Gədəbəy rayonunda elmi-praktik konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Regionların İnkişafı İctimai Birliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Ümumdünya tarixinin azərbaycanlı dahisi" mövzusunda elmi-praktik konfrans keçirib. Tədbirdən əvvəl konfrans iştirakçıları ulu öndərin heykəli önünə gül-çiçək dəstələri düzmüş xatirəsini dərin ehtiramla yad etmişlər. Konfransı açan rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan Respublikasının yaradıcısı, xalqımızın xilaskarı Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdı.
"Ümumdünya tarixinin azərbaycanlı dahisi" mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaqub Mahmudov məruzə ilə çıxış etmişdi. O bildirdi ki, Heydər Əliyev şəxsiyyəti hələ tam öyrənilməmişdir. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergidir. Bütün bunların hamısı bir keyfiyyət altında birləşir. Heydər Əliyev böyük azərbaycanlıdır. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, dövlətçiliyimizin xilaskarı, qurtuluş mübarizəsinin qalibidir!
Heydər Əliyev qəlblərdə ümumdünya tarixinin azərbaycanlı dahisi kimi əbədi yaşayacaqdır!
Azərbaycan.-2009.-9 may.-S.15.