Uğurlu hüquq siyasəti strategiyasının müəllifi

 

Bəşəriyyətin təkamül tarixi göstərir ki, yalnız ədalət, müdriklik və humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirərək kamillik zirvəsinə yüksəlmiş böyük liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər eyni zamanda xalqlarının əsrlər boyu formalaşmış hüquq təfəkkürü, siyasi dünyagörüşü və milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaratmışlar. XX əsrdə xalqımızın yetirdiyi qeyri-adi və fenomen şəxsiyyət Heydər Əliyev də məhz belə liderlərdən biri olaraq müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş strateq kimi daim böyük rəğbət və ehtiramla xatırlanır.

İndi mütləq əksəriyyət etiraf edir ki, ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsi iqtisadi və mədəni yüksəlişin əsasını qoymuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Xalqına, onun keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı olan bir şəxsiyyətin bu ali kürsüyə yüksəlməsi o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibaha və milli özünüdərkə əsaslı zəmin yaratmışdır. Müdrik xalqımız öz liderinin rəhbərliyi altında yüksək iradə nümayiş etdirməklə, milli yaddaşını, zəngin mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumuş, dövlət müstəqilliyi üçün siyasi-hüquqi və iqtisadi zəmin formalaşdırmışdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixdə keçirilmiş plenumunda Heydər Əliyevin rəhbər vəzifəyə namizədliyinin yekdilliklə dəstəklənməsi onun kamil şəxsiyyəti, yüksək idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. Fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkar fəaliyyətə başlayan Heydər Əliyev mütərəqqi idarəçilik ənənələrinin əsasını qoymuş, cəmiyyətin normal inkişaf ahəngini təmin etmişdir. Böyük öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, o dövrün naqisliklərini açıq deməkdən çəkinməmişdir.

Respublikaya rəhbərliyinin ilkin dövrlərindən başlayaraq Heydər Əliyev cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, milis, prokurorluq və məhkəmə orqanlarında sağlam mühitin formalaşmasına çalışmış, xüsusən də iqtisadi zəmində saxtakarlıqlara - dövlət əmlakının mənimsənilməsi hallarına qarşı səmərəli mübarizə mexanizmləri tətbiq etmişdir. Keçmiş SSRİ kimi nəhəng imperiyada rüşvətxorluğa və korrupsiyaya qarşı total mübarizə tədbirlərini də ilk dəfə məhz Heydər Əliyev başlamışdır. İmperiya rəhbərliyi bu neqativ təzahürləri ört-basdır etməyə çalışsa da, ümummilli liderimiz Heydər Əliyev bu acı həqiqətləri gizlətməməyin, problemi doğuran səbəbləri aradan qaldırmağın tərəfdarı kimi çıxış edirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq rüşvətxorluğa, əliəyriliyə və mənəviyyata zidd digər təzahürlərə qarşı amansız mübarizə aparır, belə hallara yol verənlərin cəzalandırılmasına və həbsinə israr edirdi. Heydər Əliyevin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək olmuşdur. Əbədiyaşar liderin dükan-mağazalarda, küçə və meydanlarda, dövlət idarələrində olaraq xalqın dərd-sərini, problemlərini, arzu-istəklərini yaxından öyrənməsi və vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar barəsində sərt ölçülər götürməsi ilə bağlı bu gün də çoxlu sayda maraqlı xatirələr dolaşır. Ulu öndər çox sonralar mətbuat nümayəndələri ilə söhbətində bu addımlarını özünəməxsus şəkildə, incə bir yumorla belə izah edirdi: "Mən 1969-cu ildə Azərbaycana başçı təyin olundum. İndi burada çıxış edən bir jurnalist dedi ki, o vaxt yazıb ki, "Mixaylo şəhərdədir". Mənim barəmdə bu söz 1969-cu ildə icad olunubdur. O vaxt mən birinci katib təyin edildim. Məni heç kəs tanımırdı. Çünki ondan əvvəl KQB-nin sədri idim, şəhərdə məni tanımırdılar. Mən iki-üç ay şəhərdə müxtəlif yerlərə - məsələn, mağazalara gedirdim, taksiyə, tramvaya minirdim ki, görüm insanları aldadırlar, yoxsa yox? Ona görə də bundan sonra həmin söz yayıldı. Bilirsiniz ki, "Mixaylo" vaxtilə alman faşist işğalçılarına qarşı qəhrəmanlıq göstərmiş bizim Mehdi Hüseynzadənin ləqəbidir. O vaxtlar İtaliyada ona "Mixaylo" deyirdilər. Ona görə də "Mixaylo şəhərdədir" sözləri mənim haqqımda da deyildi. Mən nəyi gördüm? Mağaza müdirləri, taksi sürücüləri mənim portretlərimi ordan-burdan tapıb bir-birinə satmışdılar, vermişdilər ki, mağazaya gələn olanda bu portretə baxıb görsün, bu, Əliyevdir, yoxsa yox".

Böyük siyasət ustadının yaratdığı idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual və yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsidir. 70-ci illərin əvvəllərindən etibarən Heydər Əliyevin hüquqşünas kadrların hazırlanması işinin keyfiyyətini birbaşa nəzarətə götürməsi bunu bir daha təsdiqləyir. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə daxil olmasını yasaqlayan qərar əslində, təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizə olmaqla, imkansızların, zəhmətkeş övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasına imkan yaradan şəffaf mühitin formalaşdırılmasına yönəlmişdir.

Ulu öndər qəbul etdiyi qətiyyətli qərarla kadr hazırlığında özünü göstərən neqativ halların qarşısını almış, haqq-ədaləti bərpa etmiş, hüquqşünas kadrların seçilməsində millilik və peşəkarlıqla yanaşı, ədalətlilik, təmizlik, düzgünlük kimi vacib meyarları əsas götürmüş, bunları bütün ölçü-qəliblərin, ideoloji istehkamların fövqündə saxlamışdır. Ulu öndərin həmin illərdə minlərlə gənci respublikamızın hüdudlarından kənarda yüksək hüquq təhsili almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. 70-80-cı illərdə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicdanlı və peşəkar hüquqşünas kadrların hazırlanması, hüquq-mühafizə sisteminin sağlamlaşdırılması məsələsinə də qayğı ilə yanaşmışdır. Eyni zamanda Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və digər sahələr üzrə mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə almaqla, minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir. Böyük strateq sonralar qeyd edirdi ki, 70-80-cı illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq, Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmz və atributlara münasibəti də hər zaman həssas olmuşdur. Rus dilinin dövlət dili olmasına baxmayaraq, ümummilli lider həmin dövrdə rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərdən də qətiyyətlə tələb edirdi. Hələ 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi üçün nümayiş etdirdiyi qətiyyəti də bu məqamda xüsusi xatırlatmaq lazımdır. O zaman SSRİ Konstitusiyası layihəsinin hazırlanması üçün yaradılan komissiyada Heydər Əliyev nəinki müsəlman xalqlarını, hətta Cənubi Qafqazı təmsil edən yeganə siyasi xadim idi. 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin rəsmi dövlət dili kimi qəbul edilməsi də məhz ümummilli liderin əzmkarlığı və cəsarəti sayəsində mümkün olmuşdur.

70-ci illərin sonunda "Literaturnaya qazeta"ya verdiyi məşhur "Qoy, ədalət zəfər çalsın!" sərlövhəli müsahibədə respublika həyatı ilə bağlı ən müxtəlif məsələlərə toxunan ümummilli lider hüquq-mühafizə orqanlarındakı nöqsanlara, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mövcud olan problemlərə toxunmuş, onların həlli yollarını göstərmişdir. Azərbaycana rəhbərlik edən şəxsin bu cür cəsarətli mövqeyi o dövrdə imperiya rəhbərlərinə qətiyyən xoş gəlməsə də, həmin şəxslər Heydər Əliyev dühasının xalq arasındakı hörmət və nüfuzu qarşısında susmağa, onunla hesablaşmağa məcbur olurdular. Ulu öndər Heydər Əliyev çox sonralar "Literaturnaya qazeta"ya verdiyi məşhur müsahibəsini xatırladaraq demişdir: "Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmağıma baxmayaraq, mən həmin müsahibədə sovet hakimiyyətinin, cəmiyyətinin işində olan mənfi halların hamısını açıq göstərmişdim. Xatirimdədir, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sənin bu müsahibən böyük bir sensasiya yaradıbdır. Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsbət də var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir, nəyi mənfidir? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yaraları görürlər və sevinirlər ki, kimsə cəsarət edib bunları açıq deyir. Özü də bunu aşağıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bildirir ki, çünki onlar bunun açılmağını istəmirlər. O vaxt bir çox belə yazılar olub".

Ümummilli lider Heydər Əliyevin tarixi missiyası həm də o dövrdə xalqın daxilində toplanan milli ruhu və idealları keçmiş rejimin hücumlarından qoruyaraq milli yüksəlişi təmin etmək, insanların hüquqlarını qorumaq olmuşdur. Ulu öndərin həmin illərdə milli özünüdərk prosesinin güclənməsi istiqamətində gördüyü işlər çoxşaxəli olduğu qədər də saysız-hesabsızdır. Hakim ideologiya ilə uzlaşmayan "Gülüstan" poemasının müəllifi Bəxtiyar Vahabzadəni həbs olunmaq təhlükəsindən qoruyan da, Bakıda Nəriman Nərimanovun abidəsini ucaltmaq üçün iki ilə yaxın mübarizə aparan da, dahi dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün ən sərt maneələrə mərdliklə sinə gərən də, nəhayət, 1990-cı ilin 21 yanvarında - Kremlin bir addımlığında xalqımıza qarşı qətliam törətmiş mənfur imperiyanı ifşa edən də məhz Heydər Əliyev idi! Böyük sərkərdə xarizmatik liderlərə xas tərzdə lazımi anda qətiyyət, cəsarət və prinsipiallıq göstərmək əzmini, eləcə də daim xalqının yanında olduğunu sübuta yetirə bilmişdir.

Bu gün qürur hissi ilə deyə bilərik ki, ötən əsrin 70-80-cı illərində Azərbaycan xalqı, dövləti üçün qurub-yaratmaq, onun gələcək müstəqilliyi üçün etibarlı zəmin formalaşdırmaq ulu öndər Heydər Əliyevin başlıca amalı olmuşdur. Yalnız ötən əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərk edəcəkdik ki, ulu öndər 70-80-cı illərdə ölkəmizi nəhəng quruculuq meydanına çevirərkən, azərbaycanlı gəncləri xaricdə təhsil almağa göndərərkən, Azərbaycan xalqının nə qədər böyük mədəniyyətə malik olduğunu ən müxtəlif tədbirlər vasitəsilə bütün dünyanın diqqətinə çatdırarkən, ölkəmizdə fundamental və tətbiqi elmlərin əsaslı inkişafına nail olarkən məhz vətənimizin bu gününü düşünür, memarı olduğu müstəqil Azərbaycan dövlətini o günlərdən qurub yaradırmış!

Tarixən bir çox xalqların və dövlətlərin dünya səhnəsindən yox olmaq həddinə çatmasına dair çox misallar mövcuddur. Fəqət, hər bir tarixi dövrdə millətin iradəsini və ülvi amalını, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində həmin dövlətlər öz varlığını davam etdirmiş, millətlər isə dirçəlmişdir. Bu baxımdan qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyev təbiətin ona bəxş etdiyi fövqəl idarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək, xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.

1993-cü ilin 15 iyununda Milli Məclisin Sədri seçilən ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".

Ulu öndər Heydər Əliyevin Milli Məclisin Sədri seçilməsi ilə ölkədə sivil parlamentarizm ənənəsinin qoyulduğunu, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən qanunların müasirləşməsi prosesinin geniş vüsət aldığını xüsusi vurğulamaq lazımdır. Ümummilli lider kifayət qədər mürəkkəb və ziddiyyətli bir dövrdə parlamentə rəhbərlik etməsinə baxmayaraq, qanunverici orqanın effektiv, məqsədyönlü fəaliyyətini təmin etmiş, bir sıra qanunların qəbuluna nail olmuşdur. Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda müstəqil Azərbaycan Respublikasının Milli Məclisi ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədilə 3 sentyabr 1993-cü ildə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun qəbul etmişdir. Qanuna görə şəhid adının əbədiləşdirilməsi üçün şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi nəzərdə tutulmuşdur. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurdular. Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qanunverici orqan ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hərbi sahənin inkişafına yönəlmiş qanunlar qəbul etmişdir. Bu baxımdan 1994-cü il 4 yanvar tarixli "Sərhəd qoşunları haqqında", 1994-cü il 8 fevral tarixli "Daxili qoşunların statusu haqqında", 1994-cü il 23 sentyabr tarixli "Silahlı qüvvələrin intizam Nizamnaməsinin təsdiqi haqqında", "Silahlı Qüvvələrin daxili xidmət Nizamnaməsinin təsdiqi haqqında", 26 noyabr 1993-cü il tarixli "Müdafiə haqqında", 1995-ci il 10 yanvar tarixli "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında Əsasnamənin təsdiqi haqqında" qanunları xüsusi xatırlatmaq lazımdır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquq normalarını özündə əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunmuş, bu ali sənəd respublikamızın gələcək inkişaf prioritetlərini müəyyənləşdirmiş, iqtisadi, siyasi və hüquqi islahatların bazisinə çevrilmişdir. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini ali məqsəd kimi önə çəkilmişdir. Bu mərhələdən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə ölkənin demokratik dəyərlər üzərində qurulan möhkəm qanunvericilik bazası yaradılıb, inkişaf etdirilərək təkmilləşdirilmişdir. 1995-ci ildən insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmini məqsədilə aparılan hüquqi islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanmışdır.

Respublikamız qanunların təkmilləşdirilməsi mərhələsində təkcə beynəlxalq təcrübəni öyrənib tətbiq etməklə kifayətlənməmiş, eyni zamanda müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşularaq insan hüquq və azadlıqlarına sadiqliyini sübuta yetirmişdir. Konstitusiyamızın 151-ci maddəsinə əsasən, ölkəmizin qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bu maddə Azərbaycan Konstitusiyasının liberallığını və demokratikliyini bir daha sübuta yetirməklə yanaşı, həm də son 14 ildə ölkədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına yaxşı imkanlar açmışdır. Əsas Qanunumuzda əksini tapmış insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Ötən müddətdə respublikamız 210-dan artıq beynəlxalq konvensiya və sazişə, o cümlədən ratifikasiya etdiyi "İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında", "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında", "Ekstradisiya haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında" konvensiyalara qoşulmuşdur. Eyni zamanda, Azərbaycan BMT Baş Assambleyasının "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında", "Aparteid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" "Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında", "Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında" və bir sıra başqa konvensiyaların üzvü olmaqla, onlardan irəli gələn öhdəlikləri yerinə yetirmiş, eyni zamanda hüquqi dövlət quruculuğu prosesində ATƏT, Avropa Şurası, BMT, Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmış, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə təminat yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanı əsasında ardıcıl surətdə aparılan məhkəmə islahatlarının başlıca məqsədi Azərbaycanda Qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin həlli olmuşdur.

Sistemli şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının, siyasi liberallaşmaya xidmət edən tədbirlərin əsasında insana qayğı, şəxsiyyətə və insan ləyaqətinə hörmət amili dayanmışdır. 1998-ci il iyunun 18-də ulu öndər Heydər Əliyevin imzaladığı "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili təsisatının yaradılması, həmçinin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəsislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər nəzərdə tutulmuşdur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti son beş ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Ötən müddətdə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin üstün istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutunu möhkəmlətmək, siyasi plüralizm, demokratikləşmə prosesini dərinləşdirmək və bu istiqamətdə Qərbə inteqrasiya - Avropa Şurası, Avropa Birliyi və ATƏT kimi mötəbər təşkilatlarla əməkdaşlıq xəttini davam etdirməkdən ibarətdir. Bu sahədə qazandığımız uğurlar, Prezident İlham Əliyevin yeritdiyi siyasi xətt beynəlxalq birlik tərəfindən təqdir olunur, dünyanın aparıcı siyasi mərkəzləri, institutları tərəfindən müsbət qiymətləndirilir.

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Azərbaycan Prezidentinin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz" - deyən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.

Azərbaycan Prezidenti İlham Əliyev son illərdə cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamışdır. Məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar qəbul edilmişdir. 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş referendum da xalqın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla, demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. 18 mart referendumunun ciddi şəkildə dəstəklənməsi və pozitiv nəticələrlə yekunlaşması isə, ilk növbədə, cəmiyyətin Heydər Əliyev ideallarına sədaqətinin, eləcə də ulu öndərin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf kursunu layiqincə davam etdirən cənab İlham Əliyevə sarsılmaz inamının bariz təcəssümüdür. Səsvermə prosesinin yekun nəticələri, eyni zamanda, ictimaiyyətin hüquqi və demokratik yeniliklərə, insan hüquqlarının genişləndirilməsi məsələlərinə həssas münasibətini nümayiş etdirmişdir.

Bütün bunlar göstərir ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ictimai həyatın bütün sahələrini əhatə edən demokratikləşmə prosesləri uğurla davam etdirilir, qanunun aliliyinin təmini, humanist, bəşəri dəyərlərin bərqərar olması üçün böyük işlər görülür. Azərbaycan qloballaşan dünyanın tərkib hissəsi kimi bu inteqrasiya magistralında uğurla irəliləyir, sürətlə demokratik dəyərləri mənimsəyir. Ölkəmizin ildən-ilə artan sosial-iqtisadi imkanları isə deməyə əsas verir ki, Azərbaycan demokratik tranzit mərhələsini tezliklə başa vuraraq dünyanın bu sahədə inkişaf etmiş dövlətləri ilə eyni cərgədə dayanmaq imkanı əldə edəcəkdir.

 

 

Rafael Cəbrayılov,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2009.-9 may.-S.11.