Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni
inzibati binasının təntənəli
açılış mərasimi keçirilmişdir
Mayın 12-də Azərbaycan
Respublikası Ali Məhkəməsi üçün inşa
edilmiş yeni inzibati binanın təntənəli
açılış mərasimi keçirilmişdir.
Prezident İlham Əliyev mərasimdə
iştirak etmişdir.
Mərasimə toplaşan dövlət
və hökumət rəsmiləri, xarici qonaqlar, diplomatik
korpusun və hüquq-mühafizə orqanlarının
nümayəndələri dövlətimizin
başçısını hərarətlə
qarşıladılar.
Prezident İlham Əliyev
açılışı bildirən lenti kəsdi.
Mərasimdə iştirak etmək
üçün Bakıya gəlmiş Slovakiya Baş nazirinin
müavini - ədliyyə naziri Ştefan Harabin, Türkiyənin
Ali Məhkəməsinin sədri Hasan Gerçəkər və
Gürcüstanın Ali Məhkəməsinin sədri
Konstantin Kublaşvili Prezident İlham Əliyevə təqdim
edildi.
Binanın birinci mərtəbəsində
ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq
islahatlarının banisi Heydər Əliyevin ağ qranitdən
abidəsi ucaldılmışdır. Prezident İlham Əliyev
və mərasimdə iştirak edən qonaqlar abidəni ziyarət
etdilər.
Sonra dövlətimizin
başçısı binada yaradılmış şəraitlə
tanış oldu. Məlumat verildi ki, paytaxtın Xətai rayonu
ərazisində 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən
təməli qoyulmuş Ali Məhkəmənin yeni binası
üçün klassik-eklektika üslubu seçilmiş, bu
zaman milli daş memarlığının elementləri, eləcə
də dövlət atributları nəzərə
alınmışdır. Müəllifi gənc memar Vüqar Həsənov
olan bina memarlıq həlli baxımından mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilmiş və
Azərbaycan Memarlar İttifaqının "Müstəqillik
dövrünün ən yaxşı layihəsi"
nominasiyası üzrə ikinci mükafata layiq
görülmüşdür.
Tikinti işlərinin
aparılması üçün 1,4 hektar torpaq sahəsi
ayrılmışdır. Hündürlüyü 29 metr olan
binanın ümumi tikinti sahəsi 22916,36 kvadratmetr, ümumi
yararlı sahəsi isə 14388,92 kvadratmetrdir. Ətrafda
abadlıq və yaşıllıq işləri
aparılmışdır.
İnşaat işlərini
"Xəzər" Gənclərin Elmi-Texniki
Yaradıcılıq Mərkəzinin həyata keçirdiyi
binada mərkəzləşdirilmiş havalandırma sistemləri,
5 lift quraşdırılmışdır. Liftlərin 4-ü
xidməti, 1-i isə mühakimə olunanlar üçün nəzərdə
tutulmuşdur.
Birinci mərtəbədə 9
böyük və kiçik məhkəmə zalı var. Məhkəmə
zallarının sahəsi 70 kvadratmetrdən 160 kvadratmetrə qədərdir.
Bu zalların daxili divarları və tavanı taxta
üzlüklərlə işlənmişdir.
Prezident İlham Əliyev iclas
zallarında yaradılmış şəraitlə
tanış oldu. Bildirildi ki, Almaniyanın "Bosch"
firmasının avadanlığı
quraşdırılmış zallarda ən müasir
avtomatlaşdırılmış şəbəkə
yaradılmışdır. Bu texnologiyaların tətbiqi, audio
və video təchizat mühakimə olunanların iclas
zalına gətirilmədən, izolyatordan birbaşa dindirilməsinə
imkan verir. İstənilən məhkəmə prosesi onlayn
rejimində KİV nümayəndələrinə və aidiyyəti
qurumlara təqdim edilə bilər. Binanın birinci mərtəbəsində
təhlükəsizlik şöbəsi də yerləşir.
Dövlətimizin
başçısına məlumat verildi ki, Azərbaycanda ilk
dəfə olaraq burada müasir informasiya
texnologiyalarının tətbiqi ilə elektron
kargüzarlıq və sənəd dövriyyəsini təmin
edən "İstinad" informasiya sistemi yaradılmışdır.
Proqram kompleksi 4 əsas funksional komponentdən ibarətdir: sənəd
dövriyyəsinin avtomatlaşdırılması, işlərə
və müraciətlərə baxılma müddətlərinə,
iş üzrə tərəflərə və digər aidiyyəti
şəxslərə məhkəmə aktlarının və
digər sənədlərin vaxtında göndərilməsinə
nəzarət edilməsi sistemi, məhkəmə
statistikası.
Prezident İlham Əliyevə
binanın girişində quraşdırılmış
informasiya köşkləri barədə də məlumat
verildi. Bildirildi ki, bu köşklər vasitəsilə məhkumun
adını və soyadını qeyd etməklə tabloda həmin
işlə bağlı bütün məlumatları əldə
etmək olar. Ali Məhkəmədə
quraşdırılmış informasiya təminatı şəbəkəsi
digər məhkəmələrin sistemləri ilə də əlaqə
yaratmağa imkan verir.
İclas zalları audio-video
avadanlıqla, binaya giriş elektron kart sistemi, daimi video
müşahidə və avtomat siqnal sistemi ilə təchiz
olunmuşdur.
Binanın digər mərtəbələri
ilə tanış olan dövlətimizin
başçısına məlumat verildi ki, 2-ci və 3-cü
mərtəbələrdə sədarət və hakimlərin
iş otaqları yerləşir. Otaqların arakəsməsi
şüşədəndir. Kitabxana (520 kvadratmetr), muzey (400
kvadratmetr), konfrans zalı (400 kvadratmetr) və plenum zalı
(285 kvadratmetr) 4-cü mərtəbədə, yeməkxana və
texniki otaqlar isə sonuncu mərtəbədə yerləşmişdir.
Dövlətimizin
başçısı muzeydə Azərbaycanın məhkəmə-hüquq
sisteminin tarixi və ulu öndər Heydər Əliyevin
dövlətçilik fəaliyyətini əks etdirən
eksponatlarla tanış oldu.
Ali Məhkəmənin
kitabxanası ilə tanış olan Prezident İlham Əliyevə
məlumat verildi ki, burada oxu zalı, əsas və elektron
kitabxanalar fəaliyyət göstərir. Kitabxanada ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik
fəaliyyətindən bəhs edən kitablara geniş yer
verilmişdir.
Dövlətimizin
başçısına Ali Məhkəmənin tarixinə həsr
olunmuş kitab hədiyyə edildi.
Bütün mərtəbələrdə
respublikamızın tanınmış rəssamlarının
nəfis əl işləri yerləşdirilmişdir. Azərbaycanın
xalq rəssamı Ədhəm Yusubovun və əməkdar rəssam
Səlhab Məmmədovun işlədiyi "Azərbaycan"
qobeleni Prezident İlham Əliyevdə xüsusi maraq
doğurdu.
Prezident İlham Əliyev
binanın beşinci mərtəbəsindəki eyvandan
paytaxtın panoramını seyr etdi.
Binanın birinci mərtəbəsində
davam edən mərasimdə əməkdar artist Fidan
Hacıyeva kvartetin müşayiəti ilə Ali Məhkəmənin
himnini ifa etdi.
Sonra müstəqil Azərbaycan
dövlətində məhkəmə-hüquq islahatlarının
tarixinə, ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin bu istiqamətdə həyata keçirdikləri
silsilə tədbirlərə və Ali Məhkəmənin
yeni binasına həsr olunmuş "Ədalət mühakiməsi"
adlı film nümayiş olundu.
Prezident İlham Əliyev mərasimdə
nitq söylədi.
Azərbaycan.-2009.-13 may.-S.6.