Heydər Əliyevin xatirəsi Moskvada ehtiramla yad edildi
Azərbaycanın
Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin
anadan olmasının 86-cı ildönümünə həsr
edilmiş tədbir keçirilmişdir.
Tədbirin
iştirakçıları əvvəlcə ulu öndər
Heydər Əliyevin səfirliyin foyesindəki barelyefinin
qarşısına çiçəklər
düzmüşlər.
Mərasimdə Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev
şəxsiyyətinin böyüklüyündən, suveren Azərbaycan
dövlətinin təşəkkül tapmasında ulu öndərin
müstəsna rolundan söhbət açmışdır. Səfir
demişdir ki, böyük insan, dünya miqyaslı siyasətçi,
unudulmaz ümummilli lider Heydər Əliyevin doğum
günü işıqlı bayram - Qələbə
Günü ilə, demək olar, bir vaxta düşür.
P.Bülbüloğlu
bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığı ilə onun üzərinə
Rusiyanın üç görkəmli xadiminə
"Dostluq" ordenini təqdim etmək kimi xoş vəzifə
düşmüşdür. Səfir Azərbaycan və Rusiya
arasında əməkdaşlığın və
qarşılıqlı əlaqələrin möhkəmlənməsində
xüsusi xidmətlərinə görə Rusiya Federal Məclisinin
Federasiya Şurası sədrinin müavini Svetlana Orlovaya,
"Rossiyskiye Jeleznıye Doroqi" ASC-nın prezidenti Vladimir
Yakuninə və Dövlət Dumasının deputatı, Beynəlxalq
İşlər Komitəsi sədrinin birinci müavini Leonid
Slutskiyə "Dostluq" ordenini təqdim etmişdir.
Yuxarı palata sədrinin
müavini Svetlana Orlova ona verilən bu yüksək qiymətə
görə dövlətimizin başçısına minnətdarlığını
bildirərək demişdir: "Çox şadam ki, Heydər
Əliyevin xatirə günündə mənə belə bir
yüksək mükafat - "Dostluq" ordeni təqdim edilir. Əlbəttə,
bu, təkcə mənim mükafatım deyildir. Bu, Rusiyaya,
başçılıq etdiyim parlament nümayəndə heyətinə
verilən mükafatdır. Əlamətdar haldır ki, bu
möhtəşəm Qələbə bayramı günü
biz yenə də bir yerdəyik. Biz bir yerdə
olmalıyıq. Rusiya və Azərbaycanın möhtəşəm
tarixi vardır. Münasibətlərimizin də gələcəyi
vardır. Mən fəxr edirəm ki, Dövlət
Dumasındakı, Federasiya Şurasındakı nümayəndə
heyətimiz və bütövlükdə biz hamımız
münasibətlərimizin gələcəyinə öz
kiçik töhfəmizi verə bilmişik. Azərbaycan
heç də sadəcə gözəl ölkə deyildir. Azərbaycan
bütün dünyaya göstərmişdir ki, iqtisadi
baxımdan dinamik inkişaf edən sabit ölkədir. Mən çox şadam ki,
prezidentlər - Dmitri Medvedev və İlham Əliyev
arasında səmimi münasibətlər
yaranmışdır. Çünki bu gənc, perspektivli
prezidentlər hətta böhran dövründə belə,
öz ölkələrini məharətlə idarə edə
bildiklərini göstərmişlər".
"Rossiyskiye Jeleznıye
Doroqi" ASC-nin başçısı Vladimir Yakunin də Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirərək demişdir ki, onun üçün bu,
çox təntənəli bir gündür. O xüsusi
vurğulamışdır ki, Sovet İttifaqının
dağılması barədə qərar qəbul olunduqdan
sonra Azərbaycan inteqrasiya, yoldaşlıq və dostluq
mövqeyini saxlamış yeganə dövlət oldu. O, ötən
il BAM-ın stansiyalarından birinə Heydər Əliyevin
adının verilməsi münasibətilə keçirilən
təntənəli tədbiri xatırladaraq demişdir:
"Bu, BAM-ın bütün qurucuları üçün təntənəli
an idi. Bu il BAM-ın tikintisinin başlanmasından 35 il
ötür. Biz BAM-ı bir yerdə tikməyə
başlamışdıq, onun tikintisini də birlikdə
başa çatdırdıq və biz bir masa arxasında əyləşərək
bir-birimizi Qələbə münasibətilə təbrik
edirik".
V.Yakunin Heydər Əliyev
adına stansiyaya turist marşrutu təşkil etmək təşəbbüsünü
irəli sürmüşdür.
Dövlət Dumasının Beynəlxalq
İşlər Komitəsi sədrinin müavini Leonid Slutski isə
əlavə etmişdir ki, onun üçün bu, rəmzi
gündür, çünki bu yüksək mükafatı
Rusiya, Azərbaycan xalqlarını və digər xalqları
bir araya gətirən böyük Qələbənin ertəsi
günü alır: "Müasir Azərbaycan dövlətinin
banisi olan Heydər Əliyevin bilavasitə doğum günü
mükafat almaq isə olduqca xoşdur". Onun sözlərinə
görə, Heydər Əliyevin irsi bu gün də
yaşayır. Azərbaycan keçmiş sovet məkanında
ən güclü və inkişaf etmiş dövlətlərdən
birinə çevrilmişdir. Son illər Azərbaycan dövlətçiliyinin
təşəkkülü, iqtisadiyyatın, sosial sahənin
inkişafı istiqamətində çox işlər
görülmüşdür. Təkcə yoxsulluqla mübarizə
proqramı nəyə desən dəyər.
Qaçqınların və məcburi köçkünlərin
xeyli hissəsi mənzillə, iş yerləri ilə təmin
olunmuşdur. Bu, Azərbaycanın yeni rəhbərliyinin böyük
xidmətidir".
Deputat vurğulamışdır
ki, ölkələrimiz arasındakı münasibətlər
həmişəkindən də möhkəmdir. Azərbaycan və
Rusiya xalqları arasındakı əbədi dostluq bundan sonra
da inkişaf edərək möhkəmlənəcəkdir.
Səfirlik ümummilli lider Heydər
Əliyevin anadan olmasının 86-cı ildönümü
münasibətilə təntənəli nahar təşkil
etmişdir.
Mərasimdə Heydər Əliyev
Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları,
MDB-nin icraçı katibi S.Lebedev, ölkənin Xarici
İşlər Nazirliyinin, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının nümayəndələri, hərbçilər,
Böyük Vətən müharibəsi veteranları, ictimai
xadimlər, xarici ölkələrin səfirləri iştirak
etmişlər.
Asya Hacızadə,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2009.-13 may.-S.11.