Əbədiyaşar şəxsiyyət

 

Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Bizim xalq və tarix qarşısında böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə, heç bir dövlət gəlib bizim xalqımızın milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin".

 

Heydər ƏLİYEV

 

Bu gün cəsarətlə demək olar ki, Azərbaycan xalqı Heydər Əliyevi yetişdirdiyi kimi, Heydər Əliyev də müasir Azərbaycan dövlətçiliyini yetişdirmiş, qabaqcıl, demokratik Azərbaycan Respublikası səviyyəsinə gətirmişdir. Ulu öndər Tanrı tərəfindən ona verilən ömrü xalqına, milli dövlətçiliyin inkişafına həsr etmişdir. Bu dahi şəxsiyyət insanı ucaldan amallarla, xalqını yaşadan arzularla, xoşbəxt gələcəyimizə aparan bəşəri ideyalarla yaşayır və mübarizə aparırdı. Onun qeyri-adi zəkasına, mənəvi dünyasına, fenomenal yaddaşına, dəmir məntiqinə, tükənməz enerjisinə dünyanın tanınmış siyasi liderləri, ölkə başçıları heyrət edirdilər. Heydər Əliyev, sözün əsl mənasında, böyük dövlətçi, mahir diplomat, idarəçilik ustadı idi.

Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, milli təfəkkürü və milli ruhu müdafiə, eyni zamanda mühafizə etməyin, milli maraqları gerçəkləşdirməyin ən uğurlu forması müstəqil milli dövlətdir. Bu isə milli-mənəvi dəyərlərlə yanaşı, dövlətçiliyin də qorunmasını bir zərurət kimi ortaya çıxarır. Heydər Əliyev dühasının xalqa, milli maraqlara xidməti öz zirvəsinə müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyinin əbədiləşdirilməsində çatır. Dünyanın siyasi xadimləri arasında öz üslubu, öz dəsti-xətti ilə tanınan və seçilən Heydər Əliyevin yeritdiyi uğurlu siyasət yalnız Azərbaycanda azərbaycanlılar tərəfindən deyil, həm də dünya ictimaiyyəti tərəfindən dəstəklənir və təqdir edilir. Çünki bu siyasətin mərkəzində sülh, sabitlik, demokratiya və dünyaya inteqrasiya dayanır. Bu siyasət praqmatik olduğundan hər cür separatizmi və terrorizmi rədd edir. Ümummilli liderimiz ən ağır və taleyüklü məsələləri emosiyadan, hisslərdən və ehtiraslardan uzaqda, ağlın və intellektin gücü ilə həll etmək niyyətini Avropanın və Amerikanın ən yüksək kürsülərindən bütün dünyaya bəyan etdi və göstərdi ki, Azərbaycan Prezidenti və Azərbaycan xalqı müdriklik, eyni zamanda böyüklük nümayiş etdirərək erməni təcavüzünün qarşısını qan tökmək yolu ilə deyil, sülh yolu ilə almaq istəyir. Sülh isə məlum olduğu kimi, hər bir millətin, ümumiyyətlə, bütün bəşəriyyətin can atdığı ən ali mənəvi dəyərlərdən biridir.

Tale elə gətirib ki, mən həyatımın böyük bir hissəsini dövlət təhlükəsizliyi orqanlarında Heydər Əliyevin rəhbərliyi altında işləmişəm. Bu dahi şəxsiyyətdə müşahidə etdiyim ən böyük keyfiyyətlərdən biri onun milli ruha, milli maraqlara sadiq olması idi. 60-cı illərdə respublikanın Dövlət Təhlükəsizliyi Komitəsində işləyən azərbaycanlıları barmaqla saymaq olardı. Böyük əksəriyyət başqa xalqların nümayəndəsi idi. Ən dəhşətlisi isə o idi ki, komitədə ermənilər milli kadrlardan çox idi. Heydər Əliyevin bu təşkilata rəhbərlik etdiyi dövrdə isə təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların xüsusi çəkisi nəinki ildən-ilə, hətta, aydan-aya çoxalırdı. Ulu öndər istedadlı azərbaycanlı gənclərin dövlət təhlükəsizliyi orqanlarına gəlməsini, Moskvada və Leninqradda yüksək ixtisaslı kadrların yetişdirildiyi xüsusi məktəblərdə və kurslarda yüksək təhsil almasını, rütbə və vəzifə pilləkanında ucalmasını daim diqqətdə saxlayır, peşəkar, təcrübəli bir əməliyyatçı kimi öz bilik və bacarığını əsirgəmir və çalışırdı ki, onlar bu peşənin sirlərinə dərindən yiyələnsin. Sovet dövründə bu, olduqca çətin və məsuliyyətli bir iş idi, böyük iradə və cəsarət tələb edirdi. Lakin Heydər Əliyev bu yoldan çəkinmir, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, ümumiyyətlə, milli maraqlar dairəsində olan sahələrin inkişafında və tərəqqisində əlindən gələni əsirgəmirdi.

Ulu öndər xalqın milli maraqlarına zidd olan, milli ziyalılara qarşı yönələn aksiyaların həyata keçirilməsinə heç vaxt yol vermirdi, müxtəlif yollarla onu aradan qaldırmağa çalışırdı. Doğrudur, bir-iki nəfərin çıxışı və ya yazısı ilə sovet hökumətinə qarşı durmaq, onun dayaqlarını sarsıtmaq mümkün deyildi, amma bunlar milli düşüncəli, vətənpərvər ziyalılar idilər. Ümummilli liderimiz belə milli düşüncə sahiblərini müdafiə edir və həbs olunmalarına imkan vermirdi. Bu əməli ilə o, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyətinə də ciddi təsir edirdi. Akademik Ziya Bünyadov, şair Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, yazıçılardan Rüstəm və Maqsud İbrahimbəyovlar, Əkrəm Əylisli, Anar Rzayev və başqaları milli düşüncələrinə görə təqib edilirdilər. Ümummilli liderimiz Heydər Əliyev onları müdafiə etməklə, əslində milli şüuru oyatmağa xidmət edir, özünü təhlükə altına qoyaraq, milli ruhu və milli düşüncəni müdafiə edirdi.

Düşünürəm ki, sovet dövründə Heydər Əliyev kimi vətənini və xalqını sevən, fenomenal keyfiyyət və qabiliyyətə malik, əməliyyat işinin incəliklərini dərindən bilən tarixi şəxsiyyətin Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərlik etməsi, sözün əsl mənasında, taleyin qisməti, milli maraqlar nöqteyi-nəzərindən çox əhəmiyyətli, taleyüklü bir məsələ idi. Bu, həm də fəlsəfi nöqteyi-nəzərdən şəxsiyyətin tarixdə aparıcı rolunun bariz nümunəsi idi. Çünki şəxsiyyət cəmiyyətin istehsal etdiyi adi "məhsul" deyil, cəmiyyətin özünə aktiv təsir edən ali bir varlıqdır. Cəmiyyət şəxsiyyəti yaratdığı kimi, şəxsiyyət də cəmiyyətin tarixini, gələcəyini yaradır. Sonrakı hadisələr də göstərdi ki, ölkənin böhranlı vaxtlarında, istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan "ölüm-dirim" dilemması qarşısında qalanda Heydər Əliyev şəxsiyyətinin müdrik siyasəti, iradəsi həlledici rol oynadı. Əgər həmin zamanda, həmin məkanda Heydər Əliyev Azərbaycanın başında durmasaydı, respublikamız tərəqqi yox, tənəzzül yolu tutacaq, məhvə doğru yuvarlanacaqdı.

Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusən sənayedə və kənd təsərrüfatında tənəzzül meyilləri müşahidə olunmağa başladı. SSRİ rəhbərliyi bu mənfi meyillərin qarşısını almaq və respublikada inkişafa nail olmaq üçün optimal çıxış yolu axtarırdı və ən uğurlu variant tapıldı. Qısa müddət ərzində Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində mühüm dəyişikliklərə nail olmuş Heydər Əliyev respublika rəhbərliyinə gəldi. Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndə Moskva müttəfiq respublikanın iqtisadiyyatının, xüsusən sənaye və kənd təsərrüfatının dirçəldilməsini əsas məqsəd kimi qarşıya qoymuşdu. Heydər Əliyev isə nəinki həmin vəzifələri yerinə yetirmiş, üstəlik, güclü sənaye potensialına və inkişaf etmiş kənd təsərrüfatına malik olan qüdrətli respublika yaratmışdı. Ulu öndər sanki üfüqdə müstəqil Azərbaycan Respublikasının konturlarını görürmüş kimi dahiyanə bir uzaqgörənliklə ittifaq büdcəsinin imkanlarından istifadə edərək aqrar ölkə kimi tanınan Azərbaycanı qüdrətli sənaye ölkəsinə çevirmişdi.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə yüzlərlə maneələri dəf edərək sovet hökumətinin respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı mühüm qərarlar qəbul etməsinə, eyni zamanda ölkə həyatının müxtəlif sahələrini əhatə edən həmin qərarların operativ şəkildə həllinə nail ola bildi. Respublikada sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş mərhələsi başlandı. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Bilavasitə istehsalla bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Həmin dövrdə respublika nəhəng tikinti meydançasını xatırladırdı. Mərkəzi və yerli əhəmiyyətli sənaye müəssisələrinin, ali və orta məktəblərin tikintisi sistemli şəkil almışdı. Bakıda, Sumqayıtda mikrorayonlar ucaldılır, Azərbaycanın hər bölgəsində yaşayış massivləri salınırdı.

Müstəqil dövlətin əsaslarından biri güclü iqtisadiyyat olduğu kimi, o biri də nizami ordudur, silahlı qüvvələrdir. Heydər Əliyev hələ sovet dövründə bu barədə düşünməyə və böyük işlər görməyə nail olmuşdu. O, Azərbaycanda zabit kadrları hazırlayan ali məktəbin, Cəmşid Naxçıvanski adına hərbi məktəbin, hərbi dəniz zabitləri məktəbinin əsasını qoymuşdu. Bunlar millətini, dövlətini sevən böyük dövlətçinin xalq üçün gördüyü böyük işlər idi. Bu nəhəng layihələri yalnız Heydər Əliyev səviyyəli böyük şəxsiyyət həyata keçirə bilərdi. Bütün bunlar Azərbaycanın gələcəyinə istiqamətlənmiş və ölkəmizin müstəqilliyi üçün görülən işlər idi.

Gələcəyi isə gənclər qurmalı idi. Heydər Əliyev Azərbaycanın gələcəyini quracaq gənc nəslin yetişməsi üçün də böyük işlər görürdü. Məhz onun təşəbbüsü ilə azərbaycanlı gənclərin respublikadan kənara, ali təhsil almağa göndərilməsi kampaniyası başlandı və ildə 800-dən çox gənc Moskvanın, Leninqradın, Kiyevin və ittifaqın başqa mərkəzlərinin yüksək səviyyəli təhsil ocaqlarına göndərildi. Sonralar onların sayı 1400-ə çatdırıldı. Bu, gənclərin təhsil almaq, respublikada ehtiyac duyulan ixtisasa sahib olmaqları ilə bərabər, yeni bir mədəniyyətə uyğunlaşmaları, yeni dünyagörüşünə malik olmaları demək idi. Beləliklə, sovet məkanında yaxşı nə varsa, Azərbaycana gətirilir və inkişaf etdirilirdi...

...Ulu öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra milli maraqlarımızın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə söz açmazdan əvvəl konkret olaraq bir məqamı qeyd etmək yeninə düşərdi. Heydər Əliyev Moskvada işlədiyi, Sovet İttifaqının rəhbərlərindən biri olduğu illərdə də Azərbaycana böyük himayədarlıq edirdi. Məhz buna görə də, erməni millətçiləri Dağlıq Qarabağ məsələsini ortaya gətirməyə cəsarət tapmırdılar. Həmin dövrdə Türkiyə mətbuatı yazırdı ki, türk oğlu Kremldə oturur. Erməni diasporu isə "Qarabağ məsələsinə başlamazdan əvvəl yuxarıdakı türk paşasının məsələsini həll eləmək lazımdır" deyirdi. Şübhəsiz ki, ermənilər Heydər Əliyevin ittifaq rəhbərliyində təmsil olunmasından çox böyük narahatlıq keçirirdilər. Ulu öndər Kremldə tutduğu vəzifələrdən istefa verdikdən sonra isə məlum aqanbekyanlar və balayanlar Azərbaycana qarşı xain niyyətlərini həyata keçirməyə imkan tapdılar. Göründüyü kimi, öz xalqının, dövlətinin ən ağır problemlərini belə, həll etməyə qadir olan Heydər Əliyev ermənilərin canına həmişə titrətmə salmışdır.

Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü də başdan-başa müstəqil Azərbaycan dövlətinə, müstəqilliyimizin əbədiləşdirilməsinə xidmətdən ibarət olmuşdur. Xalqımızın böyük oğlu Moskvadan Azərbaycana qayıtdıqdan sonra Ayaz Mütəllibov iqtidarının at oynatdığı ölkə paytaxtında qalmadı və ata yurdu Naxçıvana getdi. Siyasət dahisi çox yaxşı bilirdi ki, ictimai-siyasi proseslərdə diletantlıqdan o yana gedə bilməyən Mütəllibov iqtidarını zamanında xalq özü cəzalandıracaqdır. Heydər Əliyev, sadəcə olaraq, Naxçıvanda yaşamağa, muxtar respublika əhalisinin dərd-sərinə şərik olmağa qərar vermişdi. Ancaq Naxçıvan əhalisi onu ümummilli lider kimi qəbul etdi və muxtar respublikanın rəhbərliyinə gətirdi. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan səhifələri milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması, 1990-cı ilin 19-20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumdan imtina etməsi, muxtar respublika ərazisində Kommunist partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması, nəhayət, Azərbaycandan ayrı salınmış Naxçıvanda, özü də amansız məhrumiyyətlər, hərbi və iqtisadi blokadalar şəraitində vətən torpağının düşməndən qorunub saxlanılması ilə yadda qaldı. Bu qısa dövr indi də xalqa xidmətin misilsiz nümunəsi kimi xarakterizə edilir.

AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi və səbatsızlığı üzündən ölkədə yaranmış dərin problemlər müstəqilliyimizin və dövlətçiliyimizin mövcudluğunu təhlükə altına alanda, xalqın uzaqgörən ziyalıları ümumxalq mənafeyindən çıxış edərək ulu öndər Heydər Əliyevə müraciət etdi, onu ölkəni xilas etmək üçün Naxçıvandan Bakıya dəvət etdi. 1993-cü ildə ümummilli liderin xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdışı milli dövlətçiliyimizə nicat, xalqa isə qurtuluş gətirdi. Mahir diplomat və böyük idarəçilik ustadı olan Heydər Əliyev ölkəni böhrandan qurtarmağın əsas yolunu daxili ictimai-siyasi sabitliyin təmin edilməsində və cəbhədə atəşkəsə nail olunmasında görürdü. Ulu öndər, eyni zamanda, Azərbaycanın dövlətçilik maraqlarını əsas tutaraq "Biz işğalçı Ermənistan dövləti istisna olmaqla bütün dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa hazırıq" şüarını irəli sürdü. Heydər Əliyev yaxşı bilirdi ki, milli maraqların təmin edilməsi üçün ilk növbədə sivil dünya ilə diplomatik münasibətlər qurmaq, iflic vəziyyətində olan ölkə iqtisadiyyatını böhrandan çıxarmaq, xalqın dövlətə inamını bərpa etmək, insanların sosial-rifah halının yaxşılaşdırılmasına nail olmaq lazım idi. Bəs mövcud reallıqlar bu mühüm şərtlərin icrasına imkan verirdimi? Əsla yox. Çünki iqtisadiyyatın böhrandan çıxarılması üçün mütləq xarici sərmayəyə ehtiyac var idi. Xarici şirkətlər isə heç zaman daxili sabitliyi olmayan, müharibə gedən ölkələrə investisiya yatırmırlar. Üstəlik, gətirilən investisiyaların qorunması üçün hüquqi baza, dövlət zəmanəti tələb olunurdu. Bunlar isə Azərbaycanda yox dərəcəsində idi.

Deməli, Heydər Əliyev ölkədə daxili sabitliyi təmin etməli, xarici investisiyaların qorunmasına zəmanət verən hüquqi baza yaratmalı, cəbhədə atəşkəsə nail olmalı idi. 1993-cü ilin yayından 1994-cü ilin müvafiq dövrünə qədər olan çox qısa müddətdə qeyd edilən bu vəzifələrin öhdəsindən gəlmək çoxlarına möcüzə kimi görünürdü. Ancaq Heydər Əliyev öz siyasi fəaliyyəti dövründə opponentlərinə qeyri-real görünən çox layihələri reallığa çevirmişdi. 1994-cü ilin mayında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olundu. Sentyabr ayında isə Azərbaycan Dövlət Neft Şirkəti ilə Beynəlxalq Konsorsium arasında "Əsrin müqaviləsi" imzalandı. Bunlar Azərbaycanın milli maraqlarının yüksək səviyyədə təmin edilməsi üçün atılan uğurlu addımlar idi. Sonralar reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri kimi dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə zəmanət verən möhtəşəm layihələr bu addımların məntiqi nəticəsi idi. Heydər Əliyevin yeni neft strategiyası transmilli neft şirkətlərinin Azərbaycana iqtisadi və siyasi dəstəyini təmin etdi və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına imkan verdi. Əvvəlcə ATƏT-in Lissabon sammitində, sonra isə dünyanın bütün beynəlxalq təşkilatlarında Azərbaycanın ərazi bütövlüyü tanındı və ikili standartlar siyasəti tədricən arxa plana keçdi.

Amma Azərbaycanın dövlətçiliyini, müstəqilliyini istəməyən qara qüvvələr də var idi. Onlar "sapı özümüzdən olan baltalar"ın əli ilə Azərbaycanda yeni yaranmış sabitliyi pozmaq, öz məkrli niyyətlərini həyata keçirmək üçün 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər təşkil etdilər. Lakin xalq - Heydər Əliyev birliyi və həyata keçirilən müdrik siyasət bu cəhdlərin qarşısını aldı və ölkəmizdə siyasi sabitlik təmin edildi.

Bundan sonra bazisi təşkil edən iqtisadi islahatlarla paralel olaraq üstqurumu yaratmağa xidmət edən siyasi islahatların həyata keçirilməsinə yönəlmiş addımlar atıldı. 1995-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin qurulmasına nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli, iqtisadi və sosial qanunlara uyğun olaraq əhalinin yüksək həyat səviyyəsini təmin etmək, bütün dünya xalqları ilə dostluq və əmin-amanlıq şəraitində yaşamaq kimi ümumbəşəri dəyərləri özündə əks etdirən Azərbaycan Respublikasının Konstitusiyası hazırlandı və qəbul olundu. Əsas Qanun hakimiyyətin bölünməsi prinsipini əsas tutduğu kimi, mülkiyyətin də dövlət, bələdiyyə və xüsusi növlərini elan etdi. Əsas Qanunda əks olunmuş bütün bu müddəalar ölkəmizdə demokratik islahatların keçirilməsi üçün hüquqi baza oldu.

Heydər Əliyevin siyasi fəaliyyətinin bütün sahələri kimi, onun diplomatiyası da zəngin, xarici siyasətdə əldə etdiyi uğurlar isə böyükdür. Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv qəbul edilməsi isə milli maraqlarımızın daha geniş miqyasda təmin edilməsinə növbəti zəmin yaratdı. Azərbaycan parlamentinin AŞ PA-dakı daimi nümayəndə heyətinin ilk rəhbəri cənab İlham Əliyevin prinsipiallığı və təşəbbüskarlığı nəticəsində Avropa miqyaslı bu qurum Ermənistanı işğalçı dövlət kimi tanıyan ilk rəsmi beynəlxalq sənəd qəbul etdi. Beləliklə, həm ulu öndərin özünün dövründə, həm də 2003-cü ilin oktyabrından sonra Azərbaycan xalqı öz iqtidarının milli maraqların qorunması istiqamətində atdığı çox uğurlu addımların və möhtəşəm nəticələrin şahidi oldu. Ən başlıcası isə, beynəlxalq ictimaiyyət Azərbaycanda həyata keçirilən sivil, demokratik, hüquqi dövlət quruculuğu kursunun nəticələrini bəyəndi və qəbul etdi. 2003-cü və 2008-ci illərdə keçirilmiş prezident seçkiləri, 2005-ci il parlament seçkisi və 2009-cu ilin martında Əsas Qanunumuza bəzi dəyişiklik və əlavələr edilməsi üçün keçirilən referendum bir daha sübut etdi ki, Azərbaycanda vətəndaş cəmiyyətinin daha da demokratikləşdirilməsi üçün mümkün olan bütün addımlar atılır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli maraqların təmin edilməsi istiqamətində həyata keçirdiyi titanik siyasi fəaliyyəti barədə söz açarkən, ilk növbədə, bu günümüzün reallıqlarını qeyd etmək zərurəti yaranır. Belə ki, 2003 - 2008-ci illərdə Azərbaycan xalqının etimadını böyük bacarıqla doğruldan Prezident İlham Əliyev xalqa xidmət etməyin Heydər Əliyev nümunəsinə möhtəşəm bir sədaqət nümayiş etdirir. Cənab İlham Əliyev Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafına nail olmaqla, ölkəmizin bir neçə iqtisadi göstərici üzrə dünya dövlətləri arasında liderliyi ələ almasına zəmin yaratmaqla yanaşı, bir neçə ekstremal şəraitdə xalqın həqiqi lideri olduğunu sübut etdi.

Birinci. Keçən ilin avqustunda Cənubi Qafqazda yaşanan problemlər, Gürcüstan-Rusiya münasibətlərindəki gərginliyin silahlı toqquşmaya gətirib çıxarması zamanı Azərbaycan Prezidenti mükəmməl bir siyasi-diplomatik məharət nümayiş etdirərək öz ölkəsini bu münaqişənin törədə biləcəyi istənilən fəsaddan xilas etdi.

İkinci. Ötən ilin payızından bəri bütün dünyanı çulğalamış iqtisadi böhran ABŞ, Rusiya, Yaponiya kimi qüdrətli ölkələri silkələsə də, Azərbaycanda o qədər də hiss edilmir. Adı çəkilən ölkələrdə yüz minlərlə insan böhran üzündən işsiz qaldığı halda, Azərbaycanda yeni iş yerləri yaranır, iqtisadi göstəricilər artır.

Nəhayət, üçüncü. Ermənilərin beynəlxalq aləmdəki havadarlarının qurduğu fitnə-fəsadın nəticəsi olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəliyə gətirilərkən Azərbaycan Prezidenti möhtəşəm bir qətiyyət və milli maraqlara sədaqət nümayiş etdirdi. Artıq kütləvi informasiya vasitələrindən hamıya məlum olan həmin qətiyyətin məzmunu və nəticəsi barədə söz açmağa ehtiyac yoxdur. Fikrimizcə, bütün bunlar dövlətçilik və milli maraqların qorunması baxımından cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevdən aldığı siyasi dərsin nəticəsi və göstəricisidir.

Ulu öndərin möhtəşəm idarəçilik məktəbinin incəliklərini ən kiçik detallarına qədər öyrənən Prezident İlham Əliyev təkcə dövlətin sosial-iqtisadi inkişafına nail olmaqda və cəmiyyətin demokratikləşdirilməsində yeni nümunələr yaratmır. O, eyni zamanda beynəlxalq münasibətlərdə özünəməxsus nümunə - Azərbaycan nümunəsi formalaşdırılmasına nail olur. Cənab İlham Əliyev dünya iqtisadiyyatındakı müasir meyilləri mükəmməl bir siyasi uzaqgörənliklə qiymətləndirərək öz addımlarını məhz bu perspektivlərə hesablanmış şəkildə atır. Hazırda bütün dünyada inamla addımlayan, dönməz xarakter alan qloballaşmanın möhtəşəm addımları Azərbaycanda da hiss edilir. "Biz öz milli-mənəvi dəyərlərimizi, milli və dövlətçilik maraqlarımızı tam şəkildə qoruyaraq qloballaşmaya mükəmməl töhfələr verə bilərik" - deyən Prezident İlham Əliyev bu tezisi günün reallığına çevirir.

Qloballaşan dünya iqtisadiyyatına Azərbaycanın verdiyi töhfələr nədən ibarətdir? Ən əvvəl Asiya və Avropa iqtisadiyyatını bir-birinə qovuşduran, Şanxaydan Londona qədər uzanan, iki qitənin mükəmməl ticari-iqtisadi dəhlizinin tamamlanmasını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini qeyd etmək lazımdır. Məlum olduğu kimi, bəzi beynəlxalq təşkilatlar və hətta Azərbaycanın müttəfiqi olan bəzi dövlətlər bu layihənin reallaşmasını istəmirdilər. Ancaq Prezident İlham Əliyev siyasi iradə nümayiş etdirərək ölkəmizin bu layihənin həyata keçirilməsində maraqlı olduğunu göstərdi. Azərbaycanın öz mövqelərindən dönməməsi milli maraqlarımızın diktəsi olmaqla bərabər, Bakı-Tbilisi-Qars layihəsinə tərəfdar olan qardaş və qonşu ölkələr üçün çox böyük töhfə idi. Möhtərəm İlham Əliyev bu layihəni qətiyyətlə dəstəkləməklə həm də dünya iqtisadiyyatına özünəməxsus töhfə verməyin Azərbaycan nümunəsini göstərdi.

Təbii ki, Tanrının Azərbaycana bəxş etdiyi sərvətlər - neft və qaz ölkəmizin iqtisadi və siyasi həyatında misilsiz rol oynayır. Ancaq dövlətin mükəmməl idarə edilməsi nəticəsində bu sərvətlər həm xalqımıza maddi rifah gətirə, həm də respublikamıza beynəlxalq aləmdə böyük nüfuz qazandıra bilər. Avropanın və ümumilikdə bütün dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynaya biləcəyini ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə söyləmişdi. Möhtərəm İlham Əliyev isə həmin niyyətin həm tərəfdaşlarımıza, həm də Azərbaycanın özünə sərf edən şəkildə reallaşdırılmasına nail oldu. Təbii ki, ən əvvəl ölkənin özünün enerji təhlükəsizliyinin təmin edilməsi vacib idi. Prezident İlham Əliyev 2003 - 2006-cı illərdə bu vəzifənin öhdəsindən layiqincə gəldikdən sonra daha böyük layihələrin reallaşdırılmasına start verdi: "Azərbaycan öz enerji təhlükəsizliyini təmin edibdir və Avropa ölkələrinin də enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edir".

Siyasi ekspertlərin və mütəxəssislərin fikrincə, cəsarətli və uzaqgörən siyasətçi olan Prezident İlham Əliyevin ən böyük qətiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün aparılan danışıqlar zamanı özünü göstərir. Erməni lobbisinin və ermənilərə himayədarlıq edən bir çox siyasi qüvvələrin qurmaq istədiyi fitnə-fəsadların heç biri Azərbaycan Prezidentini haqq yolundan döndərə bilmir. Beynəlxalq normalara cavab verməyən, ölkəmizə və xalqımıza sərf etməyən istənilən təklifin müəllifləri öz qarşılarında cənab Prezidentin qətiyyətini görürlər: "Azərbaycan öz torpaqlarının bir qarışının da düşmən işğalında qalması ilə barışmayacaqdır", "Dağlıq Qarabağa heç zaman müstəqillik verilməyəcək və ya Dağlıq Qarabağ heç zaman Ermənistana birləşdirilməyəcəkdir". Ən başlıcası isə odur ki, Azərbaycan xalqı öz dövlət başçısının bu qətiyyətini böyük mütəşəkkilliklə dəstəkləyir və onun siyasətinin icrasına yardımçı olur. 2008-ci ilin oktyabrında keçirilən prezident seçkilərində xalq həmin dəstəyi daha möhtəşəm şəkildə nümayiş etdirdi. Bu isə Azərbaycan xalqının milli maraqlarının təmin edilməsi üçün işlənib hazırlanmış Heydər Əliyev siyasi kursunun XXI əsr həqiqətləri kimi qəbul edilməsinin göstəricisi idi.

 

 

Ziya Yusifzadə,

Milli Təhlükəsizlik Nazirliyinin

Heydər Əliyev adına

Akademiyasının rəisi,

general-leytenant

 

Azərbaycan.-2009.-9 may.-S.8.