Azərbaycan Prokurorluq orqanlarının müasirləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Mayın 8-də Bakı Şəhər Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə yığıncaq keçirilmişdir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin prokurorluğun binasındakı büstünün önünə əklil gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.

Bakı şəhər prokuroru Əziz Seyidov yığıncaqda çıxış edərək xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin yaradıcısı memarı, ümummilli lider Heydər Əliyevin 1969-cu ildən başlayaraq müasir Azərbaycanın tarixində rolu, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermişdır.

Şəhər prokuroru ulu öndərin müstəqil Azərbaycanda qısa zamanda ictimai-siyasi sabitliyə nail olunmaqla qanunçuluğa tam təminat verən vətəndaş cəmiyyəti formalaşdırmasından, dahi liderin müstəqillik, azadlıq ideyalarının reallaşmasından söhbət açmışdır.

Natiq xüsusi vurğulamışdır ki, ulu öndərin keçdiyi zəngin mənalı həyat yolunu öyrənmək, onun xalqımız üçün gördüyü işlərin tarixi əhəmiyyətini dərk etmək, eyni zamanda, gənc nəsillərə çatdırmaq, bir sözlə, Heydər Əliyev irsinə sadiq qalmaq hər bir vətəndaşın, eləcə prokurorluq işçisinin mənəvi borcudur.

Əziz Seyidov ümummilli lider Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq ideyalarını qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrətlənməsi beynəlxalq aləmdə nüfuzunun bundan sonra da artması istiqamətində qarşıda duran vəzifələrin uğurla həyata keçirildiyini xüsusi vurğulamışdır.

Yığıncaqda çıxış edən prokurorluğun digər əməkdaşları ümummilli lider Heydər Əliyevin xalqımız üçün etdiyi əvəzolunmaz xidmətlərindən danışaraq Azərbaycan Prokurorluğu orqanlarının dövlət orqanı kimi müasir mərhələyə qədəm qoymasının bilavasitə ulu öndərin adı ilə bağlı olduğunu bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 may.-S.13.