Təhsilin himayədarı

 

Hər bir xalqın minilliklər boyu formalaşmış dövlətçilik ənənələrinin milli irs və düşüncə əsasında həyata vəsiqə alması üçün əlverişli siyasi mühit, elm və təhsili istiqamətləndirməyi bacaran güclü və vətənpərvər liderin olması əsas şərtdir. Müəyyən mərhələdə önə çıxan fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq haqqı qazanırlar.

XX əsrdə Azərbaycanın yetirdiyi ən böyük dövlət xadimi ümummilli lider Heydər Əliyev də belə şəxsiyyətlərdən olub. Dahi rəhbər müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq xalqımızın əbədi və tükənməz sevgisini qazanmışdır. Ümummilli liderə layiq olduğu qiyməti vermək, onun vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri və fədakarlıqları obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edən məsələdir. Yüksək ehtiramla qələmə alınan ən xoş xatirələr, siyasi, elmi, politoloji fikir və mülahizələr belə ulu öndər Heydər Əliyevin Vətəndaş, Şəxsiyyət və Lider kimi böyüklüyünün miqyası barədə dolğun təsəvvür yaratmaqda acizdir.

Tanrı XX əsrdə sıramızdan Azərbaycan xalqının ümummilli lideri, müstəqil dövlətçiliyimizin banisi və qurucusu Heydər Əliyevi seçdi, onun əlləri ilə Azərbaycanın tarixində şanlı salnamələr açdı. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gərən, millət Atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddət xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə yönələn real hüquqi, siyasi və iqtisadi əsasların yaradılmasını, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsini, xalqın konstitusion hüquqlarına sahib çıxmasını, milli-mənəvi yüksəlişə nail olmasını, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran tarixi prosesi əhatələyir. Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir. Ulu öndər ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni pozitiv dəyişikliklərinə hazırlamaqla, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir.

Tarixin ən çətin, məsuliyyətli məqamlarında inadkarlıq mücəssəməsinə çevrilərək Azərbaycanın ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini mərdliklə verən ümummilli lider Heydər Əliyev nüfuzlu dövlət xadimi, görkəmli ictimai-siyasi xadim və bunlardan da əvvəl - Böyük Azərbaycanlı olduğunu təsdiqlədi. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən ümummilli lider azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz nurlu simasında bir araya gətirmişdir. Daha böyük ölkələrə rəhbərlik etmək iqtidarında olan ümummilli lider Azərbaycan adlı qədim yurdu az qala qarış-qarış gəzərək rəhbər kimi onun hər bölgəsinə silinməz izlər salmış, sağlığında xalq üçün gördüyü nəhəng işlərlə özü-özünü əbədiləşdirmişdir.

Bütün siyasi fəaliyyəti boyu böyük təzyiqlərlə, təqiblərlə üzləşən ulu öndər heç nədən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqının tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənəsi və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. O dövrdə repressiya qurbanlarına bəraət verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real amilə çevrilməsidir. Ulu öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq ictimai şüurdakı istiqlal duyğuları aşkara çıxaraq yeni məzmun kəsb etmiş, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Məhz həmin dövrdə Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışlar.

Dahi şəxsiyyətin müdrik siyasəti sayəsində millətin minillər boyu yaşadığı mənəvi dəyərlərə nihilist baxış tədricən aradan götürülməyə başlanmış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan ünsiyyət milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdur. Xalqın milli düşüncə tərzinin formalaşmasında mühüm rolu olmuş tarixi şəxsiyyətləri qorumadan, onları xalqın yaddaşında yaşatmadan müasir ziyalıları, ictimai xadimləri də müdafiə etmək mümkün deyil. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli, Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlı və yüzlərlə digər korifeyin adını əbədiləşdirməklə, əsərlərinin təkrar nəşrini təşkil etməklə, heykəllərini ucaltdırmaqla, muzeylərini yaratmaqla xalqın tarixinin, mədəniyyətinin, ədəbiyyatının yaşadılması, bütövlükdə milli yaddaşın qorunub gələcək nəsillərə çatdırılması məqsədini əsas tutmuşdur. Həmin dövrdə müxtəlif təzyiqlərə, təhdidlərə, qaragüruhçu qüvvələrin müqavimətinə məhəl qoymayaraq qətiyyət nümayiş etdirən Heydər Əliyev qarşısına qoyduğu bir sıra ali məqsədlərə nail olmuşdur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 100 illik yubileyini qeyd etmək, onun heykəlinin ucaldılması üçün ümummilli lider Heydər Əliyev sovet imperiyasının rəhbərliyi ilə mübarizəyə 2 ilə yaxın vaxt sərf etmişdir. 1937-ci ildə repressiya qurbanı olan Hüseyn Cavidin nəşini Uzaq Sibirdən Azərbaycana gətirtmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə nə qədər sayğı və ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir.

Keçmiş Sovetlər birliyinin iqtisadi-siyasi və ideoloji cəhətdən ən güclü dövründə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin vətənpərvər fəaliyyəti xalqımızda tarixi adət-ənənələrinə, dilinə, mədəniyyətinə bağlılığı gücləndirmiş, yaratdığı zəngin elmi və iqtisadi potensialla milli müstəqilliyə zəmin formalaşdırmışdır. Bu gün tarixçilər də Heydər Əliyev fenomeni ilə milli dövlətçilik ideyaları arasındakı bağlılığın köklərinin 40 il əvvələ təsadüf etdiyini bildirirlər. Ümummilli lider Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirlər həyata keçirmiş, bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyimizə təminat yaradan başlıca faktor kimi nəzərdən keçirmək lazımdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır.

Ulu öndərin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda yaranmış şərait üçün optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə belə arxayın idi. Təkcə bu səbəbdən ki, baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan insanı ilahi bir əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəlşəxsiyyətin belə situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdı. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskarı kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi məhz bu gerçəklikdən qaynaqlanırdı.

1993-cü ilin may-iyununda dövlət böhranının, xaosun, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxmış, bu, ümummilli hərəkata çevrilmişdi.

15 iyun 1993-cü il tarixə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Həmin gün müdrik siyasətçinin, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı baş vermişdi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni, daha şərəfli, daha əzəmətli mərhələsinə daxil olmuşdu.

Hakimiyyətinin ilk mərhələsində olduğu kimi, Böyük Qayıdışından sonra da ümummilli lider tədris ocaqlarımızın flaqmanı olan Bakı Dövlət Universitetinə, onun elmi potensialına ehtiramla yanaşmaq ənənəsini davam etdirmişdir. Azərbaycan xalqının XX əsrdə yetirdiyi böyük şəxsiyyət Heydər Əliyevin Bakı Dövlət Universitetinə diqqət və qayğısı yenidən artdı. Heydər Əliyev xalqın siyasi qüdrətinin təcəssümü, Azərbaycan ziyalılarının ağsaqqalı və himayəçisi, milli təhsil quruculuğumuzun memarı idisə, Bakı Dövlət Universiteti mənəvi böyüklüyümüzün simvolu, elmimizin, təhsilimizin, mədəniyyətimizin möhtəşəm məbədiydi. Unudulmaz rəhbər bu təhsil ocağına ona görə həssaslıqla yanaşırdı ki, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədgahından ayrı təsəvvür etmirdi. Heydər Əliyev bilirdi ki, Azərbaycanın intibahı və inkişafı bu təhsil ocağının köməyi ilə baş verə bilər. Tarixi gedişat göstərdi ki, böyük öndər nə qədər haqlı imiş. Cəmiyyətin tərəqqisinin, elmin, mədəniyyətin, mənəviyyatın inkişafının ən qüdrətli vasitəsi rolunu oynayan təhsilə qayğının artırılması, bu işə dövlət siyasətinin əsas prinsipi kimi yanaşılması Heydər Əliyevin rəhbər və vətəndaş qayəsini ifadə edən önəmli cəhət idi. Bu amil Azərbaycanda ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin inkaredilməz reallığıdır. Bunu danmaq, təkzib etmək mümkün deyildir. Çünki tarix baş vermiş hadisələrin və faktların yalana bürünməsinə heç vaxt imkan vermir. Bu tarixi gerçəyi necə danmaq olar ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində sovet rejiminin tətbiq etdiyi bütün qadağaları aşaraq doğma Azərbaycan dilində çıxış etdi. Bu cəsarət o dövr üçün inqilaba bərabər bir hadisə idi. Sonralar da Bakı Dövlət Universiteti ilə bağlı hər hansı qərarın qəbul olunmasında - onun yubileylərinin keçirilməsindən tutmuş burada çalışanların təltif olunmasına, mükafatlandırılmasına qədər hər şeyə Heydər Əliyev həssas yanaşırdı. Bu da dahı rəhbərin BDU-ya olan sevgisinin göstəricilərindən biri idi.

1969-cu ildə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında yeni bir dövr başlandı. Bu, Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlı idi. 1969-cu ildən başlayaraq, bütün təhsil sistemində olduğu kimi, Bakı Dövlət Universitetinin həyatında da yeni mərhələ yaşandı. Bu illərdə yeni laboratoriya və fakültələr, elm mərkəzləri açıldı, BDU-nun kitabxanasına elmi kitabxana statusu verildi, biliyin və təhsilin yoxlanılması üçün elektron imtahan maşınlarından istifadə edilməyə başlandı, universitetin yeni tədris korpusları istifadəyə verildi, kino və televiziya laboratoriyası fəaliyyətə başladı, ixtisaslaşdırılmış auditoriyalar yaradıldı. 1973-cü ildə Heydər Əliyevin şəxsi qayğısı və böyük uzaqgörənliyi ilə tətbiqi riyaziyyat və kibernetika fakültəsi açıldı, onlarla alim fəxri adlara və mükafatlara layiq görüldü. Ulu öndərin universitetə diqqət və qayğısının göstəricilərindən biri də BDU-nun yubileyləri ilə bağlıdır. İndiyə qədər 85 illik tarixi ərzində BDU-nun 5 dəfə yubileyi keçirilmişdir. 1929-cu ildə 10 illiyi, 1969-cu ildə 50 illiyi, 1980-ci ildə 60 illiyi, 1994-cü ildə 75 illiyi və 2000-ci ildə 80 illiyi. Bu 5 yubileydən 4-nün təşkilatçısı və təşəbbüskarı şəxsən Heydər Əliyev olmuşdur.

Dünya şöhrətli siyasətçi 1993-cü ildə yenidən Azərbaycanın siyasi hakimiyyətinə qayıdarkən ölkəmizi fəlakət və xaosdan, bir neçə yerə parçalanmaqdan, ölüm və qandan xilas edərkən belə Bakı Dövlət Universitetini yaddan çıxarmadı və bu ali məktəbin dövlətin yaradılıb möhkəmlənməsində rolunu çox yüksək qiymətləndirdi. Ümummilli lider özü şəxsən bir neçə dəfə universitetə gələrək bu təhsil ocağına yenidən həyat verdi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışına qədər Bakı Dövlət Universiteti çox acınacaqlı durumda idi və bunu biz heç zaman unutmamalıyıq. Müstəqilliyimizin ilk illərində Azərbaycanın ilk ali təhsil ocağında tədrisin səviyyəsi aşağı düşmüş, kollektivdə gələcəyə inam hissi qalmamışdı. Təkcə bizim universitet deyil, respublikanın digər təhsil müəssisələri də dağılmaq təhlükəsində idi. Alimlərin bir çoxu Azərbaycanı tərk edərək başqa ölkələrə üz tutmuş, elələri də olmuşdu ki, müəllimliyin və elmin daşını birdəfəlik atmışdı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı sanki bütün elm adamlarına, o cümlədən Bakı Dövlət Universitetinin kollektivinə gələcəyə inamla baxmaq hissi aşıladı. Universitetin kollektivi Azərbaycanı bəlalardan və düşdüyü xaotik vəziyyətdən çıxarmaq üçün qərarlı olan Heydər Əliyevin ətrafında birləşdi və ziyalı sözünü dedi. Mən bir hissəsi BDU-nun müəllimlərindən ibarət olan 91 nəfər ziyalının Heydər Əliyevə müraciətini xatırlatmaq istərdim. Həmin müraciət cəmiyyətdə əlamətdar hadisəyə çevrildi, respublikanın siyasi həyatında dönüş nöqtələrindən biri kimi tarixə düşdü. Heydər Əliyevin "91-lər"ə cavab məktubu isə ulu öndərin siyasi irsinin nadir nümunələrindən biri kimi tarixə çevrilmişdir. Bu müraciətində ümummilli lider Azərbaycan xalqının həyatına biganə qalmayacağını bəyan edir və onu düşdüyü vəziyyətdən çıxarmaq üçün əlindən gələni edəcəyini bildirirdi. Belə də oldu. 1993-cü ilin iyununda artıq vətəndaş müharibəsi içərisində olan Azərbaycanın imdadına Heydər Əliyev çatdı. Universitetin böyük elmi şurasının bu ali məktəbin elminin və təhsilinin inkişafına göstərdiyi qayğıya, onun adını və şöhrətini yüksəklərə qaldırdığına, Azərbaycan xalqı və dövləti qarşısında misiliz xidmətlərinə görə Heydər Əlirza oğlu Əliyevə BDU-nun fəxri doktoru adının verilməsi barədə qərar qəbul etməsi də tarixi bir addım, universitet kollektivinin böyük öndərə ehtiramının ifadəsi idi.

Ümummili liderin mənəvi varisi, siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Bakı Dövlət Universitetində də diqqətlə qarşılanır, təhlil edilir və dəstəklənir. Dövlətin aparıcı təhsil və elm mərkəzlərindən birinə çevrilmiş Bakı Dövlət Universitetində yeni dövrün qibtə elədiyi proseslərə, müasirliyə son dərəcə diqqətlə yanaşılır. Biz universitetin elmi-texniki bazasını möhkəmləndirməklə, tədrisin keyfiyyətini dünya standartları səviyyəsinə çatdırmaqla, sivil dünyanın qəbul etdiyi normaları tətbiq etməklə burada köklü dəyişikliklər aparırıq. Universitetə müasir avadanlıqlar alınır, laboratoriyalar qurulur, yeni sistemlər tətbiq edilir. Elmin, təhsilin gələcək uğurları və insanların təfəkkürünün yeniləşməsi hesabına nail olduğumuz nailiyyətlərə görə də ümummilli lider Heydər Əliyevə borcluyuq. Məhz onun apardığı siyasətin nəticəsində bu gün Bakı Dövlət Universiteti dünyanın inkişaf etmiş ölkələrinin aparıcı universitetləri ilə bir sırada dayanır. Günü-gündən beynəlxalq əlaqələri genişlənən universitetin bir neçə regional universitet assosiasiyalarının üzvü olması və bu qurumların işində səmərəli fəaliyyət göstərməsi Azərbaycanın adını ucaldır. Bakı Dövlət Universitetinin özü bir çox beynəlxalq tədbirlərin mərkəzinə çevrilmişdir. Universitetimizin informasiyalı cəmiyyətin əsası sayılan kompüter texnologiyasını, internetin zəngin məlumat bazasını auditoriyalara çatdıran bir məkana çevrilməsində də dediyimiz amillərin rolu böyükdür.

Bu günlərdə "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti sərəncam verdi. Elmi qurumların strukturunun müəyyənləşdirilməsini, tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını və maliyyələşdirilməsini, ölkənin elmi kadr potensialının artırılmasını və onun sosial müdafiəsinin gücləndirilməsini, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsini və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədilə verilən sərəncam möhtərəm Prezident İlham Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol daim müdrik xalqımızın yeganə istinadgah mənbəyi olaraq qalacaqdır. Hazırda biz böyük qürur hissi keçiririk ki, bu uğur magistralında Azərbaycana ulu öndərin layiqli siyasi davamçısı - Prezident İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və praqmatik lider rəhbərlik edir. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deməklə səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı cənab İlham Əliyev ötən müddət ərzində Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirir. Dövlət başçısının fəaliyyəti həm də ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə yüksəlməsi, bu sahədə çalışan müəllimlərin əmək haqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Dövlət başçısının 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının hazırlanması ilə əlaqədar verdiyi sərəncama müvafiq olaraq prosesə başlanılmışdır. Azərbaycan və dünya klassiklərinin əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrini nəzərdə tutan daha bir sərəncam imzalamış Prezident İlham Əliyev milli irsə sadiqliyini bir daha nümayiş etdirmişdir.

Elm və təhsilin inkişafı üçün dövlət büdcəsində ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması bu sahənin Azərbaycanın ümumi inkişafı və dövlət siyasəti ilə ayrılmaz vəhdət təşkil etdiyini deməyə ciddi əsaslar verir.

Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2004-2008-ci illər)"nın təsdiq edilməsi haqqında" fərmanının zəruri tərkib hissələrindən biri kimi respublikanın bütün bölgələrində məktəb tikintisi prosesi geniş vüsət almışdır. Təkcə 2005-ci ildə ümumilikdə Azərbaycan üzrə 328 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Sonrakı illərdə də yeni məktəb və əlavə korpuslar inşa edilmişdir. Yeni məktəblərin tikintisi prosesində ulu öndərin ideyalarını rəhbər tutan Heydər Əliyev Fondu da yaxından iştirak edərək öz töhfələrini verməkdədir.

Elm və təhsil ictimaiyyətinə göstərilən yüksək diqqət və qayğını, ümumilikdə ölkəmizin bütün sahələrdə qazandığı böyük nailiyyətləri respublikamızın nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin çoxsaylı tələbə-müəllim heyəti də yaxından hiss edir və dərin rəğbət hissi ilə qarşılayır. Birmənalı qənaət bundan ibarətdir ki, Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət amalı üzərində qurulmuşdur. Dövlət başçısı hər addımında milli maraq və mənafeləri uca tutmaqla ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini daha da sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

Son illər universitetin həyatında çox ciddi dəyişikliklər olmuşdur. 1990-cı ildən tikintisi yarımçıq qalmış yeni tədris binası istifadəyə verilmişdir. Xatırladaq ki, BDU-nun sonuncu tədris korpusu 20 il bundan qabaq - 1988-ci ildə istifadəyə verilmişdir. Ondan sonra açılan yeni fakültələr, kafedralar, elmi-tədqiqat institutları və digər qurumlar, habelə tələbələrin sayının ciddi şəkildə artması böyük problemlər yaratmışdır. Son illərdə dünya standartlarında nəzərdə tutulmuş hər tələbəyə 6 kv.m əvəzinə BDU-da cəmi 2,3 kv.m düşürdü. Yeni tədris korpusunun 15 min kv.m sahəsi, 3000-dək otağı var. Bununla BDU-nun tədris korpuslarının ərazisi 40 min kv.m-dən 55 min kv.m-ə çatmışdır. Yeni tədris korpusu ümumi ərazinin təxminən üçdə biri qədərdir. Onmərtəbəli müasir tipli yeni tədris korpusu 4000 tələbənin, 3 fakültənin (tarix, mexanika-riyaziyyat və tətbiqi riyaziyyat, kibernetika fakültələri) ixtiyarına verilir. Burada poliklinika, yeməkxana, xarici tələbələr üçün dekanlıq, 300 nəfərlik konfrans zalı, "Rus dünyası" Araşdırmalar Mərkəzi və digər qurumlar yerləşdirilmişdir. Bütün auditoriyalar müasir avadanlıqlarla təchiz edilmiş, İNTERNET və İNTRANET sisteminə qoşulmuşdur. Möhtərəm Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yeni tədris binasının açılışında iştirak etməsi və hörmətli Prezidentin "Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır" ifadəsi Azərbaycan təhsilinə, Bakı Dövlət Universitetinə verdiyi çox böyük qiymətin nəticəsidir.

Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti ulu öndərin, onun layiqli varisi cənab İlham Əliyevin ideallarına sadiq qalaraq yüksək elmi potensialla Azərbaycanın uğur və inkişaf strategiyasına öz töhfəsini verməyə çalışır. Ölkənin elm və təhsil adamları ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevriləcəyinə ürəkdən inanırlar.

 

 

Abel Məhərrəmov,

Milli Məclisin deputatı,

Bakı Dövlət Universitetinin rektoru,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.-2009.-9 may.-S.9.