətləndirildiyini nümayiş etdirir.
2003-cü il avqustun
4-də Azərbaycan Respublikasının Baş naziri təyin
olunan İlham Əliyev bu vəzifədə az işləsə
də, qəbul etdiyi qərarlarla, həyata keçirməyə
başladığı işlərlə ölkəyə rəhbərlik
etmək bacarığına və səriştəsinə
malik olduğunu sübut etdi.
Cənab İlham Əliyevin
siyasi fəaliyyətinin, Azərbaycan dövlətinin
inkişafı, dövlətçiliyimizin qüdrətlənməsi,
beynəlxalq imicinin yüksəlməsi istiqamətində
gördüyü işlərin yeni mərhələsi
2003-cü ildə Azərbaycan Prezidenti seçilməsi ilə
başladı. Xalqın Heydər Əliyevdən sonra onun
ideallarına sadiqliyi, ulu öndərin siyasi kursunun davam
etdirilməsində maraqlı olması cənab İlham Əliyevin
ölkə Prezidenti seçilməsi ilə özünü
göstərdi. Ümummilli liderin siyasi kursunun layiqli
davamçısı cənab İlham Əliyevin Azərbaycan
Prezidenti kimi fəaliyyətinin təhlili göstərir ki,
Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
bütün konsepsiyalar dövlətçilik və milli
maraqların təmini, ümummilli məqsədlərə
çatmaq üçün uğurla davam etdirilir.
Ulu öndərin
adını daşıyan bu mükafata layiq görülən
cənab İlham Əliyev fəaliyyətinin hər bir mərhələsində
bu təltifə layiq olduğunu sübut edir. Ümummilli
liderin qətiyyətli davamçısı Prezident İlham Əliyevin
rəhbərliyi altında qazanılan nailiyyətlər, həyata keçirilən uğurlu layihələr
Heydər Əliyevin xatirəsinin əbədiyaşarlılığını
təmin edir və bu irsin daim müstəqil Azərbaycanda
hakim mövqedə olacağına zəmanət verir.
"Heydər Əliyev"
ordeni ilə indiyədək Azərbaycan Milli Elmlər
Akademiyasının fəxri üzvü, Azərbaycan Tibb
Universitetinin fəxri doktoru, türk dünyasının
böyük oğlu, görkəmli alim və ictimai xadim,
professor İhsan Doğramacı, Fransanın sabiq Prezidenti Jak
Şirak, dünya şöhrətli musiqiçi və dirijor, maestro, həmyerlimiz
mərhum Mstislav Rostropoviç, Ukrayna Prezidenti Viktor
Yuşşenko və görkəmli rəssam, Sosialist Əməyi
Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət
mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir
Salahov təltif edilmişlər.
HEYDƏR ƏLİYEV MƏRKƏZİ - Azərbaycançılıq
məfkurəsinin istinad mənbəyi
XX əsr Azərbaycan tarixinin ən parlaq siması,
qüdrətli şəxsiyyəti olan ulu öndər Heydər
Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik
şüurunun, tarixin sınağından şərəflə
çıxmış bütöv bir idarəçilik məktəbinin,
müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin
canlı mənzərəsidir. Heydər Əliyev elə
şəxsiyyətlərdəndir ki, keçdiyi həyat
yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bu
günü, sabahı aydın görünür. Milli
özünüdərkin ən yüksək siyasi ifadəsi
olan müstəqil dövlət ideyası Azərbaycanın ən
yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti
ilə bağlıdır.
Azərbaycan xalqı çox haqlı olaraq ulu
öndərin adını tarixə dövlətimizin
xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir.
Ötən əsrin 60-cı illərini xatırlayan hər kəs
bilir ki, zəngin iqtisadi potensialının, təbii sərvətlərinin
olmasına baxmayaraq həmin dövrdə Azərbaycan ittifaq
respublikaları arasında bütün statistik göstəricilərinə,
yaşayış səviyyəsinə görə
axırıncı yerlərdən birini tuturdu. Azərbaycan
bütün ittifaqı ən qiymətli təbii sərvət
sayılan neftlə təmin etdiyi halda, heç bir iqtisadi
resursu olmayan digər respublikalarda yaşayış səviyyəsi
ölkəmizdə olduğundan qat-qat yüksək idi. Azərbaycan
vətəndaşları milli sərvətlərinin bəhrəsini
görə bilmir, iqtisadiyyatın və kənd təsərrüfatının
mühüm istiqamətləri inkişafdan geri qalırdı.
1969-cu ildə Heydər
Əliyevin respublikamızda rəhbərliyə gəlməsi
sovet rejiminin sərt qanunlarına baxmayaraq Azərbaycanda
böyük iqtisadi, elmi və ədəbi-mədəni
inkişafa, müstəqil düşüncəyə yol
açdı. Heydər Əliyev ölkəyə rəhbərlik
etməyə başlayandan sonra qısa zaman kəsiyində Azərbaycan ittifaq
tərkibində o zaman üçün müasir iqtisadi
potensiala malik olan respublikaya çevrildi. Ulu
öndərin rəhbərliyi altında başlanan
genişmiqyaslı işlərin nəticəsində Azərbaycan
ittifaq respublikaları arasında öz layiqli yerini tapdı.
Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi
məhz Heydər Əliyevin sayəsində ötən əsrin
70-80-ci illərində qoyuldu və ölkəmizin gələcəyi
üçün möhkəm təməl yaradıldı.
Həmin illərdə Heydər Əliyevin
təşəbbüsləri ilə xalqımızın milli
mənlik şüurunun, mədəniyyətinin və dilinin
inkişafına güclü təkan verən tədbirlər
həyata keçirilmişdir. O illərdə təkcə
sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə
qayıdış da Heydər Əliyvin adı ilə
bağlı idi. Sovet ideologiyasının
qılınıcının arxasının da,
qabağının da kəsdiyi bir dövrdə Heydər Əliyev
xalqımızın mənəvi dəyərlərinin itməməsi
üçün əlindən gələni etmişdir. Elə
bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata
keçirilən məqsədyönlü siyasət Azərbaycan
xalqının milli-mənəvi dəyərlərini
xalqın şüurundan silə bilmədi. Heydər
Əliyevin hakimiyyətdə olduğu, Mərkəzi Komitənin
birinci katibi işlədiyi dövrlərdə xalqımız
sovet ideologiyasının unutdurmağa cəhd göstərdiyi
mənəvi irsinin daha da zənginliklərinə yiyələnmiş,
milli dəyərlərinə daha hörmət və ehtiramla
yanaşmağa başlamışdır. Heydər Əliyevin
respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin
ilk günlərindən aydın olmuşdu ki, Azərbaycan
xalqı onun timsalında əsl milli liderini tapmışdır.
Ulu öndər
milli ruhun dirçəlməsinə, öz zəmanəsinin
Azərbaycan mədəniyyətinin inkişafına və
çiçəklənməsinə nail olmaqla yanaşı,
həm də Azərbaycan xalqının diqqətini
özünün tarixi və mədəni qaynaqlarına
yönəltmişdi. Bu baxımdan Heydər Əliyevin ölkəyə
rəhbərliyinin birinci dövrünü xalqımız
haqlı olaraq milli özünüdərkin oyanmasının,
öz kökümüzə qayıdışın və
müraciətin yeni mərhələsinə doğru aparan
proseslərin başlanğıcı kimi qəbul edir.
Heydər Əliyevin bütün fəlsəfi konstruksiyası
xalqın milli dirçəlişi, milli qürur hisslərinin
oyanması ideyasına əsaslanırdı. Hər şey
milli şüurun yüksəlişinə təkan verməli,
milli dirçəlişin təməlinə çevrilməli
idi. Heydər Əliyev həmişə milli
ruhun yüksəlişinə təkan verən amillərə
xüsusi sayğı ilə yanaşırdı. Həqiqətən
də ulu öndər sovetlər dönəmində
xalqımızın mənəvi
sağlamlığının qorunub saxlanmasına nail
olmuşdu. Azərbaycan SSRİ-nin tərkibindəki
üç respublikadan biri idi ki, onun Konstitusiyasında
xalqın ana dilinə - Azərbaycan dilinə dövlət
statusu verilmişdi. Heydər Əliyev rəhbər vəzifələrə
irəli çəkilən şəxslər arasında daim
milli kadrlara üstünlük vermiş, lazımi ixtisaslara yiyələnmələri
üçün minlərlə gənci ayrı-ayrı
ölkələrə oxumağa göndərmişdi. Heydər
Əliyev Azərbaycan adının tanınmasına xidmət
göstərən bir nəfəri də olsun diqqətdən
kənarda qoymurdu.
SSRİ-nin süqutundan sonra
bütün ittifaq respublikaları müstəqilliyə
qovuşdular. Amma Azərbaycanın müstəqilliyinin ilk illərində
hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi
ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək
təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət
uğrunda çəkişmə Ermənistanla aparılan
müharibəni də arxa plana keçirmişdi. Belə bir
ağır və mürəkkəb dövrdə Azərbaycan
xalqı çox düzgün addım ataraq ölkəni
düşdüyü ağır böhrandan qurtarmaq
üçün Heydər Əliyevi Bakıya dəvət
etdi. Xalqın təkidli tələbi ilə
böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin
ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın
dövlət müstəqilliyinin qorunub saxlanmasına və
möhkəmləndirilməsinə xidmət edən
başlıca amil oldu.
Heydər Əliyevin
müstəqil ölkəmizə rəhbərlik etdiyi 10 il Azərbaycanın
ən yeni tarixinə sosial-iqtisadi yüksəliş
dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər
Əliyev ölkəmizi bütün təhlükə və
çətinliklərdən qurtararaq ardıcıl inkişaf
yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi
sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan
açıldı, ölkəyə xarici sərmayələr
cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən
yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi,
hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata
keçirildi, ölkə iqtisadiyyatının dinamik
inkişafı təmin edildi. Həmçinin
dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə
geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq
nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda
hüquqi, demokratik və dünyəvi dövlət quruldu,
azad vətəndaş cəmiyyəti bərqərar edildi.
Bir siyasətçi və qətiyyətli
dövlət başçısı kimi Heydər Əliyevə
olan inamın nəticəsi idi ki, 1994-cü ildə
dünyanın ən böyük və nüfuzlu neft şirkətləri
ilə Azərbaycan Respublikası arasında Xəzərin
karbohidrogen ehtiyatlarının hasilatına və nəqlinə
dair "Əsrin müqaviləsi" imzalandı. Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə azərbaycançılıq
ideyası şüurlara hakim kəsildi, milli birlik və həmrəylik
təmin edildi.
Ulu öndər Heydər Əliyev
cismən aramızda olmasa da ölkəmizi işıqlı
sabahlara aparan bəşəri ideyaları ilə
xalqımızın qəlbində yaşayır. Bu gün Azərbaycanın
dinamik sosial-iqtisadi inkişafı, ölkəmzin dünya
birliyində öz yerini daha da möhkəmləndirməsi məhz
Heydər Əliyevin ideyalarının yaşamasının,
siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Son 6 ildə Heydər Əliyev siyasi kursunun layiqincə davam
etdirilməsi ölkəmizə böyük uğurlar
qazandırmışdır.
Azərbaycanın hərtərəfli
inkişafı üçün Heydər Əliyevin
hazırladığı strateji istiqamətlər əsrlər
boyu müstəqil dövlətimizin möhkəmləndirilməsi
və gücləndirilməsi, iqtisadi qüdrətinin
artırılması, xalqımızın layiq olduğu
xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.
Odur ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin,
ideyalarının, azərbaycançılıq məfkurəsinin
dərindən öyrənilməsi, geniş təbliğ
olunması bütün Azərbaycan xalqının ümdə
istəyidir. Prezident İlham Əliyevin 2006-cı il
dekabrın 29-da imzaladığı "Heydər Əliyev Mərkəzinin
yaradılması haqqında" sərəncam da məhz bu
istəkdən irəli gəlmişdir. Sərəncamda deyilir:
"Müasir Azərbaycan dövlətçiliyinin
banisi Heydər Əliyev bizə azərbaycançılıq
kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş edərək,
Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini
və milli-mənəvi dəyərlərimizi qorumağı
dönə-dönə tövsiyə etmişdir. Azərbaycançılıq
məfkurəsi çərçivəsində ölkəmizdə
xeyli iş aparılsa da, bu işlərin vahid bir mərkəzdən
sistemli şəkildə istiqamətləndirilməsinə
ehtiyac var. Azərbaycan vətəndaşlarının
dünyada gedən müasir proseslər çərçivəsində
öz vətəninin, millətinin və xalqının taleyi
ilə bağlı genişmiqyaslı layihələrdə
iştirak edərək, arzu və niyyətlərini gerçəkləşdirmək
əzmi müasir texnologiyalarla təchiz olunmuş və
çoxşaxəli struktura malik "Heydər Əliyev Mərkəzi"nin
yaradılması zərurətini ön plana çəkir".
2007-ci il sentyabrın 10-da
Bakının Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin
təməlqoyma mərasimi keçirildi. Mərasimdə
iştirak edən Prezident İlham Əliyev Heydər Əliyev
Mərkəzinin yaradılmasını ulu öndərin xatirəsinə
Azərbaycan xalqının hörmətinin əlaməti və
dünyada analoqu olmayan memarlıq abidəsi, həmçinin
Bakının növbəti simvolu kimi dəyərləndirmişdir:
"Əminəm ki, bu bina onilliklər və əsrlər
boyu yaşaycaq və Bakının növbəti simvoluna
çevriləcəkdir. Eramızın ilk əsrlərində
yaradılmış "Qız qalası" Bakının qədim
simvoludur. Heydər Əliyev Mərkəzi növbəti simvol
olacaq və bütün dünya miqyasında öz gözəlliyi
ilə, nadirliyi və funksional keyfiyyətləri ilə
seçiləcəkdir" - deyə dövlətimizin
başçısı bildirmişdir.
Heydər Əliyev
Mərkəzi ümummilli liderimizin dövlətçilik fəlsəfəsinin
və azərbaycançılıq məfkurəsinin dərindən
öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli
inkişaf etdirilməsi baxımından ölkənin
ictimai-siyasi və mədəni həyatında böyük rol oynayacaqdır. Mərkəz
beynəlxalq səviyyəli tədbirlərin, konfransların,
festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə
imkan verən texnologiyalarla təchiz olunacaq, bir məkanda
konfrans zalı, muzey və mədəni irs mərkəzi,
açıq foye, kitabxana və digər məqsədlər
üçün nəzərdə tutulan salonları
özündə birləşdirən çoxşaxəli
struktura malik olacaqdır. Bu möhtəşəm tikili Heydər
Əliyevin adını daşıyan memarlıq abidəsi kimi
ucaldılacaqdır. Tikinti üslubuna görə Yaxın
Şərq bölgəsində ilk belə layihə olan Heydər
Əliyev Mərkəzi ulu öndərin adına layiq olmaqla
dünya memarlığında seçiləcəkdir.
Hazırladı:
Rəşad Cəfərli
Azərbaycan.-2009.-9 may.-S.6-7.