Dövlət Miqrasiya Xidmətində
ulu öndər Heydər Əliyevə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir
Mayın 8-də Dövlət Miqrasiya Xidmətində (DMX) ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Dövlət Miqrasiya Xidmətinin kollektivi əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.
DMX-nin rəisi Arzu Rəhimov xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizin inkişafında misilsiz xidmətlərindən danışmışdır. Milli dövlətçiliyimizin formalaşmasında, müstəqilliyimizin əbədi və yenilməz olmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini diqqətə çatdırmışdır. Natiq respublikamızın keçmiş SSRİ-nin tərkibində olduğu dövrü xatırladaraq, 1970-80-ci illərdə ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə tərəqqisini vurğulamışdır. Həmin illərdə Azərbaycanın bugünkü inkişafı üçün böyük potensial bazanın yaradıldığı qeyd edilmişdir. Bildirilmişdir ki, xalqımızın taleyüklü məsələlərinin həlli bu dahi şəxsiyyətin adı və fəaliyyəti ilə bağlıdır.
Müstəqilliyini bərpa etmiş ölkəmizdə dövlət quruculuğu sahəsində əldə edilmiş uğurlardan danışan A.Rəhimov ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycanın bu gün beynəlxalq aləmdə özünəlayiq yer tutduğunu söyləmiş, ulu öndərin ideyalarının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
DMX-nin rəis müavini Pərviz Musayev və digər çıxış edənlər müstəqil dövlətçiliyimizin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında ulu öndərin müstəsna rolundan danışmışlar.
Vurğulanmışdır ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik siyasətçi Heydər Əliyev bütün mənalı ömrünü doğma Vətənin, xalqının xoşbəxtliyinə həsr etmişdir.
AzərTAc
Azərbaycan.-2009.-9 may.-S.12