Azərbaycan və Slovakiya ədliyyə nazirlikləri
arasında əməkdaşlıq
haqqında memorandum imzalanmışdır
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Slovakiya Respublikası Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabin mayın 12-də Azərbaycana səfərə gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Ali Məhkəmənin yeni möhtəşəm və müasir binasının açılış mərasiminə qatılmış slovakiyalı qonaq Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzülmüşdür. Ş.Harabin Şəhidlər xiyabanında olmuş, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsini yad etmişdir. Sonra o, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Nazir ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən ədliyyə və məhkəmə orqanlarının müasirləşdirilməsinə dair işlər barədə ətraflı məlumat vermiş, ölkələrimiz arasında hüquq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirmişdir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı diqqətə çatdırılmışdır.
Azərbaycana ilk səfərindən məmnunluğunu bildirən qonaq respublikamızda həyata keçirilən hüquqi islahatlar barədə məlumatları böyük maraqla dinləmiş, bu sahədə əldə edilmiş yüksək nailiyyətləri təqdir etmiş, Ali Məhkəmənin yeni binasının Avropanın ən gözəl məhkəmə binalarından biri və belə bir ədalət sarayının inşasının ölkəmizin məhkəmə hakimiyyətinin müstəqilliyinə verilən böyük əhəmiyyətin əyani təzahürü olduğunu vurğulamışdır.
Ş.Harabin ölkəsində də islahatların aparıldığını, bu sahədə təcrübə və fikir mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləmiş, ölkəmizin ədliyyə nazirini Slovakiya Respublikasına səfərə dəvət etmişdir.
Sonra Azərbaycan və Slovakiya ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Mərasimdə çıxış edən nazirlər dövlətlərimiz arasında hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsində bu sənədin rolunu qeyd edərək ədliyyənin mühüm istiqamətləri üzrə qarşılıqlı fəaliyyəti dəstəkləyəcəklərini vurğulamışlar.
Qonaq
nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri,
habelə səfərlə bağlı hazırlanmış və
Azərbaycan-Slovakiya əməkdaşlığını əks
etdirən ekspozisiyalarla
AzərTAc
Azərbaycan.-2009.-13 may.-S.12.