Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır

 

Mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə mərasim keçirilmişdir.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin prokurorluğun binasındakı büstünün önünə əklil və gül dəstələri qoyulmuşdur.

Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Baş prokuror Zakir Qaralov mərasimdə çıxış edərək diqqətə çatdırmışdır ki, ölkəmizin bütün bölgələrində, eyni zamanda, respublikanın hüdudlarından kənarda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 86 illiyi geniş qeyd edilir. Həmin tədbirlər ulu öndərin əziz və unudulmaz xatirəsinə dərin hörmətin bariz nümunəsi olmaqla yanaşı, Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolunun təsdiqi kimi dəyərləndirilməlidir.

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həmçinin 1982-1987-ci illərdə Sovet İttifaqının liderlərindən biri olduğu dövrdə Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılmış, siyasi, iqtisadi və mədəni sahələrdə mühüm addımlar atılaraq çox ciddi nailiyyətlər əldə edilmişdir.

Həmin illərdə ölkədə güclü iqtisadiyyat və işgüzar kadr potensialı yaradılmış, əhalinin rifah halı daha da yaxşılaşdırılmış, bütün bunlar isə yaxın gələcəkdə Azərbaycanda müstəqil dövlət qurulması üçün əsaslı zəminə çevrilmişdir. Azərbaycan xalqı XX əsrdə ilk dəfə Heydər Əliyevin şəxsində özünün ümummilli liderini yetişdirmiş və onun ətrafında sıx birləşmişdir.

Xüsusi vurğulanmışdır ki, xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdış edən Heydər Əliyev həyatının qalan hissəsini doğma millətinə bağışladığını bəyan etməklə müdrik və uzaqgörən dövlətçilik siyasəti nəticəsində müstəqilliyə yenidən qədəm qoymuş Azərbaycan dövlətini qarşılaşdığı sərt və çətin sınaqlardan uğurla çıxara bilmiş, gələcəyə istiqamətləndirilmiş strateji inkişaf konsepsiyasına müvafiq olaraq respublikamızda əsaslı dəyişikliklərə imkan verən böyük quruculuq işlərini reallaşdırmışdır. Dünya dövlətləri birliyində layiqli yerini tutan Azərbaycanda ölkə həyatının bütün sahələrini əhatə edən mütərəqqi islahatlar aparılmaqla hüquqi və sivil bir dövlət, qanunun aliliyinə və demokratik hüquq və azadlıqlarına real təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, xalqımızın həyat tərzinin, maddi-sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edəcək iqtisadi müstəqilliyə nail olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə xilaskarlıq missiyasını öz üzərinə götürən, yeni demokratik və qüdrətli Azərbaycanı yaratmaq üçün böyük quruculuq missiyasını həyata keçirən, indiki və gələcək nəsillərə yadigar olaraq ölkəmizin inkişafının strateji konsepsiyasını işləyib hazırlayan Heydər Əliyevin dühası və siyasi irsi bundan sonra da xalqımızın təminatlı xoşbəxt gələcəyə istiqamətləndirilmiş yolunu daim işıqlandıracaq və bu dahi şəxsiyyətin parlaq və unudulmaz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Böyük qurucu yaratdığı dayanıqlı sabitlik şəraitindən məharətlə istifadə edərək ölkəmizin iqtisadi müstəqilliyinin və əhalinin yüksək rifah halını təmin edəcək Azərbaycanın iqtisadi inkişaf strategiyasını işləyib hazırladı və onun mərhələ-mərhələ həyata keçirilməsinə nail oldu. Müəllifi ulu öndərimiz olan möhtəşəm neft strategiyasının reallaşdırılması yolunda maneələr aradan qaldırılmaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji sosial-iqtisadi xəttin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2003-cü ildən başlayaraq iqtisadiyyatın bütün sahələri üzrə böyük nailiyyətlər əldə edilmiş, o cümlədən ölkənin iqtisadi qüdrəti sürətlə artmış, qeyri-neft sektorunun, regionların, sosial sferanın və digər sahələrin inkişafını təmin edən kompleks tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi təmin olunmuş, enerji təhlükəsizliyi, xalqın rifah halının yaxşılaşdırılması, işsizlik probleminin həlli və dünya iqtisadi sistemində layiqli yerinin tutulması üçün əhəmiyyətli işlər görülmüşdür.

Xüsusi vurğulanmışdır ki, Heydər Əliyev irsinin öyrənilməsi və bu ideyaların həyata keçirilməsinə ehtiramın ifadəsi olaraq yaradılmış və fəaliyyətinin 5 ili tamam olan Heydər Əliyev Fondu və onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi və xalqımızın maddi rifah halının yaxşılaşdırılması, o cümlədən təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin və digər sosial obyektlərin inşası istiqamətində görülmüş möhtəşəm işlərin miqyası ölçüyəgəlməzdir.

Bütün bu nailiyyətlər əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən müdrik və gələcəyə istiqamətləndirilmiş dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

Diqqətə çatdırılmışdır ki, prokurorluğun hər bir əməkdaşında qürur hissi doğuran haldır ki, mühüm dövlət təsisatı kimi Azərbaycan Respublikası Prokurorluğunun sivil və demokratik məzmunlu bir qurum kimi formalaşması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin verdiyi tövsiyə və göstərişlərin nəticəsində Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud mənfi təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün prokurorluq orqanlarına dövlət səviyyəsində diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Azərbaycan Prokurorluğunun 90 illik yubileyi ərəfəsində prokurorluğun bir qrup əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, yeni inkişaf dövrünün əsasını qoyan prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının təsdiq olunması prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının nəticəsi kimi diqqətə çatdırılmışdır.

Çıxışının sonunda baş prokuror dövlətimizin başçısı İlham Əliyevi əmin etmişdir ki, Azərbaycan Respublikasının Prokurorluğu ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik siyasətinə və ideyalarına sadiq qalaraq bütün səylərini ölkədə aparılan yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasına, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Sonda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Liderlik missiyası" adlı film nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 may.-S.13.