Azərbaycanda müstəqil elektrik enerji sisteminin yaradıcısı

 

 Hər dəfə xalqımızın tarixində silinməz yeri olan böyük simaların, müdrik insanların sırasına nəzər salanda ümummilli liderimiz Heydər Əliyevin yeri ön cərgədə görünür. Bu xalqın və onun tarixinin ən böyük qazanclarından biridir.

Ötən əsrin 70-ci illərindən ümummilli liderin apardığı müdrik və uzaqgörən siyasət, əsaslı quruculuq işləri sayəsində respublikamızda müstəqil fəaliyyət göstərmək imkanı qazanmış energetika sistemi bu gün möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə öz potensialını daha da artıraraq, əhalinin və iqtisadiyyatın keyfiyyətli elektrik enerjisinə tələbatını tam ödəyir.

Yüz ildən artıq tarixi olan Azərbaycan elektrik energetikasının vüsətli inkişaf dövrü ulu öndərin respublikaya rəhbər seçildiyi 1969-cu ildən başlanmışdır. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni həyatında köklü dəyişikliklərin əsası qoyuldu. Öz miqyasına görə həmin dəyişikliklər Azərbaycanın müasir inkişaf tarixinin ən dolğun səhifələrini təşkil edir.

Sosial-iqtisadi həyatın mühüm sahələrindən olan energetika sistemində də sürətli inkişafı təmin etmək məqsədilə 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli liderimiz Heydər Əliyev respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir.

Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təchizatının müəyyən qisminin daxili imkanlar hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olan "Araz" su elektrik stansiyası inşa edildi.

İnkişafda olan Sumqayıt sənaye rayonunun artan istilik və elekrtik tələbatını ödəmək üçün "2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi"nin gücünün artırılması planlaşdırıldı və 1972-ci ildə sonuncu-dördüncü turbin generatoru işə salındı. Beləliklə, stansiyanın gücü 220 MVt-ya çatdırıldı. Bu da sənaye rayonunun elektrik təchizatının yaxşılaşdırılmasına imkan verdi.

Qarabağ bölgəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının yaradılması, bölgənin elektrik enerji təchizatınin yaxşılaşdırılması, enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyası istifadəyə verilmişdi. Hazırda bu obyekt Ermənistanın müvəqqəti işğalı altında olan ərazidədir.

Ötən əsrin 70-ci illərinin sonunda respublikanın ümumi gücü 2882 MVt olan elektrik stansiyaları 15,4 milyard kVt-saat elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətli inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 2,9-3,5 mlrd. kVt-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir SES-in və indiki Azərbaycan İES-in inşasına başlamaq qərara alındı.

Lakin bu stansiyaların tikintisinə başlamaq o qədər də asan məsələ deyildi. Buna görə də ulu öndərin rəhbərliyi və göstərişləri ilə keçmiş ittifaqın rəhbərliyi, müvafiq nazirlikləri ilə dəfələrlə görüşlər keçirildi, danışıqlar aparıldı.

1980-ci illərdə gücü 380 MVt olan Şəmkir SES və elə bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrdən də yüksək parametrlərdə işləmək imkanına malik Azərbaycan İES istismara buraxıldı.

"Səmkir" SES-in istismara verilməsi Gəncə-Qazax zonasında 80 min hektara yaxın əkin sahəsinin suvarılmasına, Gəncə şəhərinin içməli, onun sənayesini isə texniki su ilə təchiz etməyə və həmin bölgənin elektrik enerji təchizatının yaxşılaşdırılmasına imkan yaratdı.

"Azərbaycan" İES-in istismara verilməsi isə respublikanın enerji təhlükəsizliyini həmin dövrdə tamamilə həll etdi və enerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Stansiyanın birinci enerji bloku 1981-ci ilin sonunda işə salındı və bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin başlanğıcı oldu.

Birinci enerji blokunun işə salınması ərəfəsində - 1981-ci ilin 20 oktyabrında ulu öndərin Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi unudulmaz tarixi hadisə idi. Bu tarixi hadisə ilə əlaqədar olaraq 20 oktyabr hazırda Azərbaycan energetiklərinin peşə bayramı günü qeyd olunur. Ümummilli liderimizin xalqımıza bəxş etdiyi töhfələr sırasında xüsusi yeri, çəkisi olan Azərbaycan İES bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Məhz bu stansiyanın istismara verilməsi ilə elektroenergetikamızda başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız sonralar özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Azərbaycan İES-in mövcud enerji bloklarının modernləşdirilməsi üçün hazırda zəruri tədbirlər həyata keçirilir və bu işlərin gedişi Prezident İlham Əliyevin nəzarətindədir.

Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə yaradılmış potensial hesabına artıq 1980-ci illərdən etibarən Azərbaycan nəinki özünü elektrik enerjisi ilə tam təmin edə bilirdi, üstəlik, yerli hasilatın bir qismini qonşu respublikalara verirdi. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, respublikamızdakı hər bir evə elektrik xətti çəkilmişdi. 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edən respublika idisə, 1982-ci ildə artıq elektrik enerjisi ixracatçısına çevrilmişdi.

Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. 1968-71-ci illərdə 330-kV-lik Əli Bayramlı DRES-Ağdam-Gəncə-Ağstafa və Əli Bayramlı DRES-Yaşma-Dərbənd yüksək gərginlikli xətləri, 33011020 kV-lik "Yaşma", "Gəncə" və "Ağstafa" qovşaq yarımstansiyaları inşa edilib istismara verildi. Bu tədbirlər enerji sisteminin dayanıqlığını təmin etdi və müxtəlif enerji sistemləri arasında əlaqəni gücləndirdi. 60-cı illərdə 220 kV-lik iki Əli Bayramlı-Xırdalan xətti çəkildi. Bu xətlərin istismara verilməsi enerjinin qıt olduğu Abşeron yarımadasına Əli Bayramlı DRES-dən elektrik enerjisi ötürülməsini təmin etdi.

Azərbaycan İES-in inşası respublikanın enerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. 500 kV-lik 1-ci Abşeron EVX (hazırda müvəqqəti olaraq 330 kV gərginlikdə işləyir), 2-ci Abşeron EVX, Muxrani-Vəli EVX (hazırda qismən dağılmış vəziyyətdədir), 4-cü və 5-ci Mingəçevir EVX-lər çəkildi. 80-ci illərdə, həmçinin, 500330220 kV-lik "Abşeron", 33011010 kV-lik "İmişli", 22011010 kV-lik "Hövsan", "Nizami", "Müşfiq", "Səngəçal", "Masallı", "Ağsu", "Babək" qovşaq yarımstansiyaları, 330 kV-lik 3-cü Əli Bayramlı EVX-lər istismara verilmişdir.

Ulu öndər SSRİ Nazirlər Sovetində işlədiyi dövrdə də respublika iqtisadiyyatının, o cümlədən elektrik enerji sisteminin inkişafını daima diqqətdə saxlamış və lazımi kömək göstərmişdir.

Sonralar həmin şərəfli günləri xatırlayan müdrik rəhbər deyirdi: "Biz o illər bütün bu imkanlardan istifadə edərək, eyni zamanda, düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də, o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq".

Əvvəllər Azərbaycanda elektrik energetikası müəssisələrinin inşasında, quraşdırılmasında və istismarında keçmiş ittifaqın müxtəlif yerlərindən dəvət olunmuş mütəxəssislər üstünlük təşkil edirdilər. Hətta belə bir təsəvvür yaranmışdı ki, onların iştirakı olmasa, hər hansı layihəni icra etmək mümkünsüzdür. Ulu öndərin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu sahədə yerli inşaatçı, quraşdırıcı, istismarçı mütəxəssislərin yetişməsində mühüm rol oynamışdır.

Ulu öndər Heydər Əliyevin tariximizdəki ən böyük xidmətlərindən biri də budur ki, o, respublikamızın enerji təhlükəsizliyi məsələsinin həllinə hələ ölkəyə birinci rəhbərliyi dövründə nail olmuş, bu nailiyyət Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi çətin və mürəkkəb siyasi şəraitdə ölkəmizi burada xüsusi maraqları olan kənar dövlətlərin enerji təhdidlərindən qorumuşdur.

Məhz onun nəticəsidir ki, 1990-cı ilin sonlarında elektrik enerjisi istehsalı 23,4 milyard kilovat-saata çatdırılmışdı. İstehlak isə 21,7 milyard kilovat-saata yaxın olmuşdur. 1,7 milyard kilovat-saat elektrik enerjisi ixrac edilmişdir. Adambaşına düşən elektrik enerjisi isə 3300 kilovat-saatdan artıq olmuşdur.

Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Yaranmış siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyük problemlər yarandı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilmiş "Azərbaycan" İES olmasaydı respublikanın, o cümlədən paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi.

1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan, müstəqil Azərbaycan dövlətinin sükanını öz qüdrətli əllərinə aldıqdan sonra da respublikanın enerji sisteminə xüsusi diqqət və həssaslıq göstərdi. Həmin ərəfədə, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetika sistemində də böyük böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu. Ümummilli lider enerji sistemini böhrandan çıxarmaq, onun maddi-texniki bazasını yeniləşdirmək və möhkəmləndirmək üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik energetika sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bundan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hazırda da məqsədyönlü şəkildə istifadə olunur.

1995-ci ildə respublikada 17 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da həmin dövrdəki istehlakın 97 faizdən artıq hissəsini təşkil etmişdi. Qalan hissə isə enerji idxalı hesabına ödənilmişdir.

Ümummilli liderin diqqət və qayğısı sayəsində enerji sisteminin gücləndirilməsi, daha da inkişafı, respublikanın ayrı-ayrı regionlarında yeni elektrik stansiyalarının, ötürücü xətlərin istifadəyə verilməsi üzrə layihələrin icrası prosesi başlandı. Balanslaşdırılmış xarici siyasət xətti, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə qurulan səmərəli əməkdaşlıq, ulu öndərin müəyyənləşdirmiş olduğu strateji inkişaf kursu ölkəmizin elektroenergetika sektoruna xarici sərmayələrin cəlbinə geniş imkanlar yaratmaqla bərabər, əldə edilən bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının daha da gücləndirilməsinə, elektronergetika təsərrüfatının yenidən qurulmasına münbit şərait yaratdı.

Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması ilə enerji sistemində yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Xatırladaq ki, maliyyə çatışmazlığı ilə əlaqədar tikintisi uzun illər mümkün olmayan Yenikənd su hövzəsində işlərin başa çatdırılması üçün lazımi vəsaitin əldə edilməsi problemini ulu öndər Heydər Əliyev 1995-ci ilin dekabrında Böyük Britaniyaya işgüzar səfəri zamanı gündəmə gətirərək həllinə nail olmuşdur. Avropa Yenidənqurma və İnkişaf Bankı Yenikənd Su Elektrik Stansiyasının inşası məqsədilə 53,24 milyon ABŞ dolları məbləğində kredit ayırmış, respublika energetiklərinin və inşaatçıların gərgin işi nəticəsində 2000-ci ilin dekabr ayında stansiya istifadəyə verilmiş, burada elektrik enerjisi hasilatına başlanılmışdır. Azərbaycan energetikləri 2001-ci ilin 19 martında Yenikənd Su Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edərək bu obyekti ərsəyə gətirən, inşaatçıların və energetiklərin fəaliyyətini yüksək qiymətləndirən ümummilli liderin dəyərli tövsiyələrini daim xatırlayacaqlar.

Ulu öndərimizin Azərbaycan rəhbərliyindən kənarda olduğu illərdə maliyyə çatışmazlığı Mingəçevir Su Elektrik Stansiyasında yenidənqurma işlərinin davam etdirilməsi üçün də ciddi bir əngələ çevrilmiş, bu proses dayanmışdı. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra görkəmli dövlət xadiminin iqtisadi siyasət xəttinə böyük inam bəsləyən Avropa Yenidənqurma və İnkişaf Bankı Mingəçevir SES-də yenidənqurma işlərinin başa çatdırılması üçün lazımi vəsaiti ayırmağa razılıq verdi və bankdan alınmış 23,4 milyon ABŞ dolları məbləğində kredit stansiyada yenidənqurma işlərinin davam etdirilməsinə imkan yaratdı.

Ulu öndərin şah əsəri olan "Əsrin müqaviləsi", Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası, həmçinin əsas istehsal obyektlərinin Abşeron yarımadasında yerləşməsi burada yeni generasiya güclərinin işə salınması zərurətini yaratdı.

Bu məqsədlə də Almaniyanın "Bayerişe Landesbank Girosentrale" Bankının krediti hesabına Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusu və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına isə "Şimal" ES-də 400 MVt-lıq buxar qaz qurğusu istismara verildi.

Yeni generasiya güclərinin işə salınması ilə yanaşı sistemtəşkiledici elektrik şəbəkəsinin yenidənqurulması məqsədilə Almaniyanın KFW Bankından kreditin ayrılmasına nail olundu.

Ümumiyyətlə, ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına 3500 MVt-a yaxın generasiya gücü işə salınmışdır. Elektrik enerjisi istehsalı isə təxminən 12 milyard kilovat-saatdan 22 milyard kilovat-saatadək, yəni 1,8 dəfədən çox artmışdır. İqtisadiyyatın sürətli inkişafı, əhalinin həyat tərzinin yaxşılaşması sayəsində istehlak 11,3 milyard kilovat-saatdan 23 mlrd. kilovat-saata kimi, yəni 2 dəfədən çox artmışdır. Bununla yanaşı Azərbaycan milli enerji sisteminin Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunmuşdur. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.

Ulu öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə ölkəmizin energetika sektorunda qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. "Energetika haqqında", "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında" qanunların qəbulunun məhz bu dövrə təsadüf etməsi buna sübutdur.

Azərbaycanın enerji potensialının möhkəmləndirilməsində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin elektrik energetikası sahəsində həyata keçirdiyi möhtəşəm quruculuq işləri bu gün yeni bir vüsətlə davam etdirilir. Ümummilli lider Heydər Əliyevin möhkəm zəmin üzərində qurduğu müasir Azərbaycan dövləti ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü strateji xətt sayəsində beynəlxalq aləmdə öz nüfuzunu getdikcə gücləndirir.

Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, enerji sisteminin dayanıqlığı getdikcə artan ölkəmizdə yeni generasiya gücləri tikilib istifadəyə verilir. Bu da Azərbaycanı yaxın illərdə elektrik enerjisinin ixrac potensialını ildən-ilə artıran ölkəyə çevirəcəkdir.

Ulu öndər Heydər Əliyevin ideyaları xalqın arzu və istəyini özündə ehtiva edir. Bu ideyalar yaşayır və daim yaşayacaqdır. Ona görə ki, dünyada Azərbaycanın layiqli yerini tutması və tam inkişaf etmiş ölkəyə çevrilməsi bu ideyaların reallaşmasından keçir. Cənab İlham Əliyevin praqmatikliyi, işgüzarlığı, çox vektorlu xarici siyasət kursu və şəxsi əlaqələri, dünyada geniş nüfuzlu Prezident statusu və digər keyfiyyətləri mühüm faktordur. Cənab İlham Əliyev dünyanın təhlükəsizlik sisteminin konfiqurasiyasının dəyişməsini nəzərə alaraq, Azərbaycanda iqtisadiyyatla siyasətin səmərəli qarşılıqlı əlaqəsini yaratmış, ölkəmizin sürətli inkişafını təmin etmiş və dünya birliyində mövqeyini möhkəmlədərək, beynəlxalq aləmdə ölkəmizi qlobal enerji dəhlizinə çevirmişdir. Ümumilikdə milli energetika sistemində modern islahatların nəticəsidir ki, iqtisadi-texniki göstəricilər xeyli yaxşılaşdırılmış və bu ənənə davamlı inkişaf yolundadır.

Bu gün ulu öndərin birmənalı şəkildə qarşıya qoyduğu vəzifələr Azərbaycanın düzgün yolda olduğunu, inkişaf və tərəqqi istiqamətini tutduğunu hər kəsə göstərdi. Bütün zamanların hakimi və yaddaşı xalqdır. Məhz bu mənada Azərbaycan xalqı doğum gününü qeyd etdiyi ulu öndərinin əbədiyaşar tarixi şəxsiyyət olduğu barədə hökmünü artıq çoxdan veribdir. Ümummilli liderin doğum günü ərəfəsində görülən tədbirlər, xalqın əhval-ruhiyyəsi bu dediklərimizi bir daha sübut edir. Danılmaz bir həqiqət də var ki, Heydər Əliyev öz əbədiyaşarlığını xalqımızın ürəyində özü yaşadır.

 

 

Etibar Pirverdiyev,

"Azərenerji" ASC-nin prezidenti

 

Azərbaycan.-2009.-13 may.-S.8.