İkinci dünya
müharibəsində Azərbaycan
övladlarının qəhrəmanlığı
heç vaxt yaddaşlardan silinməyəcəkdir
İkinci dünya müharibəsində faşizm üzərində Qələbənin 64-cü ildönümü münasibətilə mayın 9-da ölkəmizin paytaxtında təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfə vermişdir. Bu Qələbənin əldə olunmasında, SSRİ-nin bu müharibədə qazandığı tarixi qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdur. İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır.
Böyük Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyətin nümayəndələri, paytaxt sakinləri Prezident İlham Əliyevi hörmət və ehtiramla qarşıladılar.
Dövlətimizin başçısı müharibə veteranlarını səmimiyyətlə salamladı, onların hər birini Qələbə bayramı münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların problemləri, qayğıları ilə maraqlandı. Veteranlar ümummilli lider Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını heç vaxt unutmadıqlarını xatırladaraq, ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər və onu hər bir işdə dəstəkləyəcəklərini vurğuladılar.
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşdü, Qələbə günü münasibətilə onları təbrik etdi.
Dövlətimizin başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad etdi.
Prezident İlham Əliyev İkinci dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.
* * *
Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
AzərTAc
Azərbaycan.-2009.-13 may.-S.1.