"Heydər Əliyev müasir müstəqil Azərbaycan
dövlətinin yaradıcısıdır" mövzusunda
elmi-praktiki konfrans keçirilmişdir
Mayın 8-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısıdır" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Əvvəlcə Hərbi Prokurorluğun rəhbər heyəti ulu öndər Heydər Əliyevin prokurorluğun inzibati binasındakı büstünün önünə əklil qoymuş, xatirəsini dərin ehtiramla yad etmişlər.
Konfransda məruzə ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildən başlayaraq müasir Azərbaycanın tarixindəki rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik siyasəti barədə ətraflı məlumat vermişdir.
Ulu öndərimizin siyasi rəhbərliyi dövründə Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasında özünə layiqli yer tutduğunu diqqətə çatdıran X.Vəliyev aparılmış mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizin demokratik, hüquqi və sivil dövlətə çevrildiyini, qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar edildiyini faktlarla əsaslandırmışdır. Bildirmişdir ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir.
Hərbi prokuror xidmətləri ilə əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi istiqamətində respublika Hərbi Prokurorluğunda bir çox işlər görüldüyünü qeyd edərək demişdir ki, son illərdə Hərbi Prokurorluq tərəfindən "Heydər Əliyev və Ordu quruculuğu", "Heydər Əliyev və qanunçuluq", "Heydər Əliyev dövlətçilik haqqında" və "Heydər Əliyev: Dövlət xalq üçündür" kitabları və eləcə də onların elektron variantları hazırlanaraq nəşr etdirilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla həyata keçirdiyini vurğulayan hərbi prokuror dövlətimizin başçısının Azərbaycanın sosial-iqtisadi inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən də bəhs etmişdir.
Konfransda Hərbi Prokurorluğun Silahlı Qüvvələrin təhqiqat orqanlarında və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Səfər Əhmədov və Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı İsrail Əsgərov çıxış edərək dahi rəhbərimizin doğma Azərbaycanımızın tərəqqisi naminə gördüyü möhtəşəm işləri və onun siyasi fəaliyyətinin ayrı-ayrı mərhələlərini təhlil etmiş, ölkəmizdə demokratik məzmunlu hüquqi islahatların Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirildiyini vurğulamışlar.
Mərasimə yekun vuran ədliyyə
general-leytenantı Xanlar Vəliyev bildirmişdir ki, Hərbi
Prokurorluğun kollektivi ulu öndərimiz Heydər Əliyevin
dövlətçilik ideyalarına həmişə sadiq
qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın
hər cür cinayətkar qəsdlərdən qorunması
işində səylərini daha da artıracaq, Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən prokurorluq
orqanları qarşısında qoyulmuş vəzifələri
layiqincə yerinə yetirmək üçün bütün
qüvvə və bacarığını sərf edəcəkdir.
Sonda Hərbi Prokurorluğun xidmətdə
fərqlənən əməkdaşlarına hərbi rütbələr,
qiymətli hədiyyələr və pul mükafatları
verilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-9 may.-S.13.