"Şəklimi Berlindən göndərirəm"
İkinci dünya müharibəsinin
qəhrəmanları görəsən necə
döyüşüblər, necə məktub yazıblar, arxa
cəbhə, evləri, yaxınları üçün necə
darıxıblar? Mazdokdan Berlinə kimi döyüş yolu
keçən hərbi-səhra çadırlarında yüzlərlə
yaralını xilas edən bir cərrah haqqında
danışmaq istəyirik. Bu, 1941-cı il iyulun 22-də
müharibəyə səfərbər edilən Abbas Nəsirovdur.
O, indi dünyasını dəyişsə də, onu sevən,
düşünən, nisgili ilə yaşayan əzizlərinin
xatirəsində sanki bu gün də dünyadan heç yana,
heç yerə getməyib...
- Abbas beş bacının yeganə
qardaşı idi. - 81 yaşlı Ədibə xanım
qardaşını və bir də ötən illəri
xatırlayır: - Müharibə başlayanda 15 yaşım
var idi. Beş il
hamımız birlikdə onun yolunu gözlədik. Çox təvazökar
və nikbin insan idi. Bütün məktublarında bizi
sevindirməyə, ruhlandırmağa
çalışardı. O, müharibədən qayıdanda
hamımız sevincdən ağlayırdıq.
Mazdokdan Berlinə kimi hərbi-səhra
çadırında saysız-hesabsız yaralı üzərində
cərrahiyyə əməliyyatı aparmaq, əsgər və
zabitlərin xilası üçün döyüşlərə
atılmaq, sonra da sağ-salamat geri qayıtmaq çox həkimə
qismət olmayıb. Müharibə haqqında təsəvvürlər
çox vaxt döyüşən ordu ilə bağlı olub.
Amma bir anlığa gözlərimizin
önünə səngərlərdən yaralıları
daşıyan maşınları gətirək: motorların
uğultusu, qışqırıq səsləri, tibb
bacılarının gözündəki qorxu və bir də cərrah
çadırında keçirilən fasiləsiz əməliyyatlar.
Tarixdə İkinci
cahan savaşı kimi yaşanılan, lakin bütün sovet
xalqlarının yaddaşında Böyük Vətən
müharibəsi kimi qalan 1941-1945-ci illərin amansız döyüşlərində
Azərbaycanın mərd oğulları misilsiz qəhrəmanlıqlar
göstərdilər. Abbas Nəsirov müharibədə iştirak edən
yarım milyondan artıq azərbaycanlıdan biri idi. Həmin
illərdə o, Taqanroq diviziyasının apardığı
döyüşlər zamanı göstərdiyi şücaətə
görə dəfələrlə orden və medallarla təltif
edildi. O, məktublarında gənc azərbaycanlı
şəfqət bacılarının fədakarlıqlarından
və qəhrəmanlıqlarından da söhbət
açardı. Məsələn, yazırdı ki, hərbi
şəfqət bacısı Səkinə Şəfiyeva
yalnız bir döyüşdən 100-ə yaxın yaralı əsgərə
yardım göstərib.
Abbas özü müharibədə
eyni vaxtda 7 cərrahiyyə masasında əməliyyat
aparıb. Çox zaman gecəsi-gündüzü olmayıb.
Müharibədən sonra da təbiətini dəyişmədi.
Təmənnasız bir insan idi, dünyasını dəyişəndə
evində demək olar ki, heç nəyi yox idi. Ən
böyük sərvəti yaşadığı şərəfli
ömür və bu gün də ailəsinin qoruyub
saxladığı orden və medalları oldu.
Oğlu Azər deyir ki, atam
müharibədən, ümumiyyətlə,
danışmazdı. Xoşlamırdı bu mövzunu. Təkcə
biz sorğu-suala tutanda, nədənsə yox demirdi. Ailə üzvləri ilə söhbət əsnasında
öyrəndik ki, Abbas Nəsirov Azərbaycan Dövlət Tibb
İnstitutunu bitirdikdən sonra Gədəbəydə bir
neçə il həkim işlədi, aspiranturaya daxil olsa da,
müharibə ona arzularını başa
çatdırmağa imkan vermədi. O, böyük
qardaş kimi 5 bacının boya-başa çatması
üçün heç vaxt köməyini əsirgəmədi.
1945-ci ilin uyulunda
alnıaçıq, üzüağ geri dönən
Abbası dəmiryolu vağzalında qohumları və
yaxınları böyük sevinclə qarşıladılar. Hərbi zabit geyimində olan Abbasın sinəsini iki
- "Qırmızı ulduz" ordeni, "II dərəcəli
Vətən müharibəsi" ordeni, "Döyüş
xidmətlərinə görə", Varşavanın,
Praqanın, və Berlinin alınmasına görə və
"Almaniya üzərində qələbəyə görə"
medallar bəzəyirdi.
Qələbədən sonra Abbas
Bakıda yenə ağ xalatını geyinir, 1955-ci ildə
elmi işini müdafiə edir. Güclü onkoloq-cərrah
kimi məşhurlaşır və Bakının baş
onkoloqu olur. Azərbaycan Respublikası Ali Soveti Rəyasət
Heyətinin 20 iyun 1966-cı il tarixli fərmanı ilə tibbi
xidmət sahəsində xidmətlərinə görə Azərbaycanın
əməkdar həkimi fəxri adına layiq görülür.
Abbas Nəsirovun həyat
yoldaşı Zərifə xanım Nəsirova respublika Rabitə
Nazirliyinin tibb hissəsinin baş həkimi vəzifəsində
çalışıb. Bu gün övladları da valideynlərinin
yolunu uğurla davam etdirirlər. Azər Nəsirov hazırda Təcili
Yardım Stansiyasında həkim-terapevtdir. Qızı Sevda 2
saylı Uşaq-klinik xəstəxanasının
aparıcı pediatrıdır. Onların xatirə, yadigar kimi
qoruduqları yadigarlardan biri Abbasın 1945-ci il may
ayının 9-da - Qələbə Günü Berlində
çəkdirdiyi şəkildir. Rəngi solmuş bu şəklin
arxasına Abbas Nəsirov belə imza atıb: "Sizə
şəklimi Berlindən göndərirəm. Biz amansız
döyüşlərə sinə gərdik və faşizmi məğlub
etdik. Qürurlanın və bayram edin ki, biz qalibik".
1941-1945-ci il İkinci dünya
müharibəsi qəhrəmanlarının, Azərbaycan
xalqının layiqli oğul və qızlarının xatirəsi
heç vaxt ürəklərdən silinmir.
Mirvari Rəhimzadə
Azərbaycan.-2009.-9
may.-S.14.